Son 200 ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.
Erməni daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.
Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 Mart tarixi iki dəfə – 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin gerçəkləşdirilməsinə mane olmuşdu. Ulu Öndər Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il avqustun 5-də Sərəncam verdi, həmin il oktyabrın 9-da kompleksin açılışı oldu. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü.
Rus imperiyasına güvənən erməni şovinizmi 74 il sonra yenidən öz xislətini təkrarladı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra görüldü. Soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.
Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Bu qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaratmışdır. Beləliklə, azərbaycanlılara qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırımı siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir. Vətən Müharibəsinin də taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev bildirib: “Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur”. Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq. Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.
Azərbaycan xalqı və hökuməti hər zaman soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, dünya ictimaiyyətini bu tarixi hadisələrdən dərs almağa, erməni faşizminin əsl mahiyyətini ifşa etməyə çağırır.
Fəzail İbrahimli
Milli Məclisin deputatı

