Ukrayna Bolqarıstanla silah təchizatı üzrə 10 illik müqavilə imzalayıb. Bolqarıstanla razılaşma Zelenskinin Fars körfəzindəki tərəfdaşları ilə bir sıra oxşar müqavilələr bağlamasından sonraya təsadüf edir.
Məlumatı “Euronews” verib.
Ukrayna Prezidenti Vladimir Zelenski bazar ertəsi bildirib ki, Avropanın ən böyük silah istehsalçılarından olan Bolqarıstanla dronların və digər silahların birgə istehsalına dair 10 illik müqavilə imzalayıb. Ukrayna lideri Bolqarıstanın müvəqqəti Baş naziri Andrey Qyurovun Kiyevə səfəri zamanı əldə edilən razılaşmalardan “çox məmnun” olduğunu qeyd edib.
Zelenskinin sözlərinə görə, müqavilə “ölkələrimizin ərazisində dronlar da daxil olmaqla müxtəlif növ silahların birgə istehsalını” nəzərdə tutur. O, sənədin uzunmüddətli qüvvədə olmasının təhlükəsizlik sahəsində əməkdaşlığın “sistemləşdirilməsinə” və xüsusilə də Ukraynanın tammiqyaslı Rusiya işğalından müdafiəsində əsas vasitə olan dronlarda sürətli texnoloji irəliləyişlərə uyğunlaşmağa imkan verəcəyini vurğulayıb.
Hazırda NATO və AB üzvü olan Bolqarıstan soyuq müharibə dövründə kommunist blokunun bir hissəsi olub və onilliklər ərzində sovet standartlarına uyğun sursat və silah istehsal edib. Bu avadanlıqların böyük bir hissəsi Ukrayna ordusunun istifadə etdiyi silahlarla uyğun gəlir.
P.ƏMİRCANOV
XQ

