Rudenko: Moskva Kiyevlə danışıqları bərpa etməyə hazırdır

post-img

Ukrayna ilə bağlı danışıqların bərpası üçün vaxt hələ müəyyən edilməyib, lakin Rusiya 2025-ci ilin avqust ayında Ankoricdə əldə edilən razılaşmalara əsasən dialoqa hazırdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Məlumatı “Kommersant” verib. 

Diplomat Rusiya-Hindistan xarici işlər nazirlərinin Yeni Dehlidə keçirilən danışıqlarından sonra bildirib: “Ukraynada nizamlama ilə bağlı danışıqlar dayandırılıb. Hələlik danışıqların bərpası üçün konkret tarixlər yoxdur. Lakin biz onları bərpa etməyə hazırıq, amma təbii ki, Ankoricdə əldə edilən razılaşmalar əsasında”. 

Fevral ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ABŞ Ankoric sammitində Ukrayna böhranının həlli ilə bağlı irəli sürülən təklifləri rədd edib. Onun sözlərinə görə, ABŞ-ın o dövrdəki təklifləri Rusiyanın əhəmiyyətli güzəştlərini nəzərdə tuturdu və Moskva da buna hazır idi. Bundan əlavə, təkliflərə Ukraynanın NATO üzvlüyündən imtina etməsi də daxil idi.

P.ƏMİRCANOV
XQ

Dünya