Qafqazın “barıt  çəlləyi”ni partlatmaq istəyənlər

post-img

Bakının təmkini və iradəsi Qərbin Ermənistanla bağlı məkrli planlarını pozur

Qarşıdan sentyabr gəlir. Bizim üçün ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimizin, bölgədə separatizmin kökünü kəsməyimizin ildönümü yaxınlaşır. Yəni, postmünaqişə dövrünün bir yaşı tamam olsa da, hələ də ABŞ, Fransa və Qərbin digər siyasi mərkəzləri rəsmi Bakının hövsələsini tarıma çəkməkdə davam edirlər. Bəli, onlar açıq-açığına Azərbaycanı savaşa təhrik edirlər. İntəhası, öz problemlərini özü həll etmiş rəsmi Bakı təmkinli davranır, siyasi iradə nümayiş etdirir. İndi Azərbaycan rəhbərliyi Ermənistana növbəti dəfə həddini bildirəcək savaş qərarını Cənubi Qafqazda maraqlarını güdən kənar aktorların deyil, məhz öz mənafeyinə uyğun məqamda və sərfəli şərtlər daxilində qəbul etməyə üstünlük verəcək...

Bəli, Cənubi Qafqaz üçün sentyabr ayının xüsusi özəlliyi var. Məhz bu ayda bölgədə reallığın kökündən dəyişdirilməsi əməliyyatına start verilib. Azərbaycanın müzəffər Ordusu 2020-ci ildə törədilmiş növbəti erməni təxribatına cavab olaraq, əks-hücum əməliyyatlarına başlayıb, Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçılığına son qoyub və ölkənin ərazi bütüövlüyünü bərpa edib. Üstündən 3 il keçəndən sonra bölgədə yenə müharibəyə oxşar situasiya yarandı. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətini həzm edə bilməyən Ermənistan hakimiyyəti özündə Azərbaycana qarşı aqressiv və revanşist addımlar atmağa cəsarət tapdı. Bəs, axırı nə oldu? 

İndi rəsmi İrəvanın sentyabr ayının gəlişindən qorxmasını başa düşmək olar. Görünən odur ki, Paşinyan hakimiyyəti Azərbaycana qarşı analoji hərbi təxribatlar törətməkdən, Brüsselə, Parisə, Vaşinqtona olan və özünü doğrultmamış ümidlərindən də əl çəkmək fikrində deyil. Kollektiv Qərb, faktiki olaraq, Ermənistanı sülh prosesindən uzaqlaşdırmağa çalışır. Bu, azmış kimi, Ermənistana kənardan intensiv şəkildə silah-sursat, hərbi texnika daşınır. Fərq ondadır ki, bu dəfə Ermənistanın silahlandırılması ilə Rusiya deyil, Fransa, Hindistan, hətta ABŞ məşğuldur. Hayastanı “barıt çəlləyinə” çevirmək istəyənlərin altməqsədləri nədir? Nə qədər pessimist proqnoz olsa da, məgər bunlar Cənubi Qafqazda yeni savaşın ilkin əlamətləri deyilmi? Mövcud geosiyasi durumda bölgədə yeni silahlı münaqişə Brüsselə də sərf edir, Vaşinqtona da. Axı, istənilən xarakterli və miqyaslı hərbi əməliyyatlar onlara bölgəni Rusiyanın nəzarətindən çıxarmaq nöqteyi-nəzərindən əlavə manevr imkanları qazandıracaq. Fransa üçün isə Cənubi Qafqazda baş verəcək yeni müharibə regiona bayrağını sancmaq fürsətini əldə etmək imkanının yaranması demək olar. Bu zaman acı aqibətini yaşamağa məhkum Ermənistanın taleyi nə Parisi düşündürür, nə Vaşinqtonu, nə də digərlərini. Təki Ermənistanın üstündə oturtduqları “barıt çəlləyi” tez partlasın! Onların intizarla gözlədikləri an məhz budur. 

* * * 

Amma təəssüf ki, o “çəlləyin fitili” daha onların əlində deyil. “Böyük güclər”in bölgə ilə bağlı məkrli planlarını reallaşdırmaq yolunda “ilişdikləri” əsas maneə fitilin əllərində olmamasıdır. Bunun səbəbi nə imiş? Əsas səbəb Azərbaycan Prezidenti İlham Əliyevin onların güman etdiklərindən daha cəsarətli, iradəli və səbirli dövlət xadimi olmasıdır. Mövqe isə dəyişməzdir: əgər, doğrudan da, müharibə istəyirsinizsə, buyurun, bu meydan, bu da şeytan! Artıq dörd il əvvəlkindən daha güclü Azərbaycan Ordusu istənilən xarakterli, həm də  genişmiqyasılı hərbi əməliyyatları aparmağa hazır vəziyyətdədir. Zatən, rəsmi Bakı hələlik Ermənistanın lokal səciyyə daşıyan sərhəd təxribatlarına sərt reaksiya verməklə kifayətlənməyi üstün tutur. Və Azərbaycan heç bir halda bölgədə hərbi əməliyyatlara regiondankənar qüvvələrin fitvası və ya istəyi ilə başlamayacaq. Belə bir qərar yalnız yaranmış yeni durumun Azərbaycanın milli maraqları və Ali Baş Komandanın iradəsi ilə üst-üstə düşdüyü anda verilə bilər.

İntəhası, biz müharibə barədə düşünmürük, üzümüzü sülhə tərəf tutub quruculuqla, Qarabağımızı bərpa etməklə məşğuluq. Yaxın və uzaq hədəflərimizi də müəyyən etmişik. Azərbaycanı qarşıda Türk dünyasına ümumi inteqrasiyası, Türk Dövlətləri Təşkilatının maraqlarını regional vəzifələr məcmusu ilə birləşdirmək missiyasını yerinə yetirmək gözləyir. Bundan başqa, TDT-də aparıcı rol oynayan Azərbaycan təşkilatın regional və beynəlxalq əlaqələrini daha faydalı müstəvidə genişləndirmək barədə planlarını cızır. Bu tendensiyanı əlində rəhbər tutan Azərbaycan hər vəchlə “barıt çəlləyi”nin fitilini alışdırmağa can atan bütün güclərin arzularını gözündə qoyacaq.   

Tofiq ABBASOV, 
siyasi icmalçı

Bəli bu “barıt çəlləyi”ni partlatmaq istəyənlər fransızlar, amerikanlar və Avropa İttifaqının bəzi üzvləridir. Onlar aydın görsələr də ki, postmüharibə dövrünün Cənubi Qafqazı, doğrudan da, məntiqi baxımdan düzgün hərəkət etməlidir, bu hərəkətin qarşısını almağa çalışırlar. Belə deyərdim ki, həmin qüv-
vələr iki ölkəni sülhə aparan yolu minalamaqla məşğuldurlar. Əlbəttə ki, bu, həm təəssüf, həm də təəccüb doğurur. Digər tərəfdən onu da görürük ki, kollektiv Qərb münaqişəli lokal vəziyyətləri makro səviyyəyə çatdırmaq barədə düşünürlər.  

Bu gün bütün dünya qlobal müharibənin baş verməməsi barədə düşünür, insanlar bu təhlükənin qarşısını almaqdan ötrü nə etməli olduqları barədə özlərinə sual verirlər. Bunlar isə hətta sülhün qaçılmaz olduğu məqamlarda belə bölgədə dözülməz vəziyyətin yaranmasını hədəfləyirlər. Ermənistan kimi aciz, siyasi iradəsiz bir məmləkəti yanlış yola sürükləyirlər. Bu qüvvələrin niyyəti orada həm revanşizm meyillərini dirçəltmək, həm də erməni ictimaiyyətində yanlış təsəvvür formalaşdırmaqdır. Onların məkrli niyyətlərinin qarşısına bölgə özünün sülh potensialını qoymalıdır. Yəni, Azərbaycan və bizə tərəfdaş ölkələr həmahəng tərzdə bölgədə sülhün üzərində çalışırıq. Ermənistanda isə insanlar oyanışa doğru hərəkət etməlidirlər. Çünki bu olmasa, daim kortəbii şəkildə Qərbin mürtəce qüvvələrinin təsiri altında qalacaqlar. 

Burada Prezident İlham Əliyevin çıxışlarından bəzi fraqmentləri yada sala bilərik. Cənab Prezident may ayında Şuşadan bəyan etdi ki, Ermənistan qırmızı xəttləri keçməsin. Əks-təqdirdə xəbərdarlıq etmədən zəruri tədbirləri görəcəyik. Yenə Şuşada Media Forumdakı çıxışında dövlətimizin başçısı ABŞ rəhbərliyinin bu məsələnin həllində məsuliyyətsiz mövqe tutduğunu birmənalı şəkildə bildirdi. 

Yəqin onlar Azərbaycanı Ermənistanla səhv salırlar. Bakı hər cəhətdən sülhə hazırdır, digər tərəfdən proseslərin gedişatını təmkinlə izləyib, vaxtında lazımi qərarları qəbul etmək, sülhün təminatı üçün kifayət qədər resursumuz var. Bəli, biz bu prosesdə tək deyilik. Cənab Prezidentin Astanada Mərkəzi Asiya dölətlərinin liderlərinin məşvərət görüşündəki çıxışında da gördük ki, Bakı əməkdaşlığa, inteqrasiyaya və regionda təhlükəsizliyin qorunmasına köklənib. Həmin böyük layihələri reallaşdırmaq üçün müdafiə barədə düşünməliyik. Bəli, sülh və təhlükəsizlik etibarlı şəkildə qorunmalıdır. Bundan ötrü bizim və dostlarımızn güclü orduları var. Odur ki, “barıt çəlləyi”ni alışdırmağa çalışanlar bilsinlər ki, qarşılarında “sülh çəlləyi” durur.               

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət