“Armenizm”in “andranikizm”, “tsexakronizm”, “erməni fədaizmi”, “erməni faşizmi” kimi “izmlər”i bəşəri təhlükə saçır
(əvvəli https://xalqqazeti.az/az/siyaset/189121-ermeni-irqcilik-dusuncesi-gerizekaliqdan-qaynaqlanir)
Erməni təbliğatında Njde
Ermənicə dərs kitablarının hamısında Njdedən bəhs edilən hissədə onun faşizmi təbliğ edən, onunla öyünən fikri verilir: “Faşizmin varlığı, hitlerizm haqqında bir bilgi yoxkən bu ideologiyanı 1919-da Sünik dağlarında bizim David Bek qisasçıları yaşadırdılar”. Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən nəşr olunan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə, Azərbaycan, tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə qarşı genetik bir nifrət meydana gətirmək idi. 1919-cu ilə aid ermənicə bu sənədlərdə bütün bunlar var. Azərbaycan və Türkiyəyə, millətimizə genetik nifrət! 9-cu siniflər üçün “Erməni tarixi” kitabında Njde belə təqdim olunur: “Kimlər üçünsə “hərbi cani”, bizim üçün isə Ermənistanın xilaskarıdır Garegin Njde...” və kitabın başqa bir yerində Njdenin bu fikirləri çatdırılır: “Kim Türkiyə ilə bərabərsə, o mənim millətimin və bizim tarixi ərazilərimizə sahib olma haqqımızın düşmənidir… Elə bir düşmən ki, onu heç Allah belə mənimlə barışdıra bilməz. Budur mənim siyasi davranış tərzim… ”
...İstintaq zamanı Njde Zəngəzur və digər bölgələrdə də törətdiyi cinayətləri də inkar etmişdi. Amma bu cinayətləri törədərkən orada olan öz erməniləri Njdenin qırmızı qvardiyaçılara və türklərə nə qədər vəhşicə, qəddarcasına davrandığının şahidi olmuş və ifadələrində bu saxta erməni “qəhrəmanı” ifşa etmişdilər. Məsələn, şahid Arsen Xoylunts öz ifadəsində onun vəhşiliyini belə ifadə etmişdi:
“1920-ci ilin sonu və 1921-ci ilin əvvəlində Njdenin qərargahının yerləşdiyi Tatev monastırında, onun rəhbərliyi ilə güllələnmə və qayadan diri-diri atılmaqla 400 qırmızı qvardiyaçı rus, kommunist, inqilabi ruhda olan erməni kəndli və fəhlələri öldürülmüşdür. 1921-ci ilin iyulunda Zəngəzurda sovet hakimiyyəti elan olunandan və daşnak orduları ləğv olunandan sonra mən rayon partiya komitəsinin Tatev sahəsinin katibi təyin edildim. Mənim şəxsi rəhbərliyimlə cənazələr toplanaraq dəfn edildi. Təxminən 400-ə yaxın cəsəd toplanmışdı”.
Digər bir şahid Canunts Avak isə ifadəsində təsdiq etmişdi:
“...1920-ci ildə Njde Dro Kanayanla birlikdə 100-dən çox Qubadlı rayonunun azərbaycanlı kəndini talan etdi. Talandan sonra bu kəndlər Njde və Dro tərəfindən yandırılmış və məhv edilmişdir. Bu kəndlərin ən böyüyü Şornuxi və başqaları idi.
İrana qaçarkən Njde əmr etdi ki, Zəngəzurdakı bütün kommunistlərin əmlakı müsadirə edilsin. Tabeçiliyindəkilər bunu icra etdilər”.
Njdenin əldə yazılı olan bir ultimatumu var. Ermənistan siyasi tarix arxivində saxlanılır. 27 sentyabr 1920 tarixli sənəd. Orada deyilir: “Türkləri və rusları mən elə bir zövqlə öldürürəm ki, sanki onları döyüşdə və göylərdə məhv edirəm!”. Belə bir cinayətkar Ermənistanda qəhrəman səviyyəsinə qaldırılmış, onun heykəli ucaldılmışdır. Buna, hətta, Rusiya dövlət səviyyəsində etiraz etsə də, ermənilərdən gələn fikir budur ki, o, də türklərə qarşı mübarizədə yer almaq məqsədilə Almaniya ilə əməkdaşlıq etmişdir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə İrəvanda Njde abidəsinin qoyulmasına öz dövlətinin etiraz bəyanatını səsləndirmişdi. O, həmçinin xatırlatmışdı ki, 17 dekabr 2015-ci ildə BMT Baş Assambleyasının 70-ci sessiyasında “Müasir irqçiliyin, irqi ayrı–seçkiliyin, ksenofobiyanın və dözümsüzlüyün artmasına səbəb olan faşizmin, neonasizmin və digər etiqadların yayılmasına qarşı mübarizə" adlı qətnamə qəbul edilmişdir. Ermənistan da bu sənədə imza atmışdır. Amma Njdenin “Almaniya üçün ölən Ermənistan üçün ölür” fikri əsas alınaraq Almaniyanın müharibədəki “uğurları” dəstəklənir və ermənilərin Hitlerə hər zaman sadiq olacaqları vurğulanır.
Bu, “Hayastan” adlı qəzetin 1945-ci ilin ilk ayında çıxan nömrəsidir: “Gec-tez “Son Zəfər”dən” (Endsieg) bəhs edilir.
Erməni mətbuat orqanlarında və internet saytlarında türkləri aşağılamaq üçün hər üsuldan istifadə olunur. Aniarc.am erməni saytı türklər haqqında bunları yazır: “Quranda türklər “bəşəriyyətin düşmənləri və heyvanlar” deyə adlandırılır, “onlar insanlığa səfalət gətirən toplumdurlar... Antik ədəbiyyat, bölgənin bütün İslam ədəbiyyatı türklərlə bağlı mənfi fikirlərlə doludur”. Bu təbliğat Ermənistanda hər yerdə aparılmışdır və bu gün də davam etdirilməkdədir. Müəllif Tatul Hakopyan isə türkə nifrətin ardınca ermənilərin xəyanətindən də bəhs edir. Amma bu “xəyanət” ermənilərin xilasına səbəb olmuşdur, – deyir. Yaxşı ki, tarixdə ilk erməni dövlətinin yaranmasına türklərin verdikləri töhfəni dilə gətirirlər. “Çox qəribədir, 1918-ci il iyunun əvvəlində, erməni siyasətçiləri və ilk növbədə Daşnaksütyun partiyası Batumidə Osmanlı İmperiyası ilə dostluq müqaviləsi bağladılar. Ermənistan Respublikasını tanıyan ilk dövlət Osmanlı İmperiyası oldu.Beləliklə, general Andranikin qəzəbinə səbəb olan belə bir barışığa gedildi. Bir çoxları bu hərəkəti xain hərəkət hesab edirdi. Bir neçə ay sonra, Ermənistan nümayəndə heyəti bu tərkibdə – Avetis Aharonyan, Aleksandr Xatisyan və Mixael Papacanov Konstantinopola getdilər və erməni xalqının bir nömrəli düşmənləri iki qatil–Tələt paşa və Ənvər paşa ilə görüşdülər. Sultanla da görüşdülər və türklərin Ermənistan Respublikasının qurulmasına mane olmadığına görə onlara təşəkkür etdilər. Aram Manukyan, Xəlil Kut paşa vasitəsilə ac erməni xalqına çörək gətirdi və şəxsən Yerevan stansiyasında bir türk qatili hörmətlə qucaqlandı”.
Levon Ter-Petrosyan 1991-ci ildə Türkiyə ilə dil tapmaq üçün ilk cəhdlərini edərkən, bu dəfə Daşnaksütyun partiyası Üçüncü cümhuriyyətin ilk prezidentini türk yanlısı olmaqda günahlandırdı. Ter-Petrosyan Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün Ankaraya yola düşəndə erməni diasporun mediası Levonu atəşə tutdu: “Çoxları 1992-1993-cü illərin qaranlıq qışı zamanı Ermənistanın Türkiyə üzərindən çörək gətirməsindən şikayətlənirdi. Yeri gəlmişkən, bu çörək türk çörəyi idi, Türkiyənin anbarlarından gətirilmişdi. Anlayıram ki, burada “qonşu” sözünün dilə gətirilməsi bu sətirlərin müəllifini “türk” və ya “xain” olmaqda ittiham etmək şansı verə bilər, amma Türkiyə qonşumuzsa, başımızı hansı divara vura bilərik? Bəli, bu öz-özünü lənətləmək kimi görünə bilər, amma istəsək də, istəməsək də “türk” qonşumuzdur. “Türk” kəlməsi bir erməninin beyninə girən və onun ruhunu qucaqladığı müddətcə Ermənistandan minlərlə kilometr uzaqlıqdakı Türkiyədəki prezidentlərin və siyasətçilərin sərt ifadələrinə sevinməli və kifayətlənməli olacağıq. Bu da bir seçimdir. Nə edə bilərik? Türkiyə sərhədi açmır, diplomatik münasibətlər qurmaq istəmir, digər qonşumuz Azərbaycan eyni hərəkəti edir, həm də Türkiyə Azərbaycanı dəstəkləyir”.
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri