II məqalə
Siz heç zaman təslim olmayan insana qalib gələ bilməzsiniz.
Beyb Rud
“3+3” formatı və regional proseslər
Aydındır ki, müstəqil dövlətin strateji inkişaf kursu ilə dövlətin milli təhlükəsizliyinin təminatı arasındakı sıx bağlılıq fonunda regional miqyasda özünü göstərən geosiyasi-hərbi proseslərin məzmunu aktualdır. İndiki mərhələdə Cənubi Qafqazda böyük güclərin fəaliyyəti bu baxımdan inkişafla təhlükəsizliyin münasibətlərinə yeni məzmun çalarları verir. Biz I məqalədə Türkiyənin bu prosesdə tutduğu mövqe və oynadığı rol haqqında yazmışıq. Bununla yanaşı, Rusiya və İranın da yeni şəraitdə fəaliyyəti əhəmiyyətlidir.
Qısa desək, hər iki böyük dövlət kifayət qədər fəal və nəticəverici mövqe tutmamışlar. Sözdə Moskva və Tehran regionda kənar qüvvələrin iştirakını qəbul etmədiklərini təkrar-təkrar bəyan edirlər. Bunun üçün hərdənbir Ermənistan rəhbərliyini çağırıb danlayırlar da. Rusiya və İran Cənubi Qafqazda “qırmızı xətləri”nin mövcudluğunu və bunun keçilməsinə izin verməyəcəklərini dəfələrlə bəyan etmişlər. Lakin bu gün Cənubi Qafqazda baş verənlər bu bəyanatlarla, nədənsə, düz gəlmir və İranla Rusiya buna qarşı aktiv mövqe nümayiş etdirmirlər. Bu, düşündürücüdür, çünki geniş anlamda söhbət “3+3” təhlükəsizlik formatının taleyindən gedir. Nəyə görə, Rusiya və İran maraqlarında olduqları bu formatı aktiv müdafiə etmirlər? Və ya Ermənistanı real olaraq ona qoşulmağa dəvət etmirlər (“məcbrur etmirlər” yazmırıq)?
Əslində, son zamanlar Moskva və Tehranın yadına bu format, deyəsən, heç düşmür. Bunun fonunda isə Qərbin regiona müdaxiləsi getdikcə artır və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Yerli dövlətlərin maraqlarını nəzərə almadan bu hərəkətlilik həm stabil inkişaf kursuna, hə də milli təhlükəsizliyə risklər yaradır. Bu səbəbdən, məsələyə inkişafla təhlükəsizliyin vəhdəti prizmasında bir neçə aspektdən nəzər salmaq lazım gəlir.
Oyun, yoxsa zəiflik?
ABŞ-nin Cənubi Qafqaza daha intensiv müdaxiləsi fonunda yerli dövlətlərin necə davranmaları maraqlıdır. Rusiya bir rəsmisini İrana göndərdi və o, sonra Bakıya gəldi. Paralel olaraq XİN sözçüsü M.Zaxarova yenə də ermənilərə “öyüd” verdi. Dediklərindən belə məlum oldu ki, əsrlərdir Rusiya və Ermənistan qardaşlıqdan da yüksək yaxındırlar (bunun konkret məzmunu nədən ibarətdir, bilmirik). Bir qədər əvvəl isə Moskva deyirdi ki, “Ermənistan mövcud olmasında Rusiyaya borcludur”. Bu mənada Moskva nə desə, İrəvan ona uymalıdır. Buna “qardaşlıqdan da yüksək yaxınlıq” deyilirsə, geosiyasi və hüquqi baxımdan ziddiyyət qaçılmazdır. Bəlkə elə buna görədir ki, Rusiya sərhədçilərinin “Zvartnosu” tərk etmələri həmin ziddiyyətin əlamətlərindən biri kimi qəbul edilməlidir. Bundan başqa, Rusiya nədənsə ciddi müqavimət göstərmədən Ermənistan sərhədlərinin bir qismini də tərk edir.
Bunun fonunda yaranan boşluğu isə uzaq Amerika doldurur. Son informasiyalar daha düşündürücüdür. Artıq məhdud ABŞ hərbi kontingentinin Zəngəzura yerləşdirildiyi haqqında informasiyalar vardır. Avropa İttifaqının “mülki missiyası” isə yenə də Azərbaycan sərhədlərində görünməyə başlamışdır. Bunlar onu ifadə edir ki, başda ABŞ olmaqla Qərb Cənubi Qafqazda geosiyasi-hərbi varlığını yeni səviyyəyə qaldırmışdır. İndi qərbli əsgərlər fiziki olaraq bu regionda mövcuddurlar. Təhlükəsizlik baxımından bu vəziyyət bir neçə istiqamətdə risklidir.
Birincisi, Rusiya, Azərbaycan və Ermənistan arasında məlum 2020-ci il 10 noyabr Bəyanatının müddəalarına ziddir. Lakin Rusiya bunu xatırlatmır və səsini çıxarmır.
İkincisi, Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda formalaşmış geosiyasi nizama təhdiddir. Çünki regionda əlavə hərbi güc yerləşmiş olur. Bu hərbi güc Cənubi Qafqazın yeni konstruktiv tarixi-geosiyasi transfomasiyasının ruhuna uyğun mövqe tutmur. Onun əsas məqsədi situasiyanı Ermənistanın xeyrinə dəyişməkdir ki, bunun sonucu konfrontasiyadır.
Üçüncüsü, İranın dəfələrlə bəyan elədiyi prinsiplərə heç uyğun deyildir. Əksinə, İran sərhədinə düşməni olan (ona İran rəsmiləri “böyük şeytan” da deyirlər) amerikanlar gəlmişlər. İndiki gərgin bir vəziyyətdə bu, İranın milli təhlükəsizliyinə ciddi təhdiddir.
Deməli, söhbət həm də Rusiya və İranın milli təhlükəsizliyinə təhdiddən getməlidir. Qərbin fəallaşdığı və Rusiya ilə İranın passivliyi fonunda regionda yeni, maraqlı, lakin riskli bir geosiyasi situasiya yaranır.
Təşəbbüs Azərbaycana keçir?
Regionda ümumi geosiyasi mənzərə belədir: Rusiya və İran passiv, Ermənistan qeyri-müyyən oyuncaq, Gürcüstan daxili işləri ilə məşğul olan güclü olmayan dövlət və fəal Türkiyə–Azərbaycan tandemi! Bunun fonunda “3+3” formatına, strateji inkişaf kursuna və milli təhlükəsizliyə yaranmış təhdidlər.
Belə vəziyyətdə uğura apara biləcək siyasi-diplomatik yol nədən ibarət ola bilər? Çox əhəmiyyətlidir ki, Azərbaycan Prezidenti kifayət qədər çevikliklə fəaliyyət istiqamətini inkişafla təhlükəsizliyin qarşılıqlı əlaqəsində müəyyən etdi. Azərbaycan regiona sabitliklə təhlükəsizliyi təmin etmənin təşəbbüsünü ələ aldı. Bunun əlamətləri nədən ibarətdir?
Strateji konstruktivlik
Azərbaycan nə rəqabət, nə də passivlik yolunu seçdi. Rəsmi Bakı region dövlətlərinin maraqlarını təmin edən, lakin heç bir böyük gücə qarşı olmayan kursu yeni səviyyəyə yüksəltməkdədir. Onun başlıca əlaməti Prezident İlham Əliyevin regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasını beynəlxalq hüquq normalarına uyğun qurmaqda davam etməsindədir. Bu, Azərbaycanın inkişafı ilə milli təhlükəsizliyini uyğunlaşdıran və ölkəni daim inkişaf paradiqması çərçivəsində saxlayan başlıca faktordur!
Birincisi, ABŞ-nin Zəngəzurda peyda olmasına rəsmi Bakı çox təmkinli, lakin fəal mövqe tutmaqla yanaşdı. Bəyan edildi ki, regionda hər hansı təxribatçı dəyişikliyə imkan verilməyəcəkdir. Ermənistan da öz hesabını götürməlidir.
İkincisi, Ermənistan Azərbaycanın konstitusiya ilə bağlı tələbinə əməl etməsə, sülh müqaviləsi imzalanmayacaq və onun uzanması ilk növbədə İrəvanın ziyanına olacaq. Azərbaycan 2027-ci ili də gözləyə bilər. Bu, o deməkdir ki, rəsmi Bakı Zəngəzurda ameriikan hərbçilərinin olmasını qarşısında maneə kimi görmür. Sadəcə, sülh prosesini uzadan lazımsız addım olaraq qiymətləndirir.
Üçüncüsü, Azərbaycan “3+3” formatından imtina etmir və yenə də Cənubi Qafqazda region dövlətlərinin geosiyasi konfiqurasiyasına üstünlük verir. Heç bir proses Bakını bu mövqeyindən döndərə bilməz. Onun əlamətləri Azərbaycan rəhbərliyinin ən böhranlı vəziyətdə belə İranla münasibətlərin inkişafına çalışdığını nümayiş etdirməsində və Bakıda S.Şoyqu ilə danışıqlarda Rusiya ilə strateji tərəfdaşlıq Bəyannaməsinə sadiq qalmaqda davam etdiyini ifadə etməsində gördük. Azərbaycan rəhbərliyi şimal qonşusu ilə əlaqələri bütün istiqamətlərdə inkişaf etdirmək qətiyyətini nümayiş etdirdi. Sözün həqiqi mənasında, “Azərbaycan–Rusiya münasibətləri regionun bəzi dövlətləri üçün nümunə ola bilər” (İlham Əliyev).
Vurğuladığımız məqamlardan belə bir nəticə alınır: Azərbaycan real olaraq regional inkişaf, əməkdaşlıq və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Bakı faktiki olaraq Tehran və Moskvanı konstruktiv geosiyasi əməkdaşlıq platofrmasına dəvət edir. Rusiya və İranın əvvəlki regional möhtəşəmliyi kölgədə qalmış kimi görünür. İndi Azərbaycan onları istiqamətləndirir. Eyni zamanda, birmənalı olaraq Ermənistan və Gürcüstana nümunə olur. Cənubi Qafqazı sabit və təhlükəsiz etmək üçün real addımlar atmaq aspektində dərs verir.
Məsələnin başqa, bir çox mühüm cəhəti də vardır.
Regionlararası kontekstə transformasiya
Azərbaycan rəhbərliyi regionda yaranmış bu cür gərgin vəziyyətin fonunda regionlararası geosiyasi məkanda əməkdaşlığın inkişafını sürətləndirir. Konkret olaraq, İlham Əliyev Mərkəzi Asiya dövlətlərinin “5+1” formatında iştirak edərək, Türk Dövlətləri Təşkilatında əməkdaşlığı növbəti səviyyəyə yüklsəltməyə çalışır. Bura qarşılıqlı əlaqələrin bütün istiqamətləri – siyasi, geosiyasi, iqtisadi, energetik, hərbi müdafiə, təhlükəsizlik, nəqliyyat-loqistika, informasiya daxildir. Azərbaycan Prezidentinin bu addımının məhz Cənubi Qafqaz da daxil olmaqla regionlararası məkanda təhlükəsizliyin təmini məsələsinin aktuallaşması fonunda son dərəcə səmərəli olduğunu anlamaq lazımdır.
Məsələ ondan ibarətdir ki, böyük güclər Mərkəzi Asiya uğrunda daha kəskin geosiyasi mübarizəyə başlamışlar. Almaniyanın Prezidenti Ştaynmayer və ABŞ-nin rəsmisi Obrayn həmin regiona səfərləri zamanı əməkdaşlığı birbaşa təhlükəsizliklə əlaqələndirmişlər. Onlar Mərkəzi Asiyanın təbii resurslarının Qərbə nəqlinin geosiyasi mahiyyətli proses olduğunu izah etmişlər. Belə ki, bu nəql Rusiya və Çindən yan keçməlidir!
Deməli, Qərb məsələni faktiki olaraq enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin sıx bağlılığında təqdim edir və yalnız öz şəxsi maraqlarına cavab verən variantı irəli sürür. Bu reallıq fonunda TDT-nin təsirli addım atması, sadəcə, zamanın tələbidir! Azərbaycan Prezidentinin Astanaya səfəri bu baxımdan inkişafla təhlükəsizliyin qovşağında uğurlu addım təsiri bağışlayır. Bunlardan strateji xarakterli bir qənaət alınır.
TDT amilini Azərbaycan aktuallaşdırır
Aparılan təhlil göstərir ki, Cənubi Qafqazda strateji inkişafla təhlükəsizliyin sinxron təminatı məsələsi geosiyasi güclərin konfiqurasiyasında növbəti yeniliyi zəruri etməkdədir. Yəni ənənəvi böyük güclərin münasibətlərinin tənzimlənməsi modeli artıq keçərli deyildir. Onlar, sadəcə olaraq, buna qadir deyillər. Ortaq kons-
truktiv mövqeləri yoxdur və ya onu yaratmaq istəmirlər. Ona görə də burada “yeni nəfəs”, “konstruktiv ab-hava” gətirə biləcək yeni güc gərəkdir. Həmin güc isə Türk Dövlətləri Təşkilatıdır (TDT).
Azərbaycan Prezidenti II Şuşa Qlobal Forumunda açıq ifadə etmişdir ki, TDT dünya miqyasında söz sahibi olan geosiyasi gücə çevrilməlidir və bunun üçün onun imkanları mövcuddur! Bu imkanların reallaşmasına məhz İlham Əliyev yeni mərhələdə başlamışdır. Astana səfəri onu təsdiq edən faktlardan biridir.
Buradan straeji inkişaf paradiqması çərçivəsində ölkənin tərəqqisi ilə milli təhlükəsizliyin sinxronlaşmasının Azərbaycan nümunəsini alırıq.: daxili inkişaf sinerjisini regional liderliyə proyeksiya etməklə multiregional məkanda yeni geosiyasi konfiqurasiyanı Türk Dövlətləri Təşkilatı nümunəsində yaratmaq! Bu zaman başlıca fəaliyyət metodu qarşılıqlı faydalı əməkdaşlığa dayanaraq, heç bir böyük güclə rəqabətə girməməklə yaradıcı, qurucu, barışcıl, sülhsevər və daim inkişaf qabiliyyəti olan müstəqil geosiyasi gücə çevrilməkdən ibarətdir! Bunu biz strateji inkişaf kursu ilə milli təhlükəsizliyin uğurlu vəhdətinin İlham Əliyev nümunəsi də adlandıra bilərik!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru