Türkiyənin aparıcı mətbəx ləvazimatı istehsal edən şirkətlərindən biri olan “Asilsoy” Ağdam Sənaye Parkına 200 milyon türk lirəsi (təxminən 6 milyon ABŞ dolları) investisiya qoymağı planlaşdırır.
Qardaş ölkənin “Dünya” qəzetinin yaydığı məlumata əsasən, şirkətin məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında iqtisadiyyatın bərpasına töhfə verməkdir.
Nəşr 2021-ci ildən 190 hektar sahədə fəaliyyət göstərən Ağdam Sənaye Parkının potensialına diqqət çəkir. “Azərbaycanın Qarabağ iqtisadi rayonundakı bu sənaye parkına investisiyaların həcmi 115 milyon dollara çatıb. Burada 1700 nəfər işlə təmin olunub”, - deyə qəzet Zəngəzur dəhlizinin açılması ilə Ağdam rayonunda parkın əhəmiyyətinin daha da artacağını qeyd edir.
“Dünya”ya görə, ilkin mərhələdə şirkət Ağdam Sənaye Parkındakı istehsalatda 100 mütəxəssisi işlə təmin etməyi planlaşdırır. “Asilsoy” Azərbaycanda “Karaca” və “Schafer” kimi məşhur brendlərin mətbəx ləvazimatının istehsalını qurmağı planlaşdırır.
Türkiyə şirkəti vurğulayıb ki, əsas diqqət Azərbaycandan məhsulların ixracına yönəldiləcək.