Artıq uzun müddətdir özünü radikal erməni diasporunun muzdlu carçısına çevrilmiş “Freedom House” 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc edib. Sənəddə heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının belə böhtan xarakterli hesabatı yayması bu qurumun ölkəmizə qarşı açıq qərəzinin və destruktivliyinin sübutudur.
Açıqlamanın davamında deyilir: “Bu hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər. Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla, çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşmüşdür”.
XQ