“Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir”.
Bu fikri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post”da dərc olunmuş “Qərbin təzyiqləri ölkələri Moskva ilə əlaqələri kəsməyə sövq edir” sərlövhəli məqaləsində yazıb.
Məqalədə daha sonra deyilir: “Əgər Ermənistan Azərbaycanla barışarsa, blokadada olan və dənizə çıxışı olmayan ölkə kimi ehtiyaclarını ödəmək üçün daha İrana arxalanmağa ehtiyac qalmayacaq. Habelə Ermənistanın Rusiyadan uzaqlaşması iki Qafqaz ölkəsi arasında sülhün bərqərar olması ehtimalını artıran amildir, belə ki Qafqazda təsirini qorumağa çalışan ruslar münaqişənin davam etdirilməsində maraqlı olublar. Amma Azərbaycanın bütün Qarabağı azad etməsi və indi Ermənistanın sülhə doğru istiqamətlənməsi ilə yaranan yeni reallıq Moskvanın Qafqazdakı təsirini zəiflədir ki, bu da Qərbin maraqlarına cavab verir”.
XQ