İrəvanın başına bəla olacaq “düşmən ovu”

post-img

Belarus və Azərbaycan əməkdaşlığının Ermənistana nə təhlükəsi?

“Belarus Azərbaycana silah verib, bununla da Ermənistana xəyanət edib”. Belə bir iddia ilə adı və fəaliyyəti bizə yaxşı tanış olan “Politico” qəzeti çıxış edib. 

Nəşrin məqaləsində naməlum sənədə istinad edilərək yazılır ki, Ermənistan hökuməti bu həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təkilatı (KTMT) adlı hərbi alyansdan çıxmaq niyyətini açıqlayıb.

Bunun ardınca ermənipərəst nəşr rəsmi Minskin 44 günlük müharibədə Bakıya “hərbi yardım” etməsi ilə bağlı hansısa sənəddən sitat gətirir: “Belarus rmənistanın düşməni Azərbaycana müasir silahlar verib. Baxmayaraq ki, Minsk və İrəvan müttəfiqdirlər və onlar birlikdə Rusiyanın himayəsi altındakı KTMT təhlükəsizlik alyansına daxildirlər”.

Birincisi, Belarusun hansısa alyansa üzvlüyü onun dünyanın digər ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığını yasaqlamaq kimi hüquqi presedent yaratmır. Ən azı, ona görə ki, Belarus BMT-nin üzvü olan suveren və müstəqil dövlətdir. İkincisi, Minsk ilə Bakı arasında səmimi dostluq və əməkdaşlıq əlaqələri uzunmüddətli tarixə malikdir. Hələ keçmiş SSRİ dönəmində Belarus Respublikası Azərbaycanın daim sıx münasibət saxladığı ölkələrdən biri olub. Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Belarus–Azərbaycan hökumətlərarası komissiyası 20 ildir ki, fəaliyyət göstərir. Üçüncüsü, Belarus, ermənipərəst güclərdən fərqli olaraq,  Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində işğalçı ilə işğala məruz qalan  arasında bərabərlik işarəsi qoymayıb. Rəsmi Minsk beynəlxalq hüquqa uyğun olaraq hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və həmin KTMT çərçivəsində ölkəmizin haqq işinə tərəfdar olmaqla ədalətli mövqe tutub. 

Bəli, Azərbaycan–Belarus münasibətləri hazırda strateji əməkdaşlıq səviyyəsinə çatib. Bu qarşılıqlı faydalı tərəfdaşlığın, etibarlı partnyorluğun yaranmasında iki ölkə liderləri arasında qarşılıqlı hörmət və rəğbətə söykənən şəxsi münasibətlərin önəmli rolunu qeyd etməmək mümkün deyil. Aleksandr Lukaşenkonun kağız üzərində rmənistanın müttəfiqi olmasına baxmayaraq, bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi “bizim adamımız” adlandırması və Vətən müharibəsinin gedişində KTMT-nin ölkəmizə qarşı çıxmasını “yanlış addım” kimi dəyərləndirməsi rəsmi Minskin heç də hansısa korporativ maraqları deyil, obyektivliyi və ədaləti rəhbər tutmasının təzahürü idi. Dövlətimizin başçısı isə öz növbəsində, 2022-ci ildə “KTMT-də Ermənistandan daha çox bizim dostumuz var” bəyanatını verəndə, çox güman ki, həmin dostların sırasında, ilk növbədə, Belarusu nəzərdə tuturdu. İki ölkə arasındakı əməkdaşlığın üfiqləri Belarus traktorları, yük, kommunal və kənd təsərrüfatı maşınlarıdan tutmuş optik alətlərə, liftlərə, o cümlədən, hərbi avadanlığa qədər genişdir. 

* * *

Bu günlərdə baş nazir Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına səsləndirdiyi kəskin ifadələr, ölkənin Minskdəki səfirini “məsləhətləşmələr aparmaqdan ötrü” geri çağırması müəyyən fərziyə və ehtimalların yaranmasına səbəb olub. Baş nazir parlamentdəkı çıxışında “Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa getməyəcəyəm”, – deyə bəyan etməsi İrəvanın Moskvadan sonra Minsk ilə də münasibətlərini gərginləşdirməsindən xəbər verir. Əgər bu gərginləşmənin səbəbi, doğrudan da, Belarus liderinin Azərbaycana isti münasibəti, Bakıya bir ay əvvəlki rəsmi səfərində dövlətimizin başçısı ilə birgə Şuşaya getməsinin İrəvanda yaratdığı qıcıqdırsa, bunun sonda Hayastanın özünün başına bəla açacağını indidən söyləmək mümkündür. Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər.

Aydın məsələdir ki, Belarusun MDB, KTMT kimi postsovet qurumlarında təmsil olunması, hətta Rusiya ilə Müttəfiq Dövlətlər Müqaviləsinə imza atması ona digər ölkələrlə, o cümlədən, Azərbaycanla yaxından əməkdaşlıq etməsinə çəpər çəkə bilməz. Bunu beynəlxalq hüququn prinsipləri kimi, sivil dünyanın qəbul etdiyi norma və qaydalar da məqbul sayır. O ki qaldı, Belarusun Azərbaycana hərbi yardımı məsələsinə, bu sahədə də hər şey şəffaf və açıqdır. İki ölkə arasında hərbi sahədə sıx əməkdaşlığın mövcud olması isə heç kəsə, yəqin, İrəvana da sirr deyil. 

* * *

Bütün bunları “Politico” qəzetinin nəzərinə çatdırmaqda məqsədimiz ondan ibarətdir ki, maliyyəsini ABŞ-dəki erməni lobbisindən alan psevdojurnalistləri bunun müqabilində peşə əxlaqını unutmuş olsalar da, ən azı, beynəlxalq hüquqa, diplomatik etiketə sayğı göstərsinlər. Yazanda Qafqazı, ermənini yaxından tanıyan oxucu kateqoriyasını da nəzərdən qaçırmasınlar. Elə bunu unutduqlarına görədir ki, məqalədə bu formada ermənipərəstliklərini ortaya qoyurlar: “Onlarla məktub, diplomatik nota, yük qaimələri və ixrac pasportlarından ibarət sənədlər toplusu Ermənistanda daxili gərginliyin pik həddə çatdığı 2018– 2022-ci illər arasında Belarusun Azərbaycanın Silahlı Qüvvələrinə fəal yardım etdiyini göstərir”.

Azərbaycan dünyanın hərbi sənayesi inkişaf etmiş bir sıra ölkələrindən hərbi texnika, silah-sursat aldığını heç vaxt gizlətməyib. Belarusun da həmin ölkələrin siyahısında olması üçüncü tərəfi maraqlandırmamalıdır. Bu kontekstdən yanaşanda İrəvanın “Azərbaycanla dostluq edən bizim düşmənimizdir” kimi primitiv yanaşması, sadəcə olaraq, ironiya doğurur. Paşinyanın bu yanlış siyasi məntiqindən belə çıxır ki, Azərbaycan hazırda Hayastana silah göndərən və ya ötürən ölkələri özünə düşmən elan etməlidir. Gülünc səslənir, deyilm?!

Bakıya təklif edilən xidmətlərə köhnə artilleriya texnikasının modernləşdirilməsi, elektron müharibə və pilotsuz sistemlər üçün istifadə edilən yeni hərbi texnikanın verilməsinin də daxil olduğunu qeyd edən “Politico”nun məqaləsində göstərilir ki, ikitərəfli sövdələşməyə Belarusun silah ixracı üzrə dövlət agentliyinin özünün hərbi-sənaye firmalarına Azərbaycan Silahlı Qüvvələri üçün artilleriya atışlarını həyata keçirən müasir avadanlıq sifarişləri ilə bağlı məktublar, həmçinin iki dövlət arasında “Qroza-S” mobil anti-dron stansiyalarının alınması ilə bağlı yazışmalar daxildir. Nəşrin nəzərdən keçirdiyi diplomatik mesajlardan birində Belarus müəssisələrinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, həmçinin Belarus mal və xidmətlərinin ölkəyə ixracında” fəal rol oynadığı bildirilir.

Sadaladığı məlumatları, az qala, “tam məxfi” qrifi altında ictimai rəyə sırımağa çalışan qəzetin məqsədi məqalənin sonunda üzə çıxır. Sitat: “2022-ci ilin sentyabrında Azərbaycan qoşunları əsas strateji yüksəklikləri “işğal edərək” Ermənistan ərazisinə “təcavüzə” başlayıb. Bundan sonra Ermənistan hərbi dəstək üçün KTMT-yə müraciət edib. Amma hərbi alyans yalnız faktları müəyyən etmək üçün nümayəndə heyəti göndərməyi təklif edəndən sonra İrəvan KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edib”.

“Cidanı çuvalda gizlətməkdən” ötrü boş cəhdlər edən “Politico” hamıya məlum faktların konstatasiyasından sonra belə bir qənaətə gəlir ki, Moskvanın ən yaxın müttəfiqlərindən biri olan Belarus Kremlin gizli xeyir-duası olmasaydı, bu hərəkətləri edə bilməzdi. Altməqsəd aydındır. Nəhayət, qəzetin “məxfi plan”ının əsas hədəfi görünməyə başlayır. Hədəf Minsk ilə Moskvanı qarşı-qarşıya qoymaq, suyu bulandırmaq və Bakının bu ölkələrlə münasibətlərinə kölgə salmaqdır. Amma haypərəst nəşr bundan ötrü vaxtı və məkanı yanlış seçib.

Azərbaycan Prezidenti İlham Əliyev bir ay əvvəl belaruslu həmkarı və dostu Aleksandr Lukaşenko ilə birgə mətbuata verdiyi açıqlamasında xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus–Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçımız çıxışında Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdiyini bildirdi və dedi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir.

Bu, xaricdəki erməni separatçı düşərgəsinə və onun “Poltico” kimi “züytutan”larına verilən ən layiqli cavabdır.

İ.HƏSƏNQALA

XQ

 

Siyasət