Şuşa Bəyannaməsi – tarixi bağlılıq və qardaşlıq möhürü

post-img

Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini özündə ehtiva edən əsas amil sənədin 15 iyun Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 31 il öncə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra eyni gündə Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı.

Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan–Türkiyə münasibətləri məhz 2021-ci il iyunun 15-də özünün zirvəsinə yüksəlib, yeni  mərhələnin təməlini qoyub.

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də regional və beynəlxalq məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkəmizin dünyada rolunu və çəkisini daha da artırdı.

Ermənistanının 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların azad olunmasında, ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində iki qardaş ölkənin birgə təşəbbüsləri bu sahədə əldə edilən uğurların ən parlaq nümunəsidir.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla bir çox təşkilatlar çərçivəsində sinxron fəaliyyəti davam etdirirlər.

Sənəddə ortaq milli maraqlar baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüslərin həyata keçirilməsi, bir-birinə lazımi yardımın göstərilməsi, silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bəyannamədə, həmçinin hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması öz əksini tapıb. 

***

İki qardaş ölkə arasında ticarət-iqtisadi münasibətlərə gəlincə, tarixi sənəd özündə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş fəaliyətin əlaqələndirilmiş şəkildə davam etdirilməsini ehtiva edir. 

Ticari-iqtisadi münasibətlərdə əngəzur dəhlizinin açılması Azərbaycanın tarixi ərazisi olan qədim əngəzur torpağına yenidən qayıdışını da təmin etməklə bərabər, Türkiyə ilə Azərbaycan arasında yeni körpü rolunu oynayacaq. Bununla bağlı Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıb, talan edib. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. əngilanı Naxçıvanla ayıran 40 kilometrlik əngəzur dəhlizidir. Bu dəhliz açılmalıdır və açılacaq”.

Tarixi sənəddə, həmçinin Azərbaycanla dünyadakı türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndilrilməsi və qarşılıqlı dəstəyin verilməsi nəzərdə tutulur. 

Şuşa Bəyannaməsində rmənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsinin vacibliyi xüsusilə vurğulanır.

Azərbaycan–Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da mökəmləndirilməsi məqəsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsi də sənəddə qeyd olunur. 

Qeyd edək ki, Azərbaycan–Türkiyə münasibətləri hazırda özünün zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər ortaq bağlara malik olması ölkələri də həmişə bir-birinə yaxınlaşdırıb, həm sevincli, həm də  kədərli günlərdə bir-birinin yanında olub. 

Onu da qeyd edək ki, Azərbaycan– Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi, ümumilikdə, regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan açıq və birmənalı bəyanatlarında bu müharibədə Azərbaycanın yanında olduğunu bildirdi. Bu dəstək gücümüzə güc qatdı, Qarabağ əfərində mühüm rol oynadı. Xüsusən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakının Azadlıq meydanında keçirilən əfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyinin, xalqlarımızın qardaşlığının bütün dünyaya nümayişi idi.

Bu gün Qarabağda böyük sürətlə aparılan geniş abadlıq və bərpa işləri torpağımıza yeni nəfəs verir. Artıq Şuşa şəhəri uzun illərdən sonra yenidən milli və beynəlxalq tədbirlərə, festivallara evsahibliyi edir. Bunun davamlı olması üçün, ilk növbədə, regionda sülhün, sabitliyin bərqərar olması ən vacib amildir. Təsadüfi deyil ki, cənab Prezidentin 2022-ci il 5 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edildi. İlham Əliyevin 2022-ci il  6 dekabr tarixli Sərəncamı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”na çevrildi. 

“Şuşa İli” ilə bağlı verilən sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 70 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”. 

Hər şeydən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın bölgənin və dünyanın daha qüdrətli dövlətinə çevrilməsi üçün əlverişli imkanlar yaradır.

Şübhəsiz ki, üç il bundan əvvəl Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olub. Bu bəyannamə, eyni zamanda, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiqliyinin rəmzidir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirməyi qarşıya əsas vəzifə kimi qoydu və buna nail olur.

Arzu ABDULLAYEV

Naxçıvan Dövlət Universitetinin prorektoru,  

tarix üzrə fəlsəfə doktoru

 

Siyasət