Ulu öndərin xilas düsturu və müstəqilliyimizin mötəbər təminatı
Azərbaycan xalqının Milli Qurtuluş Günündən 31 il ötür. Ötən müddəti yada salanda gözlərimiz önündə bir çox hadisələr canlanır. Onların hər biri müasir tariximizin ayrılmaz tərkib hissəsidir. Həmin hadisələri xatırlamaq ibrətdir. Tarix ibrət üzərində qurulmuş yaşantıdır. Sadəcə olaraq ibrətdə sentimentallıq var, tarix isə faktoloji təbiətə malikdir. Ancaq hər ibrət səhnəsinə tarix demək olmur. Ulu öndər Heydər Əliyevin böyüklüyü ibrət dərslərimizi tarixə çevirmək bacarığındadır. Milli Qurtuluşumuzun təməlində də elə bu amil dayanır.
Hər ölkə rəhbəri tarix yarada bilmir. Bir çox hallarda dövlət rəhbərləri, mahiyyətcə, statistika formalaşdırırlar. Bəlkə də, bu, onların idarə etdikləri məkanların yerləşdikləri siyasi-coğrafi mühitlə bağlıdır. Nəzərə alsaq ki, yaşadığımız Cənubi Qafqaz regionu mürəkkəb siyasi tematikaya malikdir və təbəddülatlarla doludur, deməli, xalqımız üçün tarixi şəxsiyyətə sahiblik Tanrının böyük lütfüdür. Axı bu coğrafiyada lidersiz, tarixi şəxsiyyətsiz ayaqda qalmaq, var olmaq mümkünsüzdür.
Əslində, Orta əsrlərin ikinci yarısından etibarən sözügedən mümkünsüzlüyün əsası qoyulmuşdu da. 1993-cü ilin 15 iyununadək yaşanmış proseslər fonundakı tənəzzül fikrimizin sübutudur. Qətiyyətlə demək olar ki, Milli Qurtuluş Günü tarixin mürəkkəbliklərinə və məhrumiyyətlərinə qarşı müqavimət əzmimizdir. Ulu öndər Heydər Əliyevdir o əzmin müəllifi. Elə Tanrının insanımıza lütfü də odur.
Dünyada beş mindən çox xalq var. Onların yalnız, təxminən, iki yüzü müstəqil dövlətinə sahibdir. Yəqin, fərqinə vardınız ki, beş minlik sayın müqabilində iki yüz çox kiçik rəqəmdir. Deməli, dövləti olan xalq statusuna sahiblik də adi məsələ sayıla bilməz. Heydər Əliyev şəxsiyyəti müasir dövrdəki statusumuzun təsdiq simvoludur. Elə bir simvol ki, bənzərsiz və təkrarsızdır. Milli qurtuluşumuz da eynilə belə bir təbiətə malikdir. O, özündə azı çoxdan daha üstün edən əzmi və mətanəti yaşadır. Bu yaşantı isə dövlətə sahiblik xoşbəxtliyidir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xoşbəxtlik. Özündə fəxarəti təcəssüm etdirən xoşbəxtlik. Görünür, buna görə də Ulu öndər deyirdi: “... fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bəli, Heydər Əliyev azərbaycanlı olması ilə nə qədər fəxr etsə də, azdır. Çünki, o, azərbaycanlı adına, türk kökəninə diriliş vermiş, nəfəs gətirmiş şəxsiyyətdir. 1993-cü ilin 15 İyun tarixinədək sanki nəfəsimiz kəsilmişdi, boğulurduq. Durum təxminən belə idi: 1988-ci ildən vüsət almış xalq azadlıq hərəkatı dövlətçiliyimizi bərpa etmişdi. Həmin ilin gətirdiyi ruhla 1990-cı ilin 20 Yanvar dəhşətinə sinə gərmiş, özümüzü təsdiqləmişdik. Fəqət, belə təəssürat yaranmışdı ki, sanki nə istədiyimizi bilmirik. Axı toplum olaraq uğrunda can atdığımız amalların və xəyalların qarşılığında acı reallıqları görürdük. Görür və nəticə etibarilə, bir növ, yorulur, taqətdən düşürdük. 15 İyun tarixi bizim üçün Zirvəyə çevrildi. Həmin gün ulu öndər Heydər Əliyevin simasında boş xəyalları deyil, Vətən uğrunda gerçək mübarizəni seçməyi öyrənməyə başladıq. Öyrəndik ki, mübarizə üçün sentimentallıq yox, qətiyyət və prinsipiallıq şərtdir. Daim diri və dik qalmağın da şərti budur.
Onu da düşünək ki, XX əsrin sonu– XX əsrin əvvəllərində Vətənimizin ictimai-siyasi həyatındakı intibah məsələsində milli kimlik hissimiz təcəlli etmişdi. Həmin hissin doğurduğu milli dövlətçilik ruhu və bu ruhun təcəllisi sayılan Azərbaycan Xalq Cümhuriyyətimiz olub. Amma AXC-nin yaranması yalnız çarizmin süqutundan sonrakı proseslərin məntiqi yekunu deyildi. Əgər xristian ermənilər və gürcülərə imperiyanın dağılması dividendi kimi müstəqillik görünürdüsə, müsəlman bizlər üçün perspektiv bunu vəd etmirdi. Amma mübarizə apardıq, qazandıq. Əslində, oxşar proseslərin daha amansızcasına XX əsrin sonlarına doğru da yaşandığını deyə bilərik. Bizi müstəqilliyimizlə vidalaşmağa sövq Qurtuluş missiyasından Zəfər salnaməsinə şanlı yol edənlər var idi. 15 İyun tarixi ümummilli lider Heydər Əliyevin belələrinə qarşı kompromissiz savaşının başlanğıc tarixidir. Bu tarix xilas düsturumuzdur.
15 İyun həm də ümumən varlığımızın qurtuluşudur. Nəzərə alaq ki, bir xalqın mahiyyətindəki əzəmət həmin mahiyyətin dövlətçilik yaşantısına sahiblənməsindən asılıdır. Azərbaycan xalqında dövlətçilik ruhu olub. Ancaq məlumdur ki, müxtəlif mərhələlərdə bu ruhumuzu sarsıdan qüvvələr ənənələrimizə zərbə vurublar, varlığımızı şübhə altına alıblar. Saxta tarixləri beynimizə yeritməyə cəhd göstəriblər. Belə ideya aşılayıblar ki, sanki varlığımız onların bizim üzərimizdəki nəzarəti ilə mövcudiyyətini tapmış hadisədir. Heydər Əliyev XX əsrin sonlarına doğru əldə etdiyimiz müstəqilliyi belə bir qorxunc ssenaridən qurtarmağı bacarmış liderdir. Deməli, Milli Qurtuluş Günü həm də müasir dövrdəki varlığımızın başlanğıc tarixidir.
Nəzərə alaq ki, həyata keçirilən hər bir işin ideya bazasının istisnalılığı məramından asılı olmayaraq onu məhvə sürükləyir. Onu da düşünək ki, ümumən dövlətlərin siyasətləri uzunmüddətli hədəf halına gəlməzdən əvvəl düşüncələrdə təşəkkül tapıb, cəmiyyətlərə yayılıb. Azərbaycana gəldikdə isə məhz vahid konsepsiyasızlıqdan müxtəlif dövlət quruluşlarımızın mövcudiyyəti ideoloji məzmun qazana bilməmiş, məhv aqibətini yaşamışdı. Ulu öndər Heydər Əliyev 15 iyun 1993-cü ildən etibarən bu boşluğu doldurmağa başladı, dövlətçiliyə məhz həmin ideoloji məzmunu qazandırmaq yoluna çıxdı. Çıxdı və ideyaları ilə dövlətçiliyimizə, eyni zamanda, məfkurəvi düzən verdi.
Bəli, 1993-cü ilin 15 iyunundan ötən müddətdə tarixdə heç zaman olmadığımız qədər böyüklük statusuna yiyələndik. Bu statusu əynimizə biçən bir çox hadisələri yaşamış, çətinliklərdən, sınaqlardan çıxmışıq. Ən əsası isə Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə Heydər Əliyev böyüklüyünün, qlobal siyasət meydanındakı məğlubedilməzliyinin şahidi olmuş, qürurlu, fəxarət dolu, özü bir ayrıca tarix olacaq mərhələni yaşamışıq. Qətiyyətlə deyə bilərik ki, milli qurtuluş tariximizdən başlanmış yol bizi müqəddəs Zəfərimizə daşıdı. Onu da əminliklə söyləmək mümkündür ki, bu Zəfər Heydər Əliyev şəxsiyyətinin xalqımıza qazandırdığı milli hiss və düşüncələrin doğma yurd təəssübkeşliyindəki müstəsna təntənədir.
Uca Tanrı dövlətçiliyimizi əbədi edən təntənəli yaşantılarımızı bol eləsin! Heydər Əliyev təfəkkürünün formalaşdırdığı böyük xalqımız, Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan Respublikası daim var olsun!
Əflatun AMAŞOV,
baş redaktor