Yeni tarixi mərhələdə multiregionalizm və milli ideya

post-img

II məqalə

Əvvəlki məqalədə güclü regional liderlikdən regionlararası geosiyasətin güclü oyunçusu statusuna yüksəlişin müstəqil dövlətçilik baxımından ciddi keyfiyyət transformasiyası olduğu tezisini irəli sürmüşdük. Onun istiqamətverici, müəyyənedici və strateji məqsədini formalaşdıran faktorunun milli ideya olduğunu vurğulamışdıq. Buradan başqa bir aktual politoloji məsələ meydana çıxır: Azərbaycanın xarici siyasətində yeni postmüharibə dövründə prioritet istiqamətlərdən biri olan multiregionallıq hansı məntiqlə özündə milli ideyanı daşıya bilər? Bunun fəlsəfi və politoloji əsası mövcuddurmu?

Milli ideya elə bir məfhumdur ki, nəzəri ilə praktiki-tətbiqi tərəflərin vəhdəti kimi mövcud ola bilir. Nəzəri cəhətdən yüksək səviyyədə məzmuna malik olan milli ideyanın səmərəli və nəticəverici praktiki reallaşması olmayanda real mahiyyətini itirir. Sosial-mədəni, ideoloji və dövlətçilik kontekstlərində faktiki olaraq abstrakt hadisəyə çevrilir. Buna görə də hər bir tarixi dönəmdə milli ideya konkret praktiki funksiya yerinə yetirməyə əsas yaradan məzmuna malik olmalıdır. Onun xarici siyasətdə təzahür formalarından biri də dəqiq işlənmiş və strateji inkişaf hədəfinə uyğun olan proqramların hazırlanması, ardıcıl olaraq həyata keçirilməsidir. Azərbaycanın xarici siyasətində elə bir nümunə vardırmı ki, onu multiregionalizm kontekstində milli ideyanın təcəssümlərindən biri kimi mənalandırmaq mümkün olsun?   

Biz iddia edirik ki, vardır. İki konkret multikultural xarakterli proqram–layihə mövcuddur ki, Azərbaycan yeni tarixi mərhələdə (postmüharibə dövrü) milli ideyasının əsas məzmununu onlara “proyeksiya” etməkdədir. Onlardan biri Türk Dövlətləri Təşkilatı (TDT) proqram-layihəsidir, digəri isə Qoşulmama Hərəkatı. Öncə vurğulayaq ki, bu proqram-layihələr müxtəlif geosiyasi, coğrafi, mədəni, siyasi, ideoloji və təhlükəsizlik şərtləri daxilində fərqli miqyaslarda milli ideyanın reallaşma məkanlarını formalaşdırırlar.  Lakin bu mürəkkəb və xeyli riskli dinamikanın səmərəli və nəticəverici nəzəri-siyasi və diplomatik bazası vardır. Həmin bazanı ulu öndər Heydər ­Əliyev hazırlamışdır. Yeni tarixi mərhələdə Azərbaycan multikulturalizminin fəlsəfi və politoloji obrazını adekvat dərk etmək üçün onun izahına baş vurmalıyıq. 

Fəlsəfi və politoloji baza

Multiregionalizmin fəlsəfi və siyasi-nəzəri bazasını Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının strateji dövlət quruculuğu konsepti və prinsipi kimi məzmunu təşkil edir. Burada “konsept” və “prinsip” terminləri təsadüfən işlədilmir – onlar baxılan kontekstdə konkret məzmun və funksiyaya malikdirlər. 

“Konsept” termini “bir millət, iki dövlət” kəlamının konseptual olaraq özündə hər tarixi mərhələdə ehtiva etdiyi (daşıdığı) mənanın nəzəri özəlliklərini ifadə edir. Həmin özəllik “bir millət, iki dövlət”in statik deyil, dinamik məzmuna və məqsədə malik olması ilə bağlıdır. Bu keyfiyyət dövlət quruculuğu strategiyasında hədəfləri, məqsədləri və onlara çatmaq mexanizmlərini tarixi şəraitə adekvat olaraq yeniləşdirməyə əsas verir. 

“Pirinsip” termini isə konseptuallıq çərçivəsində önə çəkilən mühüm faktorları konkret tarixi mərhələdə dəqiq müəyyən edilmiş mexanizmlər, qaydalar, layihələr vasitəsilə diplomatik üsulla reallaşdırmağı ifadə edir. 

Multiregionalizm “bir millət, iki dövlət” kəlamının konseptual və prinsip aspektlərinin vəhdətində yeni tarixi mərhələdə milli ideyanı təcəssüm edə bilən istiqamətlərdən biri kimi özünü təsdiq edə bilir. 

Dövlət quruculuğu kimi bu prosesin reallaşma mexanizmini də Heydər Əliyevin fəaliyyət dinamikasının sinerjisi müəyyən etməkdədir. Həmin sinerjinin reallaşma dinamikası aşağıdakı kimidir: dövlət quruculuğunun “Naxçıvan sinerjisi”nin “Azərbaycan sinerjisi”nə və oradan da hər iki sinerji növünün “Ümumtürk sinerjisi”nə transformasiyası. 

Obrazlı desək, “bu üçsütunlu quruculuq sinerji”si “Bir millət, iki dövlət” kəlamı-konsepti-prinsipi çərçivəsində Azərbaycan multiregionalizmini, multikulturalizmini və multilateralizmini praktiki-tətbiqi aspektində səmərəli edir. O cümlədən, multiregionalizmin milli ideya ilə daxili fəlsəfi, siyasi-nəzəri və praktiki-tətbiqi bağlantısını da məhz vurğulanan strateji dinamika təmin edir.

Burada dövlət quruculuğunun daxili fəlsəfi, məntiqi və siyasi-nəzəri özəlliklərinin xarici siyasətə adekvat proyeksiyasında vacib rol oynayan bir xüsusiyyəti də vurğulamaq lazımdır. Həmin xüsusiyyət Azərbaycan–türk ruhsallığının tarixi miqyasda konkret enerjiyə çevrilə bilməsi potensialı ilə bağlıdır. Müasir mərhələdə həmin yüksək və dərin mənalı keyfiyyət “Naxçıvan sinerjisi”nin “Azərbaycan sinerjisi”nə transformasiyasının dinamikası və məzmunu ilə “Ümumtürk” sinerjisi”nə transformasiyanın oxşar olmasından qaynaqlanır. Bu məqam Ümummilli liderin dahiyanə siyasi-diplomatik töhfəsidir. Çünki həmin məqam həm dövlət quruculuğu ənənəsinin özünəxas təsdiqini, həm də hər bir tarixi mərhələyə uyğun türk dövlətçilik zəkasının çevik və kreativ (yaradıcı) uyğunlaşa bilməsi qabiliyyətinə malik olmasını ifadə etməkdədir.  

Deməli, Heydər Əliyev elə bir nəzəri və siyasi-diplomatik tətbiqi real olan fəaliyyət sistemi qurmuşdur ki, onun daxili məntiqi Azərbaycanın bir regionunda (Naxçıvanda) başlanan müstəqil dövlət quruculuğu konsepsiyasını uğurla bütün ölkəyə transformasiya etməyə və oradan da ümumtürk miqyasına transformasiya etməyə (multiregional səviyyə) gerçək təməl yaratmışdır. Ümumiləşdirsək, belə bir mənzərə alınır: bir türk dövlətinin özünün konkret regionundan ölkə miqyasına keçidi, orada regional güc kimi möhkəmlənməsi və nəhayət, regionlararası məkanda real gücə çevrilməsi prosesi gedir. Yəni, burada region-ölkə-geniş məkanda region-multiregion silsiləsi yaranmışdır. 

Belə çıxır ki, Azərbaycan multiregionalizmi dərin və dəqiq düşünülmüş dövlət quruculuğu strategiyasının həyata keçməsi punktlarından biridir. Yalnız bu keyfiyyətdə ölkənin xarici siyasətində postmüharibə mərhələsində prioritet statusa malikdir. Onda milli ideya Azərbaycan multiregionalizminin əsas məzmun faktorlarında biri kimi şübhə doğurmur! 

Bunlarla bərabər aydın olur ki, ilk baxışdan sadə görünən və fəlsəfi anlamı dərinlərdə yerləşən “bir millət, iki dövlət” kəlamı böyük bir mərhələ üçün dövlət quruculuğunun incəliklərini belə özündə ehtiva edir. Və onların hər biri Ulu öndər tərəfindən dəqiq müəyyən edilmişdir. Yəqin buradan hər kəs üçün hansı səbəblərdən Azərbaycanda müstəqil dövlət quruculuğunun hər tarixi mərhələdə uğurlu olması səbəbi aydın olar.  

Yuxarıda vurğuladığımız məqamları multiregionalizm konktestində ümumiləşdirək: multiregionalizm (o cümlədən, multikulturalizm, multilateralizm) öncədən Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasında konkret məzmunda müəyyən edilmişdir. Multiregionalizm strateji fəaliyyətin mühüm faktoru kimi xarici siyasətdə yer almışdır. Bunun nəzəri və praktiki-tətbiqi aspektləri dəqiq işlənmişdir və yeni şərtlərə çevik və krativ reaksiya ilə daim reallaşmaqdadır. 

Bu baza tezis əsasında TDT və Qoşulmama Hərəkatının multiregionalizm faktları kimi təhlilinə keçmək olar.     

TDT multiregional amil kimi

TDT bir neçə mənada multiregional faktor kimi dərk edilə bilər. O, coğrafi aspektdə regionlararası məkandır. TDT geosiyasi faktor kimi multiregional xarakterlidir. Türk Dövlətləri Təşkilatı iqtisadi, mədəni, nəqliyyat, loqistika, təhlükəsizlik, demoqrafiya və digər aspektlərdə multiregional məzmunludur. Bu mənaları ümumi halda Azərbaycan Prezidenti 7 təməl şərtlərdə ifadə etmişdir.

TDT-nin coğrafi aspektdə multiregionallığı Yaxın Şərq (Balkanlar və müəyyən dərəcədə Avropa),  Qafqaz və Mərkəzi Asiyanı əhatə etməsi ilə əlaqəlidir. Su sərhədləri kontekstində Aralıq dənizi, Qara dəniz və Xəzəri əhatə edir. Coğrafi multiregionallıq geosiyasi multiregionallıqla sıx bağlıdır. Çünki həm Avropa–Qafqaz–Mərkəzi Asiya coğrafi mənzərəsi, həm də Aralıq dənizi–Qara dəniz–Xəzər dənizi hövzələri kontekstində regionlararası xarakterə malik müxtəlif geosiyasi əməkdaşlıq formatları təklif olunmuşdur. Məsələn, “Üç dəniz sistemi”, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və s. 

Başqa əməkdaşlıq formatları da vardır. Onların sırasında TDT yeganə təşkilatdır ki, Yaxın Şərqi, Qafqazı və Mərkəzi Asiyanı türk dövlətləri üzvlüyü ilə əhatə edir və həm də başqa ölkələrin də daxil olmasına açıqdır. Bu o deməkdir ki, adındakı “Türk” sözü yalnız etnik mənsubluqla məhdudlaşmır. Bir təşkilat kimi TDT sülhə, barışa, təhlükəsizliyə və inkişafa açıq olan, münasibətlərə səmimiyyətlə yanaşan hər bir dövlətin üzvlüyünə açıqdır. Buna görədir ki, multiregional bir təşkilat kimi TDT Macarıstan və Gürcüstanı da tədbirlərinə dəvət edir.  

Maraqlıdır ki, TDT-nin əhatə etdiyi regionların geosiyasi rolu ilə coğrafi multiregionallıqları arasında sıx bağlılıq vardır. Məsələn, dünyanın tanınmış politoloqları Yaxın Şərqin, Qafqazın və Mərkəzi Asiyanın coğrafi mövqelərinə görə geosiyasi əhəmiyyətini dəfələrlə vurğulamışlar.       

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru      

 

Siyasət