Sülhün səmt küləyi

post-img

Vaşinqton və Paris sülhün finişə çatdığını düşünür 

Azərbaycan hakimiyyəti həm Vaşinqtonun, həm də Parisin Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması, sülhün ikitərəfli formatda əldə edilməsi üçün göstərdikləri səyləri, konkret olaraq, Almatı görüşünə müsbət yanaşmalarını, bu təşəbbüsü təqdir etmələrini yüksək qiymətləndirdiyini açıqlayıb.     

“Biz regionda uzunmüddətli sülhün bərqərar olması, Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi səylərinə dəstək veririk. Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan, bu sahədə səyləri dəstəkləməkdən məmnunuq”. 

Bu sözləri  ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ–­Ermənistan Strateji Dialoqunun dünən İrəvanda keçirilən yekun iclasında dilə gətirib. Yəni bu açıqlamanın özü rəsmi Vaşinqtonun son nöqtəsini gözləyən münaqişəyə bitərəf və obyektiv münasibətinin nümayişi kimi qəbul edilməlidir.  

Rəsmi Bakı onların bu ədalətli mövqeyini hər zaman dəstəkləyib. Əslində, Azərbaycanın Ermənistanla münaqişənin lap başlanğıcından tutmuş 2020-ci ilin sentyabrına qədər sərgilədiyi, beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi məhz bundan ibarət olub. İndi Azərbaycan regionda yaratdığı yeni siyasi reallığın, fərqli status-kvonun fonunda Avropadan və okeanın o üzündən eşitdiyi təqdiredici dəstəyi məmnunluqla qəbul edir. Çünki bu dəstək suverenlik, ölkələrin ərazi bütövlüyünə hörmət kimi BMT-nin təməl prinsipləri ilə üst-üstə düşür. 

* * * 

Fəqət sülh danışıqlarında vasitəçilik missiyaları başa çatmış Paris və Vaşinqtonun Bakı və İrəvana münasibətlərinin altqatında, azacıq da olsa, ikincinin mənafeyinin güdüldüyü daim hiss olunub. ABŞ və Fransanın Bakının keçmiş həmsədrlərini tarixin arxivinə göndərdiyi ATƏT-in Minsk qrupunu hansı məqsədlə “diriltməyə”  çalışdıqları da məlum idi. Bu “ssenari” də baş tutmayanda, ABŞ və Fransa Bakı və İrəvan arasında son mərhələyə çatmış sülh danışıqlarına müdaxilə etməklə, ilk növbədə, Cənubi Qafqazda mövcudluqlarını legitimləşdirməyi hədəfləyirlər. Onların ikinci hədəfi isə Bakı ilə dialoqda İrəvanın mövqeyini gücləndirmək və ona “beynəlxalq təhlükəsizlik çətirini” yaratmaqdır. Belə cəhdlər ilk dəfə deyil ki, edilir.

Açıq söyləmək lazımdır ki, Fransa bu gün də Azərbaycanın ərazi bütövlüyü ilə yaratdığı yeni reallığı qəbul etmək istəmir. Parisin istər 44 günlük müharibənin gedişindən, istərsə də Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən zəfərimizdən sonra yeritdiyi açıq ermənipərəst siyasət bunu sübut edir. 

Bəli, Azərbaycan Prezidenti Fransanı Cənubi Qafqazda sülh və əmin-­amanlığa əngəl olmaqda, birtərəfli qaydada İrəvanı dəstəkləməkdə ittiham edib. Ola bilsin ki, Makron hökuməti bundan bir nəticə çıxarıb. İntəhası, bölgədə cərəyan edən son proseslər, xüsusilə, Azərbaycanla Ermənistan arasında vasitəçisiz, birbaşa sülh danışıqları, sərhədlərin delimitasiyası istiqamətində atılan konkret addımlar Parisi də qeyri-ixtiyari hərəkətə gətirib. Bu da təsadüfi deyil. Çünki rəsmi Bakının neokolonializmə qarşı apardığı beynəlxalq kampaniya, Bakı Təşəbbüs Qrupunun Afrikadakı effektiv fəaliyyəti Parisi öz hərəkətlərində qayda yaratmağa vadar edib. Axı, Azərbaycanın bu kimi beynəlxalq təşəbbüsləri Fransanın keçmiş müstəmləkələrindən qovulması ilə nəticələnib.

* * *

ABŞ Dövlət Departamentinin ardınca Fransa Xarici İşlər Nazirliyi mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışladığını bəyan etdi. XİN-in bəyanatında deyilirdi ki, Paris 2022-ci il oktyabrın 7-də Praqada keçirilən ­dördtərəfli görüşə uyğun olaraq bu proses üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsinə, onların ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarının hər iki tərəfin təsdiqləməsinin vacibliyini vurğulayır”.

Daha sonra Fransa XİN bu ­kontekstdə 19 aprel 2024-cü il tarixdə razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq başlanmış prosesi, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırıb. Həmin bəyanatda diqqəti cəlb edən əsas məqam Fransanın beynəlxalq hüquqa uyğun olaraq, Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcəyini bildirməsidir.

“Tərəfdaşlar” dedikdə Parisin Moskvanı deyil, Vaşinqtonu nəzərdə tutduğu aydın məsələdir. Amma bunu xüsusi olaraq vurğulamağa ehtiyac var ki, Paris ilk dəfə idi bu jesti edirdi. Deməli, Emmanuel Makron hökuməti ilk dəfə iki ölkə arasında gedən sülh danışıqlarını alqışladığını bildirib və bu istiqamətdə gedən prosesə müsbət mövqe sərgiləyib. Görəsən, bu addımı atmağa onu hansı səbəblər vadar etdi?

Burada ən müxtəlif ehtimal və fərziyyələr irəli sürmək mümkündür. Önəmlisi odur ki, Paris ilk dəfə Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək nümayiş etdirən bəyanatla çıxış etdi, prosesin müdafiəçisi kimi aydın mövqe sərgilədi. İntəhası, bu zaman Yelisey sarayının nə qədər səmimi olduğunu yaxın gələcək göstərəcək.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında Ermənistanla sülh müqaviləsinin imzalanmasının “Qafqaz evi”nin bütün sakinlərinin tərəqqisinə səbəb olacağını birmənalı şəkildə bildirib. Rəsmi Bakının dediyi sözünün arxasınca gələn konkret əməli addımlarını bu gün beynəlxalq birlik izləyir. Sadəcə izləmir, həm də təqdir edir, qiymətləndirir. Bu prizmadan yanaşsaq, ATƏT-in keçmiş Minsk qrupunun iki üzvü – ABŞ və Rusiyanın Bakı və İrəvan arasında baş tutan əvvəlki sülh danışıqlarını alqışlamaları da təsadüfi sayılmamalıdır. 

Yeri gəlmişkən, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq da iki ölkə arasında sabit və hərtərəfli sülhə nail olmağın onlar üçün prioritet təşkil etdiyini bəyan edib: “Dialoq və diplomatiya yeganə yoldur. Biz əminik ki, hərtərəfli nizamlanmaya nail olmaq üçün ikitərəfli səmərəli dialoq lazımdır. Sərhədlər məsələsində əldə olunan irəliləyiş, şübhəsiz ki, bu yolda atılan mühüm addımdır”.

Artıq sirr deyil ki, Hayastanda davam edən etiraz aksiyaları, Nikol Paşinyanın baş nazir postundan istefası tələbi rəsmi Parisə qətiyyən sərf eləmir. Yelisey sarayının fikrincə, bu etiraz dalğasının arxasında Rusiya dayanır. Fəqət Kremlin Ermənistanda özünün əvvəlki təsir gücünü bərpa etməsi heç bir halda Fransanın işinə yaramır. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarla bağlı Parisin mövqeyinin yumşalması həm də bu səbəblə əlaqədardır. 

O ki qaldı, ABŞ, Fransa və Rusiyanın 28 il həmsədrliyini etdikləri ATƏT-in Minsk qrupunun aqibətinə, onlar bu missiyanı planetin başqa qaynar nöqtələrində davam etdirə bilərlər. Əlbəttə, əgər öz aralarında razılığa gələ bilsələr...

İ.HƏSƏNQALA
XQ

 

Siyasət