Qarabağ və Şərqi Zəngəzurun bərpasında bu Afrika ölkəsi də iştirak edəcək
Azərbaycan xalqı ilə Misir ərəbləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin çoxəsrlik tarixi olsa da, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasındakı rəsmi-siyasi münasibətlərin əsas stimulu ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrındakı Qahirə səfəri olmuşdur. Ümummilli liderimiz həmin tarixdə BMT tərəfindən keçirilən “Əhali və inkişaf” məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edirdi.
Yeri gəlmişkən, xatırladaq ki, ulu öndərin həmin səfərindən təxminən altı il sonra Azərbaycan hökuməti ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq çərçivəsində 2000-2004-cü illər üçün ölkə proqramı üzrə “Əhali və inkişaf” layihəsi həyata keçirilmişdir. Layihə üzrə müxtəlif demoqrafik, əhali və gender göstəriciləri hazırlanmış, müvafiq məlumat bazası yaradılmış, məlumatlar toplusu paylanmışdır. 4 min ədəbiyyatla təchiz edilmiş milli kitabxana, Beynəlxalq İnformasiya və Resurs Mərkəzi yaradılmışdır.
Ümummilli liderimizin Qahirə səfəri çərçivəsində ( sentyabrın 5-də) Misir parlamentindəki Misir – Azərbaycan Dostluq Cəmiyyətinin numayəndələri ilə görüşdə çıxış edən Heydər Əliyev xüsusilə vurğulamışdır ki, Misirlə Azərbaycan arasında əlaqələrin tarixi çox böyüklur. Bizim xalqlarımız üzun əsrlər boyu bir-biri ilə əlaqə saxlayıb, bir-birinə kömək ediblər. Bizim milli, dini, tarixi ənənələrimizdə çox oxşarlıq, eynilik vardır: “Bunlar hamısı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası, bizim xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək üçün, hər bir sahədə əlaqələrimizi daha səmərəli etmək üçün çox böyük əsasdır”.
Fikrimizcə, keçən il Misir Prezidentinin Azərbaycana səfər etməsi, bu il iyunun 8-də isə Azərbaycan Prezidentinin Misirə reallaşdırdığı səfər məhz ümummmilli liderin “xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək üçün, hər bir sahədə əlaqələrimizi daha səmərəli etmək üçün çox böyük əsas” adlandırdığı dəyərlərin müsbət nəticəsidir.
Təbii ki, dövlət başçılarının səfərləri zamanı təşkil olunan rəsmi qarşılanma, təkbətək görüş, geniş tərkiblə görüş, sənədlərin imzalanması və digər tədbirlər olduqca böyük əhəmiyyət kəsb etsə də, mətbuat təmsilçiləri daha çox “birgə mətbuat konfransı”na önəm verir və gözləyirlər. Çünki bütün müzakirələrin, imzalanan sənədlərin əsas qayəsi məhz dövlət başçılarının mətbuat üçün verdikləri birgə bəyanatdan aydın olur.
Elə ona görə də Misir və Azərbaycan Prezidentlərinin iyunun 8-də jurnalistlərə verdikləri bəyanatdan iqtibas gətirməyi məqsədəuyğun saydıq. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi xatırlatdı ki, bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir: “Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik”.
Azərbaycan Prezidenti İlham Əliyev isə misirli həmkarının “qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər” adlandırdığı gündəlik barədə daha açıq şəkildə danışmağı məqsədəuyğun saydı: “Fələstin – İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.
Onu da əlavə edək ki, Azərbaycan Prezidenti bu mövqeyini təkcə qahirədə dilə gətirmədi. Dövlət başçımız həm İstanbulda keçirilən Fələstin mövzulu beynəlxalq tədbirdə, həm də 2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimindəki çıxışında dilə gətirmişdi.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan Fələstin məsələsinin 1967 ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdafıdır. Azərbaycan QH sədri olarkən də bu prinsiplərin təşviqinə daim töhbə verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səaləndirməsinin əlahiddə əhamiyyəti var.
Yeri gəlmişkən, cənab Prezident Qahirədə olduğu kimi, Əlcəzairdə də ölkəmizin haqq işini dəstəkləyən ərəb dövlətlərindən gördüyümüz həmrəyliyi yüksək qiymətləndirərək demişdi: “Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”. Əlavə edək ki, dövlət başçımız Fransa ordusunun Əlcəzairdə törətdiyi soyqırımında azadlıq uğrunda şəhid olmuş ərəblərin məzarını da ziyarət etmişdi.
Fikrimizcə, “Nəyi, nə zaman, necə etməyi” hamıdan yaxşı bilən dövlət başçımızın iki gün əvvəl – iyunun 8-də reallaşdırdığı Misir səfəri məhz “birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”– vədinin gerçəkləşdirilməsi istiqamətində atılan addımlardan biridir. Ekspertlərin fikrincə, ötən il Misir Prezidentinin Azərbaycana səfər etməsi, bu il isə Azərbaycan Prezidentinin Misirə səfəri ikitərəfli əçaqələrin inkişafında dönüş nöqtəsi oldi.
Onu da əlavə edək ki, Misir Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində ən çox tribunaya malik olduğu ölkələrdəndir. Yəni Qahirə ilə Bakı bir-birinin mövqelərini BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Ərəb Dövlətləri Liqası ( Türkiyə və Azərbaycan orada müşahidəçi statusuyla təmsil olunur) və digər qurumların tribunasından dəstəkləyirlər. Bu zaman xüsusilə vurğulanmalı məqamlardan biri də Azərbaycan və Misirin islam həmrəyliyinin güclənməsinə xüsusi töhfələr verməsidir.
Elə dövlət başçımızın iyunun 8-də Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də Azərbaycan dövlətinin İslami dəyərlərə böyük önəm verdiyinin göstəricisi kimi qəbul edilirdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Eləcə də, ölkəmizdə dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət etdi.
İslami dəyərlərə daim böyük önəm verən bir dövlətin ərazisindəki məscidlərdən 65-nin işğalçı dövlət tərəfindən tamamilə dağıdıldığını diqqətə çatdıran Prezident Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirdi. Qahirədə o da vurğulandı ki, Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu dilə gətirərək bildirdi ki, o, Azərbaycanda keçiriləcək COP29-a dəvət almaqdan məımnundur və həmin btədbirdə iştirak etməkdən də məmnun olacaq.
Beləliklə, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət təkcə öz ölkəmizə uğur gətirmir, həm də beynəlxalq aləmdəki dost və tərəfdaşlarımızın nüfuzunun artmasına kömək edir. Ölkəmizin istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələri birmənalı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Dövlət başçımızın Misirə səfəri də həmin düşünülmüş xarici siyasətin mühüm tərkib hissələrindən biri kimi qəbul edilir.
İttifaq MİRZƏBƏYLİ