Qlobal təhlükə: anti-Rusiya cəbhəsi və Bakı – İrəvan sülh seqmenti

post-img

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun ardınca, Müdafiə naziri Andrey Belousov da qlobal təhlükə ilə bağlı “həyəcan təbili” çaldı. 

***

Yada salaq ki, A.Bortnikov bu gün­lərdə Müstəqil Dövlətlər Birliyi məka­nında “rəngli inqilab” dalğası haqqında söz açmışdı. O, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının Qırğızıstanın pay­taxtı Bişkekdə keçirilmiş iclasında çıxışı zamanı Qərbi ittiham etmiş və bildirmişdi ki, Qərb mərkəzləri MDB ölkələrində və­ziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə, hakimiyyəti ələ keçir­mək üçün “mühacirətdə olan hökumətlər” formalaşdırırlar. Rusiyanın baş kəşfiyyat­çısı onu da vurğulamışdı ki, nəzərdə tutu­lan ssenarinin gerçəkləşdirilməsi naminə daxili böhranlara şərait yaratmaq əsas götürülür, bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qeyri-kommersiya təşkilatla­rından və psevdomüstəqil mediadan is­tifadə olunur. 

Bortnikov, eyni zamanda, Qərbin inqilab ritorikası baxımından iqtisadi amillərin ön planda dayandığını diqqətə çatdırmış və demişdi ki, ABŞ və Böyük Britaniya Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar adı altında MDB məkanında ticarət və maliyyə əməliyyatları üzərində total nəzarət qurmaq istəyirlər. Onun söz­lərindən belə çıxmışdı ki, Qərb MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının zərər görməsinə çalışır. Zərərin aktuallaşdığı dövrdə isə yaşamaq uğrunda mübarizə başlanacaq. Mübarizə çərçivəsində si­yasi tərəfdaşlığı və mənəvi bağı deyil, iqtisadi faydanı əsas götürüb Qərbə me­yillənənlər qurtulacaq (yaxud itirəcək). Digərləri, yəni əyilməyənlər daxili tə­bəddülatlar fonunda sıradan çıxacaqlar. Beləliklə, cənab Bortnikovun barəsində ehtiyatlanırmış kimi söz açdığı ssenari gerçəkləşəcək. Bundan ən böyük zərər, əlbəttə ki, Rusiyaya dəyəcək. 

Əslində, Bortnikov prosesin bilavasitə Moskvanın mənafelərinə ziyan vuracağı­nı vurğulamamışdı. Aydındır ki, bir-biri ilə zəncirlənmiş iqtisadi struktura malik MDB məkanındakı halqalardan hansı­nınsa sıradan çıxması böyük bazar titrə­yişi deməkdir. Bu titrəyiş öz növbəsində “rəngli inqilab” dalğası üçün münbit şə­raitin formalaşmasıdır. İnqilab nəticəsin­də yaranacaq hökumətlər isə şübhəsiz ki, anti-Rusiya yönümlü olacaq, nəticə etibarilə proseslər Moskvanın iqtisadi baxımdan təcridi reallığını doğuracaq. Təsadüfi deyil ki, cənab Bortnikov “MDB ölkələrinə hərbi-siyasi və iqtisadi təz­yiqlər və müdafiə sahəsində müxtəlif for­matlı əməkdaşlıqların tətbiqi davam edir” kimi fikir də işlətmişdi. 

***

Bəs, A.Belausov nələrdən söz açıb və harada? Qeyd etdiyimiz ki, Bortnikov fikirlərini MDB-yə üzv dövlətlərin təhlükə­sizlik və xüsusi xidmət orqanları rəhbər­ləri şurasının iclasında açıqlamışdı. Yəni Rusiyanın hakim rol oynadığı təşkilatın toplantısında. Kremlin söz sahibi olduğu digər qurum isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Belousov bu hər­bi təyinatlı birliyin Qazaxıstanda bir neçə gün əvvəl keçirilmiş Müdafiə Nazirləri Şurasının iclasında çıxış edərkən, Bort­nikovun “həyəcan təbili”ndəki motivləri nisbətən fərqli tərzdə yenidən irəli sürüb. O, bir çox mətləblərdən söz açıb. Ancaq nazirin üzərində dayandığı və bizim üçün vacib olan başlıca məsələ Azərbaycan və Ermənistan arasındakı sülh müqavilə­sidir. 

Rusiya MN rəhbərinin mövcud xü­susda nələrdən söz açdığına diqqət ye­tirəcəyik. Ancaq əvvəlcə onu bildirək ki, Ermənistan da KTMT-nin üzvüdür, ancaq qurumu boykot yolu tutub və Belousovun qatıldığı tədbirə nümayəndə göndərmə­yib. Ümumən, rəsmi İrəvan KTMT-nin ötənilki toplantılarında iştirakdan da nü­mayişkəranə tərzdə boyun qaçırıb. Heç şübhəsiz, bu sayaq addımlar İrəvanın anti-KTMT, daha geniş anlamda isə an­ti-Rusiya xəttinin davamıdır. Görünür, Belousov məhz bu səbəbdən Ermənistan – Azərbaycan münasibətləri baxımından Qərb təsiri üzərində daha ciddi şəkildə dayanır. O deyir ki, bu iki Cənubi Qafqaz ölkəsinə yalnız Qərb platformalarında sülh müqaviləsi, habelə, vasitəçilik xid­mətləri təklif və tətbiq edilir. 

İlk baxışdan Bakı və İrəvan arasında vasitəçilik dövrü geridə qalıb. Yəni hazır­da Azərbaycan və Ermənistan delimitasi­ya və demarkasiya xüsusunda qarşılıqlı razılıq əsasında hərəkət edirlər. Ancaq Bortnikov Qərbin yeni “rəngli inqilab” ssenarisi barədə səbəbsiz danışmadığı kimi, Belousov da əbəs yerə vasitəçilik məsələsini gündəmə gətirməz. Hər hal­da, birinci kimi ikinci də kifayət qədər məlumatlıdır və onun sözlərindən belə qənaətə gəlmək mümkündür ki, delimita­siya və demarkasiya prosesləri əsasında Bakı – İrəvan təmasları ilə yekun sülh müqaviləsi tamam başqa-başqa möv­zulardır. Daha dəqiq desək, ikinci xüsus Qərb – Rusiya rəqabəti baxımından aktu­allığını qoruyur. 

Qeyd edək ki, Rusiyanın Müdafiə na­ziri çıxışında sözügedən rəqabətin digər vacib komponenti barədə də söz açıb. Bildirib ki, NATO Qafqazda öz mövqeyi­ni möhkəmləndirməyə, Xəzərin resurs­larına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır. Deməli, Azərbaycan və Ermənistan arasındakı vasitəçilik məsələsi də bu baxımdan dəyərləndiril­məlidir. Hərçənd, vasitəçiliyin Belausovun haqqında söz açdığı NATO komponen­ti ilə əlaqəsini tutmaq bir qədər çətindir və daha çox ehtimallar üzərindədir. Yəni Xəzərin enerji resurslarına sahiblənmək hara, Bakı-İrəvan vasitəçiliyi hara? Ola bilər, ikinci birincinin reallaşması baxı­mından hansısa mənəvi seqment rolunu oynayır, yaxud da Rusiyanın Müdafiə naziri ümumən təhlükə istiqamətlərini sə­bəb-nəticə əlaqələri olmadan pərakəndə şəkildə sadalayır. Hər bir halda, aydın olur ki, Azərbaycanla sülh müqaviləsinin hansı platformada imzalanması aktual­dır və məsələ geosiyasi rəqabət nöqte­yi-nəzərdən qiymətləndirilir. O da məlum­dur ki, həmin rəqabətdə yer alan tərəf Ermənistandır. Belə olan halda düşünülə bilərmi ki, ölkənin KTMT müstəvisindəki fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi Azərbaycanla sülh müqaviləsi fonundakı duruma təsirsiz ötüşəcək? Belousovun fikirləri təsirin qaçılmazlığına dair mesaj­dır. Yəni sırf İrəvan baxımından təsir ola­caq. Azərbaycan üçün isə prinsipcə ye­kun sazişin harada imzalanmasının fərqi yoxdur və ölkəmiz bunu dəfələrlə bəyan edib. O zaman hadisələrin hansı səmtə doğru irəliləyəcəyi maraqlıdır. 

***

Gələk Belousovun haqqında söz açdığı növbəti məqama. Əslində, bu məqam daha çox Bortnikovun “rəng­li inqilab” məntiqinə uyğun seqmentdir. Söhbət Gürcüstanda yaşanan proses­lərdən gedir. Ancaq Bortnikovdan fərqli olaraq, Belousov sırf həmin proseslər fonundakı təhlükəni qabardır. Yəni, o vurğulayır ki, Gürcüstanda aktiv anti-Ru­siya hərəkətləri axtarılır. Bunun üçün Qərb ölkədəki etirazları maliyyələşdirir və vəziyyəti qeyri-sabit saxlamağa çalı­şır. Söhbət Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu məsələsində yaranmış etiraz dalğasından gedir. 

Digər tərəfdən, Bortnikov MDB-nin cənub sərhədləri yaxınlığında silahlıların təlim düşərgələrinin yarandığını bildirmiş və bunu “anqlo-saksların Mərkəzi Asiya­da hansısa şəkildə yer almaq və regiona təsir cəhdlərinin nəticəsi” hesab etmiş­di. O, regional münaqişələrin kənardan alovlandırılması tendensiyasından danı­şarkən, beynəlxalq terrorçu strukturların qidalanmaları naminə əlverişli şəraitin yaradıldığını da vurğulamışdı. Belousov isə bildirir ki, Əfqanıstan Mərkəzi Asiya regionunda qeyri-sabitliyin əsas mənbəyi olaraq qalır. Necə deyərlər, eyni dalğa, eyni koordinat. 

Sonda onu da deyək ki, Qərbin istər Azərbaycan – Ermənistan münasibətlə­rinin tənzimlənməsi, istərsə də tərəflər arasında sülh müqaviləsinin imzalanma­sı məsələsinə, eləcə də, digər məqam­lara yanaşmasındakı rəqabət trayektori­yasında başlıca hədəf var. Əslində, həm Bortnikovun, həm də Belousovun çıxış­larındakı “həyəcan təbili” bundan qay­naqlanır. Ayının min oyunu bir armudun başında olduğu kimi, Qərbin istəyi Ru­siyanı tamamilə çökdürməkdir. Düşün­mək mümkündür ki, hər iki ölkə rəsmisi çıxışlarında məsələni subliminal şəkildə qabardır. Mövcud durumda istər MDB, istərsə də KTMT üzvü olan ölkələrin çıxaracaqları nəticələr önəmlidir. Onlar gələcəkdə baş verməsi ehtimal olunan proseslərə münasibətdəki mövqelərini dəqiqləşdiməlidirlər. Yəni, öz cinahları­nı müəyyənləşdirməlidirlər. Ya Qərbin planları qarşısında sipər olmalıdırlar, ya da Rusiyaya qarşı çıxmalıdırlar. MDB və KTMT üzvləri hansı yolu tutacaqlar, bunu əlahəzrət zaman göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət