Keşiş Baqratın qaranlıq keçmişi

post-img

Hayastan radikal müxalifəti bir aydan çoxdur ki, Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya sahəsində əldə etdiyi razılaşmaya görə, Qazax rayonunun 1990-cı illərdə işğal edilmiş 4 kəndinin ölkəmizə qaytarılmasına etiraz əlaməti olaraq, kütləvi aksiyalar keçirir. Aksiyalara apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hər kəsə məlumdur. Hayastan mediasında və teleqram kanallarında B.Qalstanyanın qaranlıq keçmişi, xüsusilə onun Kanada yeparxiyasına başçılıq etdiyi dövrdə yol verdiyi nöqsanlarla bağlı vaxtaşırı yazılar dərc olunur. Maraqlıdır ki, bu cür yazılar təkcə hakimiyyətə yaxınlığı ilə seçilən KİV resurslarında deyil, müstəqil media vasitələrində yerləşdirilir.

Kimdir Qalstanyan?

Etirazçıların baş nazirliyə namizə­di 1971-ci il mayın 20-də Leninakanda (indiki Gümrü) anadan olub. Dünyaya Vazgen adı ilə gəlib. Dini xidmətə baş­layandan sonra Baqrat adını götürüb. Yeri gəlmişkən, Baqrat adının mənasını araşdırarkən məlum oldu ki, bu söz fars mənşəlidir. Onun dərin tarixi kökləri var və qədim ənənələrlə bağlıdır. Tərcümə­də “Allahın verdiyi, Yaradanın hədiyyəsi” mənalarına gəlir.

Baqratın valideynləri İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Sanqibaran kəndindəndirlər. Onlar 1971-ci ildə Leninakana, 1977-ci ildə isə İrə­vana köçüblər. Qalstanyan 1978-1988-ci illərdə İrəvandakı 156 saylı məktəbdə, 1988-1994-cü illərdə Gevorkyan ilahiyyat seminariyasında təhsil alıb. 1995-ci ildə seminariyanı bitirib və yepiskop Xosrova həsr olunmuş dissertasiya müdafiə edib. 1996-cı ildə bütün ermənilərin katolikos­luğunun rəsmi nəşri olan “Eçmiədzin” jurnalının baş redaktoru təyin olunub. O, 2002-ci ildə katolikosluğun mətbuat, in­formasiya və ictimaiyyətlə əlaqələr idarə­sinin direktoru və “Şoqakat” telekanalının direktorlar şurasının sədri olub. “İncili tanı” televiziya proqramında aparıcılıq edib.

2003-cü ildə Kanada erməni yeparxi­yasının rəhbəri seçilib və yepiskop rütbə­si ilə mükafatlandırılıb. Qalstanyan Kana­dada çalışdığı müddətdə həmin ölkənin vətəndaşlığını alıb. Hazırda ikili vətən­daşlığa malikdir. 2012-ci ildə Konkordiya Universitetini bitirib. 2013-cü ildə Ermə­nistana qayıdıb. 2013-2015-ci illərdə ka­tolikosluğun kilsə konseptual məsələlər idarəsinin direktoru olub. 2015-ci ildə katolikos II Qaregin onu Tavuş yeparxi­yasının rəhbəri təyin edib. 2017-ci ildə isə erməni apostol kilsəsinin ali ruhani şurasının üzvü seçilib. Şura katolikosun yanında fəaliyyət göstərən inzibati-məş­vərətçi orqandır. Baqratın II Qareginlə yaxınlığı onun 2023-cü ildə arxiyepiskop dini rütbəsinə layiq görülməsi ilə nəticələ­nib.

Kilsəni girov qoyan “din xadimi”

Baqratın adı Ermənistanda geniş xalq kütləsinə bu ilin aprelində məlum olub. Məlum olduğu kimi, o, Tavuş vilayətində başlanan etiraz aksiyaları zamanı önə çıxıb. Onun başçılığı ilə tərəfdarları ma­yın 4-də Tavuşdan İrəvana doğru yürüşə başlayıblar. Yürüş iştrakçıları mayın 9-da paytaxtın Respublika meydanında ilk mi­tinqlərini keçiriblər. Mitinqdə Qalstanyan Nikol Paşinyanın istefasını tələb edib. Mayın 26-da erməni müxalifəti arxiyepis­kopun baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Mayın 31-də isə etirazçılar xarici işlər nazirliyinin binası qarşısında ilk dəfə polislə qarşıdurmaya gediblər. Görünən odur ki, onlar qarşıdakı günlər­də də təxribatçı addımlar atmağa davam edəcəklər.

Ümumilikdə, etiraz aksiyaları nəticə­sində Ermənistan paytaxtında həyatın rit­mi tam olmasa da, qismən pozulub. Baş verənlər qeyd etdiyimiz kimi, Baqratın qaranlıq keçmişi ilə bağlı məsələlərin də gündəmə gəlməsinə səbəb olub. Bu is­tiqamətdə daha dolğun, faktlarla bol olan yazı Kanadada nəşr olunan həftəlik “Ar­menian Mirror-Spectator” qəzetində dərc edilib. Qəzet Baqratın hələ Kanadada iş­lədiyi dövrdə – 2013-cü ilin 20 iyul tarixli sayında yol verdiyi qeyri-qanuni əməllə­rin təfərrüatlarını təqdim edib. Məqalədə bildirilib ki, Qalstanyan əvvəlcə Kanada yeparxiyasını külli miqdarda borclarla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə (Kanadanın əhalisinin 80 faizi fransızdilli olan və ərazisinə görə ən böyük əyaləti–S.H.) erməni kilsəsini girov qoymağa cəhd edib.

Qəzet yazıb ki, Qalstanyanın macə­raları bununla bitmir. O, bir neçə şəriki ilə kilsənin girov qoyulması istiqamətində gizli və qeyri-qanuni danışıqlar aparıb: “Proses yalnız növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb edən və qanunsuz sövdələşmənin üstünü açan vicdanlı həmyerlilərimizin (Kanadada ya­şayan haylar nəzərdə tutulur–S.H.) ope­rativ hərəkətləri sayəsində dayandırılıb”.

Üstəlik, Qalstanyan Kvebek əyaləti­nin ən böyük şəhəri olan Monreal yaxın­lığındakı Laval şəhərindəki Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəmək­də ittiham olunub. Qeyd edilib ki, hazırda kilsənin borcu 1 milyon dolları ötür. Baş verənlər haqqında ətraflı hesabat Laval kilsə şurasının yeparxiya şurası və qəy­yumlarla birgə iclasında təqdim edilib.

“Srbazan” özünü faş etdi

Yeri gəlmişkən, Baqrat jurnalistlərin ona Kanadadakı fəaliyyəti barədə sual­lar ünvanlamasını sevmir. Nəinki sevmir, hətta, bu zaman möhkəm əsəbiləşir. Elə bir neçə gün öncə də belə bir hal yaşa­nıb. Baş nazirliyə iddialı olan şəxs Kana­dadakı əməlləri barədə ona sual ünvan­layan jurnalistə məntiqli, aydın və tutarlı cavab vermək əvəzinə deyib: “Bu, sənin işin deyil. Mən sənin tərcümeyi-halına qarışmadığım kimi, sən də mənim tərcü­meyi-halıma qarışma. Sənin mənə belə suallar verməyə mənəvi haqqın varmı?! Sənin mənəvi keyfiyyətlərin yerindədir­mi?!”

... Başqa kilsəyə beyət edibmiş

“Baqramyan 26” teleqram kanalı isə diqqəti digər incə nüansa yönəldib. Qeyd edib ki, Kanada vətəndaşlığını qəbul edən hər bir şəxs həm də Böyük Brita­niya kralına və onun varislərinə sədaqət andı içir. Böyük Britaniya monarxı isə eyni zamanda, başqa bir kilsənin – Anq­likan kilsəsinin ali rəhbəridir. Kral və ya kraliça Böyük Britaniya baş nazirinin töv­siyəsi ilə arxiyepiskopları, yepiskopları və kafedralların rəhbərlərini təyin edir. “Baq­ramyan 26” yazıb ki, yəni, erməni apos­tol kilsəsinin ruhanisi kimi kilsəyə beyət edən şəxs gedib Anqlikan kilsəsinə rəh­bərlik edən Britaniya monarxına sadiqlik andı içib.

“Baqrata elə gəlir ki...”

Hayastanın kifayət qədər populyar olan “Civil.net” saytı “srbazan”ın ikili vətəndaşlığının yaratdığı hüquqi ma­neələrlə bağlı yazısında bunları qeyd edib: “Baqrata, daha doğrusu, Vazgen Qalstanyana və onun arxasında duranla­ra elə gəlir ki, Ermənistanda hamı ya ax­maqdır, ya da konstitusiya quruluşunun və konstitusiyanın nə olduğunu bilməyən neandertallardır. Vazgen Qalstanyanın ikili vətəndaşlığı var. O, həm də Kanada vətəndaşıdır və hazırkı Ermənistan kons­titusiyasına görə heç bir halda baş nazir postunu tuta bilməz. Kanada vətəndaşlı­ğından imtina etsə belə, baş nazir olmaq üçün konstitusion tələbləri yerinə yetir­mək üçün 4 il gözləməli olacaq”.

Bildirilib ki, istənilən halda, heç bir səbəbdən, heç bir şəxs, qrup və ya küt­lə tərəfindən Ermənistanda konstitusiya, konstitusiya quruluşu pozulmamalıdır və pozulmayacaqdır: “Ermənistan Respub­likasında konstitusiya quruluşu əvvəllər heç vaxt – nə 1990-cı, nə 2000-ci illərdə, nə də 2018-ci ildə pozulub. Ruhani zeh­niyyəti olan kimsə konstitusiyanı və ya konstitusiya quruluşunu devirə biləcəyini düşünürsə, o zaman cinayət məsuliyyəti daşıdığını da bütün ciddiliyi ilə anlama­lıdır”.

Daha bir erməni resursu – “Armenian Report”da yerləşdirilmiş “Srbazan layihə­sinin iflası” sərlövhəli məqalədə qeyd edi­lir ki, Baqrat bütün Ermənistanda insanla­rı itaətsizlik aksiyaları keçirməyə çağırsa da, onun çağırışına çox az insan cavab verir: “Arxiyepiskopun azsaylı tərəfdarları hələ də paytaxt küçələrində barrikadalar qurmağa və küçələri bağlamağa çalışır­lar, lakin bunlar yaxın günlərdə sönəcək, necə deyərlər, afterşoklardır. Bəs Tavuş­dan başlayan etiraz hərəkatı niyə İrəvan küçələrində söndü? Bunun bir neçə sə­bəbi var. Birincisi, xalqın böyük hissəsini öz ətrafına toplamaq üçün ləkəsiz, təmiz reputasiyaya malik fiqur lazımdır. Həmin şəxs xalqın bir nümayəndəsi olmasa belə, ən azı onların etibarını qazanmış şəxs olmalıdır. Baqrat Qalstanyan belə biri ola bilməz. Təkcə Kanadadan ona doğru uzanan korrupsiya ittihamlarının izlərinə baxın. Razılaşın ki, təkcə bu olay özünü “kristal kimi təmiz, xalqın xilaskarı” adlandıran Qalstanyanı rədd etmək üçün kifayətdir”.

Qeyd olunur ki, ikincisi, o, heç vaxt fəaliyyət proqramı təqdim etməyib: “Nə təklif edir? Paşinyanı devirməyi və Azər­baycanla sərhədin delimitasiyası prose­sini dayandırmağı. Xüsusilə qeyd edək ki, bu, bizim hazır olmadığımız yeni mü­haribə təhlükəsidir. Necə ki, yeni qurban­lar verməyə də hazır deyilik. Baqrat heç bir alternativ təklif etməyib. Ermənistana yeni baxış haqqında heç nə deməyib”.

Ümumiyyətlə, maliyyə maxinasiyala­rı, xalqın sərvətlərinin oğurlanması, ta­lan edilməsi hayların ən həssas yeridir. Təsadüfi deyil ki, Hayastan cəmiyyətinin əksər hissəsi Robert Koçaryan və Serj Sarkisyan iqtidarını hazırda məhz bunda ittiham edir. “YouTube” videohostinqində yerləşdirilən videolarda erməni cəmiyyə­tinin aktiv nümayəndələrinin “sabiqlər”in ünvanına tez-tez qəzəblə “talançineri” sözünü işlətdiklərini görmək mümkün­dür. Ehtimal edilir ki, bu söz erməni dilinə Azərbaycan dilindən keçib və dilimizdəki “talançılar” sözünün təhrif edilmiş forma­sıdır. Baqratın Kanadada işlədiyi dövrdə baş vermiş maliyyə yeyintiləri, dələduz­luq əməlləri də onu cəmiyyətin gözündən salan əsas amildir. Bu səbəbdəndir ki, erməni xalqı onun siyasi tamaşasında epizodik rol da almaq istəmir.

Səxavət HƏMİD
XQ



Siyasət