Qərbi Zəngəzurun qədim və zəngin mənəvi dəyərləri

post-img

Ümumazərbaycan etnogenezinin formalaşmasında, onun elm və mədəniyyətinin, ədəbiyyatının inkişafında Qərbi Azərbaycanın aborigen əhalisinin yaratdığı maddi-mənəvi qatlar əvəzsiz rol oynamışdır. Bu coğrafiyadan zorla çıxarılmış azərbaycanlıların problemlərinin gündəmə çevrilməsində, yüzminlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyinin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin göstərdiyi ardıcıl səylər qeyd edilən mövzuya da yeni aktuallıq qazandırmışdır.

Azərbaycanlıların Qərbi Azərbaycan­da yaratdıqları kulturoloji qatlar bugünkü Ermənistan Respublikasının rəsmi dövlət sərhədləri daxilindəki 29,8 min кadratki­lometrlik ərazilərdə dərin köklər üzərində dayanıb. Bu təməl 1,7 kvadratkilometlik Qarakilsə rayonundan başlayaraq bütün Zəngəzur boyu, Dərələyəz, Dərəçiçək, Göyçə, Qaraqoyunlu, Lori-Pəmbək, Ca­laloğlu, Qırxbulaq, Vidibasar, Zəngibasar və digər mahallara qədər uzanır. 

Müasirlərimizi həmin tariximizə o kök­lərin izi ilə Qərbi Azərbaycan ərazisinin təsvirini tərtib etmiş rus tarixçi və etnoq­rafı İvan İvanoviç Şopenin 1829-1832-ci illərdə topladığı materiallar əsasında ha­zırlanan və 30 ildən sonra nəşr olunan ki­tab apara bilər. Bu, imperator sarayında yenicə ilhaq olunan ərazinin kulturoloji qatları barədə ətraflı təsəvvür yaratmaq üçün fransamənşəli rus etnoqrafının top­ladığı materiallar əsasında hazırlanan ilk mənbədir. Kitab yerlərin toponimlərini və yerli xalqın adət-ənənələrini, mədəniyyə­tini müşahidə materialları əsasında ha­zırlanıb. 

Qeyd edək ki, müəllifin qərəzsizliyinə bu günə qədər potensial oponentlərin belə, zərrəcə şübhə yeri olmayıb. Yeri gəlmişkən, həmin müşahidələrin nəticəsi olan, etnoqrafın müxtəlif vaxtlarda tək­rar nəşr olunan həmin kitab 1860-cı ildə nəinki Rusiyada, həmçinin Avropada çox nüfuzlu mükafat kimi qəbul edilən Demi­dov mükafatına layiq görülmüşdü. 

Həmin kitabdan Zəngəzurda bütün­lükdə azərbaycanlıların yaşadığı 107 kəndin özündə yaşatdığı izlərlə bərabər, məhv edildiyi də məlum olur. Tükmənçay müqaviləsindən dərhal sonra İrəvan və Naxçıvan xanlıqlarının bazasında Ermə­ni vilayətinin yaradılması və ermənilərin kütləvi şəkildə gətirilərək ərazidə məs­kunlaşdırılması bu yerlərin etnoqrafik mənzərəsini dəyişib. Nəticə olaraq, XIX əsrin ortalarında vilayətin yerli əhalisi olan azərbaycanlıların xüsusi çəkisi 30 faiz azalaraq 46,7 faiz təşkil edib. 

İrəvanın, Çuxur-Səədin Azərbaycan xalqının etnogenizinin formalaşmasın­da oynadığı mübahisə doğurmayan rolu bir də onunla əlamətdardır ki, burada ümumazərbaycan mədəniyyətinin mad­di və mənəvi abidələrinin yaradılması ənənəsi formalaşmışdı. Bu ərazilərdə özünəməxsus maddi-mənəvi irs yaradan azərbaycanlılar daşıyıcısı olduğu dəyər­lərdən qidalanan folklor nümunələri ilə fərqlənir. Bu nümunələr sırasında ozan ənənələrini günümüzə qədər qoruyub saxlayan Qərb aşıq məktəbi xüsusilə cəlbedicidir. Özündə zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, məhəbbət, qəhrəman­lıq dastanları yaratmaq olan Qərb aşıq məktəbinin nümunəsində bunu görmək mümkündür. 

Hələ orta əsrlərdən İrəvan xanlığı­nın ərazisində formalaşan bir sıra aşıq məktəblərinin ən zəngini hesab edilən Göyçə aşıq məktəbinin nümayəndələri güney-qüzeyli Azərbaycanın aşıq sənət­karlığında öz dəsti-xətti ilə bu gün də seçilir. Bu məktəbin, həmçinin keçmiş İrəvan xanlığının ərazisindəki digər mək­təblərin nümayəndələri olan Zərgərli Mis­kin Abbas, Ağ Aşıq adı ilə tanınan Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik və başqaları aşıq ədəbiyyatında zəngin irs yaratmağa müvəffəq olub. 

Yeri gəlmişkən, yaradıcılığında keç­miş İrəvan xanlığının ərazisindəki aşıq məktəbləri ilə bərabər, Qars-Qağızman ozanlarının ənənələrini yaşadan, maya­sında xalqımızın müdrikliyi ifadə olunan Ağbabalı Aşıq Şenliyin gəraylı və qoşma­ları da bu cəhətdən ibrətamizdir. Aşığın Qaranamaz kəndindəki el şənliklərinin birində üz-üzə gəldiyi göyçəli Aşıq Ələs­gərlə deyişmə təklifinə verdiyi cavab bir əsrdən artıqdır ki, dillər əzbərinə çevrilib:

Aşıq Şenlik Qaramanlı,

Ələsgər Göyçə mahallı.

Nəyə lazım qalmaqallı,

Əzəl-azır yaxşılıqdır.

1895-1906-cı illərdə erməni dilində nəşr edilən “Mşak” qəzetinin əməkda­şı, erməni tarixi və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatların müəllifi, 1924-cü ildən ömrünün sonuna qədər İrəvan Universitetinin professo­ru olmuş Leo (Arakel Babaxanyan) bu istiqamətdə “artan marağı” belə izah edirdi: “Erməni dilinin yoxsulluğu üzün­dən erməni aşıqları öz mahnılarını türk dilində (Azərbaycan dilində) qoşmuşlar. Aşıqlar üçün nağıllarda, mahnılarda təs­vir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili) erməni ləhcələrin­dən daha səlis, daha ifadəli, daha zəngin və cəlbedici idi”.

Qədim Çuxur-Səəddə, XIX əsr Azər­baycan şairi və jurnalisti, maarif xadimi Mirzə Məhəmmədtağı Sidqi Naxçıvani­nin məkətbində təhsil alan, öz fitri iste­dadı sayəsində qısa müddətdə fars və türk dilini mükəmməl öyrənən, sonralar İrəvanda məktəb açan İsmayıl Kazımza­də, Mirzə Kazım Qazi Əsgərzadə, Mirzə Abbas Məhəmmədzadə, Hacı Seyid Rza Əmirzadə, Mirzə Ağa Əli İrəvani Mirzə Abbas Seyid Rza Sabir və digər ziyalılar barədə ətraflı məlumatlar da böyük ma­raq doğurur.

İrəvan mühiti ancaq şair, yazıçı, tər­cüməçi, rəssam, xəttat və digər sənət­karlarla məhdudlaşmır. O mühit 1782-ci ildə İrəvan şəhərində anadan olan, 20 yaşında Qahirədəki Əl-Əzhər Universi­tetində oxumağa gedən, 20 il Qahirədə mükəmməl təhsil alan, Şərq tarixinə, dini elmlərə dair əsərlər yazan, İsfahan və Təbriz şəhərlərində axundluq edən, İrə­vandakı Göy məscidin baş axundu olan, Qafqazın ikinci Şeyxülislamı Müctəhid Fazil İrəvani kimi nadir dini xadimlər tərə­findən zənginləşmişdir.

Qərbi Azərbaycanda yaranan və for­malaşan maddi-mənəvi dəyərlərin geniş arealı bunlarla bitmirdi. Həmin coğrafi­yada xalq tamaşalarının müxtəlif forma və məzmunda təqdimatının minilliklərlə ölçülə biləcək yaşı və onunla bərabər ənənələri formalaşıb. Bu tamaşalarda geniş yayılmış toy, yas, bayram məra­simlərində dramatik növün xüsusiyyətləri ifadə olunurdu. Onlar arasında “Kosa-ko­sa”, "Qodu-qodu", “Qasım otağı” və digər tamaşalar Qərbi Azərbaycanın bütün coğrafiyasında populyar idi. Bu, bütün xalqlarda olduğu kimi, qərbi azərbaycan­lılarda da peşəkar teatra gedən yol idi. 

XIX əsrin 80-ci illərində irəvanlı ziyalı Məşədi İsmayılın “İrəvan xanı və Novruz bayram” məsxərəsi əsasında hazırlana­raq təqdim edilən tamaşa peşəkar teatr yolunun başlanğıcı oldu. Ardınca İrəvan gimnaziyası şagirdlərinin təqdimatında Vasaq Mədətovun (Nəzmi) “Tamahkarlıq düşmən qazanır”, “Qırt-qırt”, nəhayət, Firudin bəy Köçərlinin təşəbbüsü ilə M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının oynanılması İrəvanda peşəkar teatrın yaradıldığı tarix kimi əbədiləşdi. 

Ümumilikdə, xalqımızın həmin dövr tarixinə şərəfli səhifələr yazılırdı. Müxtə­lif incəsənət, ədəbiyyat, rəssamlıq, hərb sənəti və digər peşələr üzrə ciddi insanlar nəsli yetişirdi. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəva­ni, Əbülqasım İrəvani, İsa Sultan, Mirzə Məhəmmədvəli Qəmərlinski, Mirzə Əli Qəmərlinski, Abbas Məhəmmədzadə, Fi­ridun bəy Köçərli, Cəlil Məmmədquluza­də, Mirzə Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Pənah xan Makinski, Rəşid bəy İsmayılov, İbra­him Novruzov, Əlixan İrəvanski, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Həbib bəy Sə­limov, Eynəli bəy Sultanov, Mirzə Cabbar Məmmədzadə və başqaları bütövlükdə Azərbaycan üçün unudulmaz xidmət­lər göstərən insanlar kimi yaşayacaqlar. Onlar xalqımızın bu gün sahib olduğu mənəvi dəyərlərin yaradıcıları sırasında yer alan insanların az bir hissəsidir. 

Mahirə HÜSEYNOVA,
ADPU-nun prorektoru, professor





Sosial həyat