İrəvan ədəbi-mədəni mühiti və milli mətbuatımız

post-img

XIX əsrin sonuncu rübündə Azərbaycanda milli mətbuatın yaranması və inkişafı Qafqazda Azərbaycan türklərinin sıx məskun olduğu qədim İrəvan əyalətini və onun mədəni mərkəzi sayılan eyni adlı şəhərin ədəbi-mədəni mühitini də əhatə etmişdir.

1875-1877-ci illərdə 56 nömrəsi işıq üzü görmüş “Əkinçi” qəzetinin fəaliyyə­tini ilk günlərdən İrəvan ziyalıları da bö­yük maraqla qarşılamış, onun xalqımızın mədəni, ictimai-siyasi tərəqqisində, milli özünüdərkin formalaşmasında roluna bö­yük ümid bəsləmişlər. Böyük Həsən bəy Zərdabinin milli fəalların köməyi ilə ər­səyə gətirdiyi ilk anadilli qəzetimizin uğur qazanması, qısa zamanda artmış nüfuzu İrəvan ziyalılarını da fəallaşdıraraq mət­buat aləminə cəlb etmişdir. 

İrəvanda yaşayıb yaradan, ədəbi-mə­dəni həyatın önündə gedən, ədəbi-bədii sözün görkəmli xadimləri Məşədi İsmayıl Hacı Kazımzadə (Bəzmi), Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov (Mütəl­le), Hacı Seyid Rza Əmimzadə (Sabir) kimi şair və ziyalılar “Əkinçi”nin İrəvan üzrə təmsilçiləri olmaqla yanaşı, müxtə­lif janrlarda dəyərli bədii nümunələrini də “Əkinçi”nin səhifələrində çap etdirməyə nail olmuşlar. “Əkinçi”nin fəaliyyətinə son qoyulduqdan sonra Tiflisdə nəşr edilmiş “Kəşkül” (1883- 1891), “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884), “Şərqi-Rus” (1903-1905); Bakıda çıxmış “İrşad” (1905-1908), “Təkamül” (1906-1907), “Füyuzat” (1906-1907), “Həyat” (1911-1912), “İqbal” (1912-1915), “So­vqat” (1912-1915), “Şəlalə” (1913-1914), “Dirlik” (1914-1916), “Açıq söz” (1915-1918), “Musavat” (1917); Şərqin müxtəlif ölkələrində buraxılmış “Sürəyya” (Qa­hirə), “Həblül-mətn” (Kəlküttə), “Tərcü­man” (Bağçasaray), “Nasiri”, “Ənkəbud” (Təbriz) “Suri-İsrafil” (Tehran), “Nəsimi şimal” (Rəşt), ”Şeyda”, “Əxtər” (İstan­bul) və başqa qəzet-jurnallar da İrəvan ziyalıları arasında da geniş yayılmış, ma­raqla oxunmuş, tərəfdarlar qazanmışdır. Müxtəlif dillərdə çıxan mətbuat orqanları da İrəvanda yayılmışdır.

Sonrakı dövrdə “Müsavat” qəzeti­nin İrəvanda yayılmasında şəhər üzrə “Müsavat” fırqəsinin sədri Xəlil bəy Kazımbəyovun böyük xidmətləri olmuş­dur. Müsavatçılıq ideyası ilə bağlılıqları­na görə sovet dövründə Xəlil bəy və qızı Bağda xanım repressiya qurbanı olmuş­lar. 

İrəvanda bədii fikrin, ictimai-siyasi mühitin canlanmasında və inkişafında bu mətbuat orqanlarının mühüm rolu ol­muşdur. İrəvanda Azərbaycan ədəbi-mə­dəni, ictimai-siyasi mühitinin inkişafında xidmətlər göstərən Mirzə Əlixan Şəmsül Hükəma (Ləli) “Şərqi-Rus”, Mir Abbas Mir Bağırov “İrşad”, Cabbar Əsgərzadə “Kavkaz”, “Molla Nəsrəddin”, “Məzə­li”, Mirzə Naseh İrəvani “Yeni İrşad”, Əli Məhzun Rəhimov “Molla Nəsrəddin”, Mirzə Cabbar Məmmədov “Yeni iqdam” qəzetlərinin İrəvan üzrə ən fəal müxbirlə­ri olmaqla yanaşı, həmin nəşrlərin bölgə­də oxucu auditoriyası qazanmasında da mühüm rol oynamışdılar.

İrəvanda yaşayan azərbaycanlı ziya­lılar bu qəzet və jurnalların səhifələrində dövrün mədəni, sosial-siyasi, iqtisadi məsələləri ilə yaxından tanış olurdular. Digər tərəfdən isə bu mətbu orqanlar həm İrəvanda, həm də Azərbaycanda yaşayan, yazıb-yaradan sənətkarlar ara­sında qarşılıqlı ədəbi-mədəni əlaqələrin, yaradıcılıq əməkdaşlığının yaranmasın­da da böyük rol oynayırdı. 

“Molla Nəsrəddin” jurnalı (1906-1931) və onun yoluna qoşulan “Bəhlul” (1907), “Zənbur” (1909- 1910), “An” (1910-1911), “Kəlmiyyət” (1912- 1913), “Mirat” (1910), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tuti” (1914-1917) kimi satirik jurnallar da İrəvanda yayılmış, populyarlıq qazanmışdır. Bu jurnallar­da İrəvanın ictimai-siyasi, ədəbi-mədəni həyatından bəhs edən xeyli felyetonlar, məqalələr, xəbərlər, satirik şeirlər, elanlar və başqa səpkili yazılar dərc edilmişdir. 

“Molla Nəsrəddin” İrəvanda və ətraf yerlərdə daha çox məşhurlaşmışdır. Jur­nalın təkcə şəhərdə deyil, Zəngibasar, Vedibasar, Ağbaba, Basarkeçər və digər bölgələrdə də oxucuları var idi. “Molla Nəsrəddin’ təkcə Cənubi Qafqazda de­yil, Yaxın Şərqdə də satirik mətbuatın yaranmasına güclü təsir göstərmişdir. Onun təsiri altında meydana gələn satirik jurnallardan biri də 22 fevral 1914-cü il ta­rixdə ilk nömrəsi işıq üzü görən “Lək-Lək” (“Leylək”) satirik jurnalıdır. 

Mətbuat tədqiqatları İrəvanda Azər­baycan mətbuatının yaranmasını 22 fev­ral 1914-cü ildən “Lək-Lək”in nəşr edil­diyi tarixdən başlandığını qeyd edirlər. Apardığımız araşdırmalar isə İrəvanda Azərbaycan mətbuatının nə vaxt yaran­masına aydınlıq gətirməyə əsas verir. Birincisi, necə ola bilər ki, XIX əsrdə əhalisinin 75 faizini azərbaycanlılar təşkil edən İrəvan şəhəri mədəniyyətinin bütün sahələrində ən qabaqcıl mərkəzlərdən biri olduğu halda, 1882-ci ildə milli te­atrın meydana gəldiyi bir məkanda ana dilində dövri mətbuat orqanı 1914-cü ilə təsadüf etsin? İkincisi, ola bilərdimi ki, İrəvanda Azərbaycan mətbuatının icti­mai-siyasi, bədii fikrinin aparıcı simala­rı Cabbar Əsgərzadə, Əli Məhzun, Mir Məhəmməd Mir Fətullayev, Əli Məhzun Rəhimov, Mirzə Əlixan Şəmsül Hükə­ma, Hacı Seyid Rza Əmirzadə, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mir Abbas Mir Bağırov, qabaqcıl maarif xa­dimləri Abbas Razi Məmmədzadə, Mirzə Naseh İrəvani, Mirzə Əli Məhəmməd Xə­lilov, Axund Məhəmməd Bağır Qazızadə, Mirzə Cabbar Məmmədzadə, Mirzə Əli Məhəmməd, Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundov və burada yaşa­yıb yaradan onlarla digər ziyalı Cənubi Qafqazda ana dilində ilk dərslikləri ya­ratdıqları halda ana dilində qəzet, jurnal buraxmağın vacibliyini dərk etməsin və bu ideyanı gerçəkləşdirmək üçün heç bir təşəbbüs göstərməsinlər?

Apardığınız araşdırmalardan məlum olur ki, İrəvanda yaşayan azərbaycanlı ziyalılar 1880-ci illərdə maarifi, mədə­niyyəti, ədəbiyyatı inkişaf etdirmək, milli mətbuat orqanları yaratmaq üçün bu yolda ardıcıl mübarizə aparmışlar. Onlar mütərəqqi ideyaları təbliğ edən, xalqın istək və arzularını ifadə edə bilən bir mət­buat orqanının yaradılması yönündə cid­di səy və fədakarlıq göstərmişlər. Bunu dövrün ədəbi-mədəni, ictimai-siyasi pro­seslərində baş verən mütərəqqi dəyişik­liklər də zəruri edirdi. 

İrəvanda belə bir qəzetin nəşrinə ilk dəfə 1905-ci ildə Mirzə Cabbar Əsgər­zadə təşəbbüs edir. O uzun illər həyata keçirmək istədiyi bu arzusunun 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar, qırğınlar zamanı öz xalqının hüquqlarını qətiyyətlə mü­dafiə etdiyinə görə bir neçə aylığa həb­sə atıldığı həbsxanada “Molla Nəhib” və “Mollabaşı” adlı həftəlik dərgilər nəşr et­dirərək gerçəkləşdirməyə nail olmuşdur. Bütün istedadını, yaradıcılıq qüvvəsini İrəvanda yeni ədəbi-mədəni hərəkatın inkişafına sərf edən C.Əsgərzadə dər­gilərə yazıları özü yazmış, rəsmləri də özü çəkmişdir. Hətta jurnalların bir neçə nüsxəsini müxtəlif vasitələrlə həbsxana­dan çıxartdırıb yaydırmışdır. C.Əsgərza­də xatirələrində bu haqda məlumatları xüsusi qeyd etmişdir. 

Bundan əlavə, Məmmədriza Ələrdə­bilinin “Mirzə Cabbar Əsgərzadə Bağça­ban və onun ana dilimizdə yaratdığı bədii əsərlərdən örnəklər” adlı irihəcmli əsə­rində yer alan faktlar da İrəvanda Azər­baycan mətbuatının yaranması tarixinə bir daha aydınlıq gətirir. C.Əsgərzadənin qızı Səminə xanımın mühafizə etdiyi zən­gin arxivdəki materiallar da bunu bir daha təsdiq edir. 

Böyük alimimiz, professor Abbas Za­manovun Səminə xanımla olan yazışma­larında da bu barədə maraqlı məlumatlar əksini tapmışdır. Mirzə Cabbar Əsgərza­dənin yaradıcılığına nəzər saldıqda onun rəssamlıq sahəsində də çox istedadlı ol­duğunu görürük. Əldə etdiyimiz bu faktlar mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salır. İrəvanda milli mətbuatımızın yaranması tarixində ilk nümunə kimi qə­bul etmək olar. Beləliklə, “Molla Nəhib” və “Mollabaşı” adlı həftəlik dərgiləri İrə­van mətbuatının ilk örnəkləri kimi qəbul etmək olar.

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent



Sosial həyat