Türk Nobel mükafatçısı Əziz Səncər Azərbaycanda

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər AMEA-nın dəvəti ilə Azərbaycanda səfərdədir. İyunun 6-dək davam edəcək səfər zamanı Əziz Səncərin artıq bir sıra elmi müəssisə və təşkilatlarını, eləcə də respublikanın ali təhsil müəssisələrini ziyarət edib. 

Mayın 31-də o, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzində olub. Görkəm­li alim Mərkəzin fəaliyyəti barədə məlu­mat alıb, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin xatirə dəftərinə ilk qonaq kimi ürək sözlərini yazıb.

***

Sonra hörmətli qonaq AMEA-nın Rə­yasət Heyəti aparatının Elektron akade­miya şöbəsinin əməkdaşları ilə görüşüb. Bura da o, AMEA-da elektron xidmətlər sahəsində görülmüş işlərlə tanış olub. Görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyada gedən ye­niləşmə prosesi, elektron xidmətlər, süni intellekt və rəqəmsal texnologiya sahə­sində görülən işləri, dünya təcrübəsinin öyrənilməsi istiqamətində atılan addımla­rı diqqətə çatdırıb. 

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri, dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair məlumatları təqdim edib. AMEA-da nəşr olunan jurnalların elektron səhifələrinin hazırlanması, jurnalların beynəlxalq elmi bazalara daxil edilməsi, “Google Scho­lar” və digər akademik elmi platforma­larda görülən işlər, akademiyanın elmi müəssisə və təşkilatlarında yaradılmış “Vikipediya” qruplarının fəaliyyətindən danışıb. Həmçinin Elektron akademiya şöbəsinin əməkdaşı Anar Nəbiyevin ha­zırladığı “Humanoid SUFİ” (sözlərin uni­versal funksionallıqla işlənilməsi) robotu haqqında məlumat verilib.

***

Elə həmin dünya şöhrətli alim Əziz Səncər AMEA-nın Mərkəzi Elmi Kitabxa­nasında (MEK) olub. İlk olaraq MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, dahi rəhbərin əziz xatirəsi anılıb. Daha sonra AMEA-nın prezidenti akademik İsa Hə­bibbəyli Türk dünyasının elmi və mədəni əlaqələrinin güclənməsində xüsusi rolu olan qonağa kitabxananın yaranma tarixi haqqında ətraflı məlumat verib. Qonağı AMEA-nın təsisçi alimlərinin büstlərinin hər biri ilə ayrıca tanış edən akademik İsa Həbibbəyli onların elmi və yaradıcılıq fəaliyyətlərindən danışıb.

Hörmətli alim kitabxana sistemində ilk olan I Qarabağ, Aprel və Tovuz döyüş­ləri, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhidləri, iştirakçıları, ve­teran və qaziləri haqqında 3000-dən ar­tıq məlumat, 1500-dən artıq kitab, video­material, fotoşəkillərin yer aldığı MEK-in Qarabağ müharibəsi qəhrəmanları fon­du ilə tanış olub. Həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkdirdikləri fotoşəkil­lərə, “Zəfər memarları”, “Biz qalib xalqıq!” guşələrinə, üzərində üç minə yaxın şəhid adının əks olunduğu Azərbaycan xəritə­sinə baxıb.

***

Daha sonra ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fa­kültəsinin professoru Əziz Səncər Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri ilə görüşüb. BDU-nun rektoru Elçin Babayev Türk dünyasının tanınmış oğlu Əziz Səncərin Bakı Dövlət Univer­sitetini ziyarət etməsinin böyük fəxr ol­duğunu bildirib. Rektor diqqətə çatdırıb ki, Əziz Səncərin elmi irsi və tədqiqatları bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır: “Görkəmli alimin tədqiqatları və əldə etdiyi uğurlar milyonlarla insana ümid, bu sahədə aparılan elmi işlərə yeni bir istiqamət verir”.

Azərbaycan Milli Elmlər Akademiya­sının prezidenti İsa Həbibbəyli çıxışında Əziz Səncərin Türk dünyasının təbiət elmləri üzrə Nobel mükafatına layiq gö­rülən yeganə görkəmli alimi olduğunu deyib: “Biokimya kimi çətin bir sahədə bu nüfuzlu mükafatı qazandığına, belə yüksək zirvəni fəth etdiyinə görə minnət­darıq. Alim birinci növbədə öz ölkəsini, Vətənini sevməlidir. Bu mənada Əziz Səncər Türk dünyasının böyük oğlu, əsl vətənpərvərdir. Bizim gənclər Əziz Sən­cərin həyat və fəaliyyətindən, verdiyi dərslərdən örnək almalıdırlar”.

“Can Azərbaycanın qəlbimdə ayrı­ca yeri var, buraya sevərək gəlirəm”, - deyən professor Əziz Səncər özünü həm də Azərbaycan vətəndaşı hesab etdiyini bildirib. Daha sonra professor Əziz Sən­cər “DNT-nin bərpası və beyin xərçəngi” adlı təqdimatla çıxış edib.

***

Mayın 31-də Nobel mükafatı laurea­tı Əziz Səncər AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə də görüşüb. Nizami Gəncəvi adına Ədə­biyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Əziz Səncərin Türk dünyasının fəxri olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışında ötən il AMEA Rəyasət Heyətinin təşki­latçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini qeyd edib. AMEA rəhbəri bildirib ki, Azərbaycan alimləri də bu istiqamətdə fəaliyyətdən çəkinməmə­li, Nobelə doğru addımlamalı, elmimizi dünyaya çıxarmaq üçün çalışmalıdırlar.

Professor Əziz Səncər isə çıxışında AMEA rəhbərliyinə dəvətə görə minnət­darlığını bildirib, Azərbaycanda hər za­man ona göstərilən diqqətdən məmnun qaldığını söyləyib.

***

Professor Əziz Səncərin növbəti görüşü Molekulyar Biologiya və Biotex­nologiyalar İnstitutunda olub. Görüşdə AMEA-nın prezidenti, akademik İsa Hə­bibbəyli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, AMEA-nın vit­se-prezidenti, MBBİ-nin direktoru aka­demik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və bey­nəlxalq elmi təşkilatlarla iş şöbəsinin mü­diri, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, eləcə də MBBİ-nin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Nobel mükafatı laureatı Əziz Səncər institutun müasir avadanlıqlarla təchiz olunmuş Genomun quruluşu və ekspressiyası, Hüceyrənin membran sis­temləri, Bioadaptasiya və Populyasiya genomiksi laboratoriyalarında aparılan elmi işlərlə, həmçinin akademik Cəlal Əliyevin kitabxanası və iş otağı ilə tanış olub.

Akademik İradə Hüseynova qonağa institutun yaranma və inkişaf tarixi, struk­turu, burada aparılan tədqiqat işləri, əldə olunan uğurlar, kadr potensialı, müəs­sisənin beynəlxalq əlaqələri və qrant la­yihələrində iştirakı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda biologiya elmi­nin yeni istiqamətlərinin yaranması və əsaslı inkişaf etdirilməsi akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Cəlal Əliyevin yaratdığı ənənəyə uyğun olaraq Molekul­yar Biologiya və Biotexnologiyalar İnstitu­tunda gənclərin elmi fəaliyyəti və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb.

MBBİ-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı institutun kadr potensialını, burada elmi-tədqiqat istiqamətində aparılan işləri yüksək qiy­mətləndirib, əməkdaşlara fəaliyyətlərin­də uğurlar arzulayıb. Böyük alim insti­tutun “Xatirələr kitabı”na ürək sözlərini yazaraq, MBBİ-nin gənc əməkdaşları­nın genetika sahəsindəki tədqiqatlarının Azərbaycanda və ümumilikdə Türk dün­yasında insanlığa faydalı olacağına ina­mını bildirib.

***

Nobel mükafatı laureatı Əziz Sən­cərin görüşləri iyunun 1-də də davam edib. O, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində “Əziz Səncər gənc­lərlə baş-başa” proqramı çərçivəsində gənclərlə görüşüb. Əziz Səncər proqram çərçivəsində gənclərə tövsiyələrini verib və ölkəmiz haqqında təəssüratlarını bö­lüşüb.

Azərbaycana olan sevgisini bir daha dilə gətirən görkəmli alim deyib ki, hər fürsətdə Bakıya gəlmək istəyir: “Bu dəfə də konfranslarda iştirak etmək və tələbələrə elm sahəsini aşılamaq üçün gəlmişik. Azərbaycanlı qardaşlarımı gör­məkdən məmnunluq duyuram”.

Yunus Əmrə İnstitutunun Bakı nü­mayəndəliyinin rəhbəri Səlçuk Karakılıç proqramın əhəmiyyətindən danışıb. Bil­dirib ki, “Əziz Səncər gənclərlə baş-başa” proqramı çərçivəsində gəncləri elm, tarix və mədəniyyət haqqında məlumatlandı­rırıq və onların böyük alimlə görüşünü təşkil edirik.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı ilə yanaşı, strateji elmi və mədəni əlaqələr bizi bu coğrafiyada daha güclü və hakim edə­cək: “Universitet tələbələrinə Əziz Sən­cərin “Elm və inkişaf üzrə aforizmlər” ki­tabını da təqdim etdik. Kitab böyük alimin intellektual düşüncələri ilə yanaşı, həyat macərasından və təcrübəsindən bəhs edir. Bu kitab gənclərə gələcəkləri üçün işıq olacaq”.

***

İyunun 1-də görkəmli alim Əziz Sən­cər Naxçıvana səfər edib. O, səfər çərçi­vəsində əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra cənab Səncər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respub­likasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Nobel mükafatı laureatı AMEA-nın Naxçıvan bölməsində olub, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

Qeyd edək ki, professor Əziz Sən­cəri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Ci­hangir İşbilir müşayiət edirlər.

XQ





Son xəbərlər