İlham Əliyev: postmüharibə dövrünün memarı

post-img

V məqalə

Dünya həmişə o kəslərə hörmət edə­cəkdir ki, onun üçün prinsiplər siyasət­dən, həqiqət diplomatiyadan daha əhə­miyyətli olsun.

Tomas B.MAKOLEY

2 geosiyasi trendin sintezi

Azərbaycan Prezidentinin postmüha­ribə dövrünün ilk mərhələsində əldə etdiyi nailiyyətlərdən biri geosiyasi əhəmiyyə­ti olan iki tendensiyanı davamlı trendə çevirməsi ilə bağlıdır. Birincisi, Cənubi Qafqazdan kənarda olan güclərin regio­na təsirlərinin minimuma endirilməsidir. İkincisi, trend regional güclərin (Rusiya, Türkiyə və İran) Cənubi Qafqaz konteks­tində əsas olaraq barış, sülh, əməkdaşlıq və təhlükəsizlik istiqamətlərində fəaliyyət göstərmələridir. 

Postmüharibə dövrünün geosiyasi strukturlaşmasına vurğulanan iki trendin qarşılıqlı əlaqəsində baxılması zərurətini izah etmək olar. Məsələ ondan ibarət­dir ki, öncəki tarixi mərhələlərdə Cənubi Qafqazda geosiyasi destruktivlik məhz həmin iki aspektin ziddiyyətlərindən qay­naqlanmışdır. Regiondan uzaq olan bö­yük güclər yerli şəraiti və xalqların maraq­larını nəzərə almadan özləri üçün faydalı konseptual modellər yaratmış və bunu bütün dünyanın adı ilə Qafqaza tətbiq et­məyə çalışmışlar. 

Onların niyə tam dünya adından dav­ranmaları ayrı mövzudur. Fakt ondan ibarətdir ki, yaratdıqları geosiyasi nəzəri modellərdə aparıcı yeri özlərinə hansı modelin xeyirli olması mövqeyi mərkəzi yer tutmuşdur. İndi tədqiqatçıların maraq­la real geosiyasi-nəzəri baza təlimlər kimi istifadə etdikləri “Hartland” nəzəriyyəsi (H.Makkinder), Z.Bzejinski, H.Kissincer, C.Nay (kiçik) və digərlərinin baxışları bu qəbildəndir. 

Əlbəttə, dünyanın böyük güclərini ümumiyyətlə, inkar etmək olmaz. Lakin indi elə bir dövrdür ki, region dövlətlərinin maraqları ön sırada olmalıdır. Kənarda olanlar həmin maraqlara uyğun münasi­bətlər qurmağa məhkumdurlar. Bu baxım­dan əsrlərdir Cənubi Qafqazda “hartland­çı”lardan tutmuş, başqa iddialı geosiyasi güclərə qədər hər bir kənar qüvvənin təsir nisbəti dəyişməli idi. İlham Əliyev buna nail olmuşdur. Bu, tarixi yenilikdir. 

Həmin kontekstdə regiondan kənarda olan geosiyasi güclərin təsirlərinin mini­muma endirilməsi vacibdir. Buna görə də həm ABŞ-dan qaynaqlanan, həm də Av­ropa İttifaqına aid olan təşkilatların Cənubi Qafqazda rolu regionun sülh, əməkdaşlıq və təhlükəsizlik maraqlarına ya uyğunlaş­dırılmalıdır, ya da ümumiyyətlə, sıfrılan­malıdır. Bu baxımdan İlham Əliyevin Aİ-nin burada münaqişə ilə bağlı uzun illərdir “fəaliyyət” göstərən qurumlarının ləğv edil­məsi təklifi regional miqyasda irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır. 

Məsələnin ABŞ və Avropadan qay­naqlanan və təhlükəsizliklə əlaqəli çox tərəfləri mövcuddur. Bura ideoloji, infor­masiya, təxribatçı, kriminal, terror, sui-qəsd, dövlət çevrilişləri və s. kimi müxtəlif faktorlar daxildir. Məsələn, “rəngli inqilab­lar”ın okeanın o tayından qaynaqlandığı haqqında KİV-də kifayət qədər informasi­yalar getmişdir. Bu “inqilablar”ın əsasən informasiya, şantaj və kriminal dairələrin fəallaşdırılaraq yerli hakimiyyətin “anti­demokratik” və “antixalqçı” obrazını süni surətdə yaratmaqla, onu cəmiyyətin gö­zündə tam legitimləşdirmək yolu ilə həya­ta keçdiyi aydın olan faktdır.

İndi bu aspektdə vəziyyət elə də də­yişməmişdir. Ukraynada “rəngli inqilab”ın “bəhrələri”ni Ukrayna xalqı hələ də “dərir” – faciələr və fəlakətlər bu gözəl ölkəni tərk etmir. Gürcüstan “rəngli inqilab”ın bir mər­hələsini keçdi, lakin indi dövlətçilik baxı­mından daha təhlükəli ikinci mərhələsinə qədəm qoymuşdur. Onun iki əlaməti özü­nü göstərir. Birincisi, Gürcüstan dövlətçili­yi üçün vacib töhfələr vermiş M.Saakaşvili hələ də məhbus həyatını yaşayır. İkincisi, indiki Gürcüstan hökümətini isə... inanma­yacaqsınız, Qərbin siyasi dairələri hədələ­yirlər. Baş nazir İ.Kobaxidze son günlər açıq bəyan etmişdir ki, Avropa İttifaqının komissiyalarından birinin sədri açıq dillə onu da hədələmişdir ki, Slovakiyanın baş nazirinin başına gələnlərdən nəticə çıxa­rım. Məlumdur ki, Slovakiyanın Baş naziri Robert Fisoya qarşı terror törədilmişdir. 

Başqa bir nümunə son zamanlar Qırğı­zıstanda baş verənlərdir. Orada da krimi­nal elementlərin (əsasən narkobaronların) əli ilə dövlət çevrilişi etməyə cəhd olmuş­dur. Kənardan olan təsirlər nəticəsində xarici tələbələrlə yerli gənclər arasında toqquşma yaranmışdır. Lakin qırğız xüsusi xidmət orqanları peşəkar davranmışlar və bu plan da baş tutmamışdır. 

Bu faktlardan aydın görünür ki, so­rosçular da daxil olmaqla, “rəngli inqilab” aşiqləri hələ də postsovet məkanından əl götürmürlər. Onlar hətta yeni cəhdlər göstərir və bura informasiya təxribatla­rı, diversiyalar, yerli hökumətlərə qarşı sui-qəsdlər, terror və iğtişaşlar daxildir. Şübhəsiz ki, Cənubi Qafqaz da bu kimi silkələnmələrə həssasdır. 

Liderin dörd məqamı

Bunların fonunda Azərbaycan Pre­zidentinin fəaliyyətinin dörd məqamına baxmaq maraqlıdır: 

Birinci məqam, İlham Əliyevin İranla münasibətləri yeni səviyyəyə yüksəltməsi ilə bağlıdır. İran kimi böyük regional döv­lətlə əlaqələri inkişaf etdirmək, bütövlük­də, Cənubi Qafqazda bir çox riskləri ön­ləmək deməkdir. 

İkinci məqam, Ermənistan rəhbərli­yinin delimitasiya istiqamətində irəliyə doğru addım atması ilə əlaqəlidir. Rəsmi İrəvan getdikcə daha qətiyyətli şəkildə Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərə uyğun olaraq regional miqyasda fəaliyyət göstərir. Təbii ki, proses hələ ta­mamlanmamışdır, lakin Azərbaycan rəh­bərinin həlledici rolu aydındır. 

Üçüncü məqam, Belarus Prezidenti A.Lukaşenkonun İlham Əliyevin regionun aparıcı, müəyyənedici və nəzarətedici li­deri adlandırmasıdır. 

Nəhayət, dördüncü məqam Tacikis­tan Prezidenti İ.Rəhmonun Azərbaycana səfəri zamanı strateji xarakterli razılıqla­rın əldə olunmasıdır. 

Bunlardan başqa, İlham Əliyevin Tür­kiyə, Rusiya və Qərb istiqamətində fəaliy­yətini nəzərə alsaq, mənzərə tamamlanar. Rəsmi Moskva Azərbycanla münasibətlə­rin tam konstruktiv və qarşılıqlı anlaşma xarakterində olduğunu dəfələrlə bəyan etmişdir. Türkiyə Prezidenti növbəti dəfə açıq bəyan etmişdir ki, “hər zaman oldu­ğu kimi can Azərbaycanın yanındayıq”. Azərbaycan Prezidentinin köməkçisi Hik­mət Hacıyevin ABŞ-a son səfərini iki ölkə arasında əlaqələrdə yeni dönüş məqamı kimi qiymətləndirirlər. Bunu Amerika tərə­finin ritorikasını müsbətə doğru yeniləş­dirməsi fonunda ifadə edirlər. Aİ sərhəd delimitasiyası prosesini alqışlamaqla yanaşı, Azərbaycanın yeni səviyyədə enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığı haqqında fikirlər ifadə edir. Bu kontekstdə Bolqarıstan Prezidentinin Azərbaycana səfəri maraqlı təəssürat ya­ratmaqdadır.

Region dövlətlərinin təhlükəsizliyi

Prezident İlham Əliyevin yuxarıda vurğulanan siyasi-diplomatik fəaliyyətini vahid məntiq çərçivəsində bütöv regional kontekstdə ümumiləşdirsək, ifadə etdiyi­miz tezisin təsdiqi üçün olduqca maraqlı mənzərə alarıq. Konkret şəkildə aydın olur ki, İlham Əliyev məharətlə kənar qü­vvələrin regiona mənfi təsirini minimuma endirmişdir və buna paralel olaraq regi­onun böyük dövlətlərinin “Cənubi Qafqa­zın geosiyasi qalxanı” funksiyasını yerinə yetirmələri istiqamətində bir addım da irəli atmalarını stimullaşdırmışdır. Bu bağlılıq­da İlham Əliyevin regionun postmüharibə dövrünün arxitektoru kimi daha dolğun obrazı yaranmaqdadır. Vurğulanan faktlar fonunda bu obrazın fəlsəfi anlamı, hesab edirik ki, politoloji əhəmiyyət daşıyır. 

Azərbaycan Prezidenti artıq bütün region dövlətlərinin maraqlarını yüksək səviyyədə qoruyan liderdir! Ermənistan və Gürcüstanla bağlı baş verən son ha­disələr və böyük güclərin Azərbaycan­la münasibətlərində görmək istədikləri məzmunu bunu təsdiq edir. Çox əhəmiy­yətlidir ki, İlham Əliyev güclü dövlətlərlə münasibətləri cəsarətlə regionun sülh, əməkdaşlıq və təhlükəsizlik maraqlarını bütöv nəzərə alan məcraya yönəldə bil­mişdir. Bu, müasir Avrasiyanın geosiyasi tarixində ilk hadisədir. Onun nəzərə alın­ması artıq ən müasir geosiyasi təlimlər üçün zərurət olmuşdur!

Bunlar Azərbaycan Prezidentinin postmüharibə dövrünün memarı kimi fəa­liyyətinin regional miqyasda güclü təsiri­nin mövcudluğunu ifadə edir. Deyə bilərik ki, İlham Əliyevin vurğulanan aspektdə liderlik fəaliyyətinin fəlsəfi anlamının digər cəhəti böyük güclərin Cənubi Qafqazda maraqlarını yeni nisbətdə tarazlaşdır­maqla bağlıdır. Liderliyin bu aspekti post­müharibə dövrü üçün olduqca əhəmiyyətli yenilikdir. Nəyə görə?

Məsələ ondan ibarətdir ki, müstəqil Azərbaycan Respublikasının xarici si­yasətində böyük güclərin maraqlarının ta­razlaşdırılması ərazi bütövlüyünün təmini kontekstində idi. Həmin mərhələdə Ulu öndər yüksək zəkavi səviyyədə milli ide­yanın reallaşması üçün davamlı addım­ları müəyyən etmişdi və onun sayəsində konkret siyasi və geosiyasi məqsədlərə çatmaq nəzərdə tutulmuşdu. 

Birincisi, Azərbaycan Respublikası dövlətinin müstəqilliyi və suverenliyi­ni tam təmin edə bilən dövlət olduğunu beynəlxalq aləmə nümayiş etdirməkdən ibarət idi. 

İkincisi, milli ideyanın ərazi bütövlüyü­nü təmin etməkdən ibarət məzmununun tam reallaşmasından sonra Azərbaycan Respublikasının hüquqi demokratik döv­lət kimi daha geniş miqyasda və əhatəli geosiyasi məkanda fəaliyyətini uğurla da­vam etdirmək qüdrətində olduğunu sübut etdirməkdir. 

Üçüncüsü, Azərbaycan Respublika­sı dövlətinin geosiyasi mənada özünün yeni tarixi mərhələsini müəyyən edərək, qarşısına qoyduğu məqsədlərə regional və dünya miqyasında çatmaq qüdrətində olduğunu sübut etməkdir. 

Sonuncu tezisi bir qədər geniş izah etməyə ehtiyac vardır. Müstəqil dövlə­tin konsepsiya ilə yanaşı, praktiki olaraq qarşısına qoyduğu məqsədlərə çatmaq qabiliyyətində olduğunu realpolitika çərçi­vəsində konkret fəaliyyətlə təsdiq etməsi mütləq şərtdir. Gözəl məqsədlər müəyyən etmək və ona uyğun məntiqi ziddiyyəti ol­mayan nəzəriyyələr yaratmaq olar. Lakin onların praktiki reallaşma mexanizmləri dəqiq, işlək və nəticəverici olmasa, döv­lətçilik yerində saymış olur, cəmiyyət isə özünü yüksək ideallarla aldadır. Deməli, nəzərdə tutulan işlərin reallaşması so­nucda liderin kimliyini və dövlətin taleyini müəyyən edir. 

Azərbaycan Respublikası XXI əsr­də dövlətçilik baxımından yeni təsir da­irəsinə yüksəlmək üçün ilk mərhələdəki nailiyyətləri yenidən düzgün təhlil edib, real vəzifələri müəyyən etməli idi. Xarici siyasətdə bu, başqa məqamlarla yana­şı, yeni şərtlər daxilində böyük güclərin geosiyasi maraqlarını milli marağımıza nisbətən müəyyənləşdirməyi tələb edirdi. Bu da siyasi-diplomatik praktikada, birin­cisi, regional miqyası aşan və sistemüstü şəbəkə diplomatiyasını ifadə edən fəa­liyyət kursunu müəyyənləşdirməyi tələb edir: İkincisi, regiona təsir göstərən hər bir geosiyasi güclə ayrılıqda və kompleks halında buradakı maraqlarını məharətlə tənziləməyi ön sıraya çıxarır. Həm də bu prosesi hər bir geosiyasi oyunçunun ma­raqlarını nəzərə alan proqramların həya­ta keçməsi üsulu ilə reallaşdırmaq lazım gəlir. Çünki başqa halda, bu, ancaq yaxşı vəd olaraq qalır. 

Bütün bunlar avtomatik surətdə üç mühüm vəzifəni ortaya çıxarır: 

Birincisi, konkret strateji məqsədin müəyyən edildiyi yeni tarixi mərhələnin ümumi siyasi və geosiyasi konturlarını müəyyənləşdirmək. 

İkincisi, həmin mərhələdə uğurlu olacaq yeni milli ideyanın məzmununu müəyyən etmək. 

Üçüncüsü, yeni mərhələdə böyük güclərin maraqlarının yeni nisbətini Azər­baycanın uğurlu fəaliyyətinə dəstək verə biləcək aspektdə müəyyən etmək. 

İlham Əliyev artıq bu vəzifələrdən ikisinin – yeni tarixi mərhələnin siyasi və geosiyasi konturlarını və böyük güclərin regional maraqlarının milli maraq fonun­da yeni nisbətini müəyyənləşdirməyin öhdəsindən gəlmişdir. Şübhə yoxdur ki, yaxın zamanlarda Azərbaycan Prezidenti cəmiyyətin də ciddi müzakirəsindən son­ra yeni milli ideyanın çox lakonik və real məzmununu bəyan edəcəkdir. 

Bu məqamı postmüharibə dövrünün arxitekturasının mərkəzi punktu kimi təsəvvür etsək, Prezident İlham Əliye­vin həmin prosesin memarı kimi liderlik fəaliyyətinin növbəti strateji məqamının fəlsəfi dərkinə baş vura bilərik. Konkret olaraq liderliyin hansı keyfiyyətini nəzər­də tuturuq? 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət