Milli Məclisdə müzakirələr

post-img

Mayın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. 

Əvvəlcə deputatlar cari məsələlərdən danışdılar. Çıxış edənlər Ermənistanda ic­timai-siyasi gərginliyin davam etməsindən və bunun əsas təşkilatçısının keşiş Baqrat Qalstanyan adında keşişin olduğunu bildir­dilər. Qeyd edildi ki, o, yenidən “izdiham­lı” mitinqlər təşkil etməyi planlaşdırır.

Deputatlar İkinci Qarabağ müharibə­sində erməni keşişlərin əlində silah gör­düklərini və tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan birinin də erməni kilsəsi olduğunu diqqətə çatdırdılar. Kil­sə bu gün də eyni siyasəti davam etdirir. Əslində, dinlərin əsas vəzifələrindən biri də xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı mühari­bəyə və düşmənçiliyə çağırmayıb. Ancaq keşiş Baqrat Qalstanyan erməni cəmiyyə­tinə sülhün alternativinin müharibə oldu­ğunu deyir və insanları müharibəyə çağırır. 

Qeyd edildi ki, müharibədən bezmiş erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir: “Ermənistanın yeganə çıxış yolu Azərbay­can və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Bunu erməni cəmiy­yətinin böyük əksəriyyəti başa düşdüyün­dən baqratların arxasınca getmir və onları dəstəkləmir” – deyə çıxışlarda bildirildi. 

Sonra S.Qafarova iclasda 7 qanun la­yihəsinin müzakirəsinin planlaşdırıldığını diqqətə çatdırdı. Birinci məsələ – Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023–cü ildə fəaliyyəti haqqında Ailə, Qa­dın və Uşaq Problemləri üzrə Dövlət Ko­mitəsinin sədri Bahar Muradova məlumat verdi.

O, Dövlət Komitəsinin 2023-cü ildə öz əsasnaməsində müəyyən edilmiş is­tiqamətlər üzrə vəzifələrini uğurla həyata keçirdiyini bildirdi. Dedi ki, komitə il ər­zində bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq edib, beynəlxalq və qeyri-hö­kumət təşkilatları ilə birgə layihələr həyata keçirib, 2023-cü ildə normativ hüquqi ba­zanın təkmilləşdirilməsi sahəsində önəmli addımlar atılıb: “2023-cü il ərzində Döv­lət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduk­tiv sağlamlığın, milli-mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Komitə yerli icra hakimiyyətləri orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Komitənin tövsiyəsi ilə bütün bələdiy­yələrdə Gender Komissiyaları yaradılıb”.

Hesabatla bağlı çıxış edən deputat­lar illik məlumatı yüksək qiymətləndirib, sənədin peşəkar səviyyədə tərtib olundu­ğunu, bütün sahələr üzrə detallı təhlillərin aparıldığını qeyd etdilər və hesabat qənaət­bəxş hesab olundu. 

Təklif edildi ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınsın.

Sonra gündəlikdəki qanun layihələri müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. 

Spiker iclasın sonunda çıxış edərək 4 gündən sonra may ayının 28-də ölkəmiz­də Müstəqillik Gününün qeyd ediləcəyini bildirdi . O dedi ki, 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addım­lar təkcə ölkəmizin deyil, bütün müsəl­man Şərqinin siyasi təkamülündə mühüm rol oynayıb. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnərək 1991-ci ildə dövlət müstəqil­liyini bərpa etmişdir. 

1993-cü ilin iyun ayında xalqın təkid­li tələbi ilə ali hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi, Azərbaycan sistemli böhrandan çıxıb ardıcıl inkişaf yo­luna qədəm qoydu. Ümummilli liderimizin inkişaf strategiyasını layiqincə davam et­dirən Prezident İlham Əliyevin həyata ke­çirdiyi daxili və xarici siyasət Azərbaycanı gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli dövlətə çevirmiş­dir”. 

Sonra Milli Məclis Azərbaycan Pre­zidenti İlham Əliyev və Birinci vit­se-prezident Mehriban Əliyevanı 28 May Müstəqillik Günü münasibətilə təbrik etdi. S.Qafarova təklif etdi ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndəril­sin.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər