Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini gücləndirir. Ötən müddət ərzində ölkəmiz beynəlxalq münasibətlərin mühüm aktoru kimi xarici ölkələr ilə intensiv siyasi və iqtisadi əlaqələr qurur. Parlaq diplomatiya sayəsində bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən strateji ölkə kimi qəbul olunur və nəqliyyat-logistika şəbəkəsinin inkişafı Mərkəzi Asiya ölkələrinin və bu regionda yerləşən Tacikistanın da inkişafına müsbət təsir göstərir. Mərkəzi Asiyanın mühüm ölkəsi sayılan Tacikistan ilə də münasibətlər bu qəbildəndir və bu ölkə ilə əməkdaşlığımızın inkişafı uğurla davam etdirilir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Azərbaycan ilə Tacikistan arasında sovet hakimiyyəti dövründə qurulmuş çoxillik, möhkəm iqtisadi, mədəni və tarixi əlaqələr mövcuddur. Bu tendensiya hər iki respublika müstəqillik əldə etdikdən sonra da davam etdi və gücləndi. Azərbaycan Tacikistanın dövlət müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir və bu da tarixi meyarlara görə qısa müddətdir. Lakin bu müddət ərzində xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanıldı. Tacikistan-Azərbaycan münasibətlərinin yaxın tarixi ölkələrimizin xoşməramlılıq, suveren bərabərliyin və ərazi bütövlüyünün tanınması, habelə qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət üçün seçdiyi kursun düzgünlüyünü bir daha sübut etdi. Hazırda Tacikistan və Azərbaycan arasında əməkdaşlıq yüksək inkişaf səviyyəsindədir və genişlənməyə meyllidir.
Təbii ki, bizi Mərkəzi Asiyanın ayrı-ayrı dövlətləri ilə ortaq tarix, mədəniyyət, adət-ənənələr, iqtisadi və siyasi maraqlarla bağlayır. Bütün bunlar Azərbaycanla bu dövlətlər arasında münasibətlərin xarakterini müəyyən edir və əslində, bizim Mərkəzi Asiya siyasətimizin vektorunu formalaşdırır. Bu siyasətin mühüm istiqamətlərindən biri də Tacikistandır.
Azərbacyan Tacikistan ilə qarşılıqlı etimada və hörmətə əsaslanan hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Hər iki xalqı çoxəsrlik tarix və mədəniyyət, dostluq münasibətləri, ortaq dəyərlər və ənənələr birləşdirir. Hazırda ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir və iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə qeyd olunan prinsiplərə əsaslanır. İkitərəfli əməkdaşlığın hüquqi bazasını qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini tənzimləyən çoxsaylı sazişlər təşkil edir. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. Bu müqavilələrin iki ölkə arasında çoxtərəfli münasibətlərin daha da dərinləşməsinə şərait yaradacağı şübhə doğurmur. Prezident İlham Əliyevin bildirdiyi kimi imzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək.
Tacikistan və Azərbaycan liderlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bütün sahələrdə tədricən inkişaf edir. Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili, ticarət-iqtisadi, sənaye, kənd təsərrüfatı, investisiya, tranzit, nəqliyyat və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Ölkələrimizin mövcud iqtisadi potensialını nəzərə alaraq qeyd etmək olar ki, böyük istifadə olunmamış ehtiyatlar mövcuddur və əminliklə demək olar ki, Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və dərinləşməsi üçün hər cür şans var. Çünki Tacikistan və Azərbaycanın iqtisadi və qanunvericilik bazası onların inkişafı üçün lazımi hüquqi platformanı təmin edir.
Deputat sonda qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq regionumuzda kommunikasiyaların açılması sülh, təhlükəsizlik, sabitlik, firavanlıq və qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq. Bu da investisiyaların cəlb edilməsi və davamlı inkişaf deməkdir. Hazırlanmış kommunikasiya layihələri öz növbəsində regionun gələcək nəqliyyat və enerji xəritəsini, eləcə də bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını formalaşdırır. Bütün bunlar təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyanın dənizə çıxışı olmayan dövlətləri üçün əlverişli şərait yaradır. Tacikistan da Cənubi Qafqaz ərazisindən istifadə edərək Avropa bazarları ilə daha sərfəli əlaqə yarada bilər.
Ölkələrimizi həm də tarixi dostluq, siyasi, humanitar və digər sahələrdə əlaqələr birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Buna görə də, Tacikistan liderinin Azərbaycana səfəri münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verəcək.