"Ötən il Avropa çempionu olmuşdum. Bu il isə dünya çempionluğunu qazandım. Əla hissdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırdığı üçün xoşbəxt olduğunu söyləyib: "Mən hər zaman ölkəmin üçrəngli bayrağını yüksəklərə qaldırmaq arzusundayam. Uğurlarımı qarşıdakı yarışlarda da davam etdirəcəyəm".
26 yaşlı idmançı bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Hidayət Heydərovu təbrik etməsi hər iki idmançıya əlavə stimul verib: "Hidayət mənə həmin təbrik paylaşımını göstərdi və çox xoşbəxt olduğunu söylədi. Bu paylaşım bizə əlavə güc verdi. Hətta Hidayət qızıl medalı qazandıqdan sonra bunu mənim də bacaracağıma inandığını bildirdi. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyana təşəkkür edirəm. Onların dəstəyi sayəsində bu nəticəni əldə etdim".