Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Rusiya Baş Prokurorluğu özünü “insan hüquqlarının müdafiəçisi” elan etmiş "Freedom House" təşkilatını “arzuolunmaz qurum” elan edib. Rusiya KİV-inin yaydığı məlumata görə, prokurorluq qeyd edib ki, təşkilatın əsas fəaliyyət istiqamətləri arasında ABŞ-nin dünyada “dominant” rolunun bərqərar olmasına yardım da daxildir.
Açıqlamada daha sonra bildirilir ki, "Ukraynada xüsusi hərbi əməliyyatlar başlanandan sonra “Freedom House” təşkilatı Ukraynaya yardım göstərilməsi, Rusiyanın “dondurulmuş” aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi və Moskvaya qarşı sanksiyaların gücləndirilməsi yönündə çağırışlar etməyə başlayıb. Rusiyanı məğlub etmək üçün bütün kampaniyalara dəstək verib”.
Paralel olaraq, “Freedom House” Rusiyanın qərbyönümlü müxalifət strukturlarına, terror cinayətlərinə görə məhkum olunmuş şəxslərə, həmçinin cəmiyyət üçün qeyri-ənənəvi icmalara– LGBT fəallarına informasiya, maliyyə və hüquqi dəstək verməkdə ittiham olunur.
Qeyd olunanları nəzərə alaraq, Rusiya Baş Prokurorluğu ABŞ tərəfindən maliyyələşdirilən və idarə olunan “Freedom House” təşkilatını “arzuolunmaz” elan edib. Öz vətəndaşlarına onunla işləməyi və ya onunla hər hansı formada əlaqə saxlamağı faktiki olaraq yasaqlayıb.
Rusiya Baş Prokurorluğunun “Freedom House” barədə açıqlamasında mübahisəli məqamlar da var. Məsələn, Ukraynada 2 ildən artıq bir müddətdə davam edən və yüz minlərlə insanın həyatına son qoyan silahlı qarşıdurma bu açıqlamada hələ də "xüsusi hərbi əməliyyatlar” adlandırılır. Hansı ki, bütün dünya Ukraynadakı prosesləri müharibə kimi tanıyır və buna uyğun olaraq davranır. Təbii ki, Ukraynadakı müharibənin "xüsusi hərbi əməliyyatlar” adlandırılması Rusiyanın ümumi siyasi kursuna dəlalət edir və Baş Prokurorluğun da bu kursa uyğun davranması anlaşılandır.
Amma bu cür nüanslar ümumilikdə “Freedom House” barədə deyilənləri inkar etmir. Onun fəaliyyətinin qüsurlu olmasını şübhəyə almır. Baş prokurorluq bildirir ki, “Freedom House” sözdə özünü “insan haqlarının beynəlxalq müdafiəçisi” elan etsə də, reallıqda ABŞ xarici siyasətinin bir elementi kimi fəaliyyət göstərir. Təkcə Rusiyaya qarşı deyil, ABŞ-nin hədəfində olan bütün dövlətlərə qarşı qərəzli münasibət sərgiləyir. Hədəfdə olan dövlətlərə qarşı kampaniyalar keçirərək, onları beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirir. Məsələn, “Freedom House” “Dünyada azadlıqlar–2024” hesabatı vasitəsilə 210 ölkədə “insan haqlarının qiymətləndirilməsini” aparıb. Hesabatda vurğulanır ki, 2023-cü ildə 52 ölkədə siyasi və mülki hüquqlar sahəsində durum pisləşib: “Hazırda dünya əhalisinin 38 faizi demokratik baxımdan azad olmayan, 42 faizi qismən azad, cəmi 20 faizi azad ölkələrdə yaşayır”.
Diqqətlə yanaşanda bəlli olur ki, ABŞ-nin siyasətinə boyun əyməyən, müstəqil davranan nə qədər ölkə varsa, hamısının adını toplayıb hesabatın “demokratik azadlıqlar olmayan ölkələr” kateqoriyasında göstəriblər. Bu dövlətlər “bütün azadlıq indeksləri üzrə pis tendensiyaların yaradıcıları” kimi təqdim edilir. Danılmaz faktdır ki, həmin dövlətlər ABŞ-nin strateji planlarında hədəf seçilən, rəqib qismində görünənlərdir. ABŞ-nin siyasəti ilə uyğunlaşmayan bu dövlətlər “qeyri-azad ölkələr” indeksi üzrə dəyərləndiriliblər.
Məlumat üçün deyək ki, Azərbaycan da uzun illər ərzində bu cür subyektiv yanaşmadan əziyyət çəkib. “Freedom House” təşkilatı Azərbaycanın öz müstəqilliyini elan etməsindən başlayaraq, bu günə qədər heç vaxt ölkəmiz barədə obyektiv rəy verməyib. ABŞ 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş edib Azərbaycanın müstəqilliyini təhdid altına aldığı kimi, “Freedom House” də bu illər ərzində hazırladığı hesabatlarda yalnız qərəz büruzə verib. O, ABŞ-nin siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də davam etdirir. Yəni, obyektiv deyil, konyekturaçıdır.
Əslində, beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Müstəqilliyini qorumalı, obyektiv olmalı, demokratik inkişaf, insan haqları, azadlıqlar uğrunda çalışmalıdır. Obyektiv hesabatlar hazırlamaq üçün ilk növbədə təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, “Freedom House” özü azad və müstəqil deyil. ABŞ siyasətinin icraçı strukturudur. Buna görə də onun hazırladığı hesabatlar demokratik azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz.