ATƏT-in Minsk qrupunun sonluqsuz hekayəti ora atılıb
Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin sakinləri ilə görüşdə Qarabağ münaqişəsinin həllindəki fəaliyyətinə görə ATƏT-in Minsk qrupu ölkələrini sərt tənqid etdi. Bu zaman dövlətimizin başçısı Azərbaycanın maraqlarına cavab verən qərarlar qəbul etməyən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk qrupunun təxminən otuz illik vasitəçiliyindən narazılığını da dilə gətirdi: “28 il ərzində Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi”.
Cənab Prezident keçmiş sovet liderlərini və Qərb dövlətlərini mübahisəli ərazilərlə bağlı Ermənistana yalan vədlər verməkdə, bunun isə uzun sürən münaqişəyə və hər iki tərəfin əzab-iztirablarına səbəb olmasında ittiham edib. “Necə ki sovet dövründə ermənipərəst Mixail Qorbaçov və ondan sonra hakimiyyətə gəlmiş Boris Yeltsin bu torpaqları ermənilərə vəd etmişdilər, Fransa da, Amerika da həmçinin. Onlar məsələni həll etmək istəmirdilər”, – deyən İ.Əliyev indi artıq regional diplomatiyanın böyük oyunçuları – Fransa və Amerikanın Azərbaycanın mövqeyini nəzərə almalı olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycan liderinin məlum bəyanatı ABŞ səfirinin Şuşaya səfərindən az sonra səslənib. “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”, – deyə Prezident İlham Əliyev bildirib.
ABŞ səfirliyi Prezident İlham Əliyevin sərt tənqidinə özünəməxsus formada, diplomatik tərzdə yumşaq reaksiya verib. Dövlətimizin başçısının ünvanlı ittihamlarını “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə şərh edən ABŞ-nin Azərbaycandakı səfirliyində birbaşa cavabdan yayınaraq, sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla Ermənistan arasında diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. ABŞ səfirliyində onu da qeyd ediblər ki, hər iki ölkə onların suverenliyini və ərazi bütövlüyünü tanıyan saziş yolunda əhəmiyyətli uğurlar qazanıb: “Biz bu dinamikanı saxlamağa və əvvəlki danışıqların nəticələrinə əsaslanan sazişi bağlamağa çağırırıq. Biz hər iki ölkənin rəhbərliyini dəstəkləməkdə davam edirik və hər kəsin hüquqlarına hörmət edilən layiqli və davamlı sülhə nail olmaq üçün yardımımızı təklif edirik”.
Yeri gəlmişkən, dünən Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Xarici, Avropa işləri və ticarət naziri İan Borqu qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bu təsisatın ömrünü başa vurduğunu onun nəzərinə çatdırdı: “Artıq Ermənistan–Azərbaycan münaqişəsi tarixdə qaldı və mövcud deyil. Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”.
Rəsmi Bakının həm keçmişdə qalmış ATƏT-in Minsk qrupu, həm də Ağ evin Cənubi Qafqazda yürütməyə çalışdığı ikibaşlı siyasətinə kifayət qədər aydın və sərt mövqeyini ortaya qoyan İlham Əliyevə nə birinci, nə də ikinci instansiya arqumentli cavab verə bildi. Buna görə ümumi tezislərlə tərəflərə “dəstəyi davam etdirəcəkləri” və “bölgədə layiqli və davamlı sülhə nail olmaq üçün yardımlarını kəsməyəcəkləri” kimi ümumi şərhlər açıqladılar. Axı, onların deməyə başqa sözləri də qalmayıb. Azərbaycanın üç il altı ay bundan əvvəl tarixin siyasət arxivinə göndərdiyi həmin Minsk qrupunun saxta sənədlərlə dolu dosyesinin yeri “özünü doğrultmayanlar” qrifli rəfidir.
İ.HƏSƏNQALA
XQ