Milli Məclisin Sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.
Sinqapur parlamentinin sədri bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə əminliyini bildirib. O, ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.
Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılıb və ötən illər ərzində bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. S.Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verərək, şəbəkənin parlamentlərimizin əməkdaşlığı baxımından mühüm bir platforma ola biləcəyini söyləyib. O, həmçinin Milli Məclisin 2022-ci ildə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu aldığını, bu təşkilatın da əməkdaşlıq baxımından daha bir imkan olduğunu deyib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Həmçinin təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Bu cür əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafına, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
Spiker qarşı tərəfə bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisi olduğunu söyləyib. S.Qafarova sessiya çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan parlament iclası haqqında da məlumat verərək, Sinqapur parlamentinin sədrini bu mühüm tədbirə dəvət edib.
Sonra Milli Məclisin nümayəndə heyəti Sinqapur parlamenti ilə tanış olub.
Ə.BƏDƏLOV
XQ