Birləşmiş müxalifətin Nikol Paşinyanı yıxması Ermənistana nə verər?
Pessimist proqnozdur, amma əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, burada hadisələrin axarının hansı məcraya yönələcəyini indidən heç kəs söyləyə bilməz. Mövcud durum, sadəcə olaraq, məntiqə və sağlam düşüncəyə sığan bəzi ehtimal və fərziyyələri irəli sürməyə ipucu verir. Əminliklə demək olar ki, kilsənin xeyir-duasını verdiyi “Tavuş Vətən naminə” İrəvana yürüş hərəkatına başlamaq ideyası ölkə daxilində siyasi böhranı yetişdirmək və baş naziri postundan devirmək məqsədinə xidmət edir. Yürüşün Almatıda sülh danışıqlarına üç gün qalmış başlaması da təsadüfi sayılmamalıdır. Onların niyyəti həm də Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında birbaşa sülh təmaslarının qarşısını almaq idi, amma buna nail olmadılar. Bunu Nikol Paşinyanın özü mayın 7-də keçirdiyi mətbuat konfransında açıq etiraf etdi: “Müxalifət mənim Azərbaycanla sülh sazişi bağlamaq istəyimə qarşıdır”.
Kənardan idarə olunan Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın mayın 9-da açıq havada keçirilən mitinqdə üzünü baş nazirə tutaraq “sizin Ermənistan Respublikasında artıq heç bir səlahiyyətiniz yoxdur” deməsi isə birbaşa hakimiyyət çevrilişinə çağırış idi. Amma bu da danılmaz faktdır ki, anti–Paşinyan cəbhəsi uzun müddət ərzində ilk dəfə etiraz kampaniyasına kifayət qədər böyük kütlə toplaya bildi. Bu isə onlara paralel mübarizə üsullarına keçməyə imkan yaratdı. Ən “effektli üsul” isə Qarabağ klanını istefaya göndərməyi bacarmış Paşinyanın özünün komandasının nümunəsi oldu. Yəni, eynilə onun kimi, “xalq yürüşü” ilə Ermənistanı ictimai iflic vəziyyətinə gətirməyi hədəfləyən revanşistlər indi paytaxt İrəvanın küçələrində barrikadalar qurmaqla məşğuldurlar.
Sülhə qənim kəsilənlər
İrəvan ermənilərinin 20 il hakimiyyətdə olmuş Qarabağ klanına aşağılayıcı münasibəti məlumdur. Fəqət bunun fonunda Ermənistan cəmiyyətində hələ də böyük nüfuza malik kilsənin aparıcı qüvvə olduğunu da danmaq olmaz. Bəli, vəziyyət kifayət dərəcədə ciddidir və indi hər şey Nikol Paşinyanın diplomatik məharətindən asılı kimi görünür. Əslində, Ermənistan baş nazirinin son aylarda etdiyi çıxışları, atdığı əməli addımları onun Bakı ilə ikitərəfli danışıqlarda praqmatizmə üstünlük verməsinin təzahürü sayılmalıdır. Yəqin bu amil həm daxildəki daşnak–separatçı qüvvələrin, “beşinci kolonun”, eləcə də bölgədə sülhə və sabitliyə qarşı çıxan xaricdəki dəstəkçilərin maraqları ilə üst-üstə düşmür.
Bu amilə diqqəti çəkən siyasi şərhçi Tofiq Abbasov “XQ”-yə açıqlamasında Paşinyanın Ermənistanın xilas yolunun qarşıdurmadan deyil, Azərbaycan və Türkiyə ilə barışıqdan keçdiyini anladığını dedi: “Bəli, Paşinyandan fərqli olaraq, kilsə, diaspor təşkilatları, lobbiçilər, xaricdəki bəzi qüvvələr cidd-cəhdlə çalışırlar ki, Ermənistanla Azərbaycan arasında sülh olmasın. Amma Paşinyan yaxşı başa düşür ki, qarşıdurma xəttinin davam etdirilməsi Ermənistanın axırına çıxa bilər. Həmin radikalların, revanşistlərin əsas məqsədi hakimiyyəti ələ keçirməkdir. İnandırım sizi ki, əgər onlar hakimiyyətə gəlsələr özləri Azərbaycanın qarşısında təzim edəcək və şərtlərimizlə razılaşacaqlar. Sadəcə olaraq, sabiqlər, Qarabağ klanı, kilsə Nikol Paşinyana olan nifrətlərini gizlədə bilmirlər.
Prezident İlham Əliyevin müdrikcəsinə söylədiyi bir fikri xatırladım. Dedi ki, biz öz qələbəmizlə Paşinyanın deyil, Koçaryan və Sarkiyanın ordusunu məğlub etdik. Tarixi ədaləti bərpa etmək isə bizim haqqımız idi. Hazırda cəmiyyətdə revanşizmi körükləməyə çalışan həmin klan hakimiyyətə qayıtmaq barədə düşünür. Qarşıdurmanın, gərginliyin artması onların maraqlarına cavab verir. Revanşistlərin qovluğunda isə “sülh paketi” yoxdur. Biz bunun təsdiqini əyani şəkildə görmüşük. Paşinyan isə sülh yolunun alternativinin olmadığını anlayır. Əgər həmin sabiqlər yenidən hakimiyyətə yiyələnsələr və doğrudan da, qarşıdurma meyillərini gücləndirsələr, başlarına iş açacaqlar. Çünki, üç gün bundan əvvəl Prezident İlham Əliyev məhz həmin qaragüruhu nəzərdə tutaraq, onlara xəbərdarlıq etdi. Hətta onların arxasında duran Fransaya, ABŞ-a da ciddi mesaj göndərərək bir daha xatırlatdı ki, bölgənin daxili işlərinə qarışmayın, çünki burada söz və güc sahibi bizik”.
Təbii ki, Azərbaycan bütün variantlara hazırdır və dediyi sözün ağasıdır. Biz otuz ilə yaxın haqsızlığa dözə-dözə ona görə güclənmədik və ərazilərimizi işğaldan azad etmədik ki, indi yenidən avantürist ssenarilərə dözək. Bu, olmayacaq. Bölgənin və dünyanın bütün sağlam qüvvələrinin Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyən ekspert bir qonşu kimi heç vaxt Ermənistana xor baxmadığımızı qeyd etdi: “Əksinə, onlar həmişə biz tərəfə çəpəgi baxıblar. Keçmişin xəyalları ilə yaşayan revanşistlərin çirkin və ikiüzlü əməlləri ilə heç vaxt barışmayacağıq. Nəhayət, başa düşməlidirlər ki, Azərbaycan sözdən konkret hərəkətə keçib və bu yoldan dönən deyil. İndi otursunlar və düşünsünlər ki, bundan sonra öz məkrli siyasətlərini heç bir halda Azərbaycana sırıya bilməyəcəklər. İstəyimiz onların sülhə gəlməsidir. Yox, əgər bunu istəmirlərsə, onda özlərindən küssünlər”.
“Keşişin şansı yoxdur”
Kənardan belə görünür ki, hazırda Ermənistan ictimaiyyəti seçim qarşısındadır. Ya keşişin arxasınca gedib müharibəyə razılığını bildirməli, ya da Paşinyanı dəstəkləməklə sülh danışıqlarının məntiqi sonluğa çatmasına nail olmalıdır. Bakının hər iki varianta hazır olduğunu deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, keşiş tərəfdarları qalib gələrsə, ardınca sərhəddə basdırılan dirəklər sökülərsə, bu, müharibə demək olacaq: “Növbəti müharibədə də Azərbaycanın qələbəsi labüddür və bu halda biz tarixi torpaqlarımıza da qovuşacağıq. Düşünürəm ki, erməni cəmiyyəti bunu anladığına görədir ki, geniş kütlə keşiş Qalstanyanın arxasınca getmir. İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra həmin daşnak revanşistlər bir ay meydanlarda süləndilər, qışqırdılar, amma heç bir nəticə əldə edə bilmədilər. Nikol Paşinyan hakimiyyətini qorudu və növbədənkənar parlament seçkilərində onun partiyası səslərin çoxunu qazandı. Hesab edirəm ki, indi də oxşar vəziyyətdir və bir müddətdən sonra etirazlar səngiyəcək. Əlbəttə ki, Azərbaycan müharibəyə hazırdır, fəqət biz Ermənistanda sabitliyin tərəfdarıyıq. Ona görə bunda maraqlıyıq ki, rəsmi İrəvan imzasını atdığı bütün sənədlərdəki öhdəliklərinə riayət etməlidir”.
Dövlət başçımızın Şuşadakı məlum çıxışında bu məsələyə tam aydınlıq gətirdiyinə diqqət çəkən E.Şahinoğlu Azərbaycanın bir daha müharibə istəmədiyini, Qarabağda quruculuq işlərini davam etdirdiyini bildirdi: “Yox, əgər bizi hərbi qarşıdurmaya təhrik etsələr, cavablarını artıqlaması ilə alacaqlar. Cənab Prezident ikinci mesajını Ermənistandakı radikallara ünvanladı. Yəni, nəzərə çatdırdı ki, rəsmi İrəvan bugünədək əldə olunmuş ikitərəfli razılaşmalardan imtina etsə, bu halda daha ağır zərbələr endirə bilərik. Bu, eyni zamanda, həmin radikal revanşistlərin arxasınca getmək barədə düşünən ermənilərə mesaj sayılmalıdır. Real proqnoz odur ki, Ermənistan ictimaiyyəti dediyimiz reallıqları anladığına görə, keşişin arxasınca getməyəcək, Paşinyanı və sülhü dəstəkləyəcək”.
Qarabağ erməniləri də ayılıblar
“Onu demək istərdim ki, Nikol Paşinyanın əleyhdarları onu yıxmaq iqtidarında deyillər”. Bu qənaətini qəzetimizin oxucuları ilə bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bunu revanşist qüvvələrin cəmiyyətə çatdırmaq üçün heç bir pozitiv proqrama malik olmamaları ilə izah etdi: “Doğrudur, onlar Paşinyanı söyürlər, amma tutaq ki, Paşinyanı devirdilər, sonra gəlib Azərbaycanla müharibə aparacaqlar? Bundan ötrü onların nə gücləri, nə də cəsarətləri çatar. “Dəmir yumruğ”un təsiri hələ başlarından çəkilməyib. Yəni, erməni xalqı övladlarını bir daha Azərbaycanın müzəffər Ordusunun qarşısına göndərməyə razılaşmayacaq. Bu qüvvələrin Paşinyanı yıxmaq ehtimalı olduqca zəifdir. Etiraz yürüşünü, impiçmenti dəstəkləyən Koçaryan və Sarkisyanı indiki durumda ən çox maraqlandıran canlarını və mal-mülkləri qoruya bilmələridir. Guya, onlar gəlib Rusiya ilə müttəfiqliyi bərpa edəcəklər, bu amildən yararlanacaqlar və s. qeyri-ciddi söhbətlərdir. Uzun sözün qısası, bu antimilli qüvvələrin nə hakimiyyətə gəlmək, nə də ki Azərbaycana qarşı nəsə etmək şansları var. Hətta, ikinci variantda xarici tərəfdaşlarını münaqişəyə cəlb etmək xəyallarına düşsələr belə, Türkiyə amilini yaddan çıxarmamalıdırlar. Yoxsa, yenidən torpaqlarımızı işğal etmək barədə düşünürlər? Bunu heç yuxularında da görməyəcəklər. Sadəcə, hakimiyyətə gəlmək üçün faydasız cəhdlərə baş vururlar”.
Keşişin başladığı etiraz hərəkatının artıq sönməyə doğru getdiyini vurğulayan millət vəkili Qarabağdan köçmüş ermənilərin də arxiyepiskopun arxasından çəkiləcəklərinə əmin olduğunu söylədi: “Paşinyan onlara da çatdırdı ki, həmin Koçaryan və Sarkisyanın ucbatından evinizdən–eşiyinizdən olmusunuz. Məgər, bu, sizə dərs olmadı? Onlar sizi yeni qırğına verməyə hazırdırlar. Yox, əgər Ermənistanda məskunlaşmaq istəyirsinizsə, bunu sizə yalnız Paşinyanın hökuməti verə bilər. Qarabağ erməniləri də artıq ayılıblar və başa düşürlər ki, keşişin, sabiq klanın məqsədləri hakimiyyətə gəldikdən sonra onları növbəti qırğına verməkdir. Buna görə revanşistlər güclü sosial bazaya malik deyillər”.
Sabah gec ola bilər
Ermənistandakı mövcud durum Cənubi Qafqazda yeni münaqişə və qarşıdurma təhlükəsini təhdid edir. Revanşistləri dəstəkləyən Qərbin bəzi dövlətləri arzuladıqları hakimiyyət dəyişikliyinin həm özləri, həm də Ermənistan üçün indi proqnozlaşdırılması mümkün olmayan fəsadlara və təhlükəyə səbəb ola biləcəyini mütləq nəzərə almalıdırlar. Bütün hallarda məsuliyyət rəsmi İrəvanın üzərində qalacaq. Bunun acı nümunəsi göz qabağındadır. Ermənistan 30 il ərzində Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı və çox ağır itkilərlə, faciələrlə üzləşdi. Ona görə də Ermənistan daha çirkin təbliğatdan, siyasi oyunbazlıqdan uzaq durmalıdır. Aydın məsələdir ki, hazırda Cənubi Qafqazda Fransanın simasında Qərb və Rusiya qarşıdurması davam edir. Qərb strateji və məkrli planlarını həyata keçirmək üçün bölgədə yeni münaqişə ocağını qalamağa çalışır. Bu zaman qərbçilər Rusiyanın diqqətini Ukraynadan çəkib, bu bölgəyə yönəltmək niyyətini güdürlər. Bu, olduqca təhlükəli ssenaridir və regionun bütün ölkələri üçün ciddi problemlər yarada bilər.
İndi Ermənistanda müşahidə etdiyimiz hadisələr bizə yüz il əvvəl baş verənləri xatırladır. XX əsrin əvvəllərində “Qnçak” və “Daşnaksütyun” terrorçularına təkcə zəhərli xeyir-duaları ilə silaha sarılmağa çağırmaqla kifayətlənməyib, həm də birbaşa yardımlarla, kilsələrin zirzəmilərini silah anbarına çevirməklə məhz ermənilərin “müqəddəs” ataları məşğul idi. Ona görə də Ermənistanın hüquq-mühafizə orqanlarının qulaqları keşiş moizələrini siyasi çevrilişə çağırışdan, sülhə deyil, xaos və müharibəyə etdikləri dualardan ayırmağı bacarmalıdır. Artıq qara çuxalı və qara niyyətli katolikosların cəmiyyətə üfürdükləri nifrət və milli naqislik moizələrinin xalqı uçuruma sürüklədiyini anlayan haylar az deyil. Müharibədən yorulmuş, dincliyi və güzaranı pozulmuş sıravi erməninin məhz Nikol Paşinyanın göstərdiyi yolla getmək, ona inanmaq və arxasında durmaqdan başqa seçimi yoxdur.
İmran BƏDİRXANLI
XQ