Yaxud 44 günün göynədici dərsləri
Ermənistanda apostol kilsəsinin ənənəvi müxalifətlə birləşib ölkə iqtidarı əleyhinə başlatdığı etiraz aksiyası hər ötən gün bir qədər də dramatik şəkil almaqdadır. Əslində, bu, gözlənilən idi. Gözlənilirdi ki, erməni iqtidarı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlanmış aksiyaya axıradək seyrçi qalmayacaq. Nikolun demokrat libasını əynindən çıxaracağı da proqnozlaşdırılırdı. Başqa cür mümkün deyildi. Çünki ona qarşı çıxanlar, necə deyərlər, barıtı tündləşdirirdilər. Bütün bunların fonunda reallıqları görmək üçün bir qədər keçmişə ekskurs etmək zərurəti yaranır. Nəzərə alaq ki, hazırda Ermənistanda yaşananların əsası 2020-ci ildən qoyulub. Yəni, ölkənin 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğradığı ildən.
Bəli, İrəvanda xüsusi təyinatlılar dünən səhər saatlarından başlayaraq, nümayişçilərə güc tətbiqinə başlayıblar. Artıq ikincilər sərt şəkildə saxlanılır və müxtəlif istiqamətlərə aparılır. Konkret səbəb də var. Məsələ burasındadır ki, “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstyan vətəndaş itaətsizliyini dərinləşdirməyə, hakimiyyətə təzyiqləri gücləndirməyə çağırıb. Çağırışa səs verən nümayişçilər skamyalar və zibil qutuları ilə küçələri bağlayıblar ki, görünür, məhz, bu, hökuməti qətiyyət nümayişinə vadar edib. Nəticədə sosial şəbəkələrin erməni seqmentini insanlara vəhşicəsinə güc tətbiqini əks etdirən video-görüntülər bəzəməyə başlayıb.
***
Arayış verək ki, 2024-cü il aprelin 20-dən Ermənistanda Paşinyana qarşı etiraz aksiyaları hakimiyyətin Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində Qazaxın (onlar Tavuşun deyirlər – red.) dörd kəndinin ölkəmizə qaytarılmasında sonra başlamışdı. Bu səbəbdən B.Qalstanyan mayın 4-dən bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən yürüşə start vermişdi. Qalstyan mayın 9-dan başlayaraq, İrəvanda etiraz aksiyalarının keçiriləcəyini bildirmişdi.
Qeyd edək ki, erməni kilsəsinin bütün yeparxiyalarının rəhbərləri də Tavuş arxiyepiskopuna qoşulublar. Hərəkata ölkənin müxtəlif bölgələrindən cəlb olunanlar var. Ümumən, etirazçılar revanşist-şovinistlərdir. Məqsədləri Azərbaycanla delimitasiya və demarkasiya prosesini pozmaq, bütövlükdə, sülhə qarşı çıxmaqdır. Qalstanyana gəldikdə, o, indiyədək çox fikirlər səsləndirib. Həmin fikirlərdən ən diqqətçəkəni isə budur: “Tavuşun ardınca anklav problemləri – Tiqranaşen, Sünik problemi gələcək. Yəni, Ermənistanın şimalından cənubuna qədər biz fəlakətli risklərlə üzləşirik və bu proses dayandırılmalıdır. Bu, bizim tələbimizdir”.
Onu da bildirək ki, arxiyepiskop Baqratın Ermənistanda ali məktəblərə getmək və orada təbliğat aparmaq niyyətinə dair məlumatlar da yayılmaqdadır. Hiss olunur ki, kilsə müxalifəti ətrafında daha çox insan izdihamı görmək niyyətindədir. Əlbəttə, izdiham var, amma demək olmaz ki, güclüdür. Ümumən, hazırda baş nazir Nikol Paşinyana qarşı çıxanların bir o qədər ciddi qüvvəyə çevrildiklərini söyləmək olmaz.
***
Yazımızın keçmişə ekskurs məntiqinə keçid alaq. Əslində, Paşinyan və onun komandasında təmsil olunanlar çox haqlı olaraq bildirirlər ki, ölkədə baş verənlər 2021-ci ildə yaşananların davamıdır. Məsələ burasındadır ki, 2020-ci ilin 44 günlük müharibəsində acınacaqlı məğlubiyyətdən və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Ermənistanda, xüsusən də paytaxt İrəvanda ciddi etiraz aksiyaları başlanmışdı. Həmin vaxt Nikol etirazı çox sadə yolla aradan qaldırmışdı. 2021-ci ildə növbədənkənar parlament seçkiləri təyin etmişdi. Seçki iyunda keçirilmiş, Paşinyan isə prosesədək hakimiyyət komandasını kifayət qədər möhkəmləndirməyi bacarmışdı. Eyni zamanda, etiraz tonunu yumşaltmağa müvəffəq olmuşdu. Əlbəttə, Nikol seçkiyədək xaos şəraitində idarəçilik baxımından müəyyən təcrübə də toplamışdı. Bütün bunlar onun iqtidarının parlament seçkilərindəki uğurunu təmin etmişdi.
2021-ci, ümumən isə 2020-ci ildən ötən müddətdə Ermənistanda sabitlik olmadı. Kiçik miqyaslı siyasi təlatümlər qeydə alındı. Gərginlik ab-havasının davamı kimi ötən ilin sentyabrında İrəvan meriyasına keçirilmiş seçkilər diqqət çəkdi. Sentyabrda ölkəni silkələyən ən böyük hadisə isə Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri oldu. Ondan sonra Qarabağ tamamilə ermənisizləşdi. Bölgədəki separatçı rejimin canını tapşırması 1988-ci ildən başlanmış “Miatsum” cəfəngiyyatına son qoydu. Müvafiq olaraq, Ermənistanda etirazlar qeydə alındı. Müxalifət Ermənistana köç etmiş Qarabağ ermənilərinə saymazyana münasibət göstərildiyi iddiası ilə gərginlik yaratmağa çalışdı. Lakin etirazlar fonunda gəlinən qənaət bu oldu ki, əks qütbün baş nazirə və komandasına qarşı çıxacaq real gücü yoxdur.
Əlbəttə, Ermənistanda baş verən proseslərdə kənar təsir amili mütləq nəzərə alınmalıdır. Elə hazırda da bir çox siyasi ekspertlər ölkədə yaşananlarda Rusiya izini axtarmağa girişirlər. Məsələ ondadır ki, ölkənin Ermənistanda bir çox dayaqları var. Mediadan tutmuş, iqtisadiyyatın müxtəlif sahələrinədək rus təsiri qalmaqdadır. Ancaq Moskvanın bu və ya digər təsirə malik dayaq instrumentləri heç də işlək vəziyyətdə deyil. Çünki Ermənistan cəmiyyətində və geniş ictimai rəyində ölkənin sabiq iqtidarının timsalında ekslərə və bütövlükdə, Rusiya ilə bağlı hər şeyə münasibətdə ciddi antipatiya hökm sürür. Diqqət yetirək, nə zaman ki keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın adları çəkilir, hakimiyyət dərhal bunu müxalifətə qarşı uğurlu əks-təbliğata çevirməyi bacarır. Bəzən elə təəssürat yaranır ki, belə təbliğat olmasa, Paşinyan iqtidarı ayaqda qala bilməz.
Paşinyan indi də eyni yolu tutur. Məsələn, o, Baqratın başladığı hərəkatla bağlı ritorik sual səsləndirərək, onu gözdən salmağa çalışdığı halda, tərəfdarları Koçaryan amilini qabardaraq, əslində, din xadiminin oyunbazlığının arxasında ölkənin ikinci prezidentinin dayandığını vurğulayır, mövcud məsələdə anti-Rusiya təbliğatı aparırlar. Nikolun ritorik tərzdə səsləndirdiyi suala gəlincə, onun məğzi budur: Nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməlidir?
Suala cavab aydındır və bu barədə söz açdıq. Ümumiləşdirmə apararaq bildirək ki, revanşist-şovinistlər və onların xaricdəki havadarları 2020-ci ildən bəri Paşinyana qarşı bütün vasitələrdən yararlansalar da heç bir nəticə əldə edə bilməyiblər. Ən son vasitə kimi proletariatın lideri Leninin “din xalq üçün tiryəkdir” deyimi ilə hərəkətə keçib iqtidarı devirməyə girişiblər. Onlar oyunlarını erməni cəmiyyətinin xəstəliyindəki ən böyük simptoma – din və kilsə amilinə siyasi və mənəvi sərmayə yatırmaqla, niyyətlərinə nail olmağı düşünürlər. Arxiyepiskop Baqrat sırf buna görə ortadadır.
Əvvəldə də bildirdik ki, hazırda ümumerməni hərəkatı kimi adlandırılmış “Vətən naminə Tavuş” hərəkatı erməni kilsəsi tərəfindən koordinasiya olunur. O kilsə tərəfindən ki, ona rəhbərliyi II Qaregin həyata keçirir. O Qaregin ki, Paşinyan tərəfdarları adamı tam açıq şəkildə pozğunluqda, hətta uşaqbazlıqda belə qınaya bilirlər. Görünür, bu baxımdan Baqrat barədə hansısa kompramat yoxdur. Ən azı, hələlik yoxdur.
***
Sonda Ermənistandakı etiraz dalğası fonunda bir məqamı da vurğulamaq lazımdır. Şübhəsiz, el dilində deyildiyi kimi, balıq başdan iylənir. Məsələyə mövcud rakusdan yanaşsaq, hazırda ölkədə yaşanan gərginliyə görə ən böyük müqəssir Paşinyanın özüdür. Nikol səhvə heç də son dörd ildə yol vermədi. O, ən böyük qəbahəti “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verəndə, Cıdır düzündə sərxoş vəziyyətdə yayxananda etdi. Halbuki, başqa cür davrana bilərdi. Fərqli, rasional davranış üçün isə ideya bazasını hələ hakimiyyətə gəlməzdən əvvəl formalaşdırmışdı. Məsələn, demişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır, onu atmaq lazımdır. Ancaq sözünü tutmadı. İndi ona düşmən kəsilmiş başıpozuqlar və həmin başıpozuq kütlənin məfkurə dayağına çevrilmiş kilsə kimi davrandı. Nəticədə 44 günlük müharibə yaşandı ki, onun Ermənistan üçün hansı fəlakət doğurduğu hər kəsə yaxşı məlumdur. Bəli, fəlakət ölkəni içdən yeyib tamamilə məhvə məhkum vəziyyətə gətirib. Ona görə də, tam qətiyyətlə demək olar ki, hazırda Baqrat və tərəfdarlarının səsləndirdikləri tezislər, hakimiyyət əleyhinə çıxışlar, ən başlıcası isə aşıladıqları saxta barışmazlıq ruhu, Azərbaycanla müharibə çağırışları yekun nəticədə müasir erməni dövlətçiliyinin iflas moizəsindən başqa bir şey deyil.
Ə.CAHANGİROĞLU
XQ