Bakı–İrəvan sülh danışıqlarındakı prinsipial məqamlara baxış
“Maltanın hazırda təşkilata sədrliyi ATƏT məkanında kifayət qədər mürəkkəb dövrə təsadüf edir”. Bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məxsusdur. Ölkəmizin baş diplomatı ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla Bakıda keçirdiyi birgə mətbuat konfransında belə deyib. Ümumən, C.Bayramovla Y.Borqun görüşü əsnasında mediada yer alan fikirlər bir sıra mətləblərdən xəbər verir. Söhbətimiz bu barədədir.
Yada salaq ki, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandan bir gün əvvəl Ermənistanda səfərdə olmuşdu. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Y.Borqla görüş sonrası keçirdiyi mətbuat konfransında aşkar manipulyativ yol tutmuşdu. Onun dilə gətirdiyi fikirlərdə iki başlıca məqam var idi. Birincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq xətti. İkincisi isə həmin bəyannaməni ehkamlaşdırmaq üçün ATƏT-in boynuna məsuliyyət qoymaq.
Maraqlıdır ki, cənab Borq Bakıda Alma – Ata Bəyannaməsindən söhbət belə açmadı və bu, pozitiv məqam kimi qiymətləndirilə bilər. ATƏT-in boynuna məsuliyyət qoyulmasına gəlincə, Mirzoyan demişdi ki, geosiyasi proseslər kontekstində ATƏT ciddi çağırışlarla üzləşir və bu çağırışlar təşkilatın alətlərindən və bütün mexanizmlərindən səmərəli istifadə etməklə, qurumun məsuliyyət zonasında mövcud olan problemlərin həllini bütün iştirakçı dövlətlərdən tələb edir: “Cənubi Qafqaz da ciddi problemlərlə üz-üzədir və onlar öz növbəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi əsas prinsipləri pozur. Bunlar birbaşa ATƏT-in mandatı ilə bağlı olan çağırışlardır və strukturun məqsədyönlü iştirakının vacibliyini vurğulayır”.
Hesab edirik ki, C.Bayramovun Y.Borqla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər həm də Ermənistanın baş diplomatının söylədiklərinə cavab mahiyyəti daşıdı. Azərbaycanın XİN başçısı bildirdi ki, bir sıra üzv dövlətlər arasında inam və qarşılıqlı əməkdaşlığın olmaması, təməl prinsiplərə riayət edilməməsi halları var. Həmin prinsiplərə saymazyana yanaşan Ermənistandır. Azərbaycan isə onların gözlənilməsinin, ölkələrin suverenliyinə hörmətin tərəfdarıdır. Uzun müddət ölkəmizin suverenliyinə məhəl qoymayan da rəsmi İrəvan olub.
Nəzərə alaq ki, C.Bayramovun səsləndirdikləri arqumentlər ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırmaq mahiyyətinə söykənib. Lakin cənab Bayramov keçmişi bir kənara qoyur, postmüharibə reallıqlarını qabardır, Bakı və İrəvan arasında ikitərəfli danışıqlar ənənəsinin formalaşmasına köklənir: “Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”.
Bəli, Azərbaycan Ermənistanla birbaşa danışıqlar təşəbbüsünü irəli sürüb. İkinci uzunmüddətli müqavimətdən sonra bu formatı qəbul etmək məcburiyyətində qalıb. İndi dünyanın müxtəlif maraqlı qütbləri də Bakının irəli sürdüyü məntiqi müsbət qiymətləndirirlər. Ən azı, sözdə pozitiv düşüncələrini dilə gətirirlər. Amma, bu, hələ o demək deyil ki, onlar Ermənistanı hazırkı danışıqlar platformasından uzaq tutmağa çalışmayacaqlar. Çünki erməni rəsmilərinin yanaşmaları onu göstərir ki, İrəvan istənilən an yoldan çıxmağa hazır vəziyyətdədir. Bu baxımdan Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransında söylədiklərinə də diqqət yetirmək zərurəti yaranır. Nazirin sözlərindən belə çıxmışdı ki, ATƏT keçmiş təcrübəsinə əsaslanaraq, eyni zamanda, öz təməl prinsiplərinin müdafiəsi üçün Cənubi Qafqazdakı sülh prosesinə, necə deyərlər, qol çırmaya bilər. Görünür, məhz buna görə C.Bayramov, kifayət qədər, konkret, bir az da sərtliyi ilə seçilən fikir səsləndirir: “ATƏT daxilində olan Minsk qrupu 30 illik fəaliyyətində Azərbaycan–Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir. Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsi da lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyətin yaxşılaşdırmır, əksinə ona xələl yetirir”.
Göründüyü kimi, Azərbaycan dövləti köhnə havalarda olanlara qarşı müqavimət formalaşdırır. Əlbəttə, bu müqvimət heç də ATƏT-i nəzərdən salmaq, onun funksiyasını heçə saymaq istəyi deyil. Ona görə də C.Bayramov bildirir ki, Azərbaycan–ATƏT əməkdaşlığının çox yaxşı potensialı var. Məsələn, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi və digər bu kimi həllərdə kadr potensialının gücləndirilməsi istiqamətində müsbət addımların atılması. Deməli, ATƏT 30 il ərzində həyata keçirmədiyi mütərəqqi missiyasını indi reallaşdırmalıdır. Beləliklə, Minsk qrupu adlı rüsvayçılığın ləkəsini üzərindən təmizləməlidir. Çünki həmin təsisatın fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi bəşəri dəyərlərlə manipulyasiyadan, işğala bəraət qazandırmaqdan, ona leqallıq libası geyindirməkdən başqa bir şey deyildi.
Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ATƏT üçün prioritet ola bilər. Bu mənada cənab Borqun səsləndirdiyi fikirlərə həssas yanaşma ehtiyacı var. Eləcə də onun sülh gözləntisini yüksək dəyərləndirmək mümkündür. Ən başlıca məqam isə ATƏT sədrinin rəhbəri olduğu qurumun yeni reallıqları qəbul etməsinə dair fikirləridir: “ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.
Qeyd edək ki, Ermənistan rəhbərliyi xeyli müddət Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanla sülh gündəliyinə daxil etmək istiqamətində cəhdlər göstərmişdi. Əlbəttə, bu cəhdlər yekunda iflasa uğramışdı. Azərbaycan dövlətinin mövqeyi bu idi ki, əgər beynəlxalq birlik Qarabağ erməniləri məsələsini gündəmə gətirəcəksə, o zaman Bakı vaxtilə Ermənistandakı yaşayış yerlərindən, ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlılarla əlaqədar məsələni qabardacaq. Görünür, elə buna görə də C.Bayramov ATƏT-in fəaliyyətdə olan sədrinə Qərbi Azərbaycan İcmasının məktubunu təqdim edib. Sədrin bu məktubu alarkən bildirdiklərinə diqqət yetirək: “Mən həm Azərbaycan, həm də Ermənistan hökumətlərinə öz dəstəyimi ifadə edirəm ki, onlar dayanıqlı və hərtərəfli sülh razılaşmasına nail olsun”.
Cənab Borqun yuxarıdakı sitatda yer almış fikirləri onu deməyə əsas verir ki, hazırda Azərbaycan-Ermənistan sülh tənzimləməsindəki detallar ATƏT-i bir o qədər maraqlandırmır. Əsas odur ki, sülh təmin olunsun. Yəni, tərəflər özləri hansı məsələdə razılığa gələcəklərsə, qurum həmin razılıq məntiqini məqbul sayacaq. Bu yanaşmanı pozitiv qiymətləndirmək mümkündür. Eləcə də Borqun Bakı–İrəvan sülh gündəliyi ilə bağlı səsləndirdiyi digər məqamları. Həmin məqamları diqqətə çatdıracağıq. Ancaq əvvəlcə C.Bayramovun ATƏT sədrini danışıqlar prosesi ilə bağlı məlumatlandırarkən, daha hansı mətləblərə aydınlıq gətirdiyini vurğulayaq.
Birincisi, ölkəmizin XİN rəhbəri sülh müqaviləsi ətrafında danışıqlar prosesinin fevral ayından etibarən intensiv xarakter aldığını vurğulayıb: “Buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki görüşlər dayandırılmışdı. Amma Münxen, Berlin və Almatı görüşləri ilə proses davam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danışıqları müsbət qiymətləndirirəm”.
C.Bayramovun sülh müqaviləsi məsələsində vurğuladığı ən başlıca məqamlardan biri tərəflərin gözləntilərinin uyğun və realist olmasının vacibliyini dilə gətirməsidir: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirmək məqamlarını istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz ki, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu, böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.
Sonda bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı bildirdikləri üzərində dayanaq. O, danışıqların praqmatik, eyni zamanda, bərabərhüquqlu olmasının zəruriliyindən söz açıb. Praqmatikliyi anlamaq mümkündür, o, daha geniş və real anlam daşıyır. Bəs bərabərhüquqluluq nə deməkdir? Məsələ burasındadır ki, indiyədək bu tezis müxtəlif vasitəçi tərəflərin spekulyativ yanaşmalarının məhsulu kimi meydana çıxıb.
Digər tərəfdən, böyük və danılmaz reallıq var. Çünki otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti yürüdən, danışıqları dalana dirəməklə 44 günlük müharibənin başlanmasına, qan tökülməsinə rəvac verən Ermənistan heç vaxt Azərbaycanla bərabər tərəf ola bilməz. Yəni, belə demək mümkünsə, onun bərabərtərəfliliyində məhdudlaşma olmalıdır və mövcud durumu beynəlxalq birlik, o cümlədən, ATƏT qəbul etməlidir. Ümid edək ki, cənab Borqun aşağıdakı fikirləri də haqqında söz açdığımız qəbuletmənin göstəricisidir. Çünki “Uzunmüddətli sülh üçün dialoq vacibdir. Dünən İrəvandakı görüşlərimdə də qeyd etdim ki, danışıqlar yaxşı niyyətlə aparılmalıdır ki, həll yolları tapılsın”, – deyən cənab Borq əlavə edib ki, sədri olduğu təşkilat praqmatik yanaşmaları dəstəkləyəcək. Ölkələr, yəni Azərbaycan və Ermənistan isə öz xalqlarının gələcəyi naminə işləməlidirlər.
Ə.RÜSTƏMOV
XQ