II MƏQALƏ
Azərbaycanşünaslığın strateji anlamı
Biz dövlətçilik uğrunda savaşın (və ya mübarizənin) yeni mərhələsində Prezident İlham Əliyevin informasiya, ideologiya və bütövlükdə elm faktorlarına daha çox üstünlük verməsinin dövlətçilik ənənəsi işığında başqa bir aspektini vurğulamaq istərdik. Bunun fonunda AMEA-nın nəyə görə yeniləşmə kursunda ölkənin strateji inkişaf konsepsiyası çərçivəsində inkişaf strategiyasında Azərbaycanşünaslığın birinci yeri tutduğunu da dərk etmiş olarıq. Məsələ onunla əlaqəlidir ki, XXI əsrin üçüncü onilliyi iki həqiqəti üzə çıxardı.
Birincisi, güclü cəmiyyət olmadan güclü dövlət qurmaq imkansızdır.
İkincisi, tarixən çox əhəmiyyətli olan bu iki faktorun gerçək vəhdəti yalnız intellektin milli sərvətə çevrilməsi halında mümkündür. Lakin “intellekt milli sərvət kimi” ifadəsinin məzmunu mütləq açılmalıdır.
İntellekt necə milli sərvət ola bilər?
Burada “milli sərvət” geniş anlamda, yəni maddi ilə mənəvinin (ideyanın, konseptin, konsepsiyanın və s.) vəhdətini ifadə edir. “Milli sərvət” “hər hansı etnosa mənsub olmağı”nı ifadə etmir. Sərvət o zaman “milli” olur ki, toplum miqyasında özünütəşkilin idarəedici parametri funksiyasını yerinə yetirir. Yəni bu anlamda sərvətin “milliliyi” substantiv deyil, kommunikativ (funksional) amilə aiddir.
Deməli, sərvətin milliliyi ona malik olan toplumun həyatında oynadığı rola görə müəyyən edilməlidir. Sərvəti yaradan subyektlər bu kontekstdə etnik mənsubluğa görə deyil, bütövlükdə cəmiyyət miqyasında kreativliklərinin ölkənin maraqlarına nə dərəcədə xidmət etdiyi fonunda dəyərləndirilir.
Belə alınır ki, bizim yanaşmamızda “mənəvi sərvət” toplumun (kollektiv birgəyaşam sisteminin) özünütəşkilində yeni nizamlılıq səviyyəsinə yüksəlməsində nizamlayıcı parametr rolunu oynayanda milli sərvətə çevrilir. Bu prosesin əyaniləşməsi fəlsəfə, elm, incəsənət və bütövlükdə mədəniyyətin sosial funksiyaları çərçivəsində baş verə bilir. Onun daxilində isə elmi idrak və ümumilikdə elm cəmiyyətin strukturlaşması və funksionallaşmasında idarəedici parametrliklə nizamlayıcı parametr rolunu sintez edə bilir.
Problemin bu aspektinin nəzəri təhlilinə keçmədən öncə bir vacib xüsusiyyəti vurğulayaq. Burada istifadə edilən “idaretmə parametri” və “nizamlama parametrləri” sırf nəzəri anlayışlardır və buna görə ümumiləşdirmədir.
“İdarəetmə parametri”ni ölkə miqyasında iki kateqoriyaya bölürük. Ən yüksək səviyyə ölkə rəhbərliyinə aiddir. Yəni bütövlükdə dövləti və ölkəni idarə edən onun başçısıdır. Bu, aksiomdur. Milli sərvət kontekstində “idarəedici parametr” ifadəsi cəmiyyət səviyyəsində gedən proseslərə aiddir. Yəni dövlətin başçısı bütövlükdə dövləti və cəmiyyəti idarə edir və bunun fonunda cəmiyyətdaxili miqyası üçün “idarəedici parametr müəyyənləşir. Elmin cəmiyyət həyatında idarəedici və nizamlayıcı parametr kimi statusu bu miqyası aşa bilməz. Yəni elm dövlət başçısının müəyyən etdiyi strateji inkişaf kursu daxilində hansısa sosial, mədəni, idraki, tətbiqi idarəedici və ya nizamlayıcı funksiya yerinə yetirə bilər.
Elm: idarəediciliklə nizamlayıcılığın yeni parametri kimi
Bu, elmin üzərinə düşən yeni “vəzifədir”. İndiyə qədər sosial sinergetikada idarəediciliklə nizamlayıcılıq ayrı-ayrı parametrlərə aid edilməkdədir (cəmiyyət miqyasında). Yəni hər hansı sosiumun idarəedici parametri onun nizamlayıcı parametrini yönəldir.
Bizim mövqeyə görə, XXI əsrin tələbləri bu qaydanın tam adekvat olmadığını göstərir. Çünki cəmiyyət elə yeniləşmə dinamikasına malikdir ki, onun idarəedilməsini və nizamlanmasını yönəldən başlıca parametr vəhdətdə təşkil etməli və ən yaxşı halda “bir monetin iki üzü olmalıdırlar”. Sadə desək, indiki cəmiyyətlərin dayanıqlı və davamlı özünütəşkili və inkişafı üçün özünüstrukturlaşma ilə yeniləşmə vahid proses halına gəlməlidir. Bunun təməlində isə sinergetik təsəvvürə görə, idarəetmə parametri ilə nizamlama parametrinin vəhdəti dayanmalıdır.
Etiraf edək ki, məsələnin bu cür qoyuluşu yenidir və hələ çox araşdırılmalıdır. Lakin elmin müasir cəmiyyətin idarəedilməsi ilə onun sturktur-funksional nizamlanmasının sintezini təşkil etməkdə aparıcı rolu ilə bağlı müəyyən tezislər irəli sürmək mümkündür.
Azərbaycanşünaslıq: güclü dövlət və güclü cəmiyyət vəhdətinin idarəedici və nizamlayıcı parametri kimi
Qəzet qısa başlığı sevər. Ancaq burada məsələnin böyüklüyü jurnalistikanın bu “qızıl qaydası”nı pozmağa vadar edir. Azərbaycanşünaslığın idarəedici və nizamlayıcı parametr kimi anlamı, təhlili və funksional imkanlarının araşdırılması qaynağı AMEA-dır. Bu ali elmi təşkilatın rəhbərliyi güclü müstəqil dövlət və güclü cəmiyyət quruculuğunun vəhdətinin fəlsəfi və elmi əsaslandırılmasını qətiyyətlə qarşıya vəzifə kimi qoymuşdur. Həmin aspektdə məsələ heç də sırf nəzəri problem deyildir. Əlbəttə, nəzəri-metodoloji araşdırma mütləqdir, lakin o zaman faydalıdır ki, praktiki tətbiq edilə bilir.
İndi təsəvvür edək: alimlər Azərbaycanşünaslığın elə nəzəri idraki konsepsiyasını (sistemini, məfkurəsini) hazırlamalıdırlar ki, Azərbaycanda müstəqil güclü dövlətlə güclü cəmiyyətin vəhdətini reaktuallaşdırmaq mümkün olsun. AMEA yeniləşmə strategiyasında bu “uzaq hədəfə fokuslanmışdır”! Elmin də müasir dönəmdə dövlətçilik və cəmiyyət üçün oynamalı olduğu çətin rolun obrazında bu məqamı önə çəkmək gərəkdir. Əlbəttə, ilk baxışda dərk edilməsi belə çətin və mürəkkəb olan situasiyadır. Ancaq müstəqil və güclü olmaq üçün XXI əsr başqa seçim qoymur – elmi camiyə bunun öhdəsindən gəlməyə məhkumdur!
Prezident İlham Əliyevin yeni tarixi mərhələdə güclü dövlətlə güclü cəmiyyətin qarşılıqlı əlaqədə inkişafı məsələsini dəfələrlə aktuallaşdırması arxasında bu məqsədi mütləq görməliyik! Azərbaycan lideri strateji hədəfləri olduqca dəqiq və düzgün müəyyən etmişdir. Yeritdiyi siyasi kursun nəzəri-ideya aspekti ilə praktiki-tətbiqi tərəfi də mükəmməl surətdə bir-birini tamamlayır. Bu nikbin mənzərəyə alimlərin töhfəsi çox zəruridir. Prezident İlham Əliyev bunu anladır və AMEA da ona uyğun reaksiya verir.
Xeyli nəzəri olan bu fikirlərdən birbaşa tətbiqi aspektə keçək.
Xarici risklər və vətəndaş cəmiyyəti
Bu faktor dövlətçilik uğrunda savaşın yeni mərhələsinin əsas parametrlərindən birini təşkil edir. Onu Prezident İlham Əliyevin Andiçmə mərasimindəki nitqi zamanı vurğuladığı bir tezisin fonunda aydın görə bilərik. Dövlət başçısı demişdir: “Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.
Belə alınır ki, yeni tarixi mərhələdə dövlətçilik baxımından vətəndaş cəmiyyəti quruculuğunun yeni səviyyəyə yüksəldilməsi arxivacib məsələ kimi qəbul edilmişdir. Azərbaycan Prezidentinin həmin tezisinin məntiqindən aydın olur ki, birincisi, Azərbaycan xalqının həmrəyliyinə nail olunması vətəndaş cəmiyyətinin qurulması baxımından uğur kimi qiymətləndirilməlidir, ikincisi, Qarabağ müharibəsindəki parlaq qələbə bunun əyani təsdiqlərindən biridir, üçüncüsü, Azərbaycanda yaşayan bütün xalqlar dövlət bayrağı ətrafında birləşmişdir, yəni faktiki olaraq güclü dövlətçiliklə güclü cəmiyyət (vətəndaş cəmiyyəti) formalaşması arasında vəhdətin bazası yaradılmışdır. Lakin burada risk faktorunu unutmamağımız lazımdır. O, haradan qaynaqlana bilər? Prezidentin cavabı dəqiq və konkretdir.
Andiçmə mərasimində İlham Əliyev ayrıca vurğulamışdır: “Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Mənəviyyat və humanitarlıq
Siyasi liderin dövlətçilik uğrunda savaşın yeni mərhələsində xarici risklərlə mübarizəni məharətlə daxili mənəvi, ideoloji, siyasi, əxlaqi, tərbiyəvi və s. sferalarda “kollektiv immunitetin gücləndirilməsi” ilə inandırıcı və gerçəkliyə uyğun əlaqələndirməsi xüsusi məna kəsb edir.
Yuxarıdaki qısa təsvir göstərir ki, Prezident İlham Əliyev Azərbaycan toplumunun daxili həmrəyliyini, birliyini və kollektiv dirənişmə qüdrətini xarici risklərə qarşı əsas mübarizə faktoru kimi təqdim edir. Bir sıra dövlətlər kimi, silaha və ya bütövlükdə hərbi gücə deyil, toplumun ideya, mənəvi, mədəni və əxlaqi “immun sistemi”nin işlək olmasına əsaslanır.
Bu yanaşmada yeni mərhələdə dövlətçiliyin qorunmasında və inkişafında humanitar aspektin ciddi rol oynayacağı ifadə edilmişdir. Başqa anlamda Azərbaycanda dövlətçilik uğrunda savaşımız əsas olaraq intellektual müstəviyə keçir. Azərbaycan dövlətçiliyi əsas olaraq elmə, intellektə, sivil toplum kimi özüntəşkilin və özünüinkişafın yüksək səviyyəsinə nail olmağa istiqamətlənmişdir. Bu, İlham Əliyevin güclü dövlət və güclü cəmiyyət quruculuğu kursunun mərkəzi məqamıdır.
Bütün bunların fonunda İlham Əliyevin aşağıdakı tezisi dövlətçilik uğrunda mübarizənin yeni mərhələsinin nüvə prinsiplərindən birini fiadə edir.
Gənc nəsil- strateji sərvət!
Bu məqamda İlham Əliyevin Andiçmə mərasimində bəyan etdiyi iki tezisin daxili məntiqi əlaqəsini açmağa böyük ehtiyac vardır. Həmin tədbirdə Azərbaycan lideri belə fikir irəli sürmüşdür: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib…Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.
Deməli, Azərbaycanın dövlət kimi önəmi, əhəmiyyəti, rolu artır. Bu, dostları məmnun edirsə, dost olmaq istəməyənlərin neqativ reaksiyasına səbəb olur. Onlar Azərbaycanı bu yoldan yayındırmağa çalışırlar. Onun yollarından biri Azərbaycana qarşı ideoloji təxribatları gücləndirməkdən ibarətdir. Şuşa Qlobal Media Forumlarında da Prezident İlham Əliyev məsələnin bu aspektinə ciddi kontekstlərdə toxunmuşdur. Yəni ideoloji-informasiya təxribatlarına, təsirlərinə, təzyiqlərinə qarşı savaş birbaşa dövlətçilik uğrunda mübarizənin tərkibinə daxildir. Hətta güclü vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından o dərəcədə dövlətçiliyə aiddir ki, aparıcı yer tutur.
Vurğulananlardan Prezident İlham Əliyevin ikinci tarixi və strateji formulu (kəlamı) məntiqi olaraq alınır. Azərbaycan lideri onu aşağıdakı kimi ifadə etmişdir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır”.
Buradan dövlətçilik uğrunda savaşda ümumiyyətlə milli-mənəvi dəyərlərin rolu məsələsinə keçid etmək olar.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru