Revanşistlərin kürklərinə birə düşüb

post-img

Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, dövlətlərarası münasibətlərin qurulmasına hər vəchlə qarşı çıxan, “bəlkə də qaytardılar” xülyası ilə xumarlanan revanşistlər öz amplualarındadır. Onlar indi də iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində keçirilməsi nəzərdə tutulan görüşlə bağlı neqativ fikirlər səsləndirirlər.

Məsələn, Varujan Geqamyan adlı türkoloq mediaya açıqlamasında deyib ki, Almatıda keçiriləcək görüşdə Ermənistan onu məğlub edən dövlətlə təkbaşına, yəni, vasitəçilərin iştirakı olmadan çətin vəziyyətdə qalacaq. Onun sözlərinə görə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir: “Adətən, daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur. İndiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular. Nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə (?) birbaşa təmasda olacaq. Biz Almatıda dəstək tapa bilməyəcəyik. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”.

V.Geqamyan deyib ki, Qərb də Azərbaycanı dəstəkləyir: “Ermənistan müdafiə olunmaq siyasətinə sadiqlik nümayiş etdirmək əvəzinə, güzəştə getmək xəttinə üstünlük verdi. Bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevrilməsinə (?) səbəb oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu bildirmişdi. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini qeyd etmişdi. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu xatırladan cənab İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulamış və Azərbaycanın bu məsələdə qəti siyasi iradəyə malik olduğunu qeyd etmişdi. Dövlətimizin başçısı onu da bildirmişdi ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Otuz ilədək danışıqlar yolu ilə bölgədə sülhü təmin etməyə çalışan Azərbaycanın təşəbbüslərinə Ermənistan və onun havadarları tərəfindən qarşılıq verilmədi və ölkəmiz son nəticədə sülhü müharibə vasitəsilə təmin etməli oldu. Ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdikdən sonra yenə də Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təklifini ölkəmiz verdi. Bununla bağlı baza prinsipləri, hətta sülh sazişinin layihəsi də hazırlandı. İki ölkə arasında danışıqlar hazırda məhz Azərbaycanın təkliflərinin layihəsi üzərində aparılır. Bu prosesdə diqqəti cəlb edən Almatıda keçirilməsi gözlənilən görüşün hər hansı vasitəçinin iştirakı olmadan baş tutacağıdır. Ölkəmiz həmişə bu təşəbbüslə çıxış edib. Çünki ATƏT-in Minsk qrupunun mövcud olduğu dövrdə danışıqlar məhz vasitəçilərin münaqişəni həll etmək istəyindən daha çox, şəxsi maraqları prizmasından məsələyə yanaşmasına görə həll olunmurdu. Onların əlində Ermənistana işğal etdiyi torpaqlardan çəkilməklə bağlı çoxlu təsir vasitələrinin olmasına baxmayaraq, bundan istifadə etmədilər.

Praktika isə Ermənistan və Azərbaycanın birbaşa danışıqlar yolu ilə bir çox məsələni həll edə biləcəyini dəfələrlə sübut edib. Qazaxıstanda keçiriləcək görüş, əslində, sülh müqaviləsinin imzalanmasına və dövlətlərarası münasibətlərin qurulmasına doğru atılacaq mühüm addım sayıla bilər. Azərbaycan tərəfinin prinsipial mövqeyi burada da həlledici rol oynadı. Daha Bakı və İrəvanın vasitəçilərə ehtiyacı yoxdur. Hazırkı format hər iki tərəf üçün ən məqbul variant sayılmalıdır. Ancaq Ermənistandakı revanşistlər buna qarşı çıxırlar. Onların bu addımı Ermənistanın Azərbaycan torpaqlarını havadarlarının dəstəyi ilə işğal etməsinin, işğal etdiyi əraziləri yenə xarici himayəçilərinin köməyi ilə 30 ilə yaxın əlində saxlamasının növbəti sübutudur. İrəvan uzun illər danışıqlar prosesində onun tərəfini saxlayan ölkələrin köməyi ilə qarşılıqlı güzəştlərə getməyib, konstruktiv mövqe nümayiş etdirməyib.

Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışından iqtibas gətirmək yerinə düşər: “İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlanıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlanıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Mövzu üzrə “XQ”nin suallarını cavablandıran politoloq Aydın Quliyev bildirdi ki, Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vasitəçilərin iştirakı olmadan, ikitərəfli əsasda görüşün keçirilməsinə dair razılığın əldə olunması özü uğurlu nəticədir. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, görüşün ikitərəfli formatda keçirilməsi ölkəmizin təşəbbüsüdür. Ermənistan tərəfi bir vaxtlar indiki formatdan o qədər də məmnun olmadığını bəyan etmişdi. Bu gün isə İrəvan ikitərəfli görüş platformasında iştiraka razılaşıb və onun müsbət nəticələr verəcəyinə inanır: “Bu mənada Almatı görüşünü 2023-cü il dekabrın 7-də qarşılıqlı olaraq saxlanılmış şəxslərin dəyişdirilməsi və 2024-cü il aprelin 19-da Qazaxın 4 kəndinin qaytarılması ilə nəticələnmiş ikitərəfli danışıqlardan sonra irəliyə doğru atılan mühüm addım kimi qiymətləndirmək olar. Heç bir vasitəçinin iştirakı olmadan ikitərəfli görüşün keçirilməsinə dair razılaşmanın əldə olunması özü uğurdur. Çünki Azərbaycanın görüşün ikitərəfli formatda keçirilməsi təşəbbüsü özünü praktik şəkildə doğruldub. Bu mənada Almatı görüşü nəticəsiz başa çatsa belə, uğurlu proses kimi qiymətləndirilməlidir”.

A.Quliyev qeyd etdi ki, Ermənistanda ikitərəfli görüşlərə qarşı çıxanlar həmişə eyni şəxslər olurlar. Onlar, ümumiyyətlə, ölkəmizlə hansısa razılaşmanın əldə olunmasına qarşıdırlar. Bütün vasitələrlə prosesi pozmağa çalışırlar: “Xüsusilə, Hayastandakı bəlli qüvvələr, yəni revanşistlər münasibətlərin normallaşdırılması prosesində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakından qıcıqlanırlar. Hətta, türkdilli ölkələrin prosesdə iştirakını Türk-İslam dünyasının təntənəsi kimi qiymətləndirənlər də var. Halbuki, iki ölkənin münasibətlərinin normallaşdırılması prosesində heç bir türkdilli ölkə vasitəçi kimi çıxış etmir. Onlar, sadəcə olaraq, platforma, yaxud meydan təqdim edirlər. Hazırda Qazaxıstan belə bir platforma təqdim edib. Vaxtilə Türkiyə də belə təşəbbüslə çıxış edib. Ankara da iki ölkəyə görüşməsi üçün öz ərazisini təqdim etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Amma Ermənistan, təbii ki, bununla razılaşmayıb”.

Politoloq bildirdi ki, Ermənistandakı qisasçı qüvvələrin Almatı görüşündən qıcıqlanmaları səbəbsiz deyil. Onlar Ermənistanın, ümumiyyətlə, Azərbaycanla hansısa razılığa gəlməsini istəmirlər. Onların hədəfi danışıqların, sülh prosesinin pozulmasıdır. Revanşist qüvvələr danışıqların getdiyi 30 il yaxın dövr ərzində vasitəçilərə möhkəm güvəniblər: “Revanşistlər yaxşı bilirlər ki, vasitəçilik edən tərəflər həmişə Ermənistan üçün sərfəli vəziyyətin formalaşdırılması ilə məşğul olublar. Vasitəçilər uzun illər ərzində status-kvonun möhkəmləndirilməsinə, onun legitimləşdirilməsinə çalışıblar. Buna görə revanşistlər vasitəçilərin timsalında özlərinə tərəfdaş görüblər. Bu mənada Azərbaycanın ikitərəfli görüş platforması təşəbbüsünün qalib gəlməsi revanşistləri yandırıb yaxır. Onlar bu platformanın baş tutmamasında maraqlıdırlar”.

Müsahibimiz onu da bildirdi ki, Almatı görüşündə nəticələr ola bilər. Onun sözlərinə görə, Qazaxıstanın hazırda Orta dəhlizin imkanlarını daha da genişləndirməkdə maraqlı olduğunu lazımınca dəyərləndirmək lazımdır. Rəsmi Astana Trans–Xəzər nəqliyyat dəhlizinin də, Orta dəhlizin də, Zəngəzur dəhlizinin də mümkün qədər və tam potensialı ilə işləməsində maraqlıdır: “Çünki özünün mallarının Avropaya daşınmasından tutmuş istehsal olunacaq “yaşıl enerji”nin də Trans-Xəzər marşrutu ilə Azərbaycan üzərindən “qoca qitə”yə çatdırılmasını istəyir. Buna görə də Almatı görüşündə, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin yerindən tərpədiləcəyini də istisna etmirəm. Çünki həmin dəhliz artıq praktik şəkildə Qazaxıstanın özünün də marağındadır”.

Politoloq güman edir ki, layihəyə Ermənistanın diqqətini cəlb etmək üçün Astananın xüsusi gündəliyi olmamış deyil: “Əgər Ermənistan bu gün Azərbaycanın bəzi layihələrinə, xüsusilə Orta dəhlizlə bağlı təşəbbüslərinə, eləcə də Avropaya gedən “yaşıl enerji” layihəsinə qoşulmaqda maraqlıdırsa, İrəvan Zəngəzur dəhlizinin açılmasında bu gün həmişəkindən fərqli mövqe nümayiş etdirməlidir. Bu məntiqlə Almatıdakı görüş, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsində müəyyən irəliləyişlərə səbəb ola bilər”.

Səxavət HƏMİD
XQ





Siyasət