Diaspor Paşinyana qarşı

post-img

Xaricdəki bəzi ermənilər “dəmir yumruq”la hesablaşmırlar

Ermənistan və Azərbaycan xalqları arasında vaxtilə nifaq toxumu səpən qüvvələrdən biri də xaricdəki erməni lobbisi və diaspor təşkilatları olub. Fransada, ABŞ-də, Rusiyada və digər ölkələrdə yaşayıb fəaliyyət göstərən, burada yüksək postlarda təmsil olunan, siyasi dairələrə çıxış imkanı olan haylar böyük dövlətlərin mövqeyinə təsir edərək onlardan iki xalq arasında münasibətləri gərginləşdirmək üçün yararlanıblar.

Heç də təsadüfi deyil ki, Qarabağın Azərbaycandan ay­rılıb Ermənistana birləşdirilməsi kimi bədnam təşəbbüs ilk dəfə xaricdə – Fransada irəli sürülüb. SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinin 1987-ci il noyabrın 18-də dərc olunmuş sayında çıxan müsahibəsində Qarabağın Azərbaycandan çox Ermə­nistana bağlı olduğunu “əsaslandırmağa” çalışıb. Bundan sonra Xankəndiyə dünyanın müxtəlif yerlərindən emissarlar, o cümlədən, Livandan beynəlxalq miqyaslı terrorçu Monte Melkonyan gəlib-getməyə başlayıb.

Amerikadakı erməni diasporu konqresmenlərlə və senatorlarla, yerli icraedici orqanların rəhbərləri ilə sıx iş aparıb. Bunun nəticəsində 1992-ci ildə ABŞ Konqresində ölkəmizə qarşı 907-ci düzəliş qəbul olunub. Tam adı “Azadlığa dəstək Aktına 907-ci düzə­liş” olan sənəd Birləşmiş Ştatların Azərbaycana birbaşa dövlət yardımla­rını qadağan edib. Erməni diaspor və lobbisinin təşəbbüsü ilə qəbul edilmiş qadağa Azərbaycanı ABŞ hökumə­tindən birbaşa yardım almayan ye­ganə postsovet dövlətinə çevirmişdir. Konqres sonrakı illərdə də ermənilərə dəstək istiqamətində çoxlu sənəd qə­bul etmişdir.

Rusiyadakı erməni diasporu da Azərbaycan əleyhinə xüsusi fəaliyyəti ilə seçilib. Diaspor Rusiya–Azərbay­can münasibətlərinin pis olması üçün var gücü ilə çalışıb. Nəticədə Rusiya–Azərbaycan münasibətləri müstəqilli­yin bərpasından sonrakı illərdə heç də qaydasında olmayıb.

Hazırda ölkəmizə hücumlar etmə­yi əsas fəaliyyət istiqaməti elan edən, əsassız ittihamlar irəli sürən Avropa Parlamenti isə hələ 1989-cu ilin yan­varında Qarabağda gərginləşən mü­naqişə ilə bağlı qəbul etdiyi qətnamə­də Azərbaycanı suçlamışdı.

Erməni diasporu uzun illər Ermə­nistanın siyasətinin formalaşmasın­da mühüm rola malik olub. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyə ara­sında münasibətlərin normallaşmasını nəzərdə tutan iki protokolun (“Ermə­nistan Respublikası ilə Türkiyə Res­publikası arasında ikitərəfli əlaqələrin inkişafı haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qu­rulması haqqında” protokollar – S.H.) imzalanmasından bir həftə əvvəl – ok­tyabrın 1-də ölkənin sabiq prezidenti Serj Sarkisyanın müzakirə üçün ermə­ni icmasının kompakt halda yaşadığı Paris, Nyu York, Los-Anceles, Beyrut və Rostov şəhərlərinə səfər etməsi bu­nun bariz nümunəsi idi. Sarkisyan yal­nız Ermənistan–Türkiyə münasibətlə­rinə dair diasporla məsləhətləşdikdən və onların fikirlərini öyrəndikdən sonra xarici işlər naziri Edvard Nalbandyanı protokolları imzalamaq üçün Sürixə göndərmişdi.

Qazax rayonunun 4 kəndinin Azər­baycana qaytarılmasına etiraz edən, etirazçıları dəstəkləyən erməni apos­tol kilsəsi, onun başçısı olan bütün ermənilərin katolikosu II Qaregin isə 2009-cu il sentyabrın 24-də S.Sarkis­yanla görüş zamanı onun təşəbbü­sünü alqışlayaraq demişdi: “Diaspor xalqımızın vacib və ayrılmaz hissəsidir. Bugünlərdə imzalanması gözlənilən Ermənistan–Türkiyə sənədlərini də qızğın şəkildə müzakirə edən diaspor övladlarının onları maraqlandıran su­allara cavabları şəxsən sizdən eşitmək imkanının olması düzgün olardı”.

Ancaq Nikol Paşinyanın 2018-ci ilin mayında “narıncı inqilab” yolu ilə hakimiyyətə gəlişindən sonra Ermə­nistan iqtidarı ilə diasporu arasında da münasibətlərdə soyuqluq yarandı. Məsələ onda idi ki, diaspor əvvəlki hakimiyyətlərə güclü təsir edə bilirdi. Onların sözü Ermənistanda eşidilirdi. Ancaq Paşinyan dərk edirdi ki, diaspor Ermənistan və erməni xalqı üçün ianə şəklində topladığı pulların böyük his­səsini mənimsəyir, cüzi bir hissəsini isə Hayastana göndərir. Paşinyanın diasporun Ermənistanın ictimai-siyasi həyatına təsirini minimuma endirmək üçün atdığı ən böyük addım 2008-ci il oktyabrın 1-dən fəaliyyət göstərən di­aspor nazirliyini ləğv etməkdən ibarət oldu. Hakimiyyətə gəldikdən bir il son­ra – 2019-cu il mayın 8-də diaspor na­zirliyi əvəzində baş nazir aparatında diaspor məsələləri üzrə ali komissarlıq yaradıldı.

Onu da bildirək ki, 1990-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının işğal edilməsi erməni diasporunun iş­tahını daha da artırmışdı. Ölkəmizin tə­bii sərvətləri vəhşicəsinə talanır, yeraltı faydalı qazıntılarımız qanunsuz olaraq xaricə daşınırdı. Diasporda cəmləş­miş erməni iş adamları bu prosesdə yaxından iştirak edirdilər. 44 günlük Vətən müharibəsi nəticəsində Azər­baycan təkcə tarixi torpaqlarına deyil, yerüstü və yeraltı təbii sərvətlərinə də sahib çıxdı. Beləliklə, hər məsələdə şəxsi qazanc güdən erməni diasporu­nun Paşinyanla münasibətləri daha da kəskinləşdi.

Görün iş nə yerə gəlib çatıb ki, bu gün xaricdəki erməni disaporunun bir çox nümayəndələri “daşlar ölkəsi”nə gedib-gələ bilmirlər. Rusiyadakı ermə­nilərin “parlaq nümayəndəsi”, böyük media holdinqə başçılıq edən Marqa­rita Simonyanın, onun əri Tiqran Keo­sayanın, Fransadakı erməni təşkilatla­rının koordinasiya şurasının həmsədri Murad Papazyanın, Fransada yaşa­yan erməni əsilli jurnalist Leo Nikolya­nın Hayastana girişi qadağan olunub. Yeri gəlmişkən, qeyd edək ki, sonuncu şəxs 8 gündür ki, “Zvartnos” hava lima­nının neytral zonasında aclıq aksiyası keçirir. Bundan əvvəl, o, Ermənistana buraxılmaması ilə bağlı siyasi qərar verildiyini bildirmişdi. Nikolyan onu da bildirib ki, hökumət nümayəndələri ona baş çəkib, Fransaya qayıtması üçün bilet və pul təklif ediblər, lakin o, bun­dan imtina edib.

İndi isə diaspor Ermənistandakı sərhəd kəndləri ilə bağlı etirazlar fo­nunda baş nazirə qarşı yeni hücum­lar edir. Xüsusilə, Rusiyadakı erməni diasporunun anti-Paşinyan fəaliyyəti diqqəti cəlb edir. Saylarına görə Li­vanda ikinci yerdə olan haylar paytaxt Beyrutda Paşinyana qarşı forum keçir­mək təşəbbüsü ilə çıxış ediblər.

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy “XQ”-yə açıqlamasında bildirdi ki, dörd kəndin qaytarılması ilə bağlı Ermənistandakı etirazların böyüməməsi üçün müəyyən inzibati addımlar atılır. Onun sözlərinə görə, proseslər hələ ki, nəzarətdədir, ancaq Ermənistan zəif halqadır. Ölkənin si­yasətində Paşinyana yönəlik müxtə­lif qruplar var. Proseslərə ordunun, müxtəlif təhlükəsizlik orqanlarının və kilsənin də ciddi neqativ yanaşması mövcuddur. Üstəlik, onların xaricdəki erməni diasporundan və Rusiya, Fran­sa və ABŞ-dəki müəyyən dairələrdən də dəstək almaq potensialları var. Bü­tün bunları bir arada düşündüyümüz zaman hələlik nəzarət altında olan proseslər Paşinyanı devirəcək və ya hakimiyyətində ciddi sarsıntı yarada biləcək gücə də malikdir. Proseslər qə­fildən geniş vüsət ala bilər.

Erməni diasporu ilə Paşinyan ara­sındakı münasibətlərə gəldikdə isə N.Cəfərsoy qeyd etdi ki, diasporu və erməni milli kimliyini formalaşdıran ən əhəmiyyətli faktorun önündə türk düş­mənçiliyi gəlir: “Ermənilər Türkiyə və Ermənistan torpaqları hesabına “də­nizdən dənizə böyük Ermənistan” qur­maq istəyiblər. Bu zaman xaricdən –İngiltərədən, Fransadan, ABŞ-dən və Rusiyadan xüsusi dəstək alıblar. Nə­ticədə ötən əsrin əvvəllərində Cənubi Qafqazda Ermənistan adlı dövlət ya­ranıb. Bu dövlət əsrin sonlarında yenə müxtəlif xarici qüvvələrin dəstəyi ilə silahlandırılıb və torpaqlarımızı işğal edib. Ancaq onların cəhdləri uğursuz­luqla nəticələnib və 200 illik plan iflasa uğrayıb”.

Müsahibimiz bildirdi ki, Hayastanı hazırda idarə edən N.Paşinyan böl­gədə erməni xalqının və ümumiyyətlə, erməni dövlətçiliyinin varlığını qoruyub saxlamağın yolunun qonşularla normal münasibətlər qurulmasından keçdiyini anlayır: “Onun hazırda bu düşüncədə olmasında 44 günlük Vətən müha­ribəsindəki Qələbəmizin xüsusi rolu var. Bu çərçivədə Paşinyan qonşular­la, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa çalışır. Paşinyan anti-Azərbaycan, anti-türk, irrasional, separatçı erməni anlayışı­nı dəyişmək istəyir. Bunun yolunun Azərbaycanla normal münasibətlər qurmaqdan keçdiyindən bəhs edir. Normal münasibətlər qurmaq da sər­hədlərin dəqiqləşdirilməsi, nişanlan­ması, Azərbaycanın ərazi bütövlüyü­nün tanınması, bu kontekstdə 4 kəndin ölkəmizə qaytarılması ilə xarakterizə edilə bilər”.

N.Cəfərsoy qeyd etdi ki, erməni diasporunda bu məsələlərlə bağlı cid­di narahatlıq var. Çünki diaspor an­ti-Azərbaycan, anti-türk mahiyyətdə­dir. Diaspor rəhbərləri hələ də “böyük Ermənistan” düşüncəsi ilə fəaliyyət göstərir və radikal düşüncələrə malik­dirlər: “Onlar Amerikada, Avropa qitə­sinin müxtəlif ölkələrində, Rusiyada əyləşib Ermənistanı təcavüzkarlığa sürükləməyə cəhd edirlər. Hayasta­na ideoloji, siyasi, bəzən də iqtisadi dəstək verməyə çalışırlar. Digər tərəf­dən erməni diasporunun üzvləri yaşa­dıqları ölkələrin siyasətinin bir parçası kimi çıxış edirlər: “Məsələn, Fransa­nın Ermənistan siyasətində diasporun çox ciddi rolu var. Son vaxtlar Parisin ölkəmizlə bağlı yürütdüyü siyasətdə əsas amillərdən biri də budur. Diaspor ABŞ-nin bölgə siyasətinə də çox ciddi təsir göstərir. Biz bunu zaman-zaman görmüşük və görməkdəyik. Məsələn, ABŞ-dəki erməni diasporunun Paşin­yanın səfir təyin etdiyi Lilit Makuntsla münasibətləri çox gərgindir. Müstəqilli­yin bərpasından sonra Rusiyanın böl­gə siyasətində erməni diasporu çox aktiv rol oynayıb. Son dövrlərdə gücü azalsa da, orada revanşistləri dəstək­ləyənlərin sayı kifayət qədərdir”.

Politoloq onu da bildirdi ki, bütün bunlar erməni lobbisi və diaspor təşki­latlarının Paşinyana nifrətinin təzahür formalarıdır. Onlar Paşinyanın görmək istədiyi işləri əngəlləmək, onu sabotaj etmək, mümkün qədər zəiflətmək, hət­ta hakimiyyətdən getməsi üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Bura sui-qəsd, dövlət çevrilişi kimi ad­dımların atılması da daxildir. Hələ ki, buna gücləri çatmır. Proseslərdə di­asporla yanaşı, erməni apostol kilsəsi də aktiv iştirak edir. Hətta, zaman-za­man proseslərə “liderlik” edir. Dörd kəndin qaytarılmasına qarşı çıxan qüvvələri içərisində də kilsənin fəal rol oynadığını görürük.

Səxavət HƏMİD
XQ



Siyasət