XİN rəhbərlərinin Qazaxıstan görüşü – müsbət dinamikanın davamı

post-img

Bayramov–Mirzoyan perspektiv təması baxımından vurğulanmalı bəzi məqamlar

“Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”. Prezident İlham Əliyev bu fikirləri aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda bildirmişdi. Artıq Ermənistan tərəfi sözügedən görüşlə bağlı razılığını verib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. 

Nəzərəçarpacaq fasilədən sonra Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanın bir araya gəlmələri əlamət­dar haldır. Böyük ehtimalla, görüş baş tutacaq, mövcud istiqamətdə hansısa maneə olmayacaq. Qazaxıstanın isə təmas üçün təklif səsləndirməsi təqdirə­layiqdir. Ancaq bu təmas heç bir halda vasitəçilik statusu daşımır. Mövcud re­allıq Prezident İlham Əliyev tərəfindən də haqqında söz açdığımız mötəbər toplantıda dilə gətirilmişdi: “Beləliklə, biz yalnız platforma, məkan barədə da­nışırıq. Belə bir təklif üçün Qazaxıstan hökumətinə də minnətdarıq”.

Dövlətimizin başçısının fikirləri o deməkdir ki, Azərbaycan və Ermə­nistan arasında vasitəçilik dövrü artıq arxada qalıb. Əslində, cənab İlham Əliyevin şəxsində rəsmi Bakı birbaşa danışıqlar təklifini çoxdan irəli sürmüş­dü. Lakin zaman-zaman İrəvan bu tək­lifdən uzaq dayanmışdı. Ermənistan rəhbərliyinin arqumentlərindən belə nəticə hasil olmuşdu ki, Azərbaycan, guya, danışıqlarda əldə olunacaq istə­nilən razılaşmanı pozmaq potensialın­dadır və bunun baş verməməsi üçün beynəlxalq təminat mütləqdir. 

Aydındır ki, belə yanaşma manipul­yativ səciyyə daşıyırdı, reallıqlardan uzaqlaşmaq mahiyyəti güdürdü. Za­man da göstərdi ki, Ermənistanın spe­kulyativ dəst-xətti heç bir nəticə vermə­di. Görünür, İrəvanda bunu dərk edirlər. Eyni zamanda, bildirməliyik ki, hazırda iki Cənubi Qafqaz ölkəsi arasındakı müsbət dinamika birbaşa danışıqlar müstəvisində əldə olunub. Ona görə də XİN rəhbərlərinin Qazaxıstanda bir araya gəlmələri mövcud pozitivlik ten­densiyasının dərinləşməsi baxımından vacibdir. Belə düşünmək üçün əsas Azərbaycan Prezidentinin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzu­sundakı beynəlxalq forumda bildirdik­ləridir: “Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sər­hədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiya­ları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik”.

Bəli, ötən müddət göstərir ki, region­dan kənar “oyunçular” səmimi davran­mayıb Azərbaycanla Ermənistan ara­sındakı sülh prosesinə zərər vurublar. Onlar ümumən regionu özlərinin geo­siyasi rəqabət pəncərəsindən görüblər. Bu məqam, bir qədər fərqli və deyərdik ki, obrazlı formada dövlətimizin baş­çısı tərəfindən də dilə gətirilib: “Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yer­ləşənlər ermənilərdən daha çox ermə­ni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqe­yimiz yalnız praqmatizmə əsaslanır”.

Deməli, Ermənistan rəhbərliyi nəti­cə çıxarmalı, Azərbaycanın praqmatiz­minə etimad göstərməli, özü də rasio­nal düşünməlidir. Nəzərə alaq ki, sülh prosesi çoxqütblüdür. Əlbəttə, delimita­siya məsələlərinin həlli uzun zaman ala bilər ki, bu da müəyyən mənada təbii­dir. Azərbaycan Prezidenti heç də əbəs yerə otuz ildən artıq müddətdə dost Gürcüstanla sərhədlərin delimitasiya­sının hələ də tam şəkildə başa çatma­dığına dair fikirləri səsləndirmir. Yəni, əsas olan niyyətdir. Hesab edirik ki, XİN rəhbərlərinin Qazaxıstanda nəzərdə tutulmuş görüşü xoş niyyətin və məra­mın ifadəsi baxımından yaddaqalan ola bilər. Nəzərə alaq ki, bunu demək üçün əsaslardan ən böyüyü sərhədlərin deli­mitasiyası ilə əlaqədar işlərin real prak­tik müstəviyə qədəm qoymasıdır. 

Əlbəttə, Azərbaycan Preziden­ti “COP29 və Azərbaycan üçün Ya­şıl Baxış” mövzusundakı beynəlxalq forumda Ermənistanla münasibətlər baxımından bir çox mətləbləri dilə gə­tirmişdi. İlk növbədə dövlətimizin başçı­sının Bakı ilə İrəvanın sülh razılaşma­sına yaxınlığını diqqətə çatdırmasının üzərində dayanaq. İşğal dövründə və ondan sonra tərəflərin fəaliyyətindəki ayrı-ayrı cəhətlərdən söz açan Azər­baycanın lideri əlamətdar məqam kimi hazırda sülh razılaşmasının necə ola­cağına dair ümumi anlayışın mövcud­luğunu vurğulamasıdır: “Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. La­kin, əlbəttə ki, hər iki tərəfə vaxt lazım­dır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf va­cibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”.

Ümid edək ki, XİN rəhbərlərinin Qazaxıstan görüşü Prezident İlham Əliyevin haqqında söz açdığı siyasi iradənin nümayişinin yeni pozitiv ça­larlarının formalaşması ilə yaddaqalan olacaq. Bir daha bildirək ki, bunu vur­ğulamaq üçün əsaslar yetərincədir. Ən başlıca əsas isə cənab İlham Əliyevin də vurğuladığı kimi, sərhəd delimita­siyası məsələsində Azərbaycanın və Ermənistanın olduqca konstruktiv dav­ranış nümayiş etdirmələridir. Deməli, konstruktiv meyillərin güclənməsi şərt­dir. Bu baxımdan XİN rəhbərlərinin Qa­zaxıstan görüşünə ümid var. 

Təbii ki, Azərbaycan və Ermənistan arasında hazırkı pozitiv təsir bağışla­yan danışıqlar trayektoriyası həlli çətin kimi görünən məsələlərə münasibət­dəki müsbət dinamika üçün də yol aça bilər. Bu baxımdan “Zəngəzur dəhlizi”­nin üzərində dayanmağa ehtiyac var. Prezident İlham Əliyev də sözügedən forumda məsələyə toxundu. Daha doğ­rusu, dövlətimizin başçısına ünvanlan­mış çoxsaylı suallar istər-istəməz möv­zuya yer verilməsini şərtləndirdi. Belə görünür, dünya ictimaiyyəti də “Zəngə­zur dəhlizi” ideyasının regional və qlo­bal mahiyyətindən yaxşı xəbərdardır. 

Bəli, Ermənistan “Zəngəzur dəhli­zi” təşəbbüsünə pozitiv yanaşmalıdır. Rəsmi İrəvan nəzərə almalıdır ki, Azər­baycanla sülh prosesinin tam səmimi və uzunmüddətli perspektivə söykən­məsi baxımından bu məsələ son dərə­cə vacbdir. Həm ona görə vacibdir ki, dəhliz ideyası Ermənistanın özü üçün də faydalıdır. 

Həmçinin Azərbaycanın digər əra­zilərini Naxçıvanla birləşdirən quru yolunun mövcudluğuna dair müddəa Azərbaycan, Rusiya və Ermənistan li­derlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında da əksini tap­mış reallıqdır. Prezident İlham Əliyev COP29-la bağlı toplantıda bu məqama, özü də kifayət qədər əhatəli formada yer ayırdı. Nəzərə alaq ki, dövlətimizin başçısının mövqeyi Ermənistana re­allıqları görmək üçün şans verir: “İndi Ermənistan 3 ildən artıqdır ki, bu müd­dəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyər­lər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Mux­tar Respublikası ilə quru yolu əlaqə­sini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir. Üçtərəfli bəyanatın necə imzalanma­sı ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”.

Deməli, yaxşı olar ki, Prezident İlham Əliyevin qaldırdığı xüsus da XİN rəhbərlərini qarşıdakı təması üçün konkret diskussiya predmetinə çevril­sin. Vurğuladıq ki, “Zəngəzur dəhlizi” məsələsi Ermənistan üçün də faydalı­dır. Nəhayət, Azərbaycan hər bir halda məsələni həll edir. Söhbət İranla Naxçı­vana yol məsələsində əldə edilmiş ra­zılaşmadan gedir. Dövlətimizin başçısı forumda həmin razılaşmanın ayrı-ayrı detallarından söz açdı və hadisələrin rəsmi İrəvanın, belə demək mümkünsə, inad ssenarisinə uyğun gedəcəyi təq­dirdə, nələrin olacağının anonsunu ver­di: “Sonda nə olacaq? Ermənistan udu­zacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növ­bədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaş­ma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istə­mirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli bəyanata hörmət edilməlidir”.

Azərbaycanın lideri “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzu­sunda beynəlxalq forumdakı çıxışında Ermənistanın tranzit ölkəyə çevrilib yaxşı gəlir əldə etmək imkanlarını itirə biləcəyindən də söz açdı. Əslində, rəs­mi İrəvan üçün rasionallığın və praq­matik yanaşma nümayişinin əhəmiy­yətindən danışarkən, ölkənin bu itkidən qaçmağının zəruriliyi vurğulanmalıdır. Deməli, Ermənistan rəhbərliyi XİN baş­çılarının Qazaxıstan görüşü öncəsi məsələni götür-qoy etməli, ətraflı dü­şünməli, hazırkı pozitiv ab-havanın gə­tirdiyi dinamikaya uyğun davranmalıdır. Yuxarıda da diqqətə çatdırdığımız kimi, bu, həm də onun üçün şansdır. Yəni, Azərbaycanla səmimi münasibətlər Ermənistanın müstəqil, heç bir kənar oyunçulardan asılı olmayan gələcəyinə təminatdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət