Qərbi Azərbaycanın Amasiya rayonundakı Amasiya kənd orta məktəbində azərbaycanlı və erməni şagirdləri birgə təhsil alırdılar. Məktəbin direktoru Aşot Avetisyan, direktor müavinləri Rima Avetisyan və Əziz Həsənov idi. Atam Güləhməd Hacıyev isə burada dil və ədəbiyyat müəllimi işləyirdi.
Anam deyirdi ki, qardaşım Gülməmməd orta məktəbi əla qiymətlərlə bitirərək qızıl medala layiq görülmüşdü. Qonşuluqda olan erməni Mişa da qızıl medala namizəd idi. Lakin erməni məkri bu məsələdə də özünü büruzə verdi. Qardaşıma gümüş, Mişaya isə qızıl medal verilməsi qərara alındı. Atam isə həmin medalı qəbul etmədi. Bir müddətdən sonra direktor Aşot Avetisyan medalı evimizə gətirdi…
Məktəbdə riyaziyyat müəllimi işləyən bacım Sevda isə danışır ki, kimya fənnini tədris edən Hruş Baqdarasyan daim azərbaycanlıların əleyhinə şər-böhtan yağdırır, erməni şagirdlərini milli ədavəti qızışdıran və rayon mərkəzində keçirilən mitinqə aparır, burada uşaqlara “Türklər rədd olsun!” şüarını səsləndirməyə məcbur edirdi.
O illərdə erməni şovinistlərinin törətdikləri vəhşiliklər bitib-tükənmirdi. İbrahim adlı kişi xəstəxanada təsərrüfat müdiri işləyirdi, necə deyərlər, günün günorta çağı 17 yaşında oğlunu öz həyətlərində ağacdan asmışdılar. Bu səhnəni görən ata dəli olmuşdu.
Bacım danışır ki, ötən əsrin sonlarında başlayan milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci il fevralın 19-da İrəvanda “Ermənistan türklərdən təmizlənməlidir!”, “Ermənistanda yalnız ermənilər yaşamalıdır” kimi mənfur şüarlarla mitinqlər keçirilməyə başlandı. Amasiya rayonunda da erməni millətçiləri mitinqlər təşkil edirdilər.
1987-ci ildə Ermənistanda millətçilik çağırışları günü-gündən güclənirdi. Qarabağın Azərbaycandan qoparılması istiqamətində fəal iş aparılır, törədiləcək təxribatların planı hazırlanırdı. Xaricdə və SSRİ-də olan ermənilər bu planın icrası üçün böyük vəsait toplamışdılar. Hər bir erməninin bu işdə yüksək səviyyədə iştirakı təbliğ olunurdu. Xüsusilə mətbuat, radio və televiziya işçilərinin çevikliyinə böyük diqqət yetirilirdi.
“Daşnak” partiyası daha fəal mövqedə dayanır, bütün sahələrdə Azərbaycana endiriləcək zərbələrin kompleks planını yayırdı. Moskvadakı qəzet, jurnal və televiziya işçiləri Qarabağ hadisələrində ermənilərin mövqeyini müdafiə etməyə cəlb olunurdular. Ermənistan mətbuatı, radio və televiziyası öz millətçi çıxışları ilə erməni xalqını azərbaycanlıların üzərinə hücuma səfərbər edirdi.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritdi, nəticədə minlərlə dinc sakin qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, talan edildi və yandırıldı. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qaldılar.
Vaxt gələcək, Qərbi Azərbaycandan didərgin salınanlar Prezidentimizin müdrik siyasəti nəticəsində öz ata baba yurdlarna – İrəvana, Göyçəyə, Ağbaba mahalına, Şörəyilə qayıdacaqlar…
Səidə HACIYEVA,
Füzuli rayonu Araz Yağlıvənd kənd tam orta məktəbinin direktoru