Avropanın ikili standartlar mərkəzi

post-img

“Qoca qitə”də insan hüquqlarına göz yumanAvropa Parlamenti Azərbaycana qara eynəklə baxır

Bütün parametrlərinə görə ermənipərəst kollektiv Qərbin anti–Azərbaycan kampaniyasına dəstək verdiyi şübhə doğurmayan Avropa Parlamenti növbəti dəfə ölkəmizə qarşı qətnamə qəbul edib. Avropanın ali qanunverici qurumunda heç bir əsasa söy­kənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb. 

Öz evində qayda-qanun yarada bil­məyən, vətəndaşlarının sivil hüquqlarını tapdayan, irqi, dini ayrı-seçkiliyin bütün təzahürlərinin tüğyan etdiyi ölkələrin parlamentarilərinin cəmləşdiyi, Yelisey sarayında əyləşmiş “dirijor”un çubuğu ilə hərəkət edən bu qurum Azərbaycanın daxili işlərinə qarışmağı özünə rəva bilir. 

“Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti, həmçinin diqqə­ti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa Parlamenti­nin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı açıqlamasında belə deyilir. 

Azərbaycan Milli Məclisi də Avropar­lamentin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair ob­yektivlikdən uzaq qətnaməsinə münasi­bətini bəyanat formasında açıqlayıb. Av­ropa Parlamentinin məlum qətnaməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirən Milli Məclisin bəyanatında bu beynəlxalq təşkilatın Azərbaycan tor­paqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı düşmənçilik və qarayax­ma kampaniyası aparan qüvvələrin əlin­də alətə çevrilməsi təəssüflə qeyd olunur. 

* * *

Bu, Avropa Parlamentinin səlahiyyət həddini aşdığı ilk belə hal deyil. 2024-cü il martın 13-də də qəbul etdiyi və demək olar ki, eyni məzmunlu qətnaməsi ilə də anti–Azərbaycan cəbhəsində yer aldığı­nı, münasibət və yanaşmasında qərəzli olduğunu nümayiş etdirmişdi. Müzakirə mövzusu “Avropa İttifaqı və Ermənis­tan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” olan Avropa Par­lamentinin tribunasından çıxış edən “demokratiyanın tərənnümçüləri” qəbul etdikləri qətnamədə Azərbaycanın əra­zi bütövlüyünə və suverenliyinə təhdid çağırışları yer alıb. Amma, təəssüf ki, “demokratiyanın satılmış carçıları” ro­lunda çıxış edən parlamentarilər Aİ-yə üzv ölkələrin daxilində elementar insan hüquqlarının pozulmasından qaynaqla­nan çeşidli problemləri görməzdən gəlir, belə neqativ halları müzakirəyə çıxar­maqdan yayınırlar. Son yarım il ərzində Avropa Parlamenti Azərbaycanla bağlı artıq üçüncü qətnaməsini qəbul edib. İkinci qətnamənin tarixini yuxarıda qeyd elədik, ondan əvvəlki sənəd isə 2023-cü il oktyabrın 4-nə aiddir. Xatırladaq ki, həmin sənəddə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi çağırışları yer almışdı.

“Başbilənlər”indən aldığı siyasi sifari­şi can-başla icra edən Avropa Parlamenti unudur ki, insan hüquqları barədə “ağıl öyrətməyə” çalışdığı Azərbaycan Avro­pa İttifaqına daxil doqquz ölkənin enerji təhlikəsizliyini təmin edir. Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gür­cüstan, Türkiyə, Macarıstan və Serbiya­dan sonra ölkəmizdən təbii qaz tədarük edəcək 9-cu ölkə oldu. Yəqin bu siyahı yenə artacaq. Ona görə ki, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etmək arzularını bildiriblər. Rəsmi Bakı onunla səmimi şəkildə, həm də qarşılıq­lı faydalı əməkdaşlığa meyil edən bütün tərəfdaşlarla dil tapmağı bacarır. 

* * * 

Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların qorunmasına çağıran həmin haypərəst “səlibçi”lərə qanunun aliliyinin təmin edilməsindən dəm vur­maqdansa, otuz il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamış 1 milyon soydaşımızın ermənilər tərəfindən po­zulmuş hüquqlarını araşdırmağa dəvət edirik. İkili standartlara söykənən qərəzli qətnamələrdə yer alan əsassız iddialara gəlincə isə, hər bir vətəndaşının haqqı­nı qoruyan, sivil və tolerant Azərbaycan hüquqi dövlət prinsiplərini daim gözləyir və bəyan etdiyi demokratik prinsiplərə həmişə sadiqdir. 

Qətnamədə adlar çəkilməsə də, insan hüquqlarının avropalı “müdafiə­çiləri”, çox güman ki, bu gün Bakının həbsxanalarında istintaqı davam edən erməni separatçılarını nəzərdə tuturlar. Bu adamlar konkret cinayət əməllərinə görə məhkəmə qərarları əsasında sax­lanılıblar. Siyasi sifarişi yerinə yetirən avroparlamentarilərin həmin şəxsləri “siyasi məhbus” kimi qələmə verməsi həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də beynəlxalq hüququn prinsiplərinə ziddir. 

Bəli, hər bir fərdin hüquqlarının qo­runması demokratiyanın vacib atributla­rından hesab olunur. İntəhası, bu atribut­dan ayrı-ayrı dövlətlərə qarşı siyasi alət kimi sui-istifadə etmək cəhdləri heç cür qəbul oluna bilməz. Bu, həmçinin həmin Qərbin bəyan etdiyi demokratik və bəşəri dəyərlərə hörmətsizlik deməkdir.

Yadımızdadır ki, bir müddət əvvəl İrəvandan da buna bənzər çağırışlar eşidilirdi. Fəqət, daha Ermənistan haki­miyyəti doğru yolun haradan keçdiyini dərk edib. Avropa Parlamentində anti–Azərbaycan çıxışların səsləndiyi gün – aprelin 25-də bu ölkənin parlamentinin sədri Alen Simonyan İrəvanın Bakıdan təbii qazın alınması məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etdi: “Dü­şünürəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Biz bu məsələni müzakirə etməliyik. İndi də Rusiyadan aldığımız təbii qazın bir his­səsi Azərbaycan qazıdır”. Qətnamə və bəyanatın eyni günə düşməsi heç də tə­sadüfi sayılmamalıdır. Əslində, Simonya­nın açıqlaması elə Avropa Parlamentinin qətnaməsinə verilən cavab kimi qəbul edilə bilər. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Avropa Parlamenti birinci dəfə de­yil ki, Azərbaycana qarşı qətnamə ad­landırdıqları kağız parçası qəbul edir. Görünür, onlar hesab edirlər ki, Bakı bölgənin güclü oyunçusuna çevrilir və bunun qarşısını almaq, təzyiq göstər­mək üçün qətnamələr qəbul etmək lazımdır. Həmin qüvvələr Azərbayca­nı öz mövqeyindən qopardıb başqa səmtə yönəltməyə cəhd edirlər. Onlar uzun illər ərzində bu istiqamətdə “dərs verməklə”, “ağıl öyrətməklə” məşğul­durlar. Amma əksər hallarda bu “dərsvermə” prosesi onların özlərinə qarşı çevrilir. Nəticədə Avroparlamentin imi­cinə, nüfuzuna ciddi zərbələr endirilir. Axı, sağlam düşüncəli qüvvələr yaxşı başa düşürlər ki, bu sənəd, sadəcə olaraq, siyasi yükə malik bir qətnamə­dir. 

Digər tərəfdən, Avroparlament hansı əsaslarla və hansı haqla Azər­baycanın daxili işlərinə müdaxilə edir? Guya, bizdə hüquqlar pozulur. Yeri gəlmişkən, hazırda (dünən – red.) Berlində səfərdə olan dövlət başçımız çıxışında yaxşı bir ifadə işlətdi. Azər­baycan Prezidenti dedi ki, söhbət söz azadlığından, insan hüquqlarından gedirsə, onda internetin müstəqilliyi necə olsun? Əgər internet azad de­yilsə, belə çıxır ki, KİV də azad deyil. Məgər Azərbaycan bu şəbəkədə ona qarşı yönəlmiş disbutların, çıxışların, bəyanatların qarşısını alır? 

Aydın məsələdir ki, Avroparla­mentin bu qətnaməsi növbəti kağız parçasıdır. Bölgədə son otuz ildə baş verən qanunsuzluqlara göz yuman ermənipərəst Qərb Azərbaycana qar­şı “total hücuma” keçib. Bunlar hədər cəhdlərdir və Bakı belə “hücumların” qarşısını almağa hər an hazırdır.

Fərhad MƏMMƏDOV, 
siyasi icmalçı

Avropa Parlamentinin 25 aprel tarixli qətnaməsi ilə keçən dəfəki ara­sında elə bir ciddi fərq yoxdur. Bura­da təbii sual yaranır: eyni məzmunlu ikinci qətnamənin qəbuluna nə ehtiyac vardı? Bizə elə gəlir ki, indiki parla­ment bu addımı öz fəaliyyətini yay­da yekunlaşdıracağına görə atıb. Bir neçə aydan sonra Aİ parlamentində seçkilər keçiriləcək. Hesab edirəm ki, ondan əvvəl Fransanın başçılıq etdiyi anti–Azərbaycan qüvvələr Bakı ilə bu qurum arasındakı münasibətlərə xələl gətirməyi düşünüblər. 

Azərbaycanla Ermənistan arasın­da sərhədin demarkasiya prosesinin başlanmasını dünyanın, demək olar ki, bütün aparıcı dövlətləri və təşki­latları bu və ya digər formada alqış­ladılar. İki ölkə arasında münasibət­lərin normallaşması prosesinə yalnız Fransa öz münasibətini bildirmədi. Bu faktın özü açıq-aşkar onu nümayiş et­dirir ki, rəsmi Paris hazırkı mərhələdə Ermənistan və Azərbaycanın sülhə yaxınlaşmasını istəmir. İndi Emmanu­el Makron Fransası Cənubi Qafqazın bu iki qonşu ölkəsi arasında sabitliyə səbəb olacaq sülh prosesini ləngit­məkdən ötrü bütün resurslarını səfər­bər edib. Avropa Parlamentinin Azər­baycana qarşı atdığı bu addımını da məhz Parisin yeritdiyi siyasətin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. 

O ki qaldı, avroparlamentin ölkə­mizin daxili işlərinə qarışması məsələ­sinə, məqsəd Azərbaycanla Aİ-yə üzv dövlətlər arasındakı münasibətlərdə soyuqluq yaratmaqdır. Həmin qüv­vələr hər vəchlə bu münasibətlərin normallaşmasının qarşısını almağa çalışırlar.

İmran BƏDİRXANLI
XQ





Siyasət