Petelin “separatizm təəssübü” və Ermənistan illüziya burulğanında

post-img

Fransız deputat sərsəmləmələrindən qalmır

Hazırda Fransa ermənipərəstliyinin əsas simalarından biri olan ölkə parlamentinin Fransa – Ermənistan dostluq qrupunun rəhbəri Ann-Lorens Petel yenə sərsəmləyib. Onun “Tvitter” paylaşımında iki başlıca məqam var. 

Məlumdur ki, Ermənistan hakimiyyəti­nin, eləcə də onun xaricdəki havadarları­nın anti-Azərbaycan təbliğatında mühüm yeri ölkəmizin qeyri-demokratik, avtoritar üsuli-idarəsinə malik məmləkət təqdimatı tutur. Bu fonda Ermənistanın, guya, de­mokratik olduğu qabardılır, Bakı-İrəvan münasibətləri baxımından birincinin ikin­ciyə hücumu ritorikası gündəmə gətirilir. Beləliklə, beynəlxalq ictimaiyyətin əsl həqiqətlərdən uzaq tutulması xətti götü­rülür. Çalışılır ki, xarici aləm Azərbayca­na qarşı təzyiq yolunu tutsun. Bir sözlə, tam manipulyativ yanaşma həyata keçiri­lir. Yanaşmanın adı budur: demokratiyanı diktaturanın hücumundan qorumaq. İndi Ann-Lorens Petelin də sosial şəbəkə he­sabında yazdıqlarına da məhz bu “məna yükü” hakim kəsilib. 

Fransız xanım parlamentarinin üzə­rində dayandığı ikinci məsələ budur ki, ermənipərəst dairələr çox tez-tez Azər­baycan tərəfindən “Qarabağın erməni mədəni irsinin məhvi” məsələsini qal­dırırlar. Əlbəttə, burada bilinmir ki, söh­bət ölkəmizin hansı hərəkətindən gedir. Digər tərəfdən, Qarabağda olan xristian dini məbədləri ermənilərə məxsus deyil. Otuz ilə yaxın davam etmiş işğal döv­ründə bölgədəki qədim alban məbədləri erməniləşdirilib və hazırda Azərbaycan dövləti məhz bu tendensiyanın izlərini silir, həmin abidələri əvvəlki görkəminə gətirir. Yəni, tarixilik baxımından ölkə­mizin gerçəkləşdirdiyində heç bir qüsur yoxdur və məsələ elmi cəhətdən də mü­bahisələndirilə bilməz. 

***

“Qarabağın erməni mədəni irsinin da­ğıdılması” məsələsində ermənipərəstlə­rin apardıqları təbliğatdakı haqqında söz açacağımız növbəti motiv çox gülməlidir. Elə Ann-Lorens Petel də məhz gülünc məqamı qabardır. Sən demə, separatçı rejimin “milli assambleyası” adlanan qu­rumun binası erməni mədəni mirası imiş. Bir neçə ay əvvəldən Azərbaycanın bina­nı sökməsi xüsusunda hay-küy qaldırıl­mışdı. İndi isə həmin rejimin Xankəndidə yerləşən “hökumət binası”ndakı təmir işləri eyni mənfur prizmadan qiymətlən­dirilir. Yəni, həmin binanın üzərində olan qondarma rejimin gerbi sökülüb. Xanım Petelin də narahatlığının səbəbi budur. 

Qeyd edək ki, bu ilin martından sa­biq separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apar­dığı “parlament binası”nın Azərbaycan hökumətinin göstərişinə əsasən sökül­məsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan tikilidə qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərib. “Hökumət binası”na gəlincə, onunla bağ­lı Prezident İlham Əliyev martın 18-də xalqımıza Novruz bayramı münasibətilə Xankəndidən ünvanladığı təbrik nitqində məlumat vermişdi. Özü də müfəssəl şə­kildə. Dövlətimizin başçısı bildirmişdi ki, Xankəndi sovet dövründə Azərbaycan büdcəsi hesabına, Azərbaycan memar­ları və inşaatçıları tərəfindən inşa edilib: “Bax, arxadakı bina Vilayət Partiya Ko­mitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi”...

Göründüyü kimi, real faktlar var. Belə olan halda Petel və onun kimilərinin qal­dırdıqları vay-şivənin heç bir əhəmiyyəti yoxdur. Ancaq burada qeyd ediləsi bir məqam da var. Hər şeydən əvvəl, Qa­rabağ Azərbaycanın torpağıdır. Ərazidə­ki heç bir mədəni irs nümunəsinə qəsb gerçəkləşdirilmir. Ancaq vurğuladıq ki, ermənilər otuz ilə yaxın müddətdə qəsb və vandallıq həyata keçiriblər. Nəinki Qa­rabağda, eyni zamanda, işğala məruz qoyduqları digər bölgələrimizdə. İkincisi, nə zamandan bir ölkənin ərazisindəki se­paratçı quruluşda rəmz kimi qiymətləndi­rilən binalar mədəni irs sayılır? 

O da görünür ki, ermənipərəst da­irələr üçün beynəlxalq hüquq prinsipləri heç nədir. Həmin prinsiplərə ən aşkar eti­nasızlığı məhz Fransanın ermənipərəst­ləri edirlər. Ölkə parlamentinin deputatı və Fransa – Ermənistan dostluq qrupu­nun sədri Ann-Lorens Petel bu baxımdan daha “irəli getməsi” ilə fərqlənir. Böyük ehtimalla onun yerli erməni lobbi və di­aspor təşkilatlarından aldığı maliyyə və­saitinin miqdarı o qədər çoxdur ki, hər cür cəfəngiyyatı dilə gətirməkdə, yazmaqda çətinlik çəkmir. 

Yeri gəlmişkən, xanım Petel ötən ay İrəvana səfəri zamanı da cəfəng fikirlə­ri ilə yadda qalmışdı. O, “Armenpress”ə müsahibəsində demişdi ki, Fransa Ermə­nistanın müdafiə qabiliyyətini və suve­renliyini gücləndirməlidir. Guya, Parisin mövqeyi İrəvanın “təcavüzkar Azərbay­canla” münasibətlərini balanslaşdırma­ğa hesablanıb. Qızışdırıcı mövqe tutan xanım parlamentari müsahibəsində, həmçinin artıq mövcud olmayan Qara­bağ münaqişəsinin həllindən, ölkəsinin bu istiqamətdəki fəaliyyətindən və digər məsələlərdən söz açaraq bildirmişdi ki, “Fransa Azərbaycanın Ermənistana qar­şı təcavüzünü dayandırmağa, Bakını Qarabağ ermənilərinin geri qayıtmaları, onların təh-lükəsizliklərinin və rifah halla­rının təminatı üçün müvafiq şərait yarat­mağa çağırır”. 

Petel, eyni zamanda, Fransa Sena­tının Azərbaycanla bağlı qətnaməsindən söz açmış və vurğulamışdı ki, Qarabağ ermənilərinin geri qayıtma hüquqlarının təminatı, onların təhlükəsizliyi və rifahı naminə çağırış ruhuna malik sənəd Azər­baycanı öz silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmağı tələb edir. Ən əsa­sı isə o, qətnamədə Bakıya sanksiyaların tətbiqi çağırışının yer aldığını qabartmış­dı. 

Bəli, Ann-Lorens Petelin bir ay əvvəl Ermənistanı Azərbaycana qarşı yeni mü­haribəyə sövq edən fikirlər səsləndirməsi fonunda, onun hazırda erməni mədəni mirası məsələsindəki “təəssübkeşliyi” Parisin anti-Azərbaycan, ermənipərəst xəttinin tərkib hissəsidir. Şübhəsiz, bu sayaq gedişlərin heç bir faydası yoxdur. Əksinə, ziyanı var. Çünki belə yanaşma­lar Ermənistan iqtidarının, o cümlədən xəstə erməni cəmiyyətinin düşdüyü illü­ziya bataqlığında daha da çapalamasına yol açır. Bataqlıq da bataqlıqdır və hər çapalama ora düşəni girdabda boğur. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət