Uğur formulu: dürüstlük və səmimiyyət

post-img

Dövlət başçımız Azərbaycanın qazandığı uğurların təməl prinsiplərini göstərdi 

Azərbaycanın bir ölkə olaraq dünyada sabitlik məkanı, əmin-amanlıq adası, tolerantlıq nümunəsi kimi tanınmasını, özünü xarici risklərdən qorumağı bacarmasını, son iyirmi bir ildə böyük uğurlar qazanmasını şərtləndirən əsas amil, əlbəttə ki, ilk növbədə, xalq–iqtidar birliyidir. Bu amili ölkənin daxili və xarici siyasət kursunun başlıca prioritetinə çevirən strateq-diplomat, sarsılmaz birliyin möhtəşəm “binasının” memarı İlham Əliyevdir. 

Yadımıza 2020-ci ilin yanvar ayın­da Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Pre­zident İlham Əliyevə moderatorun verdiyi suala dövlət başçımızın cavabı düşür. Sual belə idi: “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi siz birinci növbədə kimə zəng edər­siniz – Moskvaya, yoxsa Pekinə?” Cənab Prezident bu suala dərhal “Bakıya” cava­bını verdi. 

Bir daha xatırladırıq ki, o zaman hələ 44 günlük müharibə, daha sonra bir sut­kalıq antiterror tədbiri, Qarabağ iqtisadi rayonunun separatçılardan təmizlən­məsi baş verməmişdi. Yəni, liderin hər­bi-siyasi uğurlarının seriyası, zəfərlərinin paradı hələ irəlidə idi. İlham Əliyevin o birkəlməlik cavabı özündə Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, mil­li maraqların daim uca tutulduğu siyasət yürütməsinin parlaq nümunəsini ehtiva edirdi. Həmin cavabın ardınca Prezi­dentimiz Azərbaycanın qonşu ölkələrlə münasibətlərini dostluq, mehriban qon­şuluq, qarşılıqlı faydalı əməkdaşlıq prin­sipləri üzərində qurduğunu söylədi. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin hər çıxışı proqram xarakteri da­şıyır, milli doktrina prinsiplərinə söykənir, daxilə və xaricə ünvanlanan diplomatik tezislərlə zəngin olur. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda dövlət başçısının səsləndirdiyi mesajların əsas ünvanı qonşularımız olan “Qafqaz evi”nin sakin­ləri, eləcə də qlobal təhlükələrlə üzləşən dünya gücləri idi. 

Sabitliyin yolu ədalətdən keçir

Beynəlxalq forum iştirakçılarının su­allarını cavablandıran cənab Prezident ölkəmizə qarşı soyuq müharibə cəbhəsi açmış bəzi ölkələrə mesajlarını çatdırdı. Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirdi ki, biz də onlara qarşı eyni tədbirləri görürük, amma bu zaman qırmızı xətləri keçmirik. 

Azərbaycan qazandığı uğurların sə­bəblərindən danışan Prezident İlham Əliyev bununla bağlı dedi: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yara­da biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşları­mız ilə münasibətlərimizdə ədalətli olmu­şuq. Uğurumuzun səbəbi bundadır”.

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla mü­nasibətləri qura bilmişik. Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən “sürpriz”lər olmayacaq”.

Məhz cənab Prezidentin zərgər dəqiqliyi ilə hesablanmış xarici siyasə­tinin nəticəsində Azərbaycan təkcə re­gionda gedən hadisələrə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək səla­hiyyəti qazanıb. Məhz buna görə hazırda çağdaş dünyamızı narahat edən, qlobal əhəmiyyət daşıyan bir sıra problemlə­rin həllində aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə he­sablaşırlar. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayə­sində son 21 il ərzində ölkəmizin dünya­nın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 

Qapımız bədxahlara bağlı, dostlarımıza açıqdır

Son üç ildə hərbi-siyasi müstəvidə sərgilədiyi qələbələr sayəsində Azərbay­canın beynəlxalq nüfuzunun, çəkisinin daha da artması, mövqelərinin güclənmə­si bədxahlarımızı, o cümlədən Ermənista­nı da qıcıqlandırır. Avropanın haypərəst dairələrinin başlatdığı anti–Azərbaycan kampaniyası – “səlib” yürüşü özünün si­yasi apogeyinə çatıb. Azərbaycanın dip­lomatik uğurları, irəli sürdüyü təşəbbüs­lərin, Bakı Qlobal Forumunda Prezident İlham Əliyevin dünya ölkələrinə ünvan­ladığı çağırışların beynəlxalq arenada müsbət rezonans doğurması, xüsusilə də Azərbaycanın COP29-a evsahibliyi edəcəyi erməni lobbisini, xaricdəki hay­pərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çox­dur. Həqiqəti söyləmək imkanımız var”, – deyən cənab Prezident COP 29-a həm də ən təxirəsalınmaz məsələlərin həl­linə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxdığını açıqladı: “Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hü­cumları görürük. Biz cavab tədbirləri görü­rük. Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqla­rımızın üzünə isə açıq saxlamalıyıq. Cə­nubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistan baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik”. Dövlət başçısı sözlərinə onu da əlavə etdi ki, bu təsisa­tın (Avropa İttifaqının –red.) tarixində heç vaxt SSRİ-nin keçmiş respublikası ilə bu cür görüş olmayıb: “Hətta Ukrayna, Gür­cüstan və Moldova ilə bu formatda görüş keçirilməyib”. 

Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” bey­nəlxalq forumu iştirakçılarının suallarını cavablandırarkən Azərbaycan–Ermə­nistan münasibətlərinin normallaşması mövzusuna da toxunub: “Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üz­ləşmişdik. Bizim bütün potensial riskləri­mizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”. 

Yaşıl dünyaya yolun həmrəylikdən keçdiyini bəyan edən rəsmi Bakı qonşu Ermənistanla həll olunmamış məsələlə­rin ədalət və səmimiyyət prinsiplərinə söykənərək sülh yolu ilə çözülməsinə sa­diqliyini həmişə nümayiş etdirib. Bu baxış bucağından baxdıqda Prezident İlham Əliyevin 2024-cü ili Azərbaycanda “Yaşıl dünya üçün Həmrəylik İli” elan etməsi tə­sadüfi sayılmamalıdır. 

“Yaşıl dünya üçün Həmrəylik İli”

Forumdakı çıxışında bölgədə sabit­liyin pozulması üçün edilən kənar cəhd­lərə də toxunan dövlətimizin başçısı Fransa, Hindistan və Yunanıstanın Er­mənistanı bizə qarşı silahlandırdıqlarını, Azərbaycanın isə oturub gözləyə bilmədi­yini diqqətə çatdırıb: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta, çalışırlar ki, bununla bizə nəyi isə sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şə­kildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Bəli, bu gün Azərbaycan ədalətə və səmimiyətə söykənən yolunu tutub irəli gedir. Biz heç kəsin qarşısında başıaşa­ğı deyilik. Bütün işlərdə özünü ləyaqətlə aparan, milli maraqlarını hər şeydən üs­tün tutan xalqın və onun liderinin siyasi iradəsi qarşısında duruş gətirəcək qüvvə yoxdur. Dövlət başçımız “bu gün siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”,– deyəndə məhz dağ kimi güvəndiyi Azər­baycan xalqını nəzərdə tuturdu.

Səhv etmiriksə, bu, Uinston Çörçilin kəlamıdır: “Böyük diplomatiya milli ma­raqları müdafiəetmə bacarığı, ən doğru siyasət isə dürüstlükdür”. 

Xalqa verdiyi bütün vədləri gerçək­liyə çevirməyi bacaran İlham Əliyevin Pezident kimi 21 ildəki fəaliyyəti milli ma­raqları qorumaq yolunda fədakarcasına göstərdiyi tarixi xidmətlərinin uğur tablo­sudur. O, dünyanın siyasət “nəhənglə­rinin” belə qibtə edəcəyi güclü diplomat keyfiyyətləri ilə beynəlxalq miqyasda ca­nından çox sevdiyi və güvəndiyi xalqının və özünün imzasını təsdiqləmiş, nüfuzu­nu ali məqama yüksəltmiş alternativsiz lider, qüdrətli sərkərdədir. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Hazırda parçalanan dünyada və ətrafımızda gərgin hadisələr baş ve­rir. Hətta üçüncü dünya müharibəsinin getdiyi qənaətinə gələnlər də var. Belə gərgin şəraitdə Prezident İlham Əliyev Azərbaycanın qonşuları ilə münasi­bətləri korlamamaq şərti ilə Cənubi Qafqazda möhkəm və davamlı sülhün yaranması üçün çalışır.

“Köhnə qitə”nin etibarlı və strateji tərəfdaşına çevrilən Azərbaycan bey­nəlxalq platformalarda da mövqelərini gündən-günə gücləndirir. Doğrudur, hazırda ölkəmizə qarşı Avropadan, okeanın o tayından müəyyən təzyiqlər edilir. Cənab Prezident həmin qüv­vələrə qarşı olduqca uğurlu adekvat addımlar atır, onların layiq olduqları cavabı verir. Bu barədə ADA Univer­sitetində keçirilən forumdakı çıxışında İlham Əliyev məntiqə və arqumentə söykənən açıqlamasında bu gün ədalətin də, gücün də Azərbaycanın tərəfində olduğunu dedi. 

İndi Qərbin ermənipərəst qüvvələ­ri qara təbliğat, avantürist bəyanatlar yolu ilə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Amma onlar bununla heç nəyə nail ola bilməyəcəklər, sonda yenə Azərbaycan liderinin iradəsi ilə hesablaşmağa məcbur olacaqlar.

Aydın məsələdir ki, ermənipərəst qüvvələr hər vəchlə öz maraqları na­minə Cənubi Qafqaz məsələsini açıq saxlamağa çalışırlar. Amma artıq reallıq ondan ibarətdir ki, “dqr”in sta­tus-kvosu kimi, Ermənistanın Azər­baycana qarşı torpaq iddiaları da fias­koya uğradı. Qarabağ mövzusu artıq bağlanıb, geriyə yalnız sülh müqavilə­sinin imzalanması qalır.

Tofiq ABBASOV, 
siyasi şərhçi

Azərbaycan dövlətinin rəhbər tutduğu fundamental prinsipləri son dərəcə şəffaf və alidir. Bu prinsip­lər ölkəmizin həm sözündə, həm də hərəkətlərində bütöv olmasının göstə­ricisidir. Çünki Bakı öz siyasətini başqa dövlətlərin mənafelərinə toxunmadan həyata keçirir. ADA Universitetindəki çıxışında cənab Prezident bu aspektdə bir çox vacib məqamlara toxundu. Azərbaycana qarşı “soyuq müharibə­ni” kimlərin təşkil etdiyini yaxşı bildiyini söyləyən dövlət başçımız o qüvvələrin ölkəmizin müstəqil siyasət yeritməsi ilə barışa bilmədiklərini vurğuladı. On­lara elə gəlir ki, dünyanın istənilən böl­gəsindəki münaqişəni məhz özləri həll etməldiirlər. Rəsmi Bakının mövqe­yi isə ondan ibarətdir ki, Xəzəryanı coğrafiyada, Qafqazda, ümumiyyətlə, Avrasiya arealında nəyə görə öz po­tensialımızı nümayiş etdirməməliyik? Həmin qüvvələri qıcıqlandıran da məhz budur. 

Ermənistandan “marionet” kimi istifadə etməklə bölgədə proseslə­rin müsbət məcrada davam etməsini deyil, bu istiqamətin iflasa uğraması­nı təmin etməyə çalışırlar. Əlbəttə ki, bu, onların istəyidir. O qüvvələr ki, öz güclərinin təsdiqi üçün hazırda dünya­dakı xaotik təmayüllərə təkan verirlər. Fəqət əgər onlar özlərini demokrat, in­kişaf etmiş dövlətlər saymaqla yanaşı, “təcavüzkar demokratiyaya” əl atırlar­sa, onda güzgüyə baxsınlar. 

Azərbaycan nədən Fransanın ikiüzlü, dağıdıcı siyasətini bəyənməli­dir? Yaxud işğalçı Ermənistanı qızış­dırıb ortaya atan ABŞ-ı niyə dəstək­ləməyik? Azərbaycan dövlətinin bu məsələlərə yanaşması olduca sağ­lam, şəffaf və məntiqlidir. Bu zaman bizə tutulan iradların, bildirilən narazı­lıqların heç biri özünü doğrultmur.

İmran BƏDİRXANLI
XQ





Siyasət