Anti-paşinyançıların anti-erməni bəhanəsi

post-img

Məqsəd bütün vasitələrlə sülhə mane olmaqdır

Azərbaycan və Ermənistan arasında yaradılmış delimitasiya və demarkasiya üzrə komissiyanın aprelin 19-da keçirilən iclasında Qazax rayonunun işğal altındakı 4 kəndinin ölkəmizə qaytarılması ilə bağlı qəbul olunan qərar, bundan sonra demarkasiya prosesinin başlaması, aprelin 23-də ilk sərhəd dirəyinin qurulması Hayastanda hakimiyyətə qarşı çıxanların əllərinə yeni bəhanələr verib. Onlar iki ölkə arasında etimadın yaradılmasına, sülhün əldə olunmasına xidmət edəcək bu məsələni necə deyərlər, süngü-bıçaqla qarşılayıblar.

1991-ci ildə işğal olunan 4 kəndin (Ba­ğanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) delimitasiya prosesi çərçi­vəsində ölkəmizə qaytarılması Nikol Pa­şinyan hökumətinin “xəyanəti və satqın­lığı” kimi qiymətləndirilir. Etiraz edənləri əsasən 3 qrupa bölmək olar. Birinci qru­pa 20 il ərzində (1998-2018) Ermənistanı çapıb-talayan, onu vassala, asılı dövlətə çevirən və erməni cəmiyyətinin bu gün haqlı olaraq talançılar adlandırdığı keçmiş prezidentlər Robert Koçaryan və Serj Sar­kisyan tərəfdarları, onların parlamentdəki fraksiyalarına üzv olan deputatlar, ikin­ci qrupa Paşinyan tərəfindən vəzifədən çıxarıldıqdan sonra müxalifət düşərgə­sinə keçənlər, üçüncü qrupa isə 4 kənddə məskunlaşmış şəxşlər daxildir. Əvvəlki iki qrupa daxil olanlar sonuncuların qızışdırıl­masında xüsusi rol oynayırlar.

Elə bir neçə gün öncə R.Koçaryanın par­lamentdəki “Hayastan” fraksiyasına daxil olan deputatlar hayların “Voskepar” adlandır­dıqları Yuxarı Əskipara kəndində olublar. Gö­rüşdə çıxış edən “Hayastan”ın deputatı Lilit Qalstyan bildirib ki, ermənilərin başına gələn bəlalarda yalnız bir nəfər və onun manqurt­ları təqsirkardır. Qalstyan baş naziri nəzərdə tutaraq deyib: “O, bugünlərdə parlamentdə bildirdi ki, iki cür Ermənistan mövcuddur: Tarixi və real. Hətta, ən qorxulu yuxuları­mızda belə biz nə vaxtsa erməni xalqının öz soyundan bu qədər uzaqlaşmış bir nümayən­dəsinin dünyaya gələcəyini görə bilməzdik. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, onlar ötən 30 il ərzində vətənpərvər nəsil yetişdirdikləri üçün qalib gəliblər. Bəs bizim hazırkı hakimiyyət nə edir? Ermənistanda məhv edə biləcəyi hər şeyin axırına çıxıb”.

Qalstyan əlavə edib ki, Qarabağın və Ermənistanın vəhdəti hər zaman bizim dəyə­rimiz olub. Bu gün isə hakimiyyətin əsas vəzifəsi Qarabağ səhifəsini bağlamaqdır. Hö­kumət Qarabağdan olanların yerləşdirilməsi məsələsini həll etməklə işini bitmiş hesab edir. İndi isə onlar Tavuşun kəndlərini (?) qaytarmaq həşirindədirlər. Nikol qorxaq və satqındır. Cəsarətli olmaq və mübarizə apar­maq lazımdır. Əks-təqdirdə biz dövlətçiliyi­mizi itirəcəyik.

Ümumiyyətlə, hazırda Ermənistanda və xüsusilə Tavuş vilayətində vəziyyət gər­gindir. Müxtəlif müxalif hərəkatlar vilayət mərkəzində və 4 kənddə aramsız etiraz aksi­yaları keçirirlər. Onlar küçələri, əsas yolları, o cümlədən Ermənistan–Gürcüstan dövlətlərarası avtomobil yolunu bağlayır, vətəndaşları və Qarabağ ermənilərini öz sıralarına qoşma­ğa çalışırlar.

Hakimiyyətlə münasibətləri, yumşaq desək, sərin olan Erməni apostol kilsəsi də proseslərə qızışdırıcı təsir göstərməkdədir. Tavuşdakı etirazlara kilsənin vilayət yeparxi­yasının rəhbəri Baqrat Qalstanyanın rəhbər­lik etdiyini desək, yəqin ki, səhv etmərik. O, əhalinin 4 kənddən çıxmaması üçün xüsusi canfəşanlıq göstərir, onları müqavimətə səs­ləyir. Bir neçə gün öncə Yuxarı Əskiparada keçirilən mitinqdə çıxış edən Qalstanyan de­yib ki, “Voskepar bizim üçün “qələbənin sim­volu” olmalıdır. Hakimiyyət nümayəndələri dəfələrlə bəyan ediblər ki, vətənin bir qarışını da güzəştə getməyəcəklər. Amma onlar “Art­sax”ı və digər əraziləri artıq təhvil veriblər. Bu adamlar ancaq yalan danışır, aldadır və öz xalqını terrora məruz qoyurlar. İndi onlar deyirlər ki, kəndlər Ermənistana məxsus de­yil və biz onları qaytarmasaq, yeni müharibə başlaya bilər. Bu adamlar bizim “müqəd­dəs torpaqlarımızı” xarabalıq adlandırırlar. Demək istəyirəm ki, yeni müharibə başlasa, bunun təqsirkarı bütünlüklə indiki hakimiy­yət olacaq. Ölkəni belə acınacaqlı vəziyyətə məhz onlar gətirib çıxarıblar. Bizə birləşmək və mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, bizim mübarizəmiz böyük hərəkata çev­riləcək.

Bu arada “Hraparak” qəzetinin yaydı­ğı məlumat diqqəti cəlb edir. Qəzet dünən­ki sayında qeyd edib ki, ölkədədaxili siyasi vəziyyət gərginləşdiyi üçün hakim “Mülki müqavilə” fraksiyasına daxil olan deputat­lar ictimaiyyət arasına çıxmaqdan çəkinir­lər. Nəşr bildirir ki, deputatların əksəriyyəti parlamentin aprelin 23-də keçirilən iclasına qatılmayıb, sadəcə, bir qismi iştirak edib: “Vəziyyət gərginləşən kimi fraksiya üzvlə­ri gizli fəaliyyətə keçirlər. Tavuşda əhalinin ciddi şəkildə etiraza qalxması onları çox na­rahat edib. Qorxurlar ki, İrəvanda da etiraz­lar genişlənər və parlament binasına hücum edilər. Bu səbəbdən ictimaiyyət önündə çox görünməməyə çalışırlar. Hətta ötən gün par­lamentin iclasına fraksiya üzvlərinin cəmi bir neçəsi qatılıb. Onlar Paşinyanın göstərişi ilə sosial şəbəkə hesablarında paylaşım etməklə hadisələrə münasibət bildirirlər. Deputat ola­raq qazandıqlarının əvəzini bu şəkildə ödəyir, tapşırıqları belə icra edirlər”.

Aydındır ki, müxalifətin əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməkdir. Onlar bu fikirlərini heç gizlət­mirlər də. Məsələn, “Demokratiya, qanun və nizam-intizam” partiyasının yaradıcısı Var­dan Qukasyan bildirib ki, əsas məqsədləri hazırkı hakimiyyətdən qurtulmaqdır.

Vilayətdə gərginlik dünən də davam edib. Radikal–revanşist qruplaşmalar Gürcüstan­la dövlətlərarası avtomobil yolunu yenə də bağlayıblar. Onlar yolda barrikadalar quraraq tələblərini səsləndiriblər. Hökumət nümayən­dələrinin etirazçılarla apardıqları danışıqlar isə səmərə verməyib. Aksiyada bölgədə fəa­liyyət göstərən 27 kilsənin keşişləri xüsusi fəallıq göstəriblər. Qanunsuzluğun qarşısı­nı almaq üçün hökumət bölgəyə İrəvandan əlavə olaraq, xeyli sayda xüsusi təyinatlı po­lis qüvvələrini və daxili qoşunların hərbçilə­rini göndərib. Onların sərt müdaxiləsindən sonra yolda hərəkət qismən bərpa olunub. Yerli mətbuatın məlumatına görə, etirazçıla­rın ən fəal üzvlərindən 25 nəfəri polis tərəfin­dən saxlanılaraq İrəvana göndərilib. Onların arasında parlamentin deputatı Andranik Te­vanyan da olub. Ancaq polisin sərt tədbirlərə əl atmasına baxmayaraq, aksiya sonra da da­vam etdirilib.

Hayların “Sevan” adlandırdıqları Göyçə şəhərində də ötən gün vəziyyət mürəkkəbli­yi ilə seçilib. Göyçə–İrəvan magistral yolu­nu bağlayan etirazçılar hərəkəti iflic ediblər. Zəngəzurda da etiraz aksiyası keçirilib. Böl­gənin mərkəzi olan Qafanda icra hakimiyyə­tinin qarşısına yığışan etirazçı kütlə hökumə­tin istefasını tələb edib.

Paytaxtda isə Paşinyan hakimiyyətinə müxalifətdə olan ayrı-ayrı siyasi qüvvələr və parlamentdə təmsil olunan “Hayastan” blo­kunun deputatları mərkəzi meydana toplaşa­raq baş nazirin istefasını tələb ediblər. Sabiq prezident, Xocalı faciəsinin törədilməsinin bilavasitə iştirakçısı Serj Sarkisyan da onların arasında olub. Mətbuata açıqlama verən Sar­kisyan Paşinyanı və komandasını istefa ver­məyə çağırıb. Əks-təqdirdə aqibətinin yaxşı olmayacağı ilə hədələyib.

Etiraz aksiyalarında polisin davranışı ilə bağlı “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı da münasibət bildirib. Təş­kilatın “X” platforması hesabında bu barədə deyilir: “Ermənistan polisinin vətəndaşlara qarşı zorakılıq halları barədə məlumatların artması bizi narahat edir. Biz Ermənistan hakimiyyətini polisin qeyri-mütənasib güc tətbiqini və qeyri-insani rəftarını araşdırmağa və polis sistemində mühüm islahatları təşviq etmək və həyata keçirmək üçün vətəndaş cə­miyyəti ilə birgə işləməyə çağırırıq”.

Ermənistandakı aksiyaların hansı nəti­cələr doğura biləcəyinə dair “XQ”yə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Ca­vid Vəliyev bildirdi ki, son dörd il ərzində Paşinyan ona qarşı olan qüvvələri neytral­laşdırmağa nail olub. Onun sözlərinə görə, hazırda Paşinyan iqtidarına ciddi təhdidlər yoxdur: “Paşinyana qarşı olan etirazların nə ilə nəticələnə biləcəyinə dair bizdə fikir for­malaşması üçün son dörd ildə kifayət qədər hadisələr baş verdi. Xatırlayırsınızsa, 2021-ci ilin qışında silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın başçılığı ilə ordunun yüksək rütbəli zabitləri Paşinyandan istefa verməyi tələb etdilər. Paşinyan Qasparyan da daxil olmaqla, həmin sənədə imza atanların hamısını vəzifədən uzaqlaşdırmağı bacardı. Daha sonra yaranmış siyasi böhran səbəbin­dən 2021-ci il iyunun 20-də keçirilən növbə­dənkənar parlament seçkilərində qalib gəldi. Bundan sonra da İrəvan küçələrində dəfələrlə mitinqlər keçirildi. Ancaq onlar heç bir nəticə vermədi. Paşinyan iqtidarını devirmək üçün, hətta, xaricdən də bəzi müdaxilələr oldu. On­lar da uğursuzluğa düçar oldular”.

C.Vəliyev hesab edir ki, indiki etirazların miqyası əvvəlkilərə nisbətən daha kiçikdir. Yəni, lokal xarakterlidir, Paşinyana qarşı olan qüvvələrin sıraları getdikcə seyrəlir.

Politoloq N.Paşinyanın fors-major ha­disələrə, o cümlədən sui-qəsd hadisələrinə qarşı da ciddi şəkildə qorunduğunu bildirdi: “Radikal müxalifət, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəməyən xarici qüvvələr ölkə daxilində vəziyyəti qı­zışdırırlar. Onlar prosesi baş nazirin əleyhinə çevirməyə çalışırlar. Bu, açıq-aydın görünür. Amma Paşinyan da hər dəfə bu cür hadisələr­dən istifadə edərək, prosesləri öz lehinə çe­virməyi bacarır. İndiki şəraitdə mən Paşinyan hakimiyyətinə qarşı hansısa təhdid olduğunu görmürəm”.

Göründüyü kimi, Ermənistanda revanşist kəsimi təmsil edənlər ölkəni vətəndaş qarşı­durmasına sürükləyirlər. Onların hakimiyyət böhranı, siyasi böhran yaratmaqla hakimiy­yəti qəsb etməyə çalışdıqları göz önündədir. Bundan sonra isə yenidən Azərbaycanla əldə edilmiş razılıqları pozmaq və ölkəmizə qarşı ərazi iddiaları irəli sürmək niyyətindədirlər. Ancaq onlar unudurlar ki, Azərbaycanınn istənilən təxribata cavabı sarsıdıcı olacaq.

Səxavət HƏMİD
XQ



Siyasət