Azərbaycan–Türkiyə–Rusiya: Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya

post-img

Prezident İlham Əliyevin Moskvaya səfərinə maraq böyük oldu. Sülhmə­ramlıların Qarabağı tərk etməsi fonunda bu, təbii görünür. Lakin məsələ yalnız bu hadisə ilə məhdudlaşmır. Politoloqlar əmindirlər ki, Azərbaycan Prezidenti böyük siyasətin məharətli liderlərindən biri kimi strateji əhəmiyyəti olan ad­dım atmışdır. Doğrudan da, son zamanlar Cənubi Qafqaz ətrafında baş verən geosiyasi proseslərin məntiqinə və dinamikasına baxanda maraqlı mənzərənin şahidi oluruq.

Faktiki olaraq regiona geosiyasi tə­sirlər daha da intensivləşmişdir. İsrail–Fələstin, İsrail–İran və Rusiya–Ukrayna arasında olan gərginliklər də öz təsirini göstərməkdədir. Hər bir halda politoloq­lar Cənubi Qafqazda müşahidə edilən geosiyasi prosesləri vurğulanan mü­naqişələrlə əlaqələndirməyi normal qə­bul edirlər. Burada isə bir sıra çox vacib məqamlar özünü göstərir. 

Cənubi Qafqazda qüvvələr balansı və status-kvo

Öncə məsələ başlıca olaraq regio­nun təhlükəsizliyi ilə bağlıdır. İndi Cə­nubi Qafqazda qüvvələr balansını necə qurmaq lazımdır ki, mövcud status-kvo saxlansın və eyni zamanda, davamlı sülh trekinə keçmək mümkün olsun. Bu as­pektdə məsələnin kəskin şəkildə qoyul­masının əsas səbəbi Cənubi Qafqazda II Qarabağ savaşından sonra formalaşmış yeni geosiyasi trendi bir sıra böyük döv­lətlərin qəbul etmək istəməmələri ilə bağ­lıdır. Onlar hazırda yaranmış imkandan istifadə etmək əvəzinə, ümumi mənzərə­ni hansı yolla yeni qeyri-sabitlik müstə­visinə çıxarmağın formulunu axtarırlar. Məqsəd də aydındır: Cənubi Qafqazda aparıcı geosiyasi güc kmi özünü təsdiq edən Azərbaycan–Türkiyə birliyini arxa plana atmaq. Təbii ki, əgər işin içində ABŞ, Fransa və digər güclü Qərb döv­lətləri varsa, mübarizə aparmaq böyük siyasi məharət, həssas diplomatik ad­dımlar tələb edir. Proseslər təsdiq edir ki, həmin aspektdə İlham Əliyev çox fəallıq göstərir. Bunu faktlardan da görmək olur.

Xarici siyasətdə multivektorluq və multilaterallıq

Azərbaycanın xarici siyasətində yeni tarixi mərhələnin başlanması ilə maraqlı siyasi çalarlar meydana gəlmişdir. On­ların sırasında iki əsas faktoru vurğula­maq olar – multivektorluq və multilate­rallıq. Bu faktorlar xarici siyasətin müasir özəlliklərinə aiddir. Multivektorluq çox sayda istiqaməti sistemli və ya şəbəkə formasında bir-birinə uyğunlaşdıraraq siyasi-diplomatik fəaliyyəti nəzərdə tutur. Bu anlamda çoxistiqamətlilik trivial diplo­matik hadisə deyildir – ardıcıl diploma­tik məharətlilik tələb edir. Multilaterallıq daha mürəkkəb semantik və feili struktu­ra malikdir. Burada müxətlif istiqamətlər, müxtəlif sürətlər və müxtəlif geosiyasi miqyaslar vahid məntiq çərçivəsində ak­tullaşmalıdır. Yəni onlar abstrakt şəkildə nəzəri formada qalmamalı, birbaşa prak­tiki-tətbiqi yön almalıdır. 

Aydındır ki, multivektorluq və muli­laterallıq xarici siyasətdə böyük fəallıq tələb edir. Azərbaycan postmüharibə mərhələsində həmin istiqamətdə bir çox mühüm addımlar atmışdır. Birincisi, bütün qonşuları ilə münasibətləri əmək­daşlıq və təhlükəsizliyin təmini konteks­tində quracağını sübut etmişdir. İkincisi, Azərbaycan geniş geosiyasi məkanda kommunkasiyaların işlək olmasını təmin edən addımlar atmışdır. O cümlədən, Cənubi Qafqazda Bakının təşəbbüsü ilə müxtəlif sahələrə aid və şəbəkə halını almış layihələr reallaşmaqdadır. Üçün­cüsü, Azərbaycan Yaxın Şərqdə böyük layihələrdə iştirak üçün ciddi və uğurlu geosiyasi həmlələr etmişdir. Bu sırada Azərbaycanla İraq arasında strateji tərəf­daşlığa aparan və böyük bir nəqliyat la­yihəsinin reallaşması ilə bağlı olan gedi­şat olduqca əhəmiyyətlidir. Məsələ həm də ona görə multivektoral və multilateral xarakterlidir ki, Azərbaycan–İraq müna­sibətləri, Azərbaycan–İran–Suriya-Tür­kiyə və Yaxın Şərqin bir neçə dövləti arasındakı əlaqələr kontekstində strateji əhəmiyyət kəsb edir. Rəsmi Bakı bu pro­sesin çox aktiv iştirakçısıdır. Dördüncü­sü, Azərbaycan bir geosiyasi həmlə ilə – Rusiya sülhməramlılarının Qarabağ­dan çıxarılmasını təmin edən siyasi-dip­lomatik addımlarla regional geosiyasətə yeni nəfəs vermişdir. Onun iki müsbət nəticəsini artıq hiss edirik – Ermənistan Azərbaycanla birbaşa danışıqların real nəticələr verdiyinə tam əmin oldu və Ru­siya Azərbaycanın timsalında etibarlı və perspektivli dost qazandığını etiraf etdi. 

Rusiya ilə münasibətlər: yeni imkanların yaranması 

Azərbaycan–Rusiya münasibətlə­rinin Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşması aspektində əhəmiyyətinin çox artdığının göstərici­sidir. Məsələ ondan ibarətdir ki, Azər­baycan Rusiya ilə münasibətləri strateji müttəfiqlik haqqında imzalanmış müqa­vilə əsasında, bütövlükdə, regionun təhlükəsizliyi və inkiaşfı kontekstində qurur. Rusiya rəsmi nümayəndələrinin Azərbaycana son səfəri bunu bir daha təsdiq etdi. Tərəflər çox sayda istiqamət­lərdə əlaqələri yeni səviyyəyə yüksəlt­mək haqqında razılığa gəldilər. Masada konkret layihələr vardır. Bakı və Moskva real surətdə onların həyata keçməsində maraqlıdırlar. Təbii ki, Zəngəzur Dəhlizi layihəsi son sırada deyildir. 

Bunlar Cənubi Qafqaza Qərbin ge­osiyasi təsirini artırmağa çalışması fo­nunda strateji xarakterli məqamı ifadə edirlər. Hər şeydən öncə, Moskva artıq Azərbaycanla münasibətlərə, bütövlük­də, Qafqaz kontekstində və geosiyasi aspektdə baxır. İndi Azərbaycan Kreml üçün adi bir Qafqaz ölkəsi deyildir, əksinə regionun aparıcı və geosiyasi təsiri olan güclü dövlətidir. Bu, olduqca böyük tarixi əhəmiyyəti olan vacib geosiyasi yeniləş­mə məqamıdır. Prezident İlham Əliyevin Moskvaya son səfəri də göstərdi ki, Azər­baycan Rusiyanın geosiyasi miqyasda bərabərhüquqlu və fəal tərəfdaşı statu­sundadır. Cənubi Qafqazda ikinci belə bir dövlət hələlik yoxdur.

Bunlar avtomatik olaraq meydana maraqlı sual çıxarır. Azərbaycan–Rusiya münasibətləri regional miqyasda sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin edə biləcək geosiyasi konfiqurasiyanın bir parçası ola bilərmi? Və bu geosiyasi kon­fiqurasiyanın tam mənzərəsi necədir? Hazırda regionda mövcud olan real geo­siyasi mənzərəyə baxsaq, Türkiyə–Azər­baycan birliyinin aparıcı regional faktor olduğunu görərik. Deməli, bu tandemə Rusiyanın da daxil olması daha güclü bir müttəfiqliyi və gücü yaratmış olar. Bunun üçün də kifayət qədər baza vardır. 

Məsələ ondan ibarətdir ki, Tür­kiyə-Rusiya münasibətləri hazırda Av­rasiyada çətin sınaqlardan çıxmış və öz konstruktivliyini sübut etmiş reallıqdır. Məsələn, Qarabağla bağlı situasiyada Qərb və İranın dağıdıcı fəaliyyətlərinə baxmayaraq, Rusiya–Türkiyə əməkdaş­lığı regionu bir çox faciələrdən qorudu. Faktiki olaraq, bu iki güclü dövlətin birgə siyasi-diplomatik fəaliyyəti nəticəsində kənar pozucu qüvvələr real heç nə əldə edə bilmədilər. Heç bir təxribat və dip­lomatik təhrik Ankara–Moskva xəttində gərginlik yarada bilmədi. Artıq bunu kim­sə inkar edə bilməz. 

Bu prosesin fonunda Azərbaycan–Türkiyə və Azərbaycan–Rusiya müna­sibətlərinin məzmunu üzərində bir daha dayanmağa ehtiyac görmürük. Lakin bir vacib xüsusiyyəti vurğulayaq: Azərbay­can–Türkiyə–Rusiya geosiyasi “üçbuca­ğı”nda birləşdirici, müxtəlif istiqamətləri uyğunlaşdırıcı və fərqli əlaqələr intensiv­liyini ortaq ritmə gətirici qüvvə Azərbay­candır! Bakının bu birləşdirici rolunun memarı Prezident İlham Əliyevdir. Azər­baycan liderinin fəaliyyəti sayəsində fak­tiki olaraq Cənubi Qafqazda postmüha­ribə dövrünün ilk mərhələsi uğurla başa çatmışdır. Onun əlamətləri hansılardır?

Postmüharibə dövrünün yeni mərhələsi 

Postmüharibə dövrünün ilk mərhələsi Cənubi Qafqazda geosiyasi konstrukti­vizmə alternativin olmadığını göstərdi. Azərbaycan bütün çətinliklərə və ma­neələrə baxmayaraq, xarici siyasətdə iki aspekti ardıcıl surətdə həyata keçirdi. 

Bunlardan biri region dövlətləri ara­sında yeni münaqişənin yaranmasına imkan verməməklə bağlıdır. Hər kəs son aylar bu istiqamətdə konkret olaraq Fran­sanın hansı canfəşanlıq etdiyini xatırlaya bilər. Məhz Azərbaycanın siyasi təmkini və dövlət kimi barışcıl, sülhsevər duruşu yeni münaqişənin alovlanmasının qarşı­sını aldı. Bununla Bakı Ermənistanı da xilas etmiş oldu.

Digər aspekt Rusiyaya hər tərəfdən yerli-yersiz təzyiqlərin olduğu zamanlar­da Azərbaycanın konstruktiv qonşuluq və strateji faydalı geosiyasi mövqe tutması sayəsində iki ölkə arasında münasibət­lərin soyumasının qarşısının qətiyyətlə alınması ilə bağlıdır. Üstəlik, əlaqələr yeni səviyyəyə yüksəldi. Azərbaycan ən kritik anlarda Rusiyaya əməkdaşlıq əlini uzatdı. Türkiyə ilə birgə Şimal qonşumu­zun zərər görməməsi üçün lazım olan addımları atdı. Kreml bunları qiymətlən­dirdi. Nəticədə hazırkı xoş bir siyasi mü­hit formalaşdı.

Beləliklə, Azərbaycanın fəal siyasə­ti sayəsində postmüharibə dövrünün ilk mərhələsi konkret nəticələrlə xarakterizə olunur. 

Birincisi, region dövlətləri arasında münasibətlərin xarakteri müsbətə doğru dəyişmişdir. Rəsmi İrəvan artıq Azərbay­can və Türkiyəni “düşmən ölkələr” ka­teqoriyasından çıxarmağı düşünür. Etiraf edək ki, bu, Ermənistan dövlətçiliyi üçün xilas məqamıdır. 

İkincisi, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın irəli sürdüyü təklif­lərin alternativi olmadığı aydınlaşmışdır. Həmin təkliflər regional sülh və əmək­daşlıq üçün olduqca vacibdir. Hər han­sı başqa yol real nəticə verməyəcəkdir. Çünki Azərbaycanın təklifləri, hər şey­dən öncə, beynəlxalq hüquqa və faydalı əməkdaşlığa əsaslanır. 

Üçüncüsü, region dövlətləri arasında tarixdə ilk dəfə olaraq sərhədlərin qəti və hüquqi müəyyənləşməsinin zəruri olduğu anlaşılmış və qəbul edilmişdir. Ermənis­tan 4 kəndi qaytarmaqla göstərmişdir ki, sərhədlərin dəqiq müəyyən olunmasına qarşı durmaq fikrində deyildir. Ermənis­tanın praktiki olaraq buna nə dərəcədə əməl edəcəyini zaman göstərəcək. 

Dördüncüsü, birinci mərhələnin ye­kunlarından biri kimi Rusiyanın Cənubi Qafqazdan getməli olduğu ilə bağlı ide­yanın iflasını göstərmək olar. Əksinə, Rusiya, yeni regional konstruktiv geosi­yasi konfiqurasiyada ciddi surətdə iştirak edə bilər. Bu imkanı yaradan Azərbaycan oldu. Qərbin güclü təzyiqləri, müxtəlif təxribatları və təhriklərinə baxmayaraq, rəsmi Bakı Rusiyanın təcridi mövqeyini qətiyyən qəbul etmədi. Əksinə, müsbət addımlarla Cənubi Qafqazda Rusiyanın geosiyasi mövcudluğunun zəruriliyini təsdiq etdi. Vladimir Putinin “Azərbaycan dost və müttəfiq dövlətdir” deməyə tam əsası vardır. 

Beləliklə, Cənubi Qafqazda postmü­haribə dövrünün yeni mərhələsi başlayır. Məncə, bu mərhələnin əsas nəticəsi regi­onal geosiyasi konfiqurasiyanın konkret formatda yaranması olacaqdır. Burada Azərbaycanın yeri və rolu xüsusidir. Bakı aparıcı geosiyasi faktor rolunu daha güc­lü formada yerinə yetirəcəkdir! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət