Rusiyanın dəyişən yanaşması – Qərb maraqları, “3+3” və “Qafqaz evi”

post-img

Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanata sözardı

Rusiya Xarici İşlər Nazirliyinin “Cənubi Qafqazda Rusiya maraqla­rının təşviqi” mövzusunda keçirdiyi kollegiya iclasının yekunlarına dair bəyanatındakı ayrı-ayrı məqamlar barədə söz açacağıq. Əvvəlcə bildirək ki, qurumun mövzuya yer ayırması adi məsələ sayıla bilməz. 

Nəzərə alaq ki, nazirliyin kollegiya iclas Qarabağdakı Rusiya sülhməram­lılarının bölgəni tərk etmələri ilə bağlı qərar məsələsində Moskvanın Cənubi Qafqaza marağının sıradan çıxmasına dair diskussiyaların gücləndiyi bir dövrə təsadüf edir. Deməli, XİN bəyanatı ilə göstərir ki, region maraq dairəsi baxı­mından Rusiya üçün əvvəlki əhəmiyyə­tini qorumaqdadır. 

Əlbəttə, Kremlin Cənubi Qafqaz maraqları heç cür ikinci plana keçə bil­məz. Yəni, Rusiya sülhməramlılarının Qarabağdan çıxmalarının vurğuladı­ğımız tərzdə təqdimatı yolverilməzdir. Əksinə, hesab edirik ki, hazırda regio­nun Moskva üçün vaciblik əmsalı daha yüksəkdir. Ən əsası, artıq vaciblik ta­mam fərqli mərhələyə qədəm qoyur. Görünür, Rusiya məsələyə artıq hərbi baxımdan yanaşmır. Daha doğrusu, gücə mövcudluq aləti kimi baxmır. Sırf Azərbaycan məsələsinə gəldik­də, Moskva Bakıya hər planda etimad göstərir. Əmindir ki, Bakı özünün müstəqil xarici siyasət xətti ilə Cənubi Qafqazda balanlaşdırılmış kurs yeridir və bu kursda Kremlin mənafeləri heçə sayıla bilməz.

***

Rusiya XİN-in sözügedən kolle­giya iclası ilə verdiyi mesaj daha çox “Rusiyasız Cənubi Qafqaz” ritorikası­nı formalaşdıran qüvvələrədir. Həmin qüvvələr hazırda Moskva və Cənubi Qafqaz mövzusunda “Axilles dabanı” görüntüsünü yayırlar ki, gələcək planlar üçün psixoloji üstünlüyə yiyələnsinlər. Axı Qərb ictimaiyyəti Ukrayna mühari­bəsindən bezib. Bununla bağlı Avropa­nın müxtəlif ölkələrində etirazlar səs­lənməkdədir. Hətta “köhnə qitə”nin bəzi ölkələrində Rusiyanın yenilməz obrazı formalaşıb. Belə bir durumda Avropa­nın sıravi sakinlərinə anti-Rusiya cə­bhəsinin Cənubi Qaqfaz səngərinin işə düşdüyünü anlatmaq mümkünsüzdür. Ona görə Rusiyanın zəifliyi təbliğatı aparılır. Təbliğat ona hesablanıb ki, re­gion şüurlarda, belə demək mümkünsə, rahat lukum kimi qəbul edilsin. Bu plat­formada “Ukrayna demokratiyasını qorumaq”, “Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləmək” tipli pafo­sa hesablanmış deyimlər keçərli deyil. Hərçənd, “Ermənistan demokratiyasını qorumaq” kimi şüarların səsləndirildiyi­ni, İrəvanın avtoritarlarla mübarizədəki qala təsəvvürünün formalaşdırıldığını söyləməliyik. Ancaq...

Bəli, Cənubi Qafqazda anti-Rusiya cəbhəsi açmaq niyyətini güdənlər Ermə­nistanı öz maraqları naminə alətə çevirir­lər. Onların məqsədlərinə çatmaq üçün üzərində dayandıqları bir sıra gedişlər var. Həmin gedişlərdə iki başlıca məqam diqqət çəkir. Birincisi, Bakı – İrəvan mü­nasibətlərinin nizamlanması məsələsin­də manipulyasiya, ikincisi isə birbaşa Ermənistan-Rusiya münasibətləri üzə­rində oyun. Hər iki istiqamət bir-biri ilə əlaqəlidir. Rusiya Xarici İşlər Nazirliyinin “Cənubi Qafqazda Rusiya maraqlarının təşviqi” mövzusunda keçirdiyi kollegiya iclası sonrası yaydığı bəyanatdakı ay­rı-ayrı fikirlər də bunun təsdiqidir. 

Bəyanatda bildirilir ki, iclas zamanı kollektiv Qərbin “Rusiyaya strateji məğ­lubiyyət gətirmək” üçün Ukraynanın ardınca postsovet məkanının digər his­sələrində, o cümlədən, Cənubi Qafqazda sabitliyi pozmağa çalışdığı vurğulanıb. Eyni zamanda, Rusiyanı region ölkələri ilə birləşdirən müttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcud kol­lektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini sıradan çıxarmaq planla­rının işə salındığı diqqətə çatdırılıb.

Sənəddə, həmçinin vurğulanıb ki, “sıfır məbləğli oyunlar” məntiqi ilə idarə olunan qərblilərdən fərqli olaraq, Rusiya üçün prioritet həmişə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmi­natı olub və mövcud yanaşma aktual­lığını saxlayır: “Rusiya ölkəni çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx insani təmasların birləşdirdiyi regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı inkişaf etdirəcək”.

Göründüyü kimi, Rusiya Cənubi Qafqazdakı kənar oyunçuların yürüt­dükləri siyasətə qarşı müqavimət forma­laşdırmağa çalışır. Əslində, həm XİN-in iclası, həm də qəbul edilmiş bəyanat müqavimətin ideoloji aspektlərinin vur­ğulanmasıdır. Təbii ki, Moskva yalnız bu aspektlərlə kifayətlənməyəcək, sistemli iş aparacaq. 

Mənəvi baxımdan yanaşsaq, Kremlə 44 günlük müharibənin başa çatmasın­dan sonra regionda qazandığı populyar­lığının sıradan çıxmaması lazımdır. Bu baxımdan ölkənin söykəndiyi əsas baza Azərbaycan, Rusiya və Ermənistan lider­ləri arasında imzalanmış üçtərəfli saziş­lər kompleksidir. Ona görə də bəyanatda həmin kompleksin üzərində xüsusi daya­nılır. Bildirilir ki, üçtərəfli bəyanatların tam icrasına, o cümlədən, Bakı ilə İrəvan ara­sında sülh müqaviləsinin razılaşdırılma­sına, regionda nəqliyyat kommunikasi­yaları blokunun açılmasına nail olunması istiqamətində səylərin davamı zəruridir. Eləcə də Ermənistan – Azərbaycan sər­hədinin delimitasiyası istiqamətindəki dəstək önəmlidir. 

Bəyanatda diqqət çəkən növbəti məqama keçid alaq. Sənəddə deyilir ki, Rusiya Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın iştirakı ilə Transqafqaz üzrə Beynəlxalq Cenevrə müzakirələri çərçi­vəsində gücdən istifadə etməməyə dair etibarlı razılaşmaların əldə olunması­na yönələn fəaliyyətini gücləndirəcək. Deməli, vurğu “region region ölkələri üçündür” prinsipi üzərinə qoyulur. Bu, öz yerində, əvvəldə isə bildirdik ki, Qarabağ­dan Rusiya sülhməramlılarının çıxmaları Moskvanın Cənubi Qafqazla bağlı si­yasətində dəyişikliyə getdiyinin təsdiqidir. Onu da diqqətə çatdırdıq ki, belə yanaş­manın formalaşmasında Azərbaycana olan inam və etimad mühüm əhəmiyyət kəsb edir. Bu yerdə nəzərə alaq ki, Cənu­bi Qafqaz bir-biri ilə üzvü surətdə əlaqəli vahid orqanizmdir. Müstəsna baxış məhz bu anlayışa söykənməlidir. Yəni, iş yalnız Azərbaycanla aşmır. 

Yeri gəlmişkən, “Qafqaz evi” ideyası Qərb siyasi sisteminin məhsuludur. Yada salaq ki, vaxtilə Gürcüstanın sabiq pre­zidenti Mixeil Saakaşvili tərəfindən dilə gətirilmiş “Qafqaz benilüksü” formulu mövcuddur. Qərb həmin formulu işə sal­mağı lap çoxdan düşünüb. İdeyanın ger­çəkləşməsinə maneçilik törədən başlıca amil Qarabağ münaqişəsi olub. Qərb da­irələri uzun müddət çalışıblar ki, sözüge­dən təşəbbüs münaqişə həllini tapmadan gerçəkləşsin. Baxış bu olub: Madam ki, üç region ölkəsi arasında sərhəd anlayışı aradan qalxır, torpağın onlardan hansına məxsusluğunun əhəmiyyəti yoxdur. 

Əlbəttə, belə münasibət heç cür qə­bul edilə bilməzdi və mövcud səbəbdən əməli fəaliyyət müstəvisinə yaxınlaşma­dı. Həm də ona görə yaxınlaşmadı ki, elə lap başlanğıcdan “Qafqazın benilük­sü” “Rusiyasız Cənubi Qafqaz” formu­luna söykənmişdi. Məqsədimiz heç də onu demək deyil ki, Moskvasız regionun mövcudluğu mümkünsüzdür. Əsas olan Rusiyanın qlobal aktor kimi nəzərə alın­mamasından gedir. Aydındır ki, bu cür yanaşma, istər-istəməz, gərginliklər for­malaşdırır. Çünki Kreml heç kəsə öz ma­raqlarını asanlıqla güzəştə gedən deyil. İndi də eyni mövqedədir. Sadəcə olaraq, Rusiya həmin maraqların təminatındakı üsul və vasitələrini dəyişməlidir. Ölkə­nin rəhbərliyi qəbul etməlidir ki, əvvəlki mexanizmlər daha işlək deyil. 

Moskva indi yaxşı dərk edir ki, Cə­nubi Qafqazı ondan qoparmaq istəyən­lərin yalnız bir arqumenti var. Rusiya pisdir, getməlidir, vəssalam! Deməli, indi Kreml onların səhv etdiyini göstərməli­dir. Bunun yolu qarşılıqlı, bərabərtərəfli əməkdaşlıqdan keçir. Moskva bölgədə­ki varlığını ənənəvi hegemonluqla, güc nümayişi ilə deyil, yalnız bərabərtərəfli münasibətlər müstəvisində göstərə bilər. Cənubi Qafqazın vahid orqanizm real­lığını nəzərə alsaq, həmin orqanizmin bütün hissələri işlək hala gəlməlidir. Və deməli, bölgədə həm də separatizmin kökü kəsilməlidir. Təkcə Qarabağda de­yil, elə Abxaziyada da, Cənubi Osetiyada da. Münasibətlər tam rəvan müstəviyə çıxmalıdır. Elə bir müstəviyə ki, orada region ölkələrinin müstəqilliyi əsas götü­rülsün. Cənubi Qafqaz heç bir halda han­sısa kənar oyunçuların geosiyasi maraq­lar plasdarmına çevrilməsin, özü ayrıca tərəf olsun. Bu baxımdan Azərbaycanın irəli sürdüyü Türkiyə tərəfindən də ciddi şəkildə dəstəklənmiş “3+3” regional plat­formasının önəmi böyükdür. 

Bəli, məhz sadaladıqlarımıza görədir ki, Rusiya XİN-in bəyanatında “Qafqaz evi” ideyasına söykənmiş “3+3” platfor­masından söz açılır. Bildirilir ki, kollegiya iclasında regionun üzləşdiyi problem­lərin, ilk növbədə, region liderlərinin öz səyləri ilə, kənar müdaxilələr olmadan həlli naminə onların əlaqəsinin və özünü təmin etməsinin gücləndirilməsi vəzifələri nəzərdən keçirilib, mövcud kontekstdə “3+3”-ün (Azərbaycan, Ermənistan, Gür­cüstan və İran, Rusiya, Türkiyə) poten­sialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Ən əsası isə bu istiqamətdə əməli addımlar müəyyənləşdirilib. 

***

Sonda bir məqamı vurğulayaq. Tarix­dən məlumdur ki, Qərb dünyası keçmiş SSRİ amili üzərində inkişaf tapdı. Yəni, imperiyanın bəyan etdiyi, lakin yalnız nəzəri formada saxladığı prinsip və normaları praktik müstəviyə gətirməklə tərəqqisinə qovuşdu. Məsələn, hazırda Avropadakı sosial cəmiyyət modeli Karl Marksın, Engelsin, elə Leninin kitabların­da yazılanlardı. SSRİ-nin formalaşması Qərbdə həmin kitablara marağı artırdı­ğından, nəşrlərdə yazılanlar gerçəkləşib. Əlbəttə, hazırda tənəzzül dövrünü ke­çirən Qərbdə, necə deyərlər, hesablar ki­tablarla aparılmır. Vaxtilə SSRİ-nin, sonra Rusiyanın əsas götürdüyü hərbə-zorba metodlarına üstünlük verilir. Moskva ya­naşmalarda korrektələrə getməli, əvvəl­də vurğuladığımız kimi, Cənubi Qafqaz müstəvisinə münasibətini dəyişməlidir. Dəyişməlidir ki, rəqabətə tab gətirərək, regiondakı maraqlarını qorusun. Bu, gü­nün təxirəsalınmaz tələbidir. Axı Mosk­vaya “ikinci Ukrayna” lazım deyil. Hesab edirik ki, Rusiya XİN-in kollegiya iclası sonrası verdiyi bəyanatdakı fikirlər həm də haqqında söz açdığımız məqamın ifa­dəsidir. Əlbəttə, ölkə açıqladığı prinsip­lərin həyata vəsiqə qazanması naminə əzmlə çalışmalıdır. Həm də ona görə ça­lışmalıdır ki, Qərbdən fərqli olaraq, daha səmimi imic qazansın.

Ə.CANAHGİROĞLU
XQ



Siyasət