Hayastanda siyasi “hərarət” yüksəlir

post-img

Paşinyanın 8 kəndlə bağlı mövqeyi ölkədə yeni qarşıdurmalara yol aça bilər

Yazın gəlişi, havanın hərarətinin tədricən artması Ermənistanda siyasi proses­lərə də öz təsirini göstərir. Relyefi əsasən dağlıq olan, ərazisinin 90 faizdən çoxu dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən, qışın sərt keçdi­yi Hayastanda müxalifətin də, deyəsən, qırışığı açılır. Hazırda onlar güclərini səfərbər edərək, iqtidarın üzərinə, necə deyərlər, hücuma keçiblər.

Nikol Paşinyanın martın 18-də Ta­vuş vilayətinin tərkibinə daxil edilmiş Qazax rayonunun işğal altında olan Əskipara (haylar “Voskepar” deyirlər – S.H.) kəndinə səfəri zamanı 8 kəndin Azərbaycana qaytarılması barədə səs­ləndirdiyi fikirlər müxalifətin yeni etiraz dalğasının başlanmasında əsas rol oynayıb. Baş nazir bildirmişdi ki, ölkə hakimiyyəti təslimçilikdə, Tavuş vilayə­tinin 4 kəndini Azərbaycana verməyə hazır olmaqda ittiham olunur. Lakin onun sözlərinə görə, Ermənistanda heç vaxt həmin adda kəndlər olmayıb. Eyni zamanda, Paşinyan kəndlərin tezliklə təhvil verilməsindən imtina edəcəkləri təqdirdə, yeni müharibə təhlükəsindən bəhs etmişdi.

“Ermənistan” və “Şərəfim var” müxa­lifət bloklarının parlament fraksiyası Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün təcili iclas keçirməyə hazır­laşır. Bunu “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan qanunverici orqa­nın binasında jurnalistlərə açıqlamasında deyib: “Bu məsələdə bizim üçün qaranlıq qalan çox məqam var. Biz hakimiyyətdən Tavuş vilayəti ərazilərinin Azərbaycana aid olduğu iddiasını necə təqdim və izah edəcəyini gözləyirik”. Xaçatryan bildirib ki, müxalifət həftə ərzində parlamentin reqlamenti ilə müəyyən edilmiş qaydada toplantı keçirmək niyyətindədir.

“Aysor.am” saytı yazır ki, N.Paşinyan rəhbərlik etdiyi “Mülki müqavilə” parti­yasının üzvləri ilə görüşündə ona olan hücumlara münasibət bildirərkən deyib: “Mən təslim olmamaq qərarına gəlmişəm. Hamımız insanıq, mən başqa planetdən gəlməmişəm. Sizin mühitinizdə doğulmu­şam, sizin mühitinizdə böyümüşəm. Lakin aydındır ki, baş verənlər psixoloji, huma­nizm, əxlaqi, siyasi baxımdan çox ağır­dır. Eyni zamanda, mən özüm üçün eyni hesablama aparıram. Deyirəm ki, ölkənin maraqlarına uyğun ola biləcək variantları nəzərdən keçirməliyik. Mən və ya biz əl çəkə, bu yoldan gedə bilərik. Amma bü­tün təhlillərim göstərir ki, yox, məhz, bu, xəyanət olardı”.

Ermənistanın Respublika Partiyası icra orqanının üzvü Artak Zakaryan Paşin­yanın bəyanatına özünəməxsus formada münasibət bildirib. Deyib ki, “mən təslim ol­mayacağam, amma “Artsax”ı və Ermənis­tanın strateji ərazilərini təslim edəcəyəm” düşüncəsi Nikola görə strateji qərardır. O, sosial şəbəkə hesabında yazıb: “Mən təs­lim olmayacam, amma addım-addım si­zin suverenliyinizdən, müstəqil dövlətçilik hüququnuzdan, təhlükəsiz yaşamağınızı təmin etməkdən əl çəkəcəyəm. Mən təs­lim olmayacam, amma sizin nəsillərinizin inkişafı üçün lazım olan bütün resursları növbə ilə təhvil verəcəyəm. Mən təslim olmayacağam, amma sizin tarixi yadda­şınızı, kollektiv potensialınızı, kimliyinizi, mənəvi-mədəni dəyərlərinizi, milli ləyaqə­tinizi təhvil verəcəyəm. Bir sözlə, təslim ol­mamağımın müqabilində hamınızı təslim edəcəyəm”.

Ancaq Paşinyanın tərəfdarları da müxalifətin hücumlarını cavabsız qoymur­lar. Onların da özlərinə görə, arqumentləri var. Hakim partiyanın deputatı Armen Xa­çatryan aprelin 3-də parlamentdə jurna­listlərə açıqlamasında deyib ki, delimitasi­ya və demarkasiya Ermənistanın mövcud sərhədlərinin təsdiqidir. Onun sözlərin görə, bu sərhədlər mövcuddur, yeni sər­hədlər ola bilməz: “Bizim ərazimizdə olan bizimdir, bizim olmayanlar Azərbaycana qaytarılacaq. Demarkasiya hüquqi müstə­vidir. Hər şeyə Tavuşdan başlamaq qə­rara alınsa, yəqin ki, müəyyən hissələr dəqiqləşdikdən sonra imza atılacaq. Yəni, sərhədin bu hissəsində artıq problem yox­dur. Xəritələrə, hüquqi aktlara görə, hər şey razılıqla edilməlidir”.

Müsahibə zamanı deputata “Ermənis­tanda yalnız hakimiyyət kəndlərin Azər­baycana məxsus olduğunu iddia edir” tipli təxribatçı sual ünvanlanıb. O isə cavab olaraq deyib: “Siz onların xəritəyə görə, Azərbaycana məxsus olmasına şübhə edirsiniz? Siz ciddisiniz? Əgər ora Azər­baycan ərazisidirsə, o zaman kəndlər azərbaycanlılara, bizim ərazilərimiz də bizə veriləcək”.

Xaçatryanın sözlərinə görə, bütün problemlər, o cümlədən, yollar məsələsi həll olunacaq. “Bəli, Azərbaycan ərazisi­nin bizdə olması bizim üçün əlverişli idi. Amma proses başlayıb və siz onu geri qaytara bilməzsiniz” – deyə fikirlərini ye­kunlaşdırıb.

Deputat onu da bildirib ki, Azərbaycan delimitasiya prosesinə Tavuşdan baş­lamaq istəyirdi: “Delimitasiya prosesinə başlamaq çox böyük problem idi. Çox bö­yük problem hər şeyi bir münasib yerə gə­tirmək və delimitasiyaya hansısa yerdən başlamaq idi. Çünki danışıqlar aparılma­dığı müddətdə müharibə təhlükəsi möv­cudluğunu saxlayırdı. Bu məqamda müs­bət hadisə baş verdi, yəni delimitasiyaya başlamaq qərarı verildi. Azərbaycan şimal sərhədindən başlamaq istəyirdi, müba­hisəli məsələlər olan yerdə başladıq, indi Sünikə (Zəngəzura–S.H.) gedirik”.

“Delimitasiyaya Tavuşdan başlamağı tələb edən, əslində, Azərbaycan olubmu” sualına deputat belə cavab verib: “Azər­baycan bu gün delimitasiyadan qaçmaq istəmir. Heç kimə sirr deyil ki, aramızda hərbi tarazlıq pozulub. Hətta, o dərəcədə ki, bu gün döyüşmək həvəsimiz yoxdur. Danışıqlar başlananda isə biz qarşılıqlı razılığa gəlirik. Bu, güzəşt deyil. Azərbay­canlılar dedilər ki, biz delimitasiyaya bu­radan başlayırıq. Biz də razılaşdıq, çünki bu, Ermənistanın maraqlarına uyğundur. Bu uşaq söhbəti deyil. Bu gün bizim sülhə ehtiyacımız var. Ona görə də buna get­dik”.

Bu arada “GALLUP” beynəlxalq araş­dırmalar mərkəzinin Ermənistan ofisinin martın 27-29-da keçirdiyi sorğunun nəti­cəsi açıqlanıb. Sorğu 1101 nəfər vətən­daş arasında keçirilib. Məlum olub ki, Er­mənistan vətəndaşlarının 90 faizi Tavuş kəndlərinin təhvil verilməsinə qarşıdır. Təşkilatın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan sorğunun nəticələrini dünən İrəvanda təqdim edib: “Rəyi soruşulanların 2,9 faizi bunun müt­ləq məqbul olduğunu söylədi. Altı faiz məqbul olmadığını, 7,8 faizi kifayət qədər qəbuledilməz, 79,7 faiz tamamilə qəbuledilməz olduğunu bildirib. 3,6 faiz cavab verməkdə çətinlik çəkib. Yəni, təxminən, 90 faiz bu yanaşmanın qəbuledilməz ol­duğuna inanır”.

Eyni zamanda, vətəndaşlardan baş nazir Nikol Paşinyanın işini necə qiymət­ləndirdikləri soruşulub. Əgər 2023-cü ilin yanvar ayında rəyi soruşulanların 13,8, martda isə 16,2 faizi baş nazirin işini ta­mamilə müsbət qiymətləndirdiyini bildir­mişdisə, 2024-cü ilin mart ayında yalnız 8 faiz onu tamamilə müsbət qiymətləndirdi­yini bildirib. Əhalinin 47,1 faizi Paşinyanın işini tamamilə mənfi qiymətləndirib.

Ermənistandakı mövcud siyasi durumu şərh edən politoloq İlyas Hü­seynov bildirdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra etiraz aksiyaları, nüma­yişlər tez-tez qeydə alınır. Onun sözlərinə görə, parlamentdə qalmaqallar, əlbəyaxa döyüşlər, küçələrdə polisin qəddarlığı və amansızlığı haqqında çoxsaylı faktlar və materiallar mövcuddur: “Eyni zamanda, Paşinyanın Qərblə bağlı fikirləri, atdığı addımlar ölkə daxilində ziddiyyətləri son vaxtlar bir qədər də artırıb. Bu kontekstdə aprelin 5-də Brüsseldə keçiriləcək görüş İrəvan üçün mühüm əhəmiyyət kəsb edir. Biz Ermənistanın media orqanlarında, so­sial şəbəkələrində də görürük ki, həmin görüşə həddən ziyadə ümidlər bəslənilir. Şübhəsiz ki, Ermənistana ABŞ və Avropa İttifaqı tərəfindən dəstək ifadə olunarsa, bu, özünü ictimai-siyasi diskursda da nü­mayiş etdirəcək. Artıq Rusiya tərəfi 5 aprel görüşü ilə bağlı açıq narahatlığını bildirib. Rusiya–Ukrayna müharibəsinə rəğmən, Ermənistan da Moskva üçün əsas başağ­rısı olmaqda davam edir”.

İ.Hüseynov qeyd etdi ki, Ermənistan daxilində N.Paşinyanı devirmək istəyən və revanşizm əhval-ruhiyyəli, radikal baxışlara malik qüvvələr kifayət qədərdir. Müsahibimizin fikrincə, eksklav kəndlərin Azərbaycana verilməsi ilə bağlı Paşin­yanın səsləndirdiyi fikirlərdən sonra biz Ermənistanda polis bölməsinə əllərində qumbara olan şəxslərin daxil olduqları­nı gördük. Onlar polis bölməsinə basqın etdilər, tələblər irəli sürdülər və kəndlə­rin qaytarılmasının mümkünsüzlüyünü bildirdilər. Bu da əvvəlki ssenarinin yeni formasıdır. Çünki tutulan şəxsin özü də “Sasna Tsrer” terror təşkilatının, hazır­da isə özünü siyasi cərəyan adlandı­ran qruplaşmanın üzvü olub. Bir neçə il öncə də təxminən eyni hadisə baş verdi və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına zərbə vuruldu. Həmin dövrdə işğal olunmuş rayonlarımızdan beşinin Azərbaycana qaytarılması ilə bağlı müzakirələr, demək olar ki, yekunlaşmışdı. Ona görə də ta­rix, sanki təkrarlanır. Nikol Paşinyan eyni gərginliklərlə, təhdidlərlə üz-üzə qalıb. Bu mənada, aprelin 5-də keçiriləcək gö­rüşdən sonra Ermənistanda Paşinyan əleyhinə güclü etiraz dalğasının baş qaldıracağı istisna olunmur. Meydanlara çıxan insanlara “dirijorluq” etməyə isə Qarabağ klanı daha çox can atır”.

Səxavət HƏMİD
XQ



Siyasət