Ermənistanın son addımları Rusiyanın əsəblərinə toxunur

post-img

Yaxud “Erməni sivilizasiyası”nın ölümü ilə bağlı “mərsiyə”

Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı Ermənistan üçün kabus adlandırmaq olar. Xanım sözçü xüsusən son zamanlar ölkəsinin anti-Ermənistan ritorikasının ən parlaq icraçısı rolundadır. Bu dəfə, o, missiyasını “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində yerinə yetirib. Beləliklə, M.Zaxarova bildirib ki, Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağ­da münaqişənin kəskinləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır. 

Məlumdur ki, bu bəyanatları verən rəsmi İrəvan və ona yaxın dairələrdir. Zaxarova isə bildirir ki, Ermənistanın Qarabağdan rəsmən imtinası mövzusu­nu irəli sürən Qərb ölkələridir. Əlbəttə, onun yanaşmasında, daha doğrusu, izahında daha maraqlı bir məqam da var. Xanım sözçü Azərbaycan–Ermə­nistan danışıqlarının Brüssel formatı çərçivəsində əldə edilmiş razılaşmala­ra fokuslandığı, “NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə” tanınmamış respublikanın sakinlərinin hüquqlarının heç bir şəkildə təsbit və təmin edilmədi­yini vurğulayır. 

Sual yaranır: Zaxarovanın dediklə­ri Rusiyanın həmin “hüquqları” praktiki müstəviyə gətirə biləcəyininmi eyhamı­dır? Yəni, Moskva Qarabağın erməni sakinlərinin hüquq və azadlıqları möv­zusunda Ermənistan hakimiyyətinin vaxtilə irəli sürdüyü beynəlxalq təminat məsələsini reallaşdıra bilərdi? Axı söh­bət Azərbaycan yurisdiksiyasına zidd amillərdən gedir. O amillərdən ki, baş nazir Nikol Paşinyan və komandası bu məsələdə Kremlə arxalanmaq istəmə­dilər. Rəsmi İrəvan Qarabağ məsələsi­ni Moskvanın patronajlığından çıxarıb Qərbin egidasına təslim etməyi üstün saydı. 

Digər yandan, Zaxarovanın pis­lədiyi Qərb formatı da erməni avan­türizmi üçün perspektiv baxımından “əlverişlidir”. Əlbəttə, 44 günlük mü­haribədən sonra yaşananlar həmin avantürizmin iflası reallığını doğurdu. Hazırda Qərb, belə demək müm­künsə, ölünü diriltmək niyyətindədir. İstər Zaxarovanın, istərsə də Rusi­yanın digər rəsmilərinin söylədikləri onu deməyə əsas verir ki, Ermənis­tan rəhbərliyi düzgün mövqe tutsaydı, yəni Moskvanın patronajlığını qəbul etsəydi, ölən olmayacaqdı. Belə ya­naşmanın özü də bizim üçün tam qəbuledilməzdir. Ancaq hələlik bu məqamları bir kənara qoyub Zaxaro­vanın qəzəbinə diqqət yetirək: “Mən İrəvanın Qarabağla bağlı qərarlarına görə Rusiyanın və KTMT-nin günah­kar olduğunu iddia edən və bu barə­də məlumatları yayanların hamısını yalan danışmaqda ittiham edirəm”.

Rusiya Xarici İşlər Nazirliyinin nü­mayəndəsi onu da bildirib ki, ölkəsinin lideri Vladimir Putin Cənubi Qafqaz regionunda qan tökülməsinin, geniş­miqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün dəfələrlə bütün siyasi və şəxsi imkanlarından istifadə edib, o cümlədən, Ermənistan vətən­daşlarını bəladan qurtarıb. Zaxarova­nın sözlərindən belə nəticə hasil olur ki, bütün bunlar rəsmi İrəvanın başqa əraziləri, kəndləri idarə edəndə öz qərarlarını xatırlaması və məsuliyyət daşıması, səhvlərinə görə heç kimi günahlandırmaması məqsədi daşıyıb. 

Xanım diplomat, əslində, Ermə­nistan hakimiyyətinin səhvlərdən nəticə çıxarmadığını vurğulayır. O, əlavə edir ki, İrəvanla Bakı arasın­da münaqişənin mümkün gərginləş­mə ssenarisi birbaşa rəsmi İrəvanın Avropa İttifaqına, ABŞ-a və Böyük Britaniyaya regionda və ölkədəki və­ziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır. Zaxarovanın fikrincə, başlıca məqam “bu nankor vətəndaşların” (Ermənis­tan hakimiyyəti – red.) “ölümcül səh­və” yol verib dəhşətli intriqanı Ermə­nistanın maraqlarına qarşı istifadə etmələridir.

Göründüyü kimi, Zaxarova Ermə­nistanın hazırkı kursuna Rusiyanın münasibətindəki sərt reaksiyasını ortaya qoyur. Onun dilə gətirdiklərini, hətta, hədə-qorxu gəlmək kimi də qiy­mətləndirmək mümkündür. Sublimi­nal mesaj budur: Paşinyan hakimiy­yətinin sayəsində Ermənistan daha böyük bəlalara düçar olacaq!

***

M.Zaxarovanın üzərində dayan­dığı ikinci məqama keçid alaq. Əv­vəlcədən deyək ki, XİN rəsmisinin söylədikləri uşaq başı aldatmaqdan başqa bir şey deyil. Sən demə, Zaxa­rova Ermənistanın rəsmi strukturları­nın nümayəndələrindən birinin ölkəni Avropanın demokratik və bəzi digər dəyərlərinin daşıyıcısı olduğuna dair fikri ilə tanış olub və bu mənzərə onu əsəbiləşdirib. Bu səbəbdən, bildirib ki, rəsmi İrəvanın uzun tarixə malik qədim erməni sivilizasiyasını hazırda vəziyyəti pis olan Avropa İttifaqı ilə müqayisə etməsi boşunadır. Xanım diplomatın dediklərindən belə çıxır ki, erməni sivilizasiyası (?) Avropadan qədimdir, ona görə də birincinin daşı­yıcılarının “köhnə qitə”yə inteqrasiya məsələsindəki fikirləri geriyə doğru addımlamaqdır. 

Bəli, Rusiyanın XİN rəsmisi nəin­ki uşaq başı aldatmaq niyyətindədir, o, eyni zamanda, bəsit müqayisəyə əsaslanmış manipulyasiyaya köklə­nib. O hesaba qalsa, gərək I Pyotr Rusiya tarixindən silinsin. Nəzərə alaq ki, onun yaratdığı Rusiya Avro­paya səfərinin nəticəsi olaraq mey­dana çıxmış quruluş idi. Yəni, böyük ölçüdə gör-götür dünyasıdır. Məsələ Ermənistanın Qərbə inteqrasiyasında deyil. Əsas olan inteqrasiyanın avan­türist niyyətlər naminə gerçəkləşdiril­məsindədir. Heç bir mədəni sivilizasi­yada barbarlıq yoxdur. Yaxşı olar ki, Zaxarova bunu nəzərə alsın. Ancaq təkcə bunu yox...

İkincisi, qədim erməni sivilizasiya­sı mifini dövriyyəyə elə Rusiyanın özü buraxıb. Məqsəd türk-müsəlmanların yaşadıqları bölgələrdə bölücülük ya­ratmaq idi. Erməninin bəşər sivilizasi­yasına aidiyyatı olsa idi, ona dövlətçi­liyi Rusiya bəxş etməzdi. Bu mənada, Zaxarovanın söylədikləri peşmançılıq hissindən başqa bir şey deyil. Amma onun baxışlarında ibrət yükü var. Ru­siya buyurub özünün formalaşdırdığı erməni amilindəki nankorluq səhnə­sini seyr etsin. Təkcə seyr etməsin, eyni zamanda, nəticə çıxarsın. Əlbət­tə ki, bunu bacaracaqsa.

Ə.RÜSTƏMOV
XQ

Siyasət