Müsyö Sejurnenin əndazəni aşan ritorikası

post-img

Yaxud rəsmi İrəvanın 5 aprel Brüssel görüşünə bağladığı qurtuluş ümidləri 

Fransanın şübhəli oriyentasiyalı xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Antoni Blin­kenlə birgə mətbuat konfransında əlinə düşən fürsətdən yararlanaraq, Azərbaycan əleyhinə təbliğat aparmağa girişib. Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdidlərin olduğunu” iddia edən müsyö Se­jurne bununla da kifayətlənməyib, guya, “Ermənistanın regionda münaqişənin qarşısını almağa çalışan “yeganə tərəf” olduğunu, “Azərbaycanın isə eskalasiyaya görə məsuliyyəti Ermənistanın daşıyacağı barədə “yalançı təbliğat” apardığını izhar edib.

Paris Bakının mövqeyindən niyə narahatdır?

Fransanın başı hər cür “macəralara” öyrəncəli xarici işlər naziri ölkəsinin Ermə­nistanı silahlandıraraq, yeni müharibəyə sürüklədiyini görməzdən gələrək, Bakının sadəcə ritorikasından əndişələndiyini de­yib. Elementar məntiqlə 30 il ərzində Azər­baycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğal altında saxlayan Ermənis­tanın ünvanına bir dəfə də olsun irad səs­ləndirməyən Yelisey sarayının müvəqqəti yiyələrinin durub ölkəmizi hayları “təhdid­də” ittiham etməsi siyasi şantajdan başqa bir şey deyil. Axı, ortalıqda, faktiki olaraq, işğalı, təhdidi nişan verən heç nə yoxdur. Bunun tam əksinə olaraq, Azərbaycanın suveren ərazisinə aid 8 kəndi Ermənistan hələ də işğal altında saxlayır. Gözə girən bu hüquqi-siyasi reallığa toxunmayan Se­jurnenin mətbuat konfransında növbəti açıqlamasına diqqət yetirin: “Biz bu gün Azərbaycan tərəfindən mübahisələndi­rilən Ermənistanın ərazi bütövlüyü barədə danışdıq və icazə verin deyim ki, Azərbay­canın ritorikasının getdikcə nəzarətdən çıxdığını nəzərə alaraq, bundan çox na­rahatıq”. 

Müsyö Sejurne Ermənistanın son gün­lər Azərbaycanla şərti sərhədə hərbçi və zirehli texnika daşımasını özündə əks et­dirən videogörüntüləri, eləcə də Aİ mülki missiyası ilə müştərək sərhədboyu yerləş­dirməyə çalışdığı kəşfiyyat qüllələrini “gör­məzdən gələrək”, bütün bu əşyayi-dəlilləri həyasızcasına Bakının “feyk xəbərləri” kimi ictimaiyyətə təqdim edir. Belə məlum olur ki, “regionda münaqişənin qarşısını almağa çalışan “yeganə tərəf” kimi “sülh­sevər” Ermənistana yüz milyonlarla dəyəri olan zirehli texnika, HHM sistemləri satan, müdafiə nazirini İrəvana göndərən, bura­da hərbi-texniki əməkdaşlığa dair sazişlər imzalayan Paris, sən demə, bütün bunları Azərbaycanın təhdidinə qarşı həyata ke­çirirmiş.

Bu, həmin müsyö Sejurnedir ki, bir müddət bundan əvvəl “Ouest France” nəşrinə müsahibəsində Rusiyanın yaxın illərdə NATO ərazisinə hücumunu istis­na etmədiyini söyləmiş, Avropa İttifaqını Fransadan nümunə götürməyə və hərbi proqramlarına ayırdıqları maliyyəni iki dəfə çoxaltmağa çağırmışdı. Bunu “ekzis­tensial məsələ” adlandıran nazir Avropa­nın özünün təhlükəsizliyinə “təminat tap­malı” olduğunu bəyan etmişdi. 

COP29-un ev sahibinə qarşı qısqanclıq

Fransanın xarici işlər naziri çıxışında maniakal təxəyyülünü işə salaraq, Ba­kının “hərbi xarakterli feyk-xəbərlərində” Rusiyanın Ukraynaya bağlamağa çalışdı­ğı bir çox ümumi elementləri görə bildiyini irəli sürür. Bununla da açıq siyasi şantaja baş vuran Sejurne bu “fakta” Bakıda ke­çirələcək COP29-a altı ay qalmış “xüsusi diqqət yetirməyin vacibliyini” önə çəkib. Ermənistanın “böyük bacısı” missiyasını bütün müstəvilərdə yerinə yetirən Fran­sanın Azərbaycanın COP29-a evsahibliyi etməsinə qısqanc yanaşması, bu reallı­ğı həzm edə bilməməsi, ənənəvi böhtan və yalan kampaniyasını indi də şantajla əvəzləməsi göz qabağındadır.

“Ermənistanın geniş şəkildə silahlan­masını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbu­ledilməzdir. Aprelin 2-də Fransanın xari­ci işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir”.

Stefan Sejurnenin mətbuat konfran­sında Azərbaycana qarşı səsləndirdiyi iddiaları şərh edən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Ha­cızadə deyib ki, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğ­ma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən “sülhpərvər ölkə” kimi təqdim edilməsi Parisin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta oldu­ğunu göstərir.

Azərbaycanın BMT-nin İqlim Dəyişikli­yi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi kimi məsul vəzifəni yerinə ye­tirdiyi bir dönəmdə ölkəmizin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəfə alan bu kimi çağırışlardan çəkin­məsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edən XİN rəsmisi şərhində məhz Fransa kimi ölkələrin Er­mənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyinin hər kəsə aydın olduğunu vurğulayıb: “Rəsmi Paris anlamalıdır ki, onun tərəfindən hə­yata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zədələnmiş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xe­yir gətirməyəcək”. 

İrəvanın Brüssel gözləntiləri

Bu arada rəsmi İrəvanın böyük ümidlər bəslədiyi, nəinki hakimiyyəti, hətta ölkəni böhrandan qurtaracağı kimi düşünülən 5 aprel Brüssel görüşü ətrafında Ermənista­nın daxilində geniş diskussiya gedir. Möv­zu ilə bağlı yerli “Hraparak” qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə qatılacaq “üçlər”in görüşünə hakim “Mülki Müqavilə” partiya­sının deputatları böyük ümid bəsləyirlər. Bu görüşün ölkənin və hakimiyyətin qüd­rətinin xilası üçün müstəsna əhəmiyyət kəsb edən hadisə olacağına işarə vuran nəşr mövzunu bir qədər də genişlən­dirərək yazır: “Bu, Ermənistanın sonda hansı səmtə gedəcəyini müəyyən edəcək görüşdür. Əgər Qərb ümumi “dəstək” bə­yanatları ilə yanaşı, əməli addımlar atsa, Ermənistana külli miqdarda pul ayırsa və bunun sayəsində Rusiya iqtisadiyyatın­dan qurtulmaq mümkün olarsa, Paşinyan iqtidarı tərəddüd etmədən təhlükəsizlik vektorunun səmtini dəyişməyi öhdəsinə götürəcək. Burada söhbət bir neçə mil­yard ABŞ dollarından gedir”.

İrəvanın və Parisin Azərbaycana qarşı bütün bu diplomatik yürüşlərinin Blinken–Lyayen–Paşinyan üçlüyünün 5 aprel Brüs­sel görüşü ərəfəsində müşahidə olunması təsadüfi sayıla bilməz. Ermənistana bir­başa dəstək nümayişi kimi düşünülmüş, xüsusu yardım paktının imzalanacağının gözlənildiyi sabahkı görüşlə bağlı Vaşinq­tondan da müəyyən çağırışlar eşidilmək­dədir.

Bu arada Vaşinqton Ermənistan və Azərbaycan arasında düşmənçiliyə sə­bəb ola biləcək ritorikadan çəkinmək barədə tərəflərə xəbərdarlıq ünvanlayıb. “Biz Ermənistan və Azərbaycan sərhədin­də eskalasiyaya və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikaya qarşı xəbər­darlıq edirik və bunu bundan sonra da edəcəyik”. Bu sözləri ABŞ Dövlət Depar­tamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə bildirib. “Biz regionda hamının hüquqlarına hörmət edilən ədalətli və la­yiqli sülh üçün şəraitin yaradılmasını təş­viq edirik” – deyən Millerin sözlərinə görə, davamlı sülhün təminatının yeganə yolu danışıqlardır.

“Ədalətli və layiqli sülh”dən danışan Ağ Ev rəsmisi Ermənistanın şərti sərhədə canlı qüvvə və hərbi texnika cəmləməsi ilə bağlı Azərbaycan hökumətinin bəya­natından da söz açıb. “Avropa İttifaqının missiyası bəyanat yayıb ki, Ermənistan–Azərbaycan sərhədi sakit və sabitdir və qeyri-adi hərbi hərəkətlər müşahidə olun­mur”, – deyə Miller bildirib.

Vaşinqton artıq Aİ-nin Ermənistanda kəşfiyyat fəaliyyəti ilə məşğul olan “mülki missiyasının” açıqlamalarını güvəndiyi, İrəvandan isə Cənubi Qafqazdan uzaq­laşdırmağa çalışdığı Rusiyaya və İrana qarşı maşa kimi yararlanmağa çalışdığı gerçəklikdir. Amma Ağ Evin bu kimi cəhd­lərə baş vurarkən hesablaşmağa məcbur olduğu başqa bir gerçəklik də var. Bu, altı ay əvvəl bölgədə hərbi-siyasi, eləcə də iq­tisadi-coğrafi cəhətdən qüvvələr nisbətini öz xeyrinə tamamilə dəyişərək söz və güc sahibinə çevrilmiş Azərbaycanın ortaya qoyduğu gerçəklikdir! 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Fransa Azərbaycana qarşı özü­nün ənənəvi münasibətini nümayiş etdirir. İndi onlar tamam azğınla­şıblar. Amma, şükürlər olsun ki, əl­lərindən Azərbaycana pislik etmək deyil, ancaq çığır-bağır etmək gə­lir. Guya, Fransa COP29-u boykot edə bilər. Qoy eləsin, məgər onla­rı Bakıda gözləyən var? Parisdən möhtəşəm tədbirimizə nümayən­dələrin gəlməməsi diqqət yetirilməli məsələ sayıla bilməz. Özlərinin ke­çirməyə hazırlaşdıqları olimpiada ilə bağlı canlarına vəlvələ düşüb. Yəni, xoşagəlməz hadisələrin baş verə biləcəyindən və bunun qarşı­sını ala biləcəkləri ilə bağlı ciddi na­rahatlıqları var. Getsinlər bu barədə ciddi fikirləşsinlər.

Fransanın ölkəmizə qarşı ənənəvi mövqeyi dəyişməyib. Biz, sadəcə, bunu bir fakt olaraq qey­də almışıq və onların Azərbayca­na zərər verməyə əlləri çatdığı hər yerdə adekvat cavablarını alırlar. Yaxşısı budur, Sakit okeandakı Yeni Kaledoniya ada-dövlətinin problemini həll eləsin. Onun neo­kolonializmə söykənən yaramaz si­yasətinə qarşı Korsikada da kütləvi etirazlar başlayıb. Orada əhaliyə öz dilində danışmağa imkan ver­məyən Fransa gəlib Azərbaycanın qarşısında hansısa hüquqlardan bəhs edir, Qarabağ erməniləri üçün “göz yaşları tökür”. Bəli, bu gün Emmanuel Makron hakimiyyəti Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir. Bakının da buna uyğun davranışını görür. Mövcud reallıq bundan ibarətdir və biz bunu nəzərə almalıyıq. 

İmran BƏDİRXANLI
XQ



Siyasət