Ölümün fenomenə çevrildiyi şəhər

post-img

Rusiyanın soyqırımı tələbi Rusiyanın Xarici İşlər Nazirliyi Almaniyaya nota verərək, Leninqradın mühasirəsi və Hitler Almaniyasının digər cinayətlərinin soyqırımı aktı kimi tanınmasını tələb edib. Bu barədə məlumatı TASS yayıb.

Əlbəttə, Rusiyanın hazırkı beynəlxalq siyasi vəziyyətində, xüsusən də Ukrayna müharibəsi fonunda bu tələbin nə dərəcədə yerinə yetiriləcəyi, ümumən ona hansısa formada həssas yanaşılıb-yanaşılmayacağı şübhə doğurmaqdadır. Leninqradda yaşananları soyqırımı kimi qəbul etmək olar, yaxud olmaz, söhbətimiz bu mövzudadır. 

Ancaq əvvəlcə bildirək ki, Rusiya XİN Almaniyanın əvvəllər insanlığa qarşı törədilmiş cinayətləri soyqırımı aktı kimi tanımaq üçün ziddiyyətli yanaşmasının mövcudluğunu açıqlayıb. Dövlət qurumu rəsmi Berlinin xüsusilə SSRİ xalqlarına münasibətdəki vandal davranışlara dair bəyanatlarının olmamasına diqqət çəkib. Xarici İşlər Nazirliyinin sənədində, eyni zamanda, bildirilib: “Rusiya Almaniya tərəfindən çüncü Reyxin bu vəhşiliklərinin soyqırımı aktları kimi tanınmasında israrlıdır. Xüsusilə Leninqradın blokadasının soyqırımı kimi rəsmən tanınması tələb edilib”. 

Qeyd edək ki, Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin hərbi blokadası İkinci dünya müharibəsi illərində alman-fin qoşunları və onların müttəfiqləri tərəfindən 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək davam etmişdi (blokada halqası 1943-cü il yanvarın 18-də qırılmışdı). Bu durumun 872, bəzi mənbələrdə 871 gün çəkdiyi bildirilir. Ədəbiyyatlarda və abidələrdə yuvarlaqlaşdırmalara da rast gəlinir və qeyd edilir ki, blokadanın davamiyyət müddəti 900 gündür. 

Onu da deyək ki, blokada başlananda şəhərdə uzun mühasirəyə tab gətirmək üçün kifayət qədər ərzaq və yanacaq yox idi. eninqradla yeganə əlaqə marşrutu Ladoqa gölü idi. Nəzərə alaq ki, həmin gölə artilleriya və aviasiyası hücumları olur, eləcə də orada fəaliyyət göstərən düşmən dəniz qüvvələri öz işlərini görürdülər. Göl üzərindəki nəqliyyat arteriyasının tutumu şəhərin tələbatını ödəmirdi. Nəticədə eninqradda kütləvi qıtlıq başladı, xüsusilə sərt keçmiş ilk qışda istilik və nəqliyyat problemləri yarandı, vəziyyət həddindən artıq ağırlaşdı. Şəhərin sakinləri arasında yüz minlərlə insan dünyasını dəyişdi. 

***

1941-ci il yanvarın 1-nə olan məlumata görə, Leninqradda üç milyondan bir qədər az adam yaşayırdı. Şəhər sərhədə yaxınlığına, xammal və yanacaq bazalarından təcrid olunduğuna görə əlverişsiz mövqeyi ilə seçilirdi. 1941-ci ilin noyabrında şəhər əhalisinin vəziyyəti kəskin şəkildə pisləşdi. Artıq ərzaq ehtiyatı yox idi. Aclıqdan ölüm halları geniş vüsət aldı. Xüsusi dəfn xidmətləri hər gün yalnız küçələrdən yüzə yaxın cəsədi götürürdü. Donmuş yerdə qəbirləri qazmaq çətin olduğundan yerli hava hücumundan müdafiə qrupları partlayıcı maddələrdən və ekskavatorlardan istifadə edir, ölülərin adlarını bilmədən onlarla, bəzən isə yüzlərlə meyiti kütləvi məzarlıqlarda basdırırdılar. 

Mühasirəyə alınan şəhərin sakini Yelena Skryabina belə hallarla bağlı gündəliyində belə yazırdı: “Şəhəri ölüm idarə edir. İnsanlar ölür və yenə də ölürlər. Bu gün küçədə gedəndə bir kişini gördüm. Ayaqlarını güclə tərpədirdi. Onu ötüb keçərkən bənizinə baxdım. Tam mavi sifəti diqqətimi çəkdi. Öz-özümə düşündüm ki, tezliklə öləcək. Ölüm möhürü kişinin üzündə idi. Bir neçə addımdan sonra arxaya döndüm və ona yenidən baxdım. Küçədəki dolabın üstünə çökdü, gözlərini geri çevirdi, sonra yavaş-yavaş yerə sürüşməyə başladı. Mən ona tam yaxınlaşanda artıq ölmüşdü. İnsanlar aclıqdan o qədər zəifləyiblər ki, ölümə qarşı dura bilmirlər. Yuxuya gedirmiş kimi ölürlər. Ətrafdakı yarımcan insanlar isə buna heç fikir də vermirlər. Ölüm hər addımda müşahidə olunan bir fenomenə çevrilib. İnsanlar ona öyrəşiblər. Tam biganəlik yaranıb. Bu gün, yoxsa, sabah hamını belə bir aqibət gözləyir. Səhər evdən çıxanda küçədə, darvazada “yatan” meyitlərə rast gəlirsən. Cəsədlər uzun müddət yerdə qalır, çünki onları yığışdıran yoxdur”. 

***

1943-cü ilin yanvarında blokada zənciri qırıldıqdan sonra eninqradın təchizatı tədricən normallaşdı və artıq fevralın ortalarında şəhərdə ölkənin digər sənaye mərkəzləri üçün müəyyən edilmiş “müharibə vaxtı ərzaq təchizatı standartları” tətbiq olunmağa başladı. Lakin düşmən qoşunları və donanması tərəfindən eninqradın mühasirəsi 1944-cü ilin yanvarına qədər davam etdi. Həmin ilin yanvar-fevral aylarında Sovet qoşunları Leninqrad-Novqorod əməliyyatı keçirdilər. Nəticədə düşmən şəhərin cənub sərhədlərindən 220-280 kilometr geriyə atıldı. 

SSRİ rəhbəri Stalinin 1945-ci il 1 may tarixli 20 saylı əmri ilə Leninqrad, Stalinqrad, Sevastopol və Odessa ilə birlikdə “qəhrəman şəhər” adı aldı. Daha sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 may 1965-ci il tarixli fərmanı ilə şəhər “Qızıl ulduz” medalı ilə təltif edildi. 1944-cü il Leninqradın mühasirədən tamamilə azad edildiyi 27 yanvar tarixi Rusiyanın hərbi şöhrət günlərindən biri kimi qeyd edilir. 

Bəli, Leninqradda İkinci dünya müharibəsi illərində yaşananlar tam bir soyqırımı aktıdır. Həmin dövrün olayları barədə çox söz açmaq, daha tükürpədici faktları diqqətə çatdırmaq mümkündür. Bu mənada Rusiya XİN-in Almaniyadan onun soyqırımı kimi tanınmasını istəməsində haqq var. Başlıca məsələ isə bu haqqın nə dərəcədə qəbul olunmağındadır. Onu da nəzərə alaq ki, Rusiyada hazırda Ukrayna xalqlarına qarşı soyqırımı gerçəkləşdirməkdə günahlandırılır.

Əvəz RÜSTƏMOV

XQ

Siyasət