Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu ölkənin Raynland-Pfalts federal əyalətinə səfər edib.
Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ilk görüş əyalətin paytaxtı Maynts şəhərində Raynland-Pfalts Landtaqının (parlament) sədri Hendrik Herinq və sədr müavinləri Katrin Anklam-Trapp və Matias Lammert ilə keçirilib. Landtaqın üzərində Azərbaycan Bayrağı dalğalandırılıb. Görüşdən əvvəl səfir Nəsimi Ağayev Raynland-Pfalts Landtaqının qonaq kitabına imza atıb. Görüşdə Hendrik Herinq Raynland-Pfalts Landtaqının fəaliyyəti, tarixi və xarici əlaqələri barədə məlumat verib. Səfir Nəsimi Ağayev həmsöhbətini Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, multikulturalizm ənənələri, xarici siyasəti, o cümlədən ölkəmizin qonşuları ilə əlaqələri, regional təhlükəsizlik və s. barədə məlumatlandırıb. İkitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb.
Sonra səfir Raynland-Pfalts əyalətinin iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı və şərabçılıq naziri Daniela Şmid, Raynhessen Sənaye və Ticarət Palatasının icraçı direktoru Qünter Yerts və Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harmsın birgə dəvəti əsasında Maynts şəhərində keçirilən “Mərkəzi Asiya və Xəzər regionu səfirləri ilə dialoq” adlı konfransda iştirak edib. Konfransda Nəsimi Ağayev Azərbaycanın Orta Dəhlizdə oynadığı rol, həyata keçirdiyi nəqliyyat layihələri, yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər və bu sahədə malik olduğu böyük potensial, COP29 konfransına ev sahibliyi ilə bağlı apardığı hazırlıq işləri haqqında geniş məlumat verərək, iştirakçıların suallarını cavablandırıb. Tədbir çərçivəsində səfir həmçinin Raynland-Pfaltsın aparıcı şirkət nümayəndələri ilə danışaraq, onları Azərbaycana səfərə dəvət edib.
Növbəti gün səfir Sumqayıt şəhərinin 1977-ci ildən bəri qardaşlaşdığı Lüdviqşafen şəhərinə səfər edib. Səfər zamanı şəhərin meri Yutta Ştaynruk, Lüdviqşafen-Sumqayıt Dostlar Cəmiyyətinin sədri Uve Frölix, fəxri sədri Volfqanq Lauenştayn və üzvləri ilə görüşlər keçirilib. Görüşlərdə iki şəhər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri və əlaqələrin davamlı inkişafı üçün mövcud potensial müzakirə edilib.
Səfər müddətində səfir Nəsimi Ağayev Türkiyənin Maynts şəhərindəki baş konsulu Mehmet Akif İnam ilə də görüşüb.