İran İslam Respublikası illər keçsə də şimal qonşuluğunda Azərbaycan Respublikasının timsalında daxili və xarici siyasətdə müstəqil, demokratik, dünyəvi, insan hüquq və azadlıqlarının təmin edildiyi ölkənin mövcudluğunu qəbul edə bilmir. Ölkəmizin 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra rəsmi Tehranın Azərbaycana qarşı yol verdiyi bədxah əməllərin siyahısı sayılmaqla bitməz.
İran hər zaman Azərbaycanı zəif, gücsüz, torpaqları işğal olunmuş, daxili qeyri-sabitliyin mövcud olduğu, etnik separatizmin, necə deyərlər, at oynatdığı dövlət kimi görmək istəyib. Əməlləri ilə bu istəyini dəfələrlə büruzə verib. Rəsmi Tehran Azərbaycanın mövcudluğunu hər zaman özünün dövlətçiliyinə təhlükə sayıb. Ötən onilliklər bunların əsassız qorxular olduğunu sübut edib. Azərbaycan heç vaxt İran dövlətçiliyi üçün hansısa təhlükə yaratmayıb. Ancaq cənub qonşumuz mövqeyindən əl çəkmir. Son vaxtlarda iki ölkənin münasibətlərində mülayimləşmə müşahidə olunsa da, əslində, İran hökumətinin mahiyyəti, yanaşması dəyişməyib.
Bu istiqamətdə sonuncu hadisə bir neçə gün öncə yaşanıb. İran xislətinə sadiq qalaraq, ölkəmizdə milli zəmindəki həmrəyliyi pozmağa çalışıb. Martın 10-da, axşam saatlarında Rəşt şəhərindəki İslam Azad Universitetinin akt zalında “Talış İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib. Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən, başıpozuqluqdan, hərc-mərclikdən və dərəbəylikdən istifadə edərək bir qrup separatçının 1993-cü ilin əvvəllərində ölkəmizin cənub bölgəsində yaratdıqları qondarma “talış-muğan respublikası”nın “mühacir hökumətinin rəhbəri” (?) kimi dəvət edilən Boris Talışınski konfransda əsas məruzəçi qismində çıxış edib. O, qondarma “TMR”-in yaradıcısı Ələkrəm Hümbətovun “siyasi varisi” kimi təqdim edilib.
Boris Talışınski konfransda çıxışı zamanı “bu siyasi və mədəni tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək” deyib ki, İranın əziz talışlarının “Şimali Talışıstandakı” (?) bacı-qardaşları üçün narahat olmağa haqqı var və bu, insan hüquqlarına uyğundur: “İran talışların tarixi vətənidir. Mən öz ana torpağımda və tarixi vətənimdəyəm və burada özümü dənizə qovuşan çay kimi hiss edirəm”.
Burada sual ortaya çıxır: “Şimali Talışıstan” haradır? Məgər İranda qondarma “TMR”in hələ 31 il əvvəl tarixin arxivinə qovuşmasından xəbərdar deyillər? Xəbərdar olmayanlar üçün bildirmək istərdik ki, Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazisində, hətta, erməni separatizminin yuvası dağıdılıb, separatizmin kökü birdəfəlik kəsilib. Yenidən hansısa qüvvələrin, o cümlədən, Tehranın Azərbaycan ərazisində separatizm ocağını körükləmək cəhdləri faydasızdır. Bunu İran rəsmilərinin anlaması gərəkdir. İranın yenidən bu məsələni gündəmə gətirməklə nə etmək istədiyi aydındır. Cənub qonşumuz yenidən ölkəmizin ərazisində milli münaqişə yaratmaq istəyini açıq şəkildə ortaya qoyur. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, konfrans Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və milli maraqlarına zidd məqsədlər daşıyır.
Maraqlıdır ki, bütün bu məlumatları İranın dövlət informasiya agentliyi– İRNA öz səhifəsində yerləşdirib. Bu isə necə deyərlər, xoruzun quyruğunun görünməsi deməkdir. Aydın olur ki, tədbirin keçirilməsinə icazə də, onunla bağlı xəbərin dövlət informasiya agentliyində özünə yer tapması da İran rəsmiləri tərəfindən verilib. Əgər göstəriş olmasaydı, təbii ki, nə onun keçirilməsi, nə də dövlət mediasında işıqlandırılması mümkün olardı. Hər halda, İran rəsmiləri anlamalıdırlar ki, Azərbaycan ərazisində separatizm yaratmaq cəhdləri fiaskodur.
Məsələnin digər tərəfi ondadır ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Çoxmədəniyyətlilik (multikulturalizm) və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Azərbaycan əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayırlar. Talış xalqı da onlardan biridir. Talışlar ölkəmizin cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. 2009-cu il aprelin 13-22-də keçirilmiş siyahıyalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin bəzi tədqiqatçılar və yerli əhali hesab edir ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən çoxdur. İstənilən halda, Azərbaycanda talışların sıxışdırılmasından, onların hansısa hüquqlarının pozulmasından söhbət gedə bilməz. Azərbaycan vətəndaşlarının malik olduqları hüquqlar talış xalqına da məxsusdur. Onların seçib-seçilmək hüquqları var. Qanunverici və icraedici orqanlarda, məhkəmə sistemində təmsil olunurlar. Talışların öz dillərini, adət-ənənələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur.
Talış xalqı ilə Azərbaycan xalqı bir-birinə elə qaynayıb-qarışıb ki, necə deyərlər, ətlə dırnaq kimi bir-birindən ayrılmazdır. Bu iki xalq arasında güclü qohumluq əlaqələri qurulub. Qarışıq nikahların sayı-hesabı yoxdur.
Azərbaycan həm də talışların Vətənidir. Talışlar özlərini Azərbaycansız təsəvvür etmirlər. Onların mütləq əksəriyyəti də məhz bu cür düşünür. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində talış xalqının minlərlə nümayəndəsi qəhrəmancasına döyüşüb. Onların bir çoxu şəhidlik zirvəsinə ucalıb. Bu mənada İranın özünü talış xalqının canıyananı kimi göstərmək istəyi kənardan çox qeyri-səmimi təsir bağışlayır.
Bundan əlavə, İran dönüb öz daxilindəki milli azlıqların vəziyyətinə baxsa, daha yaxşı olardı. İran da Azərbaycan kimi çoxmillətli dövlətdir. Lakin əhalinin etnik tərkibi haqqında rəsmi məlumat yoxdur. Eyni zamanda, iki ölkədəki xalqların durumunu müqayisə etmək belə mümkün deyil. Təsadüfi deyil ki, İran, haqlı olaraq “xalqlar həbsxanası” adlandırılır. Ölkə əhalisinin, az qala, yarısını azərbaycanlılar təşkil etsələr də, onların təməl insan hüquqları, o cümlədən, öz dillərində yazıb-oxumaq hüququ tanınmır. Eyni sözləri kürdlər, ərəblər, bəluclar, türkmənlər və digərləri haqqında da demək mümkündür. Yalnız saylarına görə ikinci olan fars toplumu üstün mövqedədir. Bununla yanaşı, İranda dini zəmində də dözümsüzlük mövcuddur. Təsadüfi deyil ki, İran beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında insan hüquqlarının vəziyyətinə görə, ən aşağı yerlərdə qərarlaşır. Bu mənada, İran hakimiyyəti öz ayıbına kor olsa, daha yaxşı olardı.
Mövzu üzrə söhbətləşdiyimiz İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası İctimai Birliyinin sədri, Əməkdar jurnalist Fazil Abbasov bildirdi ki, İranda talışlarla bağlı tədbirin keçirilməsi ilk dəfə deyil. Beş-altı il öncə keçirilən belə tədbirlərin birində qondarma “TMR”in başçısı Ə.Hümbətov özü də iştirak etmişdi: “Həmin tədbir talış xalqının tarixi və mədəniyyətinə həsr olunmuş simpozium idi. Talış xalqının mədəniyyəti Azərbaycan mədəniyyəti ilə qaynayıb-qarışıb. Talışların Azərbaycansız yaşaması mümkünsüzdür. Onlar özləri də bunu deyirlər. İranda isə talışlar çox sıxışdırılır. Ancaq İran hakimiyyəti Azərbaycandakı talışlardan ölkəmizə qarşı istifadə etməyə çalışır. İranın buradakı məqsədi siyasidir. Onların məqsədi talış toplumu üçün necə deyərlər, gün ağlamaq deyil”.
F.Abbasov qeyd etdi ki, sözügedən tədbir İran hökumətinin razılığı olmadan keçirilə bilməzdi. Onun sözlərinə görə, məlum tədbirin keçirilməsi Azərbaycana təzyiq vasitəsi kimi düşünülüb.
Siyasi şərhçi Asif Nərimanlı isə bildirdi ki, Azərbaycana qarşı “erməni kartı”ndan istifadə edən İran indi də etnik-milli zəmində sabitliyi pozmaq planını işə salmağa cəhd edir: “Martın 10-da Rəşt şəhərində keçirilən konfrans bunun əyani nümunəsidir. Konfrans Azərbaycanın parçalanması ideyasının açıq şəkildə dəstəklənməsidir. Konfransın əsas təşkilatçısı Əhməd Kazemi Boris Talışınskini “şimali talışıstanın “mərhum prezidenti” general Ələkrəm Hümbətzadənin varisi” adlandırıb. Burada “şimali talışıstan” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulur və Vətən xaini kimi ölkədən qovulan Hümbətovun yaratdığı qondarma “talış muğan respublikası”nın mövcudluğunu müdafiə edirlər. Konfrans və orada səslənən iddialar İranın münasibətlərin normallaşmasında səmimi olmadığını, bir əlini uzadan zaman, digəri ilə ayağımızın altını qazmağa çalışdığını isbat edir. Və şübhəsiz ki, Boris Talışıniski kimi xainlərə dəstək verən, Azərbaycanı bölməyə, parçalamağa hesablanmış belə konfransları təşkil edən də İran dövlətinin özüdür”.
Onu da qeyd edək ki, İran hökumətinin Azərbaycanda milli və dini zəmində gərginlik yaratmaq cəhdlərinin davamı kimi martın 12-də Tehran Universitetində daha bir tədbir keçirilib. Tədbir İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzinin Tehran Universitetinin İranşünaslıq Mərkəzi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Tədbirlə bağlı yayılan elan və afişada yenidən Azərbaycanın adı təhrif edilərək “Bakı respublikasında və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” sözləri yazılıb. Bu konfrans İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkməyəcəyini bir daha göstərir. Ancaq rəsmi Tehran bilməlidir ki, belə əməllərlə Azərbaycanda milli və dini zəmində formalaşmış möhkəm həmrəyliyi poza bilməyəcək. İranın əməlləri isə “bumeranq effekti” verərək, onun özünə qayıdacaq.
Səxavət HƏMİD
XQ