Güclü Azərbaycan–xalq və dövlət maraqlarının uğurlu vəhdəti

post-img

Strateji hədəflərə çatmaq üçün milli potensialı səfərbər etməyi əsas prioritet istiqamət seçən Prezident İlham Əliyevin 20 illik fəaliyyəti təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bütün Avrasiyanın uğurlu inkişaf vektorlarına güclü təsir göstərib. Xüsusilə də Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfər bu prosesə yeni istiqamətlər verib, regional əməkdaşlıq konturlarının üfüqlərini genişləndirib. Ən əsası, dövlət başçısı ərazi bütövlüyünün və hərtərəfli müdafiə qabiliyyətinin təmin edilməsinə, güclü dövlət və güclü iqtisadiyyat quruculuğuna, institusional islahatlar əsasında ölkədə ictimai-siyasi sabitliyə və mütərəqqi inkişafa, xalq-iqtidar birliyinə tam nail olub.

Ötən iyirmi il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifah halı yüksəlib, Azərbaycanın siyasi və iqtisadi imkanları genişlənib, müasir ordu yaradılıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Prezident İlham Əliyev bütün bu görülən işlərlə onun üçün milli maraqların birinci yerdə olduğunu sübut edib. Dövlət başçısının fəaliyyətində keçmiş qaçqın və məcburi köçkünlərin, onların həyat səviyyəsinin yaxşılaşdırılması prioritet vəzifələrdən biri olub. Əhali ilə birbaşa təmasda olan, ictimaiyyəti narahat edən bütün məsələlərdə xalqla həmrəylik nümayiş etdirən Prezident İlham Əliyev qaldırılan məsələlərin həlli istiqamətində operativ tədbirlər görüb.

Vətən müharibəsində torpaqlarımızın 30 illik işğalına son qoyan qələbənin  əsl memarı Prezident İlham Əliyevdir. Dövlət başçısının adı bu parlaq uğura görə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü tam təmin olunub. Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz güc və qüdrətini bütün dünyaya göstərib.
Bu tarixi zəfərə nail olmaq üçün Prezident İlham Əliyev xalqımızın siyasi iradəsini vahid amal ətrafında birləşdirməyə nail oldu. Erməni qəsbkarlığının uzun bir dövr davam etməsinə baxmayaraq Azərbaycan xalqı Qarabağın qaytarılması istəyindən əl çəkmədi və bu istiqamətdə fəaliyyətini davam etdirdi. Dövlət başçısı İlham Əliyev isə xalqın ruhunu  qoruyub saxladı, hər yerdə Qarabağın Azərbaycan olduğunu vurğuladı. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  hər bir dövlət qurumu Qarabağın qaytarılması, xalqımızın siyasi iradəsinin bu ümummilli vəzifə ətrafında cəmləşdirilməsi istiqamətində fəaliyyət göstərdi. Nəticədə ərazi bütövlüyümüz bərpa olundu.

Cənab İlham Əliyev ölkə rəhbəri seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirəcəyinə söz verdi. Dövlət başçısı hər bir vətəndaşın Prezidenti olacağını bildirdi. Bu və digər vədlər ilk günlərdən əməli işlərlə öz təsdiqini tapdı. Onun uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan xalqının birliyi tarixi nailiyyətlərin, tamamilə yeni reallıqlar əsasında inkişaf edən, aydın şəkildə tərtib olunan milli prioritetlərə malik müasir və müstəqil Odlar diyarının mütərəqqi strateji inkişafının açarına çevrildi.
Ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən çoxsaylı dövlət proqramları və milli layihələr respublikamızı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltdi ki, bu da kadr siyasətində köklü dəyişikliklərin gerçəkləşdirilməsi, bütün dövlət mexanizminin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin, vətəndaş cəmiyyəti mövqelərinin ardıcıl gücləndirilməsi ilə müşayiət olundu.
Prezident İlham Əliyev uzaqgörən və müdrik siyasəti ilə tanınır. Onun qətiyyəti və uzunmüddətli perspektivləri görmək istedadı Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artmasına kömək etdi. Peşəkarlığı, müstəsna şəxsi və işgüzar keyfiyyətləri dövlət başçısını müdrik və qətiyyətli rəhbər kimi tanıtdı. Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq aləmə regional oyunçu kimi təqdim etdi və bu, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verdi.

Ötən  illər ərzində bir çox beynəlxalq platformalardan Prezidentimizin cəsarətli, məntiqli çıxışlarının şahidi olmuşuq. Dövlət başçısı ikili standartları cəsarətlə tənqid edir, milli maraqları daim diqqətdə saxlayır. Liderin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan ən çətin situasiyalarda belə heç kimin qarşısında baş əymir, öz mövqeyini qətiyyətlə və açıq şəkildə bildirir.

Bu gün işğaldan azad edilmiş torpaqlarda quruculuq layihələri sürətlə icra olunur. Qarabağ və Şərqi Zəngəzurda bərpa dövrü yaşanır və Prezident İlham Əliyev qəsbkardan geri qaytarılan yaşayış məntəqələrinin yenidən qurulmasını, abadlaşdırılmasını prioritet elan edərək şəxsən hər bir rayona, şəhərə, kəndə səfər edir, tapşırıqlar verir, onların icra səviyyəsini yoxlayır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur. İnfrastruktur investisiyaları iqtisadi fəallığı, yeni biznesin yaradılmasını və artan iqtisadi hərəkətliliyi dəstəkləyir. Hava limanları, sənaye parkları və magistral yol layihələri də daxil olmaqla, infrastruktur sürətlə inkişaf edir. Bu, Azərbaycanı yüksək inkişaf etmiş ölkəyə çevirir. Prezident İlham Əliyev yenidən qurulan ərazilərə qayıdan insanlar üçün daha yaxşı şəraitin yaradılmasının vacibliyini daim vurğulayır.

Dövlətimizin başçısı, necə deyərlər, sözünün ağasıdır və respublikamızda gedən proseslər bunun əyani təsdiqidir. Onun siyasi mövqeyinin əsasında güclü hakimiyyət, güclü iqtisadiyyat və güclü dövlət dayanır. Beynəlxalq aləm ötən 20 ildə dünya güclü Azərbaycanın bütün sahələrdə yüksəlişini izləyir. Bu inkişaf, tərəqqi və yüksəlişin memarı isə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Nazim BEHBUDOV,  
Fəxri dəmiryolçu, Birinci Qarabağ müharibəsi veteranı



Siyasət