Ermənistan: siyasi dalanda yeni konstitusiya axtarışları

post-img

IV MƏQALƏ

Uğur öz davranışınızdan doğur.

Dalay-Lama

Dövlətlərarası münasibət mədəniyyəti

Dövlətlərarası münasibətlər yalnız si­yasi hadisə deyildir, o həm də ənənəsi olan tarixdir, mədəniyyət nümunəsidir. Dünyanın güclü və oturuşmuş dövlətlərinin digərlə­ri ilə münasibətləri hansısa konkret meyar üzərində qurulur. Məsələn, Türkiyə üçün bu, ədalətlilik prinsipi ilə sıx bağlıdır. Digər fak­tor həmişə məzlumun yanında olmaqdır. Bir başqa faktor isə qarşı tərəfin dövlət olmaq hüququnu təbii olaraq qəbul etməkdir. 

Azərbaycan dövlətçilik ənənəsində də eyni faktorlar vardır. Bunlardan başqa, Azər­baycan dövlətçiliyində yardım göstərmək kimi nəcib xüsusiyyət mövcuddur. Xatırla­yırsınızsa, Ermənstan bizə qarşı düşmənçilik etdiyi bir dönəmdə belə orada zəlzələ olanda Azərbaycan təyyarə ilə yardım göndərdi. Er­mənilər isə bu yardımı daşıyan təyyarəni də vurdular. Bu onu göstərirdi ki, onların döv­lətlərarası münasibətlərdə humanitarlıq key­fiyyəti yoxdur. 

Azərbaycan dövlətçiliyində tarixi real­lıqları ciddi surətdə nəzərə almaq da vardır. Azərbaycan indiyə qədər heç bir qonşusuna qarşı bu prinsipi pozmamışdır. Təsadüfi de­yildir ki, Prezident İlham Əliyev II Qarabağ savaşı haqqında danışarkən əsas faktorlardan biri kimi, tarixi ədalətin bərpasını vurğula­mışdı. 

XX əsrin birinci yarısından bu yana Er­mənistan adlanan ölkənin dövlətlərarası mü­nasibətlər tarixçəsinə baxdıqda yuxarıda vur­ğulanan özəllikləri görə bilmirik. XX əsrin əvvəllərində dövlət qurmaq adına dəfələrlə qonşu xalqlara qarşı kütləvi qətliamlar törət­dilər. Xüsusilə, azərbaycanlılara qarşı aman­sızlıqla kütləvi terror və qətllər həyata keçir­dilər. Azərbaycanda minlərlə ailə vardır ki, həmin illərdə qalan xatirələr sırasında bir acı fakt da mövcuddur. O dövrün yaşlı insanları deyərdilər ki, “ermənilər həyətimizdə filan qədər qohum-əqrabanın başını kəsdilər”. 

Ümumiyyətlə götürdkdə belə aydın olur ki, Ermənistan adlanan məmləkət üçün dövlətlərarası münasibətlərdə mədəniyyət deyilən dəyər yoxdur və ya olduqca zəifdir. Səbəbi nədir? Burada bir fransız tarixçisinin araşdırmasına baş vurmaq istərdik.

Pyer Nora məşhur fransız tarixşünasıdır. O, uzun illər “Fransa yaddaşdır” tədqiqat layihəsi üzərində işləmişdir. Araşdırma nəti­cəsində belə qənaətə gəlmişdir ki, Fransa cə­miyyət və dövlət olaraq yaddaşdır. Yəni onun həm dövlət, həm də cəmiyyət kimi müəyyən özünütəşkiletmə xətti vardır. 

Lakin ABŞ-ın yaddaşı yoxdur. Dövlət kimi bir neçə yüz il yaddaşı vardır və bura­dan da ABŞ-ın dövlətlərarası münasibətlərə öz yanaşması mövcuddur. Biz detallara var­maq istəməzdik, lakin tarix göstərir ki, Ame­rika dövlətlərarası münasibətlərdə özünün müstəsnalığı prinsipinə daha çox üstünlük verir. Buradan onun dünya lideri olmağı təbii qəbul etməsi kimi özündənrazı münasibəti yaranmışdır. Artıq 200 ildən çoxdur ki, Ame­rika digər dövlətlərə bu “eynəkdən” baxır. Əksini qəbul etmək istəmir. Çünki tarixi as­pektdə dövlətlərarası münasibətdə başqa təc­rübəsi və həmçinin, mədəniyyəti yoxdur. 

Cəmiyyət baxımından isə ABŞ P.Nora­ya görə, yaddaşsızdır. Ora insanlar dünyanın müxtəlif regionlarından (əsasən Avropadan) bu və ya digər səbəblərə görə, yeni yaşayış məskəni kimi yığışmışlar. Paralel olaraq, Amerikanın yerli tarixi ənənəsini yaşadan qövmünü – hinduları soyqırıma məruz qoy­muşlar. Bununla indiki amerikanlar özləri ilə ABŞ-nin cəmiyyət kimi tarixi yaddaşı arasın­da sədd yaratmışlar. Hələ də onlar bu səddi söküb yeni yaddaş formalaşdıra bilmirlər. 

Ancaq amerikalılar güclü dövlət qurmuş­lar və o, hazırda dünya geosiyasi dinamikası­na çox ciddi təsir edir. Daha fəlakətlisi odur ki, nə dövlət kimi tarixi yaddaşı olan, nə də cəmiyyət kimi öz yaddaşını düzgün anlayan və zəif, qondarma kiçik dövlətlər də böyük­lük iddiasına düşürlər. Ermənistan onlardan biridir. 

Tarixi faktdır ki, ermənilərin son min ilə yaxın müddətdə dövləti olmamışdır. Müəy­yən yerlərdə xırda knyazlıqlar və ya başqa formada dövlətə oxşar bir qurum düzəltməyə çalışmışlar. Onları da başqa güclü dövlət­lər dərhal yox etmişlər. Hər halda, nəticədə ermənilər xalq kimi başqa dövlətlərin mər­həmətinə sığınmışlar. XX əsrin əvvəllərində havadarlarının köməyi ilə, qədim Azərbaycan torpaqlarında qondarma qurum yaratdılar ki, bu da dövlətçilik baxımından ermənilər üçün nonses idi. Onlar faktiki şoka düşdülər. Döv­lətlərarası münasibətləri qurmağın tarixi təc­rübəsi olmadığına görə, bu istiqamətdə ciddi yanlışlıqlara yol verdilər. Onların sırasında regionda qonşu olduqları türklərə – Türkiyə və Azərbaycana qarşı düşmən münasibəti ay­rıca yer tutur. 

Ermənistanın indi müşahidə etdiyimiz dövlətlərarası münasibətləri dövrün tələblə­rinə uyğun qura bilməmələri məhz bu sahədə tarixi yaddaşlarının ya olmaması, ya da çox zəif olması ilə bağlıdır. Deməli, Ermənistan siyasi dairələri və bütövlükdə, cəmiyyət bunu etiraf edib, özündən müştəbehlik halından imtina etməlidirlər. Onlarda dövlətlərarası münasibətlərdə mədəniyyət çatışmazlığı açıq hiss olunur. Bunu yalnız düşmənçilik etdiyi dövlətlərlə deyil, dost elan etdiyi ölkələrlə münasibətdə də görürük. 

Məsələn, Ermənistan Rusiyanın sayəsin­də heçdən özgə torpaqları üzərində yaradıl­mış ölkə olmaqda birbaşa ruslara borcludur. Onlar yalnız Rusiyanın hesabına indi dövlət sayılırlar. İranla münasibətlərdə də erməni nankorluğu özünü göstərir. Onun əlaməti İranın maraqlarına uyğun olmayan formada Qərblə “dostluğa” başlamaqda ifadə olunur. 

Belə çıxır ki, müasir mərhələdə Ermə­nistan üçün dövlətlərarası münasibətlərdə öz modelini yaratmaq ciddi problemə çevrilmiş­dir. Bir dövlət ki, tez-tez dostu düşmən edirsə və ya “dostlar”ını dəyişirsə və bu zaman özü heç dəyişmək istəmirsə, deməli onun dövlət­çilik ənənəsi yoxdur. Əgər bu ənənə olsay­dı, anlardı ki, məsələ ziddiyyət yaranmışsa, deməli, köhnə davranışlar dalana aparır, on­ları dəyişmədən uğurlu yolu davam etdirmək mümkün deyil. Bu işdə dostları dəyişmək, sadəcə olaraq, fəlakətə aparan yolda yolçu­ları yeniləməkdir. Ancaq Ermənistan üçün tarixi fürsət yaranmışdır. 

Həmin fürsətdən faydalanmağın başlan­ğıcı isə Azərbaycanla dövlət kimi münasi­bətləri tarixi ədalət və müstəqilliyə hörmət əsasında qurmaqdan ibarətdir. Bundan öncə erməni siyasi dairələri birmənalı etiraf etmə­lidirlər ki, Azərbaycana qarşı dövlət və cə­miyyət olaraq yanlış mövqe tutmuşlar. Bunu etiraf edib, üzr istənilməlidir.

Bunun fonunda daha bir mühüm məsələ vardır. Ermənistan siyasi ideoloji səviyyədə Azərbaycanın qələbəsini qəbul etməlidir.

Unutmayın: Azərbaycan qalibdir!

Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi qələbə yalnız ölkənin siyasi sərhədləri ilə məhdudlaşan hadisə deyildir. Bu qələbə, bütövlükdə, Cənubi Qafqazda dövlətçilik ta­rixinin yeni səhifəsidir. Bununla Azərbaycan sübut etdi ki:

– Müstəqillik Azərbaycanı güclü dövlət edir. Digərləri də müstəqildirlər, lakin hələ də güclü dövlət deyillər. Azərbaycan isə çox ağır şərtlər və böyük dövlətlərin qərəzli münasi­bəti fonunda güclü müstəqil dövlət olmuşdur!

– Azərbaycanı müstəqil dövlət kimi güc­lü edən başlıca səbəb onun dövlətçilik ta­rixinin zəngin olmasıdır. Əsrlər boyunca bir neçə dövlət yaradan Azərbaycan xalqı müasir çox mürəkkəb və çətin dönəmdə müstəqilli­yindən güclü dövlət olmaq üçün maksimum yararlana bilmişdir. Çünki indiki dönəmdə müstəqil dövlət quruculuğunda dövlətçilik ənənəsi ilə müasirliyin adekvat nisbəti təmin edilmişdir;

– müstəqil Azərbaycanı güclü dövlət edən həm də onun çox güclü liderinin olma­sıdır. Azərbaycan nadir dövlətlərdəndir ki, olduqca böhranlı vəziyyətdən liderinin – ulu öndər Heydər Əliyevin sayəsində xilas olmuş və davamlı inkişaf xəttinə çıxmışdır;

– Azərbaycan həm də ona görə güclü dövlət ola bilmişdir ki, onun yeritdiyi siyasi kurs yalnız inkişaf paradiqmasına əsaslanır. Prezident İlham Əliyev siyasi varis kimi ulu öndər Heydər Əliyevin inkişaf paradiqmasını XXI əsrin tələblərinə uyğun davam etdirir və yeni liderlik nümunəsi yaradır;

– Azərbaycanın nümunəsində güclü döv­lət olmaq yerləşdiyi regionda hər bir şəraitdə sabitlik, əməkdaşlıq və inkişafın qarantı ol­maq qabiliyyəti ilə sıx bağlıdır. Ermənistanın bütün qərəzli davranışlarına baxmayaraq, Azərbaycan regionun rifahı naminə fəaliyyə­tini genişləndirir və inkişaf etdirir.

Ermənistan məhz siyasi-ideoloji səviyyə­də bütün bunları etiraf etməli və ona uyğun kurs hazırlamalıdır. Azərbaycanın regional li­derliyini siyasi-ideoloji aspektdə obyektivcə­sinə etiraf etmədən Ermənistanın real inkişafı mümkün deyildir! 

Konstitusiya dekorasiyası 

Beləliklə, Ermənistanın yeni konstitusi­ya axtarışları yuxarıda vurğulanan etiraflar olmadıqca dekorativ, başqalarına nümayiş etdirmək üçün hazırlanmış şou olaraq qa­lacaqdır. Erməni toplumu bu yanlış yolda nə qədər çox qalsa¸bir o qədər dövlətçiliyin varlığı sual altına düşəcəkdir. Əgər ermənilər bunları anlamasalar, onlar üçün qondarılan dövlət dağılmalıdır. Başqa cür regiona sülh, rifah, sabitlik gəlməyəcəkdir. 

Onu da deyək ki, Ermənistana bu proses­də ən çox əngəl törədənlər onun “yeni dost­ları”dır. Onların başında Fransa gəlir. Sonra ABŞ, Almaniya, İran və Hindistan vardır. Hindistan burada yeni hadisədir. Çünki Hind okeanından Qafqaza yol çox uzaqdır. Rəsmi Dehli hesab edir ki, bu yolu qısalda bilər. Bu­nun üçün ermənilərə silahlar vermək kifayət­dir. Lakin Dehlinin əsl dərdinin nədən ibarət olduğu bəllidir. Bu səbəbdən də istənilən za­man, o, Ermənistandan üzünü döndərə bilər. İran isə anti-Azərbaycan eyforiyasına son qoymalı və müstəqilliyimizi obyektiv olaraq qəbul etməlidir. Bunu etmədikcə ermənilərə yeni təcavüzkarlıq ovqatı vermiş olur ki, bu­nun da sonucu fəlakətdir. Ermənistanın digər “dostları” da eyni dərəcədə haylar üçün dün­yanın ən pis işini görürlər. 

Deməli, yenə də ermənilərə elə gəlir ki, dövlətçiliklə bağlı nəsə real iş görürlər, hətta yenilik edirlər. Lakin yenə də yanılırlar. Çün­ki konstitusiyaya yeniliyin önündə siyasi və toplumsal varlıq olaraq özündə yenilik gəlir. Ermənilər öncə özlərini və dünyaya baxışla­rını dəyişməlidirlər. Təəssüf ki, bunu müşahi­də etmirik. Bu səbəbdən Ermənistan hələ də region üçün geosiyasi risk olaraq qalır! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət