İslamofobiya sivilizasiyalararası harmoniyaya qarşı

post-img

Son bir ildə dünyada baş vermiş anti-İslam təzahürlərinin əksəriyyəti Qərbdən – birbaşa Fransadan qaynaqlanır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Bu mötəbər tədbirdə dünyanın 30 ölkəsindən alimlər, nüfuzlu beynəlxalq təşkilatların ekspertləri, din xadimləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox xarici qonaq iştirak edir.

İslamofobiya ilə mübarizəyə həsr olunan elmi konfransın Bakıda keçiril­məsi Azərbaycanın bu məsələyə ciddi yanaşması ilə bərabər, problemin qlobal səviyyəyə qaldırılmasında qərarlı olma­sının göstəricisidir, – desək, yanılmarıq. Təəssüflər olsun ki, Avropa, ABŞ isla­mofobiya probleminin ciddi qəbul edil­məsinə meyilli deyillər. Azərbaycanın məqsədi bütün müsəlman dünyasını narahat edən islamofobiya kimi zərərli təmayülün əleyhinə etiraz səsini qaldır­maqla dünyanın diqqətini bu problemə yönəltməkdir.

Tədbirin açılışında Azərbaycan Pre­zidenti İlham Əliyevin “Müxtəlifliyin qo­runması: 2024-cü ildə islamofobiya ilə mübarizə” beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti səsləndirilib.

Müraciətdə deyilir: “Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokra­tik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiya­nın ən yüksək səviyyəyə çatdığı və rəs­mi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəm­məd Peyğəmbərin (s.ə.s.) karikatura­larının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə ve­rilir. Fransa özünün ənənəvi neokoloni­alizm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasi­ya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qə­biristanlıqlar müxtəlif formalarda təhqir­lərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır”.

Dövlət başçısı bildirib ki, bəzi ölkələ­rin hökumətləri müsəlmanların hisslərini təhqir edən təzahürlərlə mübarizə apar­maq, cinayətkarları məsuliyyətə cəlb et­mək əvəzinə, islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzula­rı davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. 

“Təəssüflər olsun ki, özlərini demok­ratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası isla­mofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir”, – deyə müraciətdə qeyd olunur. 

Açılış mərasimindən sonra bey­nəlxalq konfrans işini plenar iclasla da­vam etdirib. “Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı ilk panel iclasda “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi”, “İctimai rəyin for­malaşdırılması: rəqəmsal islamofobiya” və “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda aralıq sessi­yalar təşkil olunub.

* * * 

Konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İs­lamofobiyanın normallaşdırılması” adlı panel maraqlı müzakirə və çıxışlarla yadda qalıb. Paris İslam elmləri fakültə­sinin rəhbəri Nurredine Belhout, Uels Triniti-Sent-Devid Universitetinin əmək­daşı Mohammed Sadek Hamid, Böyük Britaniya parlamentinin üzvü Afzal Xan, Pakistan Siyasət Araşdırmaları və Təb­liğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid, Fransanın “Musulmans en Fran­ce” xəbər portalının təsisçisi və baş re­daktoru Jan Mişel Bryun, Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının (EDARA) baş direktoru Brahim Laytuss (Belçika) və başqaları çıxışlarında Azərbaycanın islamofobiyadan zərər çəkdiyini, ərazi bütövlüyü və suverenliyinin pozulduğunu və bunun özünün böyük ədalətsizlik oldu­ğunu qeyd ediblər. 

Digər çıxışçılar Azərbaycanın dün­yəvi dövlət olmasına baxmayaq məhz müsəlman ölkəsi olduğundan ədalətsiz münasibətlə qarşılaşdığı fikrini xüsusi olaraq vurğulayıblar. Konfrans iştiraçıları, həmçinin ümumi məqsədin baş verənlə­rin qarşısını almaqdan ibarət olduğunu bildirblər.

Müsəlmanlara qarşı açıq-aşkar təz­yiq və diskriminasiya siyasəti yürüdən ölkələrdən biri və birincisi Fransadır. Paris özünün ənənəvi neokolonializm siyasəti ilə yanaşı, Aİ-yə üzv dövlətlərdə islamofob kampaniyalar təşkil etməklə məşğuldur. “Demokratiyadan”, “insan haqlarından”, “dünyəvilik”dən dəm vuran bu ölkənin parlamenti yalnız müsəlman­ların hüquq və azadlıqlarının məhdud­laşdırılmasına yönəlmiş qanunvericilik aktları, siyasi qərarlar qəbul edir. Məhz Fransada məscidlər, müsəlman mədə­niyyət mərkəzləri və məzarlıqlar ən çirkin formada təhqirlərə, vandalizmə məruz qalır.

Yeri gəlmişkən, bu gün dünyanın bir sıra ölkələrində İslam potensial təhlükə mənbəyi kimi aşılanır, müsəlmanlara qarşı ayrı-seçkilik və açıq nifrət əhva­li–ruhiyyəsi daha geniş yayılır. Bütün bu zərərli təmayülləri nəzərə alan BMT Baş Assambleyası xüsusi qətnamə ilə İsla­mofobiya ilə Beynəlxalq Mübarizə Günü təsis edib. 

ARAYIŞ: Martın 15-nin İslamofobi­ya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunması təşəbbüsü 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaş­lıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərində keçirilən toplantısında irəli sürülüb. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Bey­nəlxalq Mübarizə Günü kimi qəbul edib.

* * * 

Beynəlxalq elmi konfransın “Gen­derləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət” adlı paneldə çıxışında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı bildirib ki, bu gün islamofobiya müxtə­lif aspektlərdə özünü göstərir və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir. “Müsəlman qadınların seçim azadlığını müdafiə edərkən beynəlxalq təşkilatlar onların fundamental hüquqlarının qorunmasına kömək edəcək həll yolları tapmalıdır”,– deyən aparat rəhbəri müsəlman qadın­ların hüquqlarının inkarının Avropada, xüsusən də Fransada artan islamofo­biya kontekstində baş verdiyinə diqqəti çəkib: “İslamofobiya Fransa dövlətinin siyasətidir. Bu ölkədə müsəlman qa­dınların fundamental hüquqları pozulur, həm din, həm də cinsi zəmində ayrı-seç­kilik edilir. Bəzi Avropa ölkələri istənilən formada dini dözümsüzlük və gender bərabərsizliyinə qarşı qətiyyətli mövqe tutmalıdırlar”.

Oxucularımıza xatırladaq ki, hicabı qadağan edən Fransa müsəlman qa­dınların təhsil və iş kimi əsas hüquqlara çıxışına da mane olur. Bəli, insanın təməl hüquqlarının kobud şəkildə pozulmasına bu ölkənin hakimiyyəti özü rəvac verir. Hesab edirik ki, Yelisey sarayı bu gün Bakıdan ünvanına edılən çağırışlara bi­ganə qalmayacaq, beynəlxalq təşkilatlar da özlərinin prinsipial mövqelərini ortaya qoyacaqlar. Əks–təqdirdə, dünya daha dərin qütbləşmə, ictimai harmoniyanın pozulması və sivilizasiyalararası qarşı­durma ilə üz-üzə qala bilər.

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzu­sunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Konfransın sonunda birgə kommunike qəbul olunub. Sənədi Bey­nəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfi­yev oxuyub.

Sonda onu da qeyd edək ki, bu gün beynəlxalq konfrans iştirakçıları 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfər edəcəklər.

Gündüz İSMAYILOV, 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

– Hazırda dünyada islamofo­biya ilə bağlı vəziyyət daha da pisləşib. Avropanın bəzi ölkələ­rində islamofobiya aşağıdan yuxarı deyil, yuxarıdan aşağı yayılmaqdadır. Buna misal ola­raq deyə bilərik ki, 2019-cu ildə Fransanın dövlət müəssisələ­rində müsəlmanlara qarşı ay­rı-seçkilik halları özəl sektorda çalışanlarla müqayisədə daha çox olub. Fransa, eləcə də Avro­panın digər ölkələri ilə bağlı or­tada konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Bu ölkənin əhalisinin 10 faizi müsəlmandır. Amma həmin məs­cidlər cəmi bir otaqdan ibarətdir. Müsəlmanlara kənardan dəstəyi isə Makron hakimiyyəti Fransanı islamlaşdırmaq cəhdləri kimi qə­bul edir.

Bir maraqlı faktı deyim: Fran­sanın özəl təhsil müəssisələrin­də dini təhsil almaq üçün müra­ciət edən gənclərin 60 faizdən çoxu imtina cavabı alır. Bu sə­bəbdən Avropanın bəzi ölkələ­rində müsəlmanlar işə, təhsil ocağına CV-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Yeri gəlmişkən, Avropada, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq yuxarıdır. Bu ölkədə müsəlmanlara qarşı islamofobiya xarakterli çıxışla­rın 80 faizi məhz qadınlara qarşı yönəlir. Araşdırmalar göstərir ki, Fransada dini təmayüllü təhsil yalnız özəl müəssisələrdə tədris olunur. Başqa konfessiyalardan fərqli olaraq, müsəlman dini ic­maları dövlətdən güzəşt əldə et­məkdə çətinlik çəkirlər.

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

– Avropanın Azərbaycana iki­li münasibəti daim özünü büruzə verir. Ermənistan otuz il Azər­baycan torpağını işğal altında saxlayanda Fransa parlamen­ti, Rusiya Dövlət Duması, ABŞ hökuməti bununla bağlı mənfi mövqelərini bildirdilərmi? Xeyr! Bəs Avropanın digər ölkələrinin parlament və hökumətləri necə, bir addım atdılarmı? Xeyr! Hətta bizimlə dost ölkə sayılan Ukray­na rəsmiləri səslərini çıxardımı? Bəli, ümumi şəkildə ərazi bütöv­lüyünü dəstəkləyirdilər, amma konkret olaraq, Ermənistanı qı­namağa cürəti çatmırdı. Halbuki, işğal da, etnik təmizləmə də göz qabağında idi. 

Biz onlar tərəfindən tamamilə fərqli münasibəti İkinci Qarabağ müharibəsindən sonra gördük. Fransa Senati separatçı rejimi ta­nıması ilə bağlı qərar qəbul edir. Bu ölkənin hökuməti isə Azər­baycanı etnik təmizləmədə itti­ham etməyə girişir. Hansı haqla? Altı yüz min insan Qarabağdan, iki yüz əlli min soydaşımız Ermə­nistandan qovulanda niyə ermə­niləri qınamırdılar? 

Qarabağımızda Azərbay­can məscidləri, tarixi abidələ­ri dağıdılır, Xan qızı Natəvanın yaşadığı ev, onun büstü, mə­zarı vəhşicəsinə təhqir olunur, həmin ölkələrin isə cınqırları da çıxmır. Amma Fransa Qarabağ­da, guya, hərbçilər üçün kilsə­fason bir şey tikmişdi, üstünə də böyük bir xaç qoymuşdular. Nə tarixi, nə də sənət dəyəri olan həmin tikili söküləndə dün­yaya car çəkirlər. Təbii ki, bu, ikili yanaşmanın təzahürüdür. Biz onu da müşahidə edirik ki, Avropanın bir çox ölkələrində radikal, ekstremist qruplar for­malaşdırılır və onlara hökumət himayədarlıq edir. Meydanda, Türkiyə səfirliyinin önündə Qu­ranı yandırmazdan əvvəl həmin sağçı dini radikallar polisdən təhlükəsizliyini qorumağı tələb edir. Qərbin dünyaya sırımaq istədiyi demokratiya, azadlıq budurmu? Azərbaycan bütün bunlara susmur, Bakıda keçirilən elmi konfransda bu hallara kəs­kin münasibət bildirilir.

İmran BƏDİRXANLI
XQ

 





Siyasət